Nefertitinin büstü | |
---|---|
Ölkə | Qədim Misir |
Yerləşir | Amarna |
Memarlıq üslubu | Büst |
Heykəltaraş | Tutmos |
Memar | Misir heykəltaraşlıq məktəbi |
Sifarişçi | Misir fironu Exnaton |
Tikilib | təq. e.ə. 1350 |
Hündürlüyü | 48 sm |
Material | Əhəng daşı və stukko[1] |
Saxlanıldığı yer | Yeni muzey, Berlin |
İnventar nömrəsi | ÄM 21300[2] |
Vikianbarda əlaqəli mediafayllar |
Nefertitinin büstü — Misir fironu Exnatonun həyat yoldaşı Nefertitinin əhəngdaşı və stukkodan hazırlanmış büstü.[3] Büstün e.ə. 1345-ci ildə heykəltaraş Tutmos tərəfindən yaradıldığı düşünülür. Beləki, büst Misirdə, Amarna şəhərində yerləşən Tutmosun atelyesindən tapılmışdır.[4] Qədim Misirin ən çox surəti çıxarılmış əsərlərindən biridir. Əsərin tapılması ilə Nefertiti antik dünyanın ən tanınmış qadınların biri kimi qəbul edildi və qadın gözəlliyinin simvoluna çevrildi.
Büst Ludviq Borxardtın rəhbərlik etdiyi alman arxeoloji qrupu tərəfindən 1912-ci ildə Tutmosun atelyesində aşkar olundu.[5] Tapıldıqdan sonra büst, bir bankın zirzəmisində, Merkers-Kizelbax duz mədənində, Dahlem muzeyində, Şarlottenburqdakı Misir muzeyində və Qədim Muzeydə saxlanıldı.[5] Hal-hazırda II Dünya müharibəsindən əvvəl sərgiləndiyi Berlinin Yeni Muzeyində sərgilənir.[5]
Nefertitinin büstü Qədim Misirdən başqa Berlinin də mədəniyyət simvoluna çevrildi. Nefertitinin özü də bir simvola çevrildi. Nefertiti həm gözəlliyi, həm də bacarıqlı olması ilə tanınır. Büstün Misirə gedir qaytarılması məsələsində Almaniya ilə Misir arasında problemlər yaşandı. Nefertitinin Bədəni adlı incəsənət sərgisində büstün originallığı ilə bağlı bəzi şübhələr yarandı.[6] Bəzi önəmli testlər və büst üzərində analizlər aparıldıqdan sonra büstün original olduğu bildirildi.
Nefertiti e.ə. XIV əsrdə Qədim Misirdə on səkkizinci sülalənin fironu olan Exnatonun Böyük Həyat Yoldaşı (əsas həyat yoldaşı) idi. Exnaton Günəş tanrısı Atona ibadət edilən monoteist Atonizm dininin əsasını qoydu.[7] Nefertiti haqqında çox az məlumat var. Nəzəriyyələrə görə o Misir hökmdar ailəsində doğula bilər, xarici dövlətin şahzadəsi ola bilər və ya Tutanhamondan əvvəl firon olan II Eyenin qızı ola bilərdi. Onun e.ə. 1352-ci ildən e.ə. 1336-cı ilə qədər Exnaton ilə birlikdə Misirə rəhbərlik etməsi ilə bağlı fikirlər də vardır.[7] Nefertiti və Exnatonun 6 qızı olur. Bunlardan biri də Anxesenpaaton (Aton mədəniyyətinin dağıdılmasından sonra Anxesenamon adlandırıldı) idi və o, Nefertitinin ögey oğlu olan Tutanhamonla evlənmişdi. Nefertitinin izlərinin Exnatonun hökmdarlığının 12-ci ilində tarixdən silindiyi düşünülür. Bunun səbəbinin onun ölümü və ya ad dəyişdirməsi olduğu dəqiq bilinmir. Fironun ölümündən sonra tək başına hökmdarlıq edən qadın ola biləcəyi ilə bağlı fikirlər də vardır.[7][8] Lakin Dayr Abu Hinnisdə tapılan əhəng daşı üzərindəki kitabədən, Nefertitinin fironun hökmdarlığının 16-cı ilinə qədər həyatda olduğu öyrənilmişdir.[9] Dayr Abu Hinnis Nilin şərq sahilində, Amarnada təxminən on kilometr şimalda yerləşir.[10]
