Nyu-York Universiteti | |
---|---|
40°43′48″ şm. e. 73°59′42″ q. u.HGYO | |
Şüar | Ciddi məşğul olmağa davam etmək və ötüb keçmək! |
Əsası qoyulub | 1831 |
Tip | Özəl |
Tələbə sayı | 50917 |
Şəhər | Nyu-York şəhəri |
Ölkə | |
Sayt | nyu.edu |
Vikianbarda əlaqəli mediafayllar |
Nyu-York Universiteti (ing. New York University) — ABŞ-nin Nyu-York ştatının Nyu-York şəhərində yerləşən özəl ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir.
1830-cu ildə Nyu-York şəhər meriyasında üç gün davam edən "Ədəbi və elmi konvensiya" çərçivəsində 100-dən çox nümayəndə London Universitetinə oxşar bir ali təhsil müəssisəsi yaratmaq qərarına gəlir. Yeni universitet yaradıcıları məqsədlərini həyata keçirmək üçün ştat və şəhər rəhbərliyindən maddi dəstək istəyir, lakin onların müraciəti etirazla qarşılanır. Öz vəsaitləri hesabına 100000 ABŞ dolları toplayan təsisçilər özəl kollec yaradır və ABŞ-nin üçüncü prezidenti Tomas Ceffersonun vaxtında xəzinə katibi olmuş Albert Qallin kollecin prezidenti təyin edilir. Lakin bir il sonra kollecin proqramı ilə bağlı ziddiyyətli vəziyyət yarandığı üçün o, istefaya göndərilir.
1831-ci il aprelin 21-də yeni yaradılan ali məktəb Nyu-York ştatı qanunvericilik orqanı tərəfindən universitet statusu qazanır. Bir il sonra dünyəvi Nyu-York Universiteti icarəyə götürdüyü dördmərtəbəli Klinton binasında ilk dərslərinə başlayır. 1835-ci ildə universitetin hüquq fakültəsi, eləcə də peşə məktəbləri açılır. Bir müddət sonra universitetin Vaşinqton-Skverdə yerləşən əsas kampusunda tələbə sıxlığı yarandığı üçün Nyu-York şəhərinin Bronks rayonunda yeni Hayts kampusu istifadəyə verilir. Bu kampusa universitet 1894-cü ildə kansler Henri Mitçell MakKrakenin rəhbərliyi altında köçür. Tədricən universitet bu kampusda yerləşdirilir. 1914-cü ildə yalnız universitetin Hüquq Məktəbi Vaşinqton-Skverdə qalır.
1960-cı illərin sonu, 1970-ci illərin əvvəlində Nyu-York ştatını maliyyə böhranı bürüyür. Böhran Nyu-York Universitetindən təsirsiz ötüşmür. 1973-cü ildə universitetin prezidenti Ceyms Maknoton Hester ali məktəbin iflasının qarşısını almaq üçün Hayts kampusunu satır. Universitet bütünlüklə Vaşinqton-Skverə köçür.
Ötən əsrin 80-ci illərində Nyu-York Universiteti keçmiş şöhrətini bərpa etmək məqsədilə 1 milyard dollarlıq layihə həyata keçirir. Layihə işləri 15 il üçün nəzərdə tutulsa da, 10 ilə tamamlanır. Bununla da təhsil ocağının yeni inkişaf dövrünün əsası qoyulur. 2003-cü ildə isə universitetin prezidenti Con Sikston ali məktəbin kafedraları və maliyyə resurslarının inkişafı üçün 2,5 milyard dollarlıq layihə proqramı qəbul edir. Hazırda Nyu-York Universiteti sürətli inkişaf yolunda uğurla irəliləməkdədir.
Nyu-York Universitetinin binaları 229 akr ərazini əhatə edir. Universitetin əsas binası Nyu-York şəhərinin Vaşinqton (Vaşinqton-Skver) meydanında, qədim Qrinviç-Villic məhəlləsində yerləşir. Vaşinqton-Skver Nyu-York Universitetinin qeyri-rəsmi simvolu hesab olunur. Bu kampusda universitetin Silver (əsas bina), Braun, Blok Yudson Holl, Vanderbilt Holl, Taunhauz Rou korpusları, Kaufman Menecment Mərkəzi, Torç Klubu, Elmer Horms Bobst kitabxanası, eləcə də yeni tikilmiş Kimmel tələbə mərkəzi, Nyu-Yorkun ən böyük teatrının yerləşdiyi Skyorboll Mərkəzi və Fyorman Holl mövcuddur.
Universitetin Vaşinqton-Skver kampusundan əlavə Politexnik İnstitutunun yerləşdiyi Bruklin kampusu, Tibb korpusu, Nelson Ekologiya Tibb İnstitutunun yerləşdiyi Sterlinq-Forest, Fasiləsiz Təhsil mərkəzinin yerləşdiyi Vulvort binası, ABŞ-dən kənarda isə Florensiya, Abu-Dabi, London, Paris, Praqa, Şanxay, Təl-Əviv, Buenos-Ayres və digər şəhərlərdə korpus və mərkəzləri mövcuddur.
