Noxud şorbası — noxudla hazırlanan şorba növü. Bir çox dünya mətbəxində noxud şorbası hazırlanır. Əsasən Pisum sativum növündən olan noxuddan hazırlanır.
Noxud şorbası qədim zamanlardan hazırlanan xörəklərdən biridir. Aristofan "Quşlar" əsərində noxud şorbasının adını çəkmişdir.[1]
Kanadada sarı noxud şorbası Kvebek mətbəxinin ənənəvi xörəklərindən biridir.[2] Kanadanın ingilisdilli bölgələrində noxud şorbası Conni çörəyi ilə servis edilir. Almaniyada donuz əti və ya sosiska ilə bişirilməsi geniş yayılıb, eləcə də, hazır noxud şorbası konservləri satılır. Niderlandda noxud şorbasının snert adlandırılan xüsusi çeşidi hazırlanır. İndoneziya və Surinam keçmiş Niderland müstəmləkələri olduğu üçün bu ölkələrdə də noxud şorbası geniş hazırlanan xörəklərdəndir.
Skandinaviya ölkələrində noxud şorbası donuz əti ilə hazırlanır. Finlandiyada yaşıl noxud, İsveç və Danimarkada sarı noxuddan istifadə olunur. İsveç kralı XIV Erik noxud şorbasına qatılmış zəhərə görə ölmüşdür.[3] Norveçdə noxud şorbası Milad və bahar xörəyi hesab olunur.
Ucuz hazırlanan xörək olduğu üçün Polşada noxud şorbası ordu yeməyi hesab olunur.