Nefertitinin büstünün e.ə. 1345-ci ildə heykəltaraş Tutmos tərəfindən hazırlandığı düşünülür.[7][11] Büstün üzərində hər hansısa bir yazı olmasa da , "Ev qurbangahı" kimi tapılan təsvirlərdə taxtılan tacdan bu büstün Nefertitiyə aid olduğu fikri qəbul edilmişdir.[12]
Nefertitinin büstü, alman arxeoloq Ludviq Borxardtın rəhbərliyindəki Alman Şərq Şirkəti (Deutsche Orient-Gesellschaft — DOG) tərəfindən 1912-ci il 6 dekabrda Amarnada tapıldı. Büst heykəltaraş Tutmosun atelyesində Nefertitinin tamamlanmamış büstlərinin arasında tapıldı.[13][14] Borxardtın gündəliyi büstün tapılma anını belə təmsil edir:
Anidən əlimizdə Qədim Misirin ən canlı sənət nümunəsi vardı. Bunu sözlərlə izah etmək mümkün deyil. Bunu görmək lazımdır.[15] |
Alman Şərq Şirkətinin arxivində tapılan 1924-cü il tarixli bir sənəddə, Almaniya ilə Misir arasındakı 1912-ci il arxeoloji problemləri həll etmək üçün, 1913-cü il 20 yanvarda Ludviq Borxardt ilə misirli bir nümayəndənin görüşdüyü bildirilir. Alman Şərq Şirkətinin (toplantıda olan və sənədi yazan) katibinin yazılarına əsasən Borxardt büstün Almaniyada qalması üçün çalışır.[1][16] Borxardt büstün həqiqi dəyərini gizlətdiyini düşünsə də[17], onun Misirə qaytarılmasını təklifini rədd edir.[18]
Filip Vandenberq büstü "macərapərəst və müqayisədən kənar" abidə kimi qiymətləndirsə də[19], Time jurnalı abidəni "Ən çox talan edilmiş 10 abidə" siyasını daxil edir.[20] Borxardt, misirli nümayəndəyə büstün "bütün işığını əks etdirməyən" şəklini göstərir. Misirin antik əşyalar üzrə baş müfəttişi Qustav Lefebvre büstə baxmaq üçün gəldikdə, büst qutunun içinə qoyulmuşdu. Sənəddə qeyd olunurki, Borxardt Qustav Lefebvreni aldatmaq üçün ona büstün gipsdən hazırlandığını bildirir. Alman Şərq Şirkəti müfəttişin məsuliyyətsiz davrandığını bildirir və bu məsələdə müfəttişi günahlandırırdı.[16][21]
Nefertitinin büstünün hündürlüyü 48 sm, ağırlığı isə təxminən 20 kq-dır. Büst əhəng daşı və rənglənmiş stukko lövhələrdən hazırlanmışdır. Üz tamamən simmetrikdir və demək olarki dəyişikliyə məruz qalmayıb, sadəcə sol gözün bəbəyi sağdan fərqli olaraq yoxdur.[22][23] Sağ gözün bəbəyi qara rəngli kvarsdır və bal mumu ilə bərkidilmişdir. Göz yuvasının arxa fonu isə sadə əhəng daşından hazırlanmışdır. Nefertiti qızıl diadem zolaq ilə əhatə olunmuş və qaşlarının üzərində Urey (kobra) olan və "Nefertitinin papaq tacı" adlandırılan göy rəngli tac taxmışdır. Tapılan büst üzərində araşdırma aparan alimlər Ureyin büstdə qeyd olunduğunu, lakin sonradan qırıldığını bildirirlər. O, həmçinin üzərində çiçək təsvirləri olan geniş bir yaxalıq da geyinirdi.[24] Büstün qulaqları da müəyyən qədər dağıntıya məruz qalmışdır.[23] iGardner's Art Through the Aesi adlı jurnalda bildirilir ki:
Tutmos bu büstdə, incə saplağının üzərində olan çiçək təsvir etmək istəmişdir. Beləki, tacın həcminin böyük göstərilməsi və Nefertitinin boğazının normaldan daha artıq uzadılması bu fikrin yaranmasına səbəb olur[25] |
David Silvermana görə, Nefertitinin büstü, Exnaton zamanında yaradılan Amarna sənət stili çərçivəsində, klassik Misir sənət stilini təmsil edir. Büstün tam olaraq hansı məqsədlə hazırlanması naməlumdur. Belə bir fikir vardır ki, büst, heykəltaraşın atelyesində saxlanılan digər büstlərin hazırlanması üçün təməl rolunu oynamışdır.[26]
Lüdviq Borxardt başın rəng piqmentlərinin kimyəvi analizini aparır. Borxardt, analizlərin cavablarını öyrəndikdən sonra, 1923-cü il "Portrait of Queen Nofretete" adlı kitab çap etdirir[27]:
Büst ilk dəfə tapıldığında sağ gözdən fərqli olaraq, sol gözün bəbəyi yox idi və ətrafda ona bənzəyə biləcək hər-hansısa bir kvarsa rast gəlinməmişdi. Bundan sonra bir neçə araşdırılma aparılsa da, kvarsın tapılmasında kömək üçün mükafat vəd edilsə də, bu kvarsı tapmaq mümkün olmamışdı.[28] Borxardt, heykəltaraş Tutmosun atelyesi dağılan zaman sol gözün kvarsının düşdüyü fikrini dəstəkləyirdi.[29] İtmiş göz, Nefertitinin oftalmoloji bir xəstəliyə yoluxduğu və xəstəlik nəticəsində gözünü itirdiyi düşüncəsinin yaranmasına səbəb oldu, lakin digər heykəllərdə sol gözün olması bu düşüncənin həqiqətə uyğun olmadığını sübut etdi.[30]
Dietrix Vildunq, büstün hal-hazırda Berlində olan digər bütün heykəllər üçün əsas model rolu oynadığını və Tutmosun sol gözü hazırlanmasını, gözün hazırlanma qaydasını tələbələrinə rahat öyrətmək üçün saxlaması fikrini dəstəkləyir.[31] Gardner's Art Through the Ages və Silverman, büstün hazırlanmasının bilərəkdən dayandırılması fikrini dəstəkləyirlər.[23][25] Havas, Tutmosun sol gözü hazırladığını, lakin sonralar gözün düşdüyü fikrini dəstəkləyir.[32]
Büstün hər 5 mm kəsişmələrinin çıxarılması ilə birlikdə, büstün ilk kompüter tomoqrafiyası 1992-ci ildə çəkildi.[33][34] 2006-cı ildə, Berlin Misir Muzeyinin rəhbəri Dietrix Vildunq, Qədim Muzeydə büst üzərində fərqli işıq metodlarını yoxlayarkən, büstün gözlərinin altında və boynunda qırışların olduğunu görür. Dietrix Vildunqa görə, heykəltaraş burada Nefertitinin yaşlılığına diqqət çəkmək istəmişdir. Kompüter tomoqrafiyası, Vildunqun fikirlərini dəstəklədi. Vildunq bildirirki, Tutmos heykəli mükəmməlləşdirmək üçün, heykəlin yanaqlarında və gözlərində gipsdən istifadə etmişdi.[31]
2006-cı ildə Berlin Şəkilləndirmə Elmi İnstitunun rəhbəri Aleksandr Huppertz rəhbərliyindəki kompüter tomoqrafiyası büstün üz hissəsində qırış izləri aşkar etdi.[34] 2009-cu ilin aprelində nəticələr Radiology jurnalında dərc edilir.[35] Tomoqrafiya, Tutmosun əhəng daşının üzərinə müxtəlif qalınlıqlarda təbəqələr yerləşdirdiyini üzə çıxartdı. Tomoqrafiya nəticəsində ağzının və yanaqlarının ətrafında qırışlar, burun hissəsində isə şişmə izləri aşkarlanır. Burun hissəsindəki qıvrımlar xaricdən əlavə edilən təbəqələr vasitəsilə nizamlanmışdır. Huppertzə görə, bu "dövrün estetik ideyaları"nı əks etdirirdi.[11][36] 1992-ci ildə çəkilən kompüter tomoqrafiyası stukko altındakı qatın sadəcə 1–2 mm incəliklərini göstərə bildiyi halda, 2006-cı ildə çəkilən tomoqrafiya ondan daha ətraflı məlumat vermişdi.[33]
Nefertitinin büstü "qədim Misirin ən çox bəyənilən və ən çox surəti çıxarılmış sənət nümunəsi" kimi qəbul edildi və Berlin muzeyində sərgilənməyə başladı.[37] Büst "beynəlxalq gözəllik simvolu" kimi qəbul edildi.[17][31][38] "Uzun boğaz, zərif qaşlar, gözəl almacıq sümükləri, incə burun və qırmızı dodaqları və əsrarəngiz gülümsəməsi ilə bir qadının təsvir edilməsi, Nefertitini antik dövrün ən gözəl simalarından biri kimi qəbul edilməsinə səbəb oldu.[31] Tutanhamonun maskası ilə müqayisə edilən büst qədim dövr incəsənətinin ən məşhur əsərlərindən biri kimi qəbul edildi.[24] Nefertiti Berlin mədəniyyətinin ikonasına çevrildi.[13] Hər il 500000 insan Nefertitini ziyarət edir.[16] Büst, "qədim Misirin, qədim dövrlərdən bəri bilinən ən yaxşı incəsənət nümunəsi" kimi qəbul edilir.[39] Büstün təsviri, 1989-cu il alman və Berlin poçt markalarında istifadə olundu.[38][40]
Nefertitinin büstü, 1913-cü ildə Berlinə gətirilib, Amarna tədqiqatının sponsoru olan Ceyms Simona təqdim edilən tarixdən etibarən Almaniyada saxlanılır.[14] Büst və digər nümunələr Simon tərəfindən Berlin muzeyinə təqdim edilənə qədər, büst Simonun evində saxlanılırdı.[41] Amarnadan aşkar olunan digər nümunələr 1913–1914-cü illərdə sərgilənsə də, büst Borxardtın tələbi əsasında gizli saxlanılırdı.[19] 1918-ci ildə Muzeydə büstün sərgilənməsi barədə müzakirələr getdiyi halda, bir daha Borxardtın təklifi əsasında büst gizli saxlanıldı.[41] Büst, 1920-ci ildə Berlin muzeyinə bağışlanıldı. Nəhayət, 1923-cü ildə Borxardtın məqaləsində, daha sonra isə 1924-cü ildə Berlin Misir Muzeyinin bir parçası olaraq, nümayiş etdirildi.[19][41] Büstün nümayiş olunması, sensasiyalara səbəb oldu. Beləki, büst artıq qadın gözəlliyinin məşhur simvolu və Qədim Misirin ən gözəl incəsənət nümunəsi kimi qəbul edilməyə başlanıldı. Muzey Adasındakı Berlin Yeni Muzeyi bağlanana qədər büst orada sərgiləndi, II Dünya müharibəsi başlananda isə Berlin muzeyi boşaldıldı və bütün nümunələr sığınacaqlara yerləşdirildi.[14] Büst, öncə Prussiya Hökumət Bankının zirzəmisində, 1941-ci ilin payızından etibarən isə Berlin hava hücumundan müdafiə sığınacağının qülləsində saxlanılmışdı.[41] Yeni muzey 1943-cü ildə Kral Hərbi Hava Qüvvələri tərəfindən bombalanır.[42] 1945-ci il 6 martda büst Türingiyada yerləşən Merkers-Kizelbax duz mədəninə gətirilir.[14]
1945-ci ilin martında, büst ABŞ ordusu tərəfindən tapılır və Abidə, İncəsənət və Arxiv şöbəsinə verilir. Buradan Frankfurtdakı Reyxsbanka aparılmış, avqust ayında isə Visbadendəki ABŞ Mərkəzi Toplama Nöqtəsinə göndərilmiş və 1946-cı ildə burada sərgilənmişdir.[14][41] 1956-cı ildə büst Qərbi Berlinə geri qaytarılır.[14] Burada, Dahlem muzeyində büst sərgilənir. Almaniya Demokratik Respublikası, Nefertitinin büstünün müharibədən öncə sərgiləndiyi Şərqi Berlindəki Muzey adasına qaytarılmasını tələb etdilər.[14][41] 1967-ci ildə büst Şarlottenburqdakı Misir Muzeyinə aparılır və 2005-ci ilə qədər burada saxlanılır. 2005-ci ildə isə Qədim Muzeyə aparılır.[41] 2009-cu ilin oktyabrında Yeni muzey yenidən fəaliyyətə başladığında büst bura gətirilir.[17][42][43]
1924-cü ildə Berlində keçirilən rəsmi sərginin açılışından etibarən, Misir nümayəndələri büstün Misirə qaytarılmasını tələb edirlər.[13][41][45] 1925-ci ildə Misir hökuməti, Nefertitinin büstü qaytarılana qədər Misirdəki alman tədqiqatlarını dayandıracağını bildirdi. 1929-cu ildə Misir hökuməti, Nefertitinin büstü qarşılığında Almaniya hökumətinə bir neçə incəsənət nümunələri təklif etsə də, Almaniya hökuməti bu təkliflə razılaşmır. 1950-ci illərdə Misir hökuməti yenə danışıqlar aparmağa çalışsa da, Almaniya hökumətindən cavab ala bilmir.[41][45] 1933-cü ildə Herman Görinq Misir kralı I Faruka siyasi jest məqsədilə büstün Misirə qaytarılmasına çalışır. Hitler bu fikrə qarşı çıxır və Misir hökumətinə Nefertitinin büstünün saxlanılması üçün Misir muzeyi inşa ediləcəyi ilə bağlı vəd verir və bildirir:
Yaranan qarışıqlıq səbəbi ilə büst öz dəyərini itirə bilər, buna görə də mən Nefertitinin büstünü heç vaxt qaytarmayacağam[17][45] |
Büst ABŞ nəzarəti altında olanda Misir hökuməti ABŞ hökumətindən büstün qaytarılmasını tələb etdi, lakin ABŞ rəhbərliyi bu təkliflə razılaşmadı və Misir hökumətinə yeni yaranan Almaniya hökuməti ilə razılığa gəlməyi məsləhət gördü.[41] 1989-cu ildə Misir prezidenti Hüsnü Mübarək, büstü ziyarət edir və onun Berlindəki "ən yaxşı Misir səfiri" olduğunu bildirir.[41]
Misirin Qədim Əsərlər Komissiyasının əsas katibi Zahi Havas, büstün Misirə aid olduğunu və qeyri-qanuni yolla Misirdən çıxarıldığını və buna görə də Misirə geri qaytarılması lazım olduğunu bildirirdi. Havas 1913-cü ildə büstün aparılması mövzusunda tədqiqatçıların Misir nümayəndələrini aldatdıqlarını bildirir. O. həmçinin Almaniya rəhbərliyindən büstün qanuni yollarla aparılmasını təsdiq edən sənəd tələb etdi.[1][46] Kurt G. Zihra görə, büst Misirə aid idi, çünki "arxeoloji tapıntıların tapıldığı ölkə tapılan nümunələrin evidir" və buna görə də həmin ölkədə saxlanılmalıdır.[47] Büstün ölkəsinə geri qaytarılması məsələsi, 2003-cü ildə Nefertitinin bədəni heykəli üzərində yenidən bərpa olundu. 2005-ci ildə büstün qaytarılması üçün Havas UNESCO-ya müraciət etdi.[48]
2007-ci ildə Havas Almaniya hökumətini, büstün Misirə qaytarılmayacağı halda, Almaniyadakı Misir nümunələrinin sərgilənməsini qadağan edəcəyi ilə hədələsə də, bunun heç bir faydası olmadı. Havas həmçinin, Almaniya muzeylərinə qarşı "elmi müharibə" adı altında dünya miqyasında boykot təklifi etdi. 2012-ci ildə Havas, Almaniya hökumətindən Giza piramidaları yanında açılacaq Böyük Misir Muzeyi üçün borc pul verilməsini istədi.[37] Eyni zamanda, Almaniya, Hamburqda CulturCooperation tərəfindən "Nefertiti Travels" adlı kompaniya başladıldı. Nefertitinin büstünün təsvir olunduğu poçt markalarını "Göndərənə Dönüş" adı altında paylayır və Almaniya Mədəniyyət naziri Bernd Neumanna Misirə borc verilməsinin lazım olduğu yazılan açıq məktub göndərmişdilər.[38][49] 2009-cu ildə büst Yeni muzeyə geri qaytarıldıqda, Berlinin büstün sərgilənməsi üçün doğru yer olması məsələsi mübahisələrə səbəb oldu.
Bəzi alman mütəxəssisləri Havasın fikirlərini təkzib etmək üçün, 1924-cü ildə Borxardtla Misir nümayəndələri arasında bağlanmış paktı əsas götürərək[1][16], Borxardtın bu danışıqlarda doğru tərəf olduğunu bildirirlər. Almaniya nümayəndələri həm büstün daşınarsa qırıla biləcəyini, həm də daşınmasının qeyri-qanuni olmasını səbəb gətirərək, büstün Misirə qaytarılmasına qarşı çıxırdılar. The Times qəzetinə görə, büstün Misirə verilməsi, yenidən Almaniyaya qaytarılmaması demək idi və Almaniya rəhbərliyi də buna görə narahat idi.[17][37]
Berlin Misir muzeyi və Papirus Kolleksiyasının rəhbəri Frederik Seyfrdi 2009-cu ilin dekabrında büst ilə əlaqəli olan sənədləri və tədqiqatçıların komandası ilə Misir nümayəndələri arasında bağlanan protokolları ictimaiyyətə təqdim edir. Sənədlərdə büst bir şahzadənin rənglənmiş büstü olaraq qeyd edilmişdi. Lakin Ludviq Borxardtın gündəliyində açıq şəkildə Nefertitinin büstü olduğu qeyd edilir. Borxardtın yazdığı bu yazı onun haqlı olduğunu ortaya qoyur. Havas bu sənədləri oxuduqdan sonra bildirmişdi:
Bu məlumatlar göstərir ki, Borxardt Misir nümayəndələrini aldatmaq üçün qeyri-etik davranış göstərmişdir |
Bununla birlikdə, Havas büstü Misirdən oğurlanmış antik nümunə kimi görmədiyini bildirdi. Havas büst haqqında bildirirdi:
O, Misirdən aparılmış antik numünələrdən biridir. Mən çox istəyərdim ki, o Misirə geri qaytarılsın[37] |
Havas bildirirdiki, muzey rəhbərliyinin ona söylədiyi fikrə əsasən büstün Misirə qaytarılma səlahiyyəti, Prussiya Mədəniyyət Mirası və Almaniya Mədəniyyət nazirinə məxsusdur.[50]
"Le Buste de Nefertiti – une Imposture de l'Egyptologie?" adlı fransız kitabında isveçrəli Henri Stierlin və "Missing Link in Archaeology by Berlin" adlı kitabında isə Erdoğan Ercivan, büstün original deyil, onn surəti olması barədə fikirlər bildirdilər. Stierlinə görə Borxardt qədim piqmentləri test etmək üçün büst hazırlatmış və büst Saksoniya şahzadəsi İohan Georq tərəfindən bəyənilmişdi və şahzadənin qəzəbindən yayınmaq üçün Borxardt bu büstün original olduğunu bildirmişdi. Stierlin öz fikrini dəstəkləmək üçün, büstün sol gözünün olmamasının Qədim Misirdə hörmətsizlik əlaməti kimi qəbul olunduğunu, büstün tapılmasından 11 il keçsə də hələ də sol gözünün varsa əgər tapılmamasını və rənglərin antik dövrə aid olduğu halda büstün hazırlandığı əhəng daşının hansı dövrə aid olması barədə məlumatların olmamasını əsas kimi göstərirdi. Ercivan Borxardtın həyat yoldaşının büst üçün model olduğunu və büstün saxta olduğuna görə 1924-cü ilə qədər sərgilənmədiyini bildirir.[15] Başqa bir nəzəriyyəyə görə hal-hazırda olan büst 1930-cu illərdə Hitlerin əmri əsasında hazırlanmış, original büst isə II Dünya müharibəsi zamanında itmişdir.[21]
