Pietas (Latınca tələffüz: [ˈpiɛtaːs]; hərfi mənada – "vəzifə", "möminlik", "dini davranış" və ya "ləyaqət")[1][2][3] — qədim Roma əxlaqının əsaslarından biri. Bu, ilk növbədə dindarlıq, tanrılara, ölkəyə, ata-anaya və əcdadlara ehtiramla yanaşma kimi bir sıra cəhətləri əhatə edən bir fəzilət anlayışı idi. Qədim Roma cəmiyyətində bu fəzilətin klassik nümunələsi Eney idi. O, həyatını riskə atmış və yaşlı atası Anxisi yunanlar tərəfindən yandırılan Troyadan xilas etmişdir. Başqa bir prinsipial nümunə ana südü ilə həbsxanada valideynlərini aclıqdan xilas edən romalı qadın hesab olunurdu.
Oktavian Avqustun hakimiyyətə gəlməsi ilə pietasa xüsusi münasibət imperator kultunun bir hissəsi olmuşdur. Bu, demək olar ki, hökmdarın əsas fəziləti kimi təqdim olunurdu. Pietasın təbliğ olunması təkcə mənəvi deyil, həm də iqtisadi əhəmiyyət kəsb edirdi. Cəmiyyətin qədim inkişaf səviyyəsində ailənin atasının və ya ağasının böyük gücünə pietasa daxil olan əxlaq normaları kömək etmişdi və bu, iqtisadiyyatın ən səmərəli formada idarə olunmasını təmin etmişdi.
Qədim Romada pietasın personifikasