Nikol Paşinyan | |
---|---|
erm. Նիկոլ Փաշինյան | |
Vəzifədədir | |
8 may 2018-ci ildən | |
Prezident | Armen Sarkisyan (2018–2022) Alen Simonyan (s.i.) (2022 -s.i.) Vaaqn Xaçaturyan (2022 — h. h.) |
Əvvəlki | Karen Karapetyan |
i. e. 25 aprel 2021 — 2 avqust 2021 | |
Vətəndaş Müqaviləsi Partiyasının sədri | |
Vəzifədədir | |
18 may 2017-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 iyun 1975[1][2] (49 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, jurnalist, yazıçı, aktivist |
Həyat yoldaşı | |
Uşağı | 4 |
Dini | Erməni Həvari kilsəsi |
|
|
Təltifləri | |
primeminister.am | |
Vikianbarda əlaqəli mediafayllar |
Nikol Vovayi Paşinyan (erm. Նիկոլ Վովայի Փաշինյան; 1 iyun 1975[1][2], Karvansara, SSRİ) — Ermənistan Respublikasının 16-cı Baş Naziri (8 may 2018–25 aprel 2021 ; 26 aprel 2021 – 1 avqust 2021 (s.i.) ; 2 avqust 2021 ).
İxtisasca jurnalist olan Paşinyan 1998-ci ildə öz qəzetini qursa da, bir il sonra bağlanmışdır. O, dövrün Milli Təhlükəsizlik naziri Serj Sarkisyana böhtan atmaqda təqsirlənərək bir il həbs cəzasına məhkum edilmişdir. 1999-cu ildən 2012-ci ilə qədər "Haykakan Jamanak" qəzetinin redaktoru olmuşdur. Ermənistan Respublikasının 1-ci Prezidenti Levon Ter-Petrosyana rəğbət bəsləyən Paşinyan ikinci prezident Robert Köçəryan, müdafiə naziri Serj Sarkisyan və onlara müttəfiq olan oliqarxları çox tənqid edirdi. 2007-ci il parlament seçkilərində kiçik bir müxalifət partiyasına rəhbərlik etmiş, nəticədə səslərin 1,3%-ni toplamışdır.
Paşinyan Ter-Petrosyanın açıq tərəfdarı idi. O, 2008-ci il prezident seçkilərində siyasi geri dönüş etmiş, lakin geniş səs saxtakarlığı və zorakılıq şəraitində Serj Sarkisyana uduzmuşdur. Atəşli çıxışları ilə diqqət çəkən Paşinyan 1 mart 2008-ci ildə seçkilərdən sonrakı etiraz aksiyalarında əhəmiyyətli rol oynamışdır. Hökumət qüvvələri tərəfindən sıxışdırılan etirazçılar arasında on nəfər ölmüşdür.[3] "Kütləvi iğtişaşlar təşkil etməkdə" təqsir olunan Paşinyan 2009-cu ilin ortalarına qədər gizlənmişdir. O, mübahisəli şəkildə 7 il həbs cəzasına məhkum edilmişdir. Bu addım siyasi motivli kimi qiymətləndirildi. Paşinyan ümumi amnistiya çərçivəsində 2011-ci ilin may ayında azadlığa buraxılmışdır. 2012-ci ildə Ter-Petrosyanın geniş müxalifət koalisiyası olan Ermənistan Milli Konqresindən parlamentə seçilmişdir.
Paşinyan siyasi arenada Ter-Petrosyandan ayrılaraq "Mülki Müqavilə" partiyasını qurmuşdur. Paşinyan digər iki müxalifət partiyası ilə "Çıxış Yolu" ittifaqını qurmuş, 2017-ci il parlament seçkilərində demək olar ki, 8% səs toplamışdır. O, Baş nazir Serj Sarkisyanı və hökumətini istefaya məcbur edən 2018-ci il Ermənistan inqilabının lideri idi. Paşinyan 2018-ci ilin may ayında Baş nazir seçilmişdir.[4] Paşinyan dövründə Ermənistanda demokratiya, mətbuat azadlığı və korrupsiya ilə mübarizə əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.[5] Ermənistan iqtisadiyyatı da postsovet məkanında ən sürətlə inkişaf edən iqtisadiyyatlardan birinə çevrilmişdir.[6] Paşinyanın xarici siyasəti rusofob və qərbmeyilli olaraq qiymətləndirilir.[7]
Paşinyan İkinci Qarabağ müharibəsində Ermənistana rəhbərlik etmişdir. Müharibə Azərbaycan ilə Ermənistan arasında baş tutan Qarabağ münaqişəsi çərçivəsində baş verən ən son və əhəmiyyətli hərbi münaqişə idi. Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyev ilə birinci görüşü zamanı Qarabağ münaqişəsinin dinc yolla həlli üçün yeni addımların atılması barəsində razılıq alınmışdır, lakin Paşinyan hökuməti və mərkəzi Xankəndində yerləşən Qondarma Dağlıq Qarabağ Respublikasının aldığı qərarlar, o cümlədən etdiyi populist və irredentist çıxışlar səbəbilə ilə tərəflər arasında vəziyyət gərginləşmişdir və nəticədə müharibə başlamışdır.[7] 9 noyabr 2020-ci ildə Paşinyanın da imzaladığı üçtərəfli atəşkəs bəyannaməsi ilə 44 gündən sonra başa çatan müharibə Ermənistan tərəfi üçün əhəmiyyətli insan, maddi və ərazi itkiləri ilə nəticələnmişdir.[8] Müharibədən sonra Paşinyan etirazlarla üzləşmiş və Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla imzalanan atəşkəsə görə onun istefa etməyi tələb edilmişdir. Etirazlara və 40-dan çox yüksək rütbəli hərbi zabitin onu istefaya çağıran bəyanatına baxmayaraq (Paşinyan bunu çevriliş cəhdi kimi qələmə vermişdir) Paşinyan siyasi hakimiyyəti təhvil vermək çağırışlarına müqavimət göstərmişdir.[9][10] Paşinyan 25 aprel 2021-ci ildə iyun ayında növbədənkənar seçkilərin keçirilməsi üçün rəsmi istefa verdiyini elan etmişdir. Buna baxmayaraq, o, seçkilər keçirilməyənə qədər baş nazir vəzifəsini icra etmişdir.[11] O 2021-ci il seçkilərində bütün səslərin yarısından çoxunu qazanaraq qalib gəlmişdir.[12]
Paşinyan parlamentdəki Yelk fraksiyasının tərkibində olan kiçik müxalif Vətəndaş Müqaviləsi partiyasının lideridir. O, 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində Oragir və Haykakan Zhamanak qəzetlərinin müxbiri və redaktoru olub. O, keçmiş prezident və Serj Sarkisyanın yaxın müttəfiqi olan Robert Koçaryanın tənqidçilərindən biri olub. Paşinyan Oragir qəzetindəki bəzi məqalələrinə görə böhtan yazmaqda ittiham edilib və 1999-cu ildə "cinayət və hərbi" istintaqa cəlb edilib. O, 2006-cı ildə siyasətə daxil olub və növbəti il keçirilmiş parlament seçkilərində uğursuzluğa məruz qalıb. O, Sarkisyanın 2008-ci ildə ilk dəfə prezident seçilməsindən sonra ona qarşı keçirilən etirazlarda iştirak edib. Həmin etirazlar xüsusi təyinatlılar tərəfindən yatırılıb, Paşinyan isə etirazlarda iştirakına görə yeddi il həbs cəzası alıb. Lakin erkən azadlığa çıxan Paşinyan 2012-ci və 2017-ci illərdə keçirilmiş parlament seçkilərində millət vəkili seçilib.[13] O, milət vəkili kimi Ermənistanın Rusiya ilə artan yaxınlığını tənqid edib və Avrasiya İqtisadi İttifaqından çıxmağı təklif edib.
12 aprel 2018-ci il Ermənistan etirazlarının başlanmasının səbəbkarıdır. 23 aprel 2018-ci il tarixində Serj Sarkisyan "Nikol Paşinyan haqlı idi. Mən səhv etdim. Yaranmış vəziyyətdə bir neçə həll yolu var idi, lakin mən heç birinə getməyəcəyəm. Küçə hərəkatı mənim baş nazir vəzifəsində çalışmağıma qarşı idi. Mən sizin tələblərinizi yerinə yetirirəm" deyərək istefa verdi.[14]
2020-ci il İkinci Qarabağ müharibəsi sonra Azərbaycana məğlub olması və Qarabağdan çıxmaq üçün atəşkəs sazişinin imzalanması üçün ona qarşı etirazlar keçirildi.
Nikol Paşinyan 1 iyun 1975-ci ildə Ermənistan SSR-in Tavuş regionunun İcevan (tarixi Karvansaray) şəhərində anadan olub. Onun nənə və babalarının ən azı biri İcevandan təxminən 10 km məsafədə yerləşən Yenokavand kəndindəndir.[15] Ona İkinci Dünya müharibəsində həlak olmuş ata babasının adı verilib.[16] Onun atası Vladimir Paşinyan futbol və voleybol məşqçisi, həmçinin idman müəllimi kimi işləyib. Nikol 12 yaşında olarkən onun anası dünyasını dəyişib və onu atasının ikinci arvadı olan ögey anası Yerjanik böyüdüb.[17] O, 1 nömrəli İcevan orta məktəbini 1991-ci ildə bitirib.[18] Ermənistanda Qarabağ hərəkatı zamanı 1988-ci ildə Paşinyan tələbə etirazları, yürüşləri və nümayişlərini təşkil edirdi.[19] Onun özü Qarabağ müharibəsi zamanı orduda xidmət etməyib, çünki onun özündə böyük iki qardaşı müharibəyə yollanmışdılar və qanuna görə onun orduda xidmət etməsi məcburi deyildi.[20] Paşinyan 1991-ci ildən 1995-i ilə qədər İrəvan Dövlət Universitetində jurnalizm üzrə təhsil alıb. Əlaçı tələbə olmasına baxmayaraq, Universitet rəhbərliyini açıq şəkildə tənqid etməsinə görə onu məzun olmasından bir az qabaq universitetdən qovublar.[21] 2015-ci ildə verdiyi müsahibədə Paşinyan özünü daha çox jurnalist kimi hiss etdiyini bildirib, çünki siyasətə də jurnalizmdən gəlib.
Paşinyan evlidir, həyat yoldaşı jurnalist Anna Hakobyan ilə universitetdə təhsil alarkən tanış olub. Onların dörd övladı var, bunlardan üçü qız (Məryəm, Şuşanna, Arpine) və biri oğlandır (Aşot). Onun oğlu 2018-ci ilin iyun ayında Dağlıq Qarabağdakı Ermənistan qoşunlarının tərkibində xidmət keçmək üçün hərbi xidmətə yollanıb.[22] Paşinyan yoldaşı ilə rəsmi nikah bağlamayıblar, onların kilsə nikahları da yoxdur. Anna Hakobyan 2012-ci ildən bəri Aykakan Jamanak qəzetinin baş redaktorudur. Paşinyan bildirib ki, bir gün Anna Hakobyan ilə Erməni Apostol Kilsəsində nikah bağlayacağına ümid edir. Paşinyan doğma erməni dilindən başqa, rus[23] və ingilis dillərini də bilir.[24][25]
Paşinyan İrəvan Dövlət Universitetində 1992-ci ildə təhsilinə başlayarkən jurnalist fəaliyyətində də ilkin addımlarını atmağa başlayıb. O, Dprutyun, Hayastan, Lragir və Molorak qəzetlərində işləyib. Artıq 1995-ci ildə o jurnalist həmkarları arasında bacarıqlı və istedadlı biri kimi tanınmağa başlamışdı.[26] 1998-ci ildə o gündəlik nəşr olunan Oragir qəzetinin əsasını qoydu. Bu qəzet müxalifətçi olan keçmiş Təhsil naziri Aşot Bleyanın başçısı olduğu Nor Ughi (Yeni Yol) partiyası ilə əlaqəli idi. 1999-cu il Ermənistan Parlament seçkiləri zamanı Oragir qəzeti o vaxtki Daxili İşlər və Milli Təhlükəsizlik naziri Serj Sarkisyanın rəhbəri olduğu Erməni İntibahı partiyasına qarşı tənqidi mövqe tutmuşdu. Ümumiyyətlə, seçkilər zamanı Oragir qəzeti seçki iştirakçıları barədə 281 məqalə dərc etmişdi ki, bunların da ancaq 11-i pozitiv mövqe idi. Bütün pozitiv məqalələr qəzetin simpatiya bəslədiyi Panerməni Milli Hərəkatı barəsində idi.
