Paris sülh müqaviləsi | |
---|---|
Paris sülh traktatı | |
| |
İmzalanma tarixi | 18 (30) mart 1856-cı il |
İmzalanma yeri | Paris, İkinci imperiya |
Qüvvəyə minməsi | |
• şərtləri | Krım müharibəsinə son qoyan sülh şərtləri, Dunay knyazlıqlarının taleyi, Qara dənizin statusu, Dunay çayında ticarət, Rusiya imperiyası ilə Osmanlı imperiyası arasındakı sərhədlərin müəyyənləşdirilməsi |
İmzalayanlar |
Fransa İkinci imperiya Britaniya imperiyası Rusiya imperiyası Avstriya imperiyası Osmanlı imperiyası |
Tərəflər | Rusiya imperiyası, Osmanlı imperiyası, İkinci Fransa imperiyası, Britaniya imperiyası, Sardiniya krallığı |
Dili | fransız |
Vikianbarda əlaqəli mediafayllar |
Paris sülh müqaviləsi və yaxud Paris traktatı[1] — 18 (30) 1856-cı ildə Fransanın paytaxtında 13 (25) fevralda açılan Paris konqresində imzalanan beynəlxalq müqavilə. Müqavilə ilə Krım müharibəsi başa çatmışdır. Müqaviləni konqresin işində iştirak edən Rusiya, Fransa, İngiltərə, Avstriya, Sardiniya, Osmanlı imperiyası və Prussiyanın diplomatik nümayəndələri imzalamışdılar.[2][3]
1856-cı il martın 30-da Paris konqresin də bağlanan sülh sazişi Qara dənizi neytral zonaya çevirməklə, onu bütün növ hərbi gəmilər üzərinə bağladı, üstəlik onun sahilində hərbi baza yaratmaq və qoşun hissələrinin yerləşdirilməsini qadağan etdi. Müqavilə Rusiyanın bölgədəki təsirini xeyli azaltdı. Müttəfiqlərin tutduqları Sevastopol və Krımın cənubunda ələ keçirilən digər şəhərlərin Rusiyaya qaytarılması şərtləri çox ağır oldu. Rusiya iri həcmli təzminat ödəməsə də, Qara dəniz sahillərində hərbi-dəniz və silahlı qüvvələr saxlamaq hüququndan məhrum oldu.
XIX əsrin ikinci yarısında Rusiya imperiyası geopolitik məqsəd kimi qarşıya isti dənizlərə çıxışı qoymuşdu. Cənuba doğru hərəkət etməkdə Rusiyanın qarşısında əsas maneələrdən biri Avropanın ən zəif dövləti kimi görülən Osmanlı imperiyası idi. Aralıq dənizinə çıxışla yanaşı, Rusiya Balkan yarımadasında möhkəmlənmək və İstanbul boğazlarını da ələ keçirmək niyyətini güdürdü. Bu istəklərini həyata keçirmək üçün çar I Nikolay bir neçə vacib siyasi addımlar atmışdır. O, Osmanlı imperiyasından ayrılaraq yenicə müstəqil olan Yunanıstana himayəçilik göstərirdi. XIX əsrin ortalarında isə Rusiya Dunay çayının mənsəbinin sol sahilini isgal etmişdi.
1853-cü ildən başlayaraq, I Nikolay Osmanlıya qarşı ərazi tələbləri irəli sürməyə başladı. Rusiya çarı Dunay knyazlıqları — Valaxiya və Moldovanı hərbi güc tətbiq etməklə işğal etdi. I Nikolay danışıqlar zamanı Osmanlı imperiyasında yaşayan xristianların da himayə etməsi tələbini qoyurdu.[4] Onun himayə etmək istədikləri arasında Qüdsdəki, Fələstindəki və Anadolunun şərqində yaşayan xristianlar da daxil idi. Bu xristianlar üzərində Fransa da həmçinin müəyyən himayə hüququna iddia edirdi.[4] XVI əsrdən başlayaraq, fransızlar Yaxın Şərqdə əsas qərb xalqı olmuşdu, onlar bir çox halda sultanı pulla və məsləhətçilərlə təmin etmişdilər, nəhəng miqyasda ticarət aparırdılar, onlar həm də xristian missionerlərini adamlarla və maliyyə cəhətdən təmin edirdilər. Onlar həmçinin uzun müddət idi ki, Süveyş kanalının tikintisi barədə Osmanlı sarayı ilə danışıqlar aparmışdılar III Napoleon çar Nikolaya nifrət etməkdə xüsusi səbəbə malik idi, çünki çar onu macəraçı inqilabçı kimi qiymətləndirmişdi. III Napoleon böyük səylə türk hökumətini rusların Osmanlı daxilindəki xristianları himayə etmək iddiasına müqavimət göstərməyə həvəsləndirməyə çalışırdı.
Rusiya ilə osmanlılar arasında müharibə 1853-cü il oktyabrın 4-də (16) başladı.[4] Müharibənin ilk dövrləri Rusiyanın qələbələri ilə müşayiət olunurdu. Lakin 1854-cü il martın 28-də Fransa Böyük Britaniyanın etdiyi kimi türklərin tərəfində müharibəyə qoşulduqdan, sonra vəziyyət dəyişməyə başladı. Müharibədən əvvəl I Nikolay 1848–49-cu illərdə Avropada üsyanları yatırmaqda yerli ölkələrin hökumətlərinə kömək etdiyindən onların neytrallığına ümid edirdi. Britaniyaya isə Krit adasını verməklə ingilisləri yola gətirməyi düşünürdü. Lakin onun nəzərdə tutduğu bu planların heç biri reallaşmadı. Çünki, Rusiyanın Osmanlıya qarşı müharibəsi qitə ölkələri tərəfindən birmənalı qarşılanmadı.
Britaniyalılar Rusiyanın bölgədə möhkəmlənməsini istəmirdilər. Onlar rusların Osmanlını məğlub edərək, Yaxın Şərqdə əsas gücə çevriləcəyindən ehtiyat etdiklərindən türkləri müdafiə etmək qərarına gəldilər. Rusiyanın Aralıq dənizində möhkəmlənməsi ingilislərin Misiri işğal planlarına zərbə vura bilərdi. Beləliklə, iki qərb dövləti birlikdə Rusiyaya qarşı ittifaq yaratdılar. 1855-ci il yanvarın 26-da İtaliyanı birləşdirmək məsələsində dəstək almaq istəyən kiçik Sardiniya krallığı da 10 minlik qüvvə ilə müttəfiqlər tərəfində müharibəyə qoşuldu.[4]
Üç il davam edən müharibə Rusiyanın məğlubiyyəti ilə bitdi.[5] Avropa dövlətləri əsas məqsədlərinə Rusiyanı Avropa və Aralıq dənizindən kənarda saxlamaq istəyinə nail oldular.
Rusiya əvvəlcə müharibənin nəticələri ilə bağlı Avstriyanın paytaxtı Vyanada beynəlxalq konqresin keçirilməsi təşəbbüsünü dəstəkləsə də, müttəfiqlər bunu qəbul etmədiyindən bu niyyət baş tutmadı. Tərəflərin razılığı ilə konqresin 1856-cı il 25 fevralda Parisdə keçirilməsi qərara alındı.[2] Paris konfransına Avropanın bütün böyük dövlətləri hər biri iki nümayəndə göndərmişdi.qoşulmuşdu.[6] Əgər Rusiya konfransa məğlub ölkə kimi qatılmışdısa, Osmanlı imperiyası konfransa hüquqsuz tərəf kimi dəvət olunmuşdu. Çünki, onun yerinə daha çox müttəfiqlər qərar verirdilər. Osmanlıların nümayəndə heyətinin rəhbəri sədrəzəm Mehmed Əmin Əli Paşa İstanbula döndükdən sonra dövlətin maraqlarını təmin etmədiyinə görə tənqid olunmuş və bir müddət sonra istefaya göndərilmişdi.[7]
Britaniya və Avstriya Parisdə Rusiyaya münasibətdə ən sərt mövqeni nümayiş etdirirdilər. Onların sərt mövqeyi sonradan III Napoleonun təsiri altında bir qədər yumşaldı. Başlanğıcda ümumiyyətlə belə bir sürətli sülh istəməyən İngiltərə, indi açıq şəkildə Qara dəniz hövzəsində Rusiyanı zəiflətməyə, Qafqazdakı mövqelərinə xələl gətirməyə çalışır, Aland adalarının demilitarizasiyasında israr edirdi. Avstriyalıların dəstəyi ilə İngilislər hətta Qara dəniz sahillərindəki rus istehkamlarının tamamilə dağıdılmasını tələb etdilər, lakin III Napoleonun dəstəyi sayəsində bu məsələ rusların xeyrinə həll olundu. Avstriya bütün Bessarabiyanın Rusiyadan qoparılmasını və Dunay knyazlıqlarının öz mülklərinə qatılmasını istəyirdi. Ancaq keçmiş müttəfiqlər Dunay knyazlıqlarını heç bir şəkildə avstriyalılara vermək istəmirdilər. Konqresdə Dunay knyazlıqlarının gələcəkdə siyasi birləşməsinə ehtiyac məsələsi nəzərdən keçirildi.[3] Gərgin müzakirələrə baxmayaraq, Paris konqresi bir neçə sənədin imzalanması ilə başa çatdı.[7]
18 mart (30) 1856-cı ildə 1871-ci ilə qədər Avropadakı siyasi quruluşu təyin edən sülh müqaviləsi imzalandı. İmzalanan sənədlərin içərisində sülh müqaviləsinin mətni, Rusiya imperiyası ilə Osmanlı imperiyası arasında konvensiya əsas yer tuturdu.[3] Sülhün şərtlərinə görə, XI maddəyə görə Qara dəniz neytrallaşdırılır, müharibə və sülh dövründə boğazlar ticarət və hərb gəmilərinin üzünə açıq elan olunur, XIII maddəyə görə isə Rusiyanın sahil istehkamları sökülürdü. XI maddəyə əsasən həm də Rusiya və Osmanlıya Qara dənizdə hərbi donanma saxlamaq qadağan edilirdi.[8] Rusiya Bomarsundu möhkəmləndirməkdən imtina edir; Dunayda sərbəst gəmiçiliyə razılaşır; Moldaviya, Valaxiya knyazlıqları və Serbiya üzərindəki protektoratlıqdan imtina edirdi.[8] Moldaviya knyazlığının xeyrinə Dunay sahillərindəki və Cənubi Bessarabiyanın bir hissəsindəki mülklərindən imtina etdi.[9]
III maddə ilə Rusiya Qafqazda işğal etdiyi Osmanlı torpaqlarından geri çəkilmək öhdəliyi də götürürdü. Bu maddədə deyilirdi, "Rus qoşunları tərəfindən işğal edilmiş Osmanlı mülkiyyətinin digər hissələri" ilə birlikdə işğal olunan Qars şəhəri və qalası geri qaytarılır. Digər ərazilərə Şərqi Bəyazid, Ərdahan, Kağızman, Oltu və Ərzurumdan 5,5 km məsafə də daxil idi. Bunun müqabilində, IV maddəyə görə, Rusiyaya Sevastopol, Balaklava, Kamış, Kerç-Yeniqala, Kinburn, "həm də müttəfiq qüvvələr tərəfindən işğal edilmiş bütün digər ərazilər" geri qaytarılırdı.[10]
Xüsusi konvensiyaya görə, Rusiya və Osmanlıya qaçaq-malçılığa qarşı mübarizə məqsədilə 10 kiçik hərbi gəmidən ibarət hərbi dəniz qüvvəsi saxlamağa icazə verilirdi. Sülh traktatına Bosfor və Çanaqqala boğazlarının sülh dövründə xarici döyüş gəmilərinə bağlanmalarını nəzərdə tutan konvensiya da əlavə olunmuşdu.[11]
Əslində Paris konqresi İngiltərə və Avstriyanın nəzərdə tutduqlarının reallaşmasına imkan vermədi. Çünki nə Balkanlarda, nə də Osmanlının Avropa hissəsində ciddi ərazi dəyişiklikləri həyata keçirilmədi. Bununla belə, Rusiya imperiyası xarici işlər naziri A.Qorçakov Paris sülh müqaviləsini "Rusiyanın tarixində ən biabırçı ləkə" adlandırmışdı.
1856-cı il Paris sülh müqaviləsi, 1815-ci il Vyana müqavilələrinə əsaslanan Avropa sistemini[12] qüvvədən düşürdü və Avropadakı beynəlxalq vəziyyəti başqa istiqamətdə müəyyənləşdirdi.[13] Belə ki, Paris müqaviləsi 1870–1871-ci illər Fransa–Prussiya müharibəsinə qədər Avropa diplomatiyasının əsasını təşkil etmişdir.[14]
Rusiya 1871-ci il London Konvensiyasında Qara dənizdə hərbi donanma saxlamaq qadağasının qaldırılmasına nail oldu. 1877-ci il Rusiya-Osmanlı müharibəsindən sonra baş tutan Berlin konqresi çərçivəsində imzalanan Berlin müqaviləsinə əsasən, 1878-ci ildə Rusiya itirilmiş ərazilərin əksəriyyətini (Dunay deltası və Zmeynıy adası xaricində) geri qaytara bildi.[15]