Nyu-York Universitetinin yataqxana sistemi böyüklüyünə görə ABŞ-də yeddinci yerdə dayanır. Xüsusi ilə burada bakalavrlar üçün otaq tapmaq çox asandır. Onların istifadəsinə ayrılmış 21 binanın çoxu Vaşinqton-Skverdə yerləşir. Yuxarı kurs tələbələri üçün nəzərdə tutulmuş yataqxanalar Yunion-Skver rayonunda cəmlənib. Yataqxanaların əksəriyyəti qədim binalardan ibarət olmasına baxmayaraq, buradakı otaqlar genişliyi və rahatlığı ilə fərqlənir. Nyu-York Universiteti yataqxana sistemi mövcud imkanlarına görə 2007-ci ildə Milli Kollec və Universitet Yataqxanaları Assosiasiyası tərəfindən yüksək qiymətləndirilib.
Universitetin ixtisaslaşmış və güclü akademik mühitə malik məktəb, kollec, institut və mərkəzləri tədris ocağında aparılan mühüm elmi təcrübə və tədqiqatlarının, tədris prosesinin həyata keçirildiyi əsas məkandır. Universitetə bakalavrlar üçün İncəsənət və Elm Kolleci, Qallatin İndividual Tədris, Tiş İncəsənət, Steynhardt Mədəniyyət, Təhsil və İnsan Potensialının İnkişafı, Silver İctimai Fəaliyyət, Leonard Stern Biznes məktəbləri, Nyu-York Universiteti Politexnik İnstitutu (bu məktəblərin əksəriyyətində diplomdansonrakı təhsil də mümkündür), magistr, doktorant və təhsilini davam etdirmək istəyənlər üçün isə Kurant Riyaziyyat Elmləri-Riyaziyyat, Kurant Riyaziyyat Elmləri-İnformatika, Kurant Riyaziyyat Elmləri-Atmosfer, Okean Tədqiqatları, Təsviri İncəsənət, Qədim Dünya Tədqiqatları institutları, Robert Vaqner Dövlət Siyasəti Ali, Robert Preston Tiş Fasiləsiz Təhsil və Peşə Təhsili, Hüquq, Tibb, Sinay Dağı Təbabəti məktəbləri, Stomatologiya kolleci, 100-dən çox elmi-tədqiqat mərkəzləri daxildir.
Nyu-York Universiteti çox zəngin və maraqlı kitabxana sisteminə malikdir. 9 kitabxanadan ibarət olan bu sistemə 5,1 milyondan çox material daxildir. Onların arasında ən böyüyü 1967–1972-ci illərdə tikilmiş Elmer Holms Bobst kitabxanasıdır. 12 mərtəbəli binada yerləşən kitabxana 4,5 milyon cild kitaba, 58000 dövri nəşr, 5,4 milyon mikroform, minlərlə elektron resursa malikdir. Kitabxananın İnternet saytına gündə 7400-dən çox istifadəçi daxil olur. Bobst kitabxanasında iki xüsusi kolleksiya və arxivdən ibarət — ədəbiyyat, kulinariya və qida üzrə ixtisaslaşmış Fales, avanqard mədəniyyət üzrə ixtisaslaşmış Tomiment, eləcə də Everi Fişer Musiqi və Media, Barbara Holdsmit Audio və Vizual materiallar bölmələri mövcuddur. Kitabxananın kompüterlə təchiz edilmiş 2500 yerlik oxu zalı var.
Universitetin digər kitabxanalarından Hüquq, Frederik Erman Tibb, Uoldmann Memorial, SCPS Cek Braus, Qədim Dünya Tədqiqatları İnstitutu, Kurant Riyaziyyat Elmləri İnstitutu, Təsviri İncəsənət İnstitutu kitabxanalarını qeyd etmək olar.
Nyu-York Universiteti gündəlik "Washington Square News" qəzeti, yumoristik "The Plague" jurnalı, "Washington Square Review" və "The Minetta Review" ədəbi jurnalları, eləcə də hər il 100-dən çox kitab nəşr etdirir. Universitetdə 350-dən çox tələbə klubu və təşkilatı, idman komandası, elmi və yaradıcı birliklər fəaliyyət göstərir.
Tələbələr təhsil ocağında mövcud olan bir sıra ənənələri bu gün də qoruyub saxlayırlar. Tələbələr "Açıq qapı həftəsi" tədbirində iştirak edir, Alma, Çiyələk (tədbirin kulminasiya hissəsində Nyu-Yorkda ən uzun çiyələk piroqu gətirilir) bayramları, Bənövşəyi bal (Bobst kitabxanasının atriumunda rəqslər), ildə iki dəfə sessiyalar başlamazdan əvvəl "Gecəyarı səhər yeməyi" (universitet tərəfindən tələbələr üçün qonaqlıq) və digər mərasimlər təşkil olunur. Bütün bunlar tələbələrin həyatının daha maraqlı olmasına xidmət edir, universitetdəki birlik və həmrəylik mühitini möhkəmləndirir. Ali məktəbin idman komandaları "Bənövşəyi" adlanır və bu rəngdə idman forması geyinir. Ümumiyyətlə, Nyu-York Universitetinin rəngi ağ və bənövşəyi, talismanı isə Amerika vaşağıdır.