1999-cu ilin avqust ayında Paşinyan ona kəsilmiş 25.000 ABŞ dolları həcmində cəriməni ödəməkdən imtina etdiyi üçün 1 illik həbs cəzasına məhkum edildi.[27] Həmçinin ondan Serj Sarkisyan və Mika-Armeniya şirkətinə qarşı irəli sürdüyü ittihamları geri çəkməsi tələb olunurdu, məhkəmə bu ittihamları böhtan kimi səciyyələndirmişdi. Oragirin əmlakı müsadirə olundu və onun bank hesabları donduruldu. Bununla da Paşinyan müstəqil Ermənistanda böhtana görə təqib olunan ilk jurnalist oldu. Onun həbsi erməni və xarici hüquq-müdafiə təşkilatları tərəfindən kəskin tənqid olundu. Yerli və xarici təzyiqlər nəticəsində onun cəzası yüngülləşdirilərək şərti həbs cəzası ilə əvəzləndi.[18]
Oragirin ləğv edilməsindən sonra Paşinyan keçmiş deputat Petros Makeyanın sədri olduğu kiçik müxalif partiyası Demokratik Vətən Partiyası ilə əlaqəli olan Haykakan Jamanak ("Ermənistan Xəbərləri") qəzetinin redaktoru oldu.[18] Paşinyan bu vəzifədə 2012-ci ildə deputat seçilənə kimi qaldı. ABŞ dövlət departamenti Oragir və Haykakan Jamanak qəzetlərini "sensasiya doğuran siyasi tabloidlər" adlandırırdı."[28] Mətbuata sızılan xəbərlərə görə, ABŞ-nin Ermənistandakı səfiri Con Marşall Evans 2004-cü ildə yazdığı hesabatda Haykakan Jamanakın "əsası olmayan xəbərlər yazması reputasiyasına malik olduğunu" göstərirdi. ABŞ dövləti tərəfindən maliyyələşdirilən Azadlıq Radiosu bu qəzeti keçmiş prezident Ter-Petrosyana simpatiya bəslədiyini və hazırkı Köçəryan hökumətini sərt tənqid etdiyini bildirirdi.
23 dekabr 1999-cu ildə Paşinyan Haykakan Jamanak qəzetində korrupsiyada ittiham etdiyi yerli biznesmenə məxsus bir dəstə adam tərəfindən döyülmüşdü.[28] 2002-ci ilin mart ayında Paşinyan Ermənistan Mülki Aviasiya Agentliyinin rəhbəri Hovhannes Yeritsyana şər atması ittihamı ilə yenidən mühakimə olundu."[29] İttihamlar parlamentdəki 3 böyük fraksiya, həmçinin hökümətyönümlü fraksiyalar tərəfindən də qınandı.[30] Ona qarşı açılmış cinayət işi aprel ayında "kifayət qədər dəlil olmaması" səbəbindən bağlandı.[31]
22 noyabr 2004-cü ildə Paşinyana məxsus və Haykakan Jamanak qəzetinin ofisi qarşısında saxlanılmış Lada Niva avtomobili partladıldı.[32] Partlayış nəticəsində baş vermiş alov yanğınsöndürənlər tərəfindən söndürüldü. Paşinyanın iddiasına görə partlayış prezident Robert Köçəryana yaxın olan deputat və oliqarx, Ermənistan Olimpiya Komitəsinin keçmiş rəhbəri Qaqik Çarukyan tərəfindən təşkil edilmişdi. Paşinyan güman edirdi ki, bu hadisə erməni atletlərinin Afina Olimpiadasında çox zəif iştirakına görə nəşr etdiyi karikaturaya görə qisas məqsədilə törədilib.[33] Qəzet əməkdaşları maşının Molotov kokteyli yaxud əldəqayırma partlayıcı vasitəsilə partladıldığını güman edirlər. Polis araşdırması partlayışın maşının akkumulyatorunda yaranan qısaqapanmaya görə baş verdiyi qənaətinə gəldi. Çarukyan bu hadisəyə hansısa bağlılığının olmasını inkar etdi. Əvəzində o bildirdi ki, "Öz nüfuzunu qaldırmaq üçün insanlar yersiz sözlər danışa bilirlər" və bundan sonra güldü.[34] ABŞ-nin Ermənistandakı o vaxtkı səfiri Con Evans göndərdiyi gizli hesabatda bildirmişdi ki, Paşinyan onun maşının partlamasının onu qorxutma aktı olması iddiasını sübuta yetirməməsinə baxmayaraq, hakimiyyət orqanlarının avtomobilin təbii səbəblər üzündən partlaması inddiasına inanmaq çox çətindir.[35]
1998-ci il prezident seçkilərində Paşinyan prezidentliyə namizəd olan, Levon Ter-Petrosyanın başçılığı altında hökumətdə Təhsil və Elm naziri olmuş Aşot Bleyanın seçki bürosunun üzvü idi.[36] Bleyan, Ter-Petrosyanın hakimiyyətdəki partiyası olan Pan-Erməni Milli Hərəkatından ayrılmış Yeni Yol (Nor Ughi) Partiyasının lideri idi.
Paşinyan 2007-ci il parlament seçkilərindən əvvəl siyasi səhnəyə çıxdı. O, "Alternativ" ictimai-siyasi təşəbbüs tərəfindən saxta bir seçki bloku olan, özü tərəfindən əsası qoyulan "İmpiçment Birliyi"nin, həmçinin keçmiş deputatlar Petros Makeyan və Mikayel Hayrapetyanın rəhbərlik etdiyi Demokratik Vətən və Mühafizəkarlar partiyalarının rəhbəri oldu.[37][38] Blokun əsas siyasi məqsədi Prezident Robert Koçaryanın impiçmenti, həm də Baş nazir Serj Sarkisyan və oligarx Gagik Tsarukyanın hakimiyyətdən qovulması idi.[39] 20 fevralda onların Azadlıq Meydanında ilk mitinqinə təxminən 1000 insan gəldi. Azadlıq Radiosunun verdiyi məlumata görə, bu hadisə Ter-Petrosyanın müttəfiqləri üçün "ictimai dəstəyin olmamasını" vurğuladı. Blok Koçaryanın siyasətinə liberal bir ideoloji alternativ təqdim etdi.[40]
9 may 2007-ci ildə, seçkiyə üç gün qalmış, İmpiçment, "Hanrapetutyun" partiyası və "Yeni Dövr" ilə birlikdə siyasi məhbus hesab etdikləri Aleksandr Arzumanyanın azad edilməsini tələb etmək üçün Milli Təhlükəsizlik Xidmətinin binasının qarşısında mitinq təşkil etdilər. Mitinq zamanı qarşıdurma baş verdi, bu zaman bir neçə iştirakçı polislər tərəfindən döyüldülər. Onlar həmçinin kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etdilər. Baş Polis İdarəsinin rəhbər müavini Ararat Mehtesyan zorakılığa görə Nikol Paşinyanı günahlandırdı.
Փաշինյանն ասել էր, որ Ղարաբաղյան շաժման օրերին ինքը դպրոցական էր, կազմակերպում էր երթեր, բողոքի ակցիաներ ու դասադուլներ: