Peşrov (Pişro) — Şirvan aşıq mühitinə məxsus hava növü və onun oxunuş tərzi. Şirvan aşıq məclislərində birinci ustadnamə “Peşrov” havası ilə ifa olunur, ikinci ustadnamə oxunmur, yalnız söylənilir, üçüncü ustadnamədə isə hər hansı bir “Şikəstə” havasından istifadə edilir. “Peşrov” sırf dastan yaradıcılığı ilə bağlı meydana gəlmiş janrdır. “Peşrov”un müstəqil hava şəklində ifa olunmasına baxmayaraq, onun əsas funksiyası məclisin açılışı ilə bağlıdır.
Səciyyəvidir ki, klassik türk musiqi növü olan “fasıl”ın da instrumental müqəddiməsi “Pişro” adlanır. Şirvan aşıq mühitində “Peşrov”un bir janr kimi təkmilləşməsində Aşıq Mirzə Bilalın və zurnaçalan Əli Kərimovun əvəzsiz xidmətləri olmuşdur. Peşrov havalar silsiləsinə “Şirvan peşrovu”, “Çobanyaylağı peşrov”, “Eyvazı”, “Şur peşrov”, “Kərəm peşrov”, “Koroğlu peşrov”, “Qafiyə peşrov”, “İbrahimi”, “Əlicadi peşrov”, “Hicazi peşrov”, “Qobustan peşrov”, "Bilal peşrov” daxildir.[1]