Radioloji testlər, ətraflı kompüter tomoqrafiyası və material analizlərinin originnalığı təsdiq etdiyini söyləyən Dietrix Vildunq, originnalıq barədə olan iddiaları təkzib etdi.[15] 2006-cı ildə çəkilən kompüter tomoqrafiyası Nefertitinin "gizli üzü" olduğunu kəşf edir və Science News-a görə bu tomoqrafiya büstün originallığını sübut etdi.[21]
Misir rəhbərliyi Stierlinin fikirlərini təkzib edir. Zahi Havas Stierlinin tarixçi deyil dəli olduğunu bildirir. Stierlin Misir heykəltaraşlığında büstlərin çiyinlərinin üfüqi kəsildiyini, lakin bu büstdə isə çiyinlərin şaquli kəsildiyini bildirdikdə, Havas Nefertitinin büstündəki dəyişikliklərin Exnatonun zamanında edilən dəyişikliklərin bir hissəsi olduğunu bildirdi. Havas həmçinin sol gözün heykəltaraş Tutmos tərəfindən hazırlandığını, lakin sonradan düşdüyünü bildirdi.[32]
2003-cü ildə Berlin Misir muzeyi rəhbərliyi macar sənətçilər Andras Qalik və Balint Havasın yaratdığı Little Warsawa, Venesiya Binealı müasir incəsənət festivalına təqdim etmək üçün video hazırlamaq məqsədilə büstün bürüncdən hazırlanmış çılpaq qadın bədəni üzərinə yerləştirilməsinə icazə verdi. "Nefertitinin gövdəsi" adlanan bu layihə büstə daha çox diqqət cəlb etmək üçün hazırlanmışdı. Vildunqa görə bu layihə "antik dünya ilə müasir incəsənətin əlaqəsini göstərir"di.[51] Bununla birlikdə, Misir mədəniyyət xadimləri bu layihənin "ölkə tarixinin ən böyük simvollarından biri"nə uyğun olmadığını bildirdilər. Nəticədə, Vildunq və həyat yoldaşının Misirdə daha artıq tədqiqat aparmalarını qadağan etdilər.[37][51][52] Misir Mədəniyyət naziri Faruk Hüsni Nefertitinin büstünün "əmin əllərdə olmadığını" elan etdi və Misir və Almaniya arasındakı münasibətlərə görə geri qaytarılma məsələsini qaldırmasa da bu "son davranışın" uyğun olmadığını bildirdi.[41]
1930-cu ildə Almaniya mətbuatı Nefertitinin büstünün onların yeni hökmdarları olduğunu bildirdilər və onu bir kraliça kimi təqdim etdilər. Büst Prussiya Almaniyasının incəsənət xəzinəsinin ən qiymətli nümunəsi kimi tanıdıldı və onun Almaniyada yenə öz dəyərini qoruyub saxlayacağı bildirildi.[53] Hitler büstü "unikal bir əsər, bir bəzək və həqiqi bir xəzinə" adlandırdı və onun saxlanılması üçün muzey inşa ediləcəyi barədə vəd verdi.[15] Büst II Dünya müharibəsindən sonra 1970-ci illərdə həm Şərqi Almaniyanın, həm də Qərbi Almaniyanın simvoluna çevrildi.[53] 1999-cu ildə büstün təsvirindən yaşılların siyasi partiyası olan Bündnis 90/Die Grünenin kosmopolit və multikultural çevrəni əhatə edən seçki kompaniyasında "Berlin üçün güclü qadınlar" şüarı ilə birgə istifadə olundu.[40] Klaudia Bregerə görə Nefertitinin alman xalqının milli simvoluna çevrilməsinin səbəblərindən biri onun, Misirdə İngiltərə ağalığı zamanında ingilislər tərəfindən tapılmış Tutanhamona rəqib olması idi.[40] "Bride of Frankenstein" filmində Cek Piers tərəfindən bəzədilən Elza Lançesterin ikonik saçı büstün məşhurluğunu daha da qabartdı.[54]