Nyu-York Universiteti öz ərazisinin yaşıllaşdırılması üzrə mühüm nailiyyətlər əldə edib. Bu ali məktəb son zamanlar ABŞ-də ən çox külək enerjisi alan təhsil müəssisəsidir. Burada avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulur və nəqliyyat vasitəsi kimi velosipedə üstünlük verilməsi tövsiyə olunur. Hər il çoxlu sayda ağac əkilir, tullantılar təkrar emala göndərilir.
Universitetin prezidenti, professor Con Edvard Sikston, prorektoru Devid Maklaflin, icraçı direktoru isə Mixael Alfanodur. Nyu-York Universitetində ümumilikdə 22041 nəfər işçi çalışır. Onların 6755 nəfərini akademik, 15286 nəfərini isə inzibati heyət təşkil edir. 2009–2010-cu tədris ilində universitetdə ölkənin 50 ştatından və dünyanın 136 ölkəsindən ümumilikdə 50917 nəfər tələbə təhsil alıb. İndiyə qədər universiteti bitirmiş məzunların sayı 350000-dən çoxdur. Onlardan 33-ü Nobel, 3-ü Abel (Norveç kralı tərəfindən riyaziyyatçılara təqdim edilir), 16-sı Pulitser, 19-u Oskar və digər mükafatlara layiq görülüb.
Nyu-York Universitetinin əsas missiyası elmi nəticələrə nail olmaq və onu başqalarına çatdırmaqdan ibarətdir. Bu məqsədlə universitetdə yüksəksəviyyəli pedaqoji və praktik təhsil resursları yaradılıb. Nyu-York Universitetinin şüarı belədir:
"Ciddi məşğul olmağa davam etmək və ötüb keçmək".
Universitetin pezidenti Con Edvard Sikston deyir:
"Şəhərimiz dünyanın paytaxtına çevrildiyi kimi, biz çalışırıq ki, universitetimiz də dünyanın bir nömrəli ali məktəbi olsun".
Universitet Şimali Amerikanın elmi-tədqiqat universitetlərini birləşdirən Amerika Universitetləri Assosiasiyasının üzvüdür.
2010-cu ilin payızında BƏƏ-nin Əbu Dabi Əmirliyində Nyu-York Universitetinin müvəqqəti filialı açılıb. Ona görə müvəqqətidir ki, yaxın gələcəkdə bu ali təhsil müəssisəsi üçün Saadiyat adasında əsas tədris binasının istifadəyə verilməsi nəzərdə tutulur. Orada Orta Şərqdən, Cənubi Asiyadan, Mərkəzi Asiyadan, Avropadan gələn 2000 tələbənin bakalavr və magistratura təhsili alması üçün hər cür şərat yaradılacaq.[3]
2009–2010-cu tədris ilində Nyu-York Universitetinin illik gəlirləri və xərcləri 2,64 milyard ABŞ dolları təşkil edib. Ötən dərs ilində universitetin İanə fondunun gəlirləri isə 2,43 milyard ABŞ dolları olub.
Nyu-York Universitetində təhsil haqqı tələbənin oxuduğu məktəb, kollec və ixtisasdan asılı olaraq dəyişir. Bu ali məktəbdə təhsil alan tələbəyə təhsil haqqını çıxmaq şərti ilə ildə yaşayış yeri ilə təmin olunması və qidalanması üçün (kampusdan kənarda) 21840, tibbi sığortası üçün 1360, kitab və dərs ləvazimatları üçün 950, nəqliyyat üçün 800, şəxsi xərcləri üçün isə 4316 ABŞ dolları lazımdır.
Nyu-York Universitetində tələbələrə müxtəlif təqaüdlər təklif olunur. Təqaüd tələbəyə təhsildə, idman və digər sahələrdə göstərdiyi nəticələrə görə, eləcə də maddi vəziyyəti çətin olanlara verilir. Federal Pell Qrantının məbləği payız və yaz semestrlərində 2000–8000, əcnəbi tələbələrə verilən təqaüdün məbləği 1000 ABŞ dollarından başlayır.
"Forbes" jurnalının araşdırmalarına görə Nyu-York Universiteti milyarder məzunlarının sayına görə ilk yerlərdən birini tutur.
2003[5] | 2004[6] | 2005[7] | 2006[8] | 2007[9] | 2008[10] | 2009[11] | 2010[12] | 2011[13] | 2012[14] | 2013[15] | 2014[16] | 2015[17] |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
55 | 32 | 29 | 29 | 30 | 31 | 32 | 31 | 29 | 27 | 27 | 27 | 27 |
2014/15[18] | 2013/14[19] | 2012/13[20] | 2011/12[21] | 2010/11[22] |
---|---|---|---|---|
41 | 44 | 43 | 44 | 41 |
2015/16[23] | 2014/15[24] | 2013/14[25] | 2012/13[26] | 2011/12[27] | 2010/11[28] |
---|---|---|---|---|---|
30 | 38 | 30 | 31 | 34 | 60 |
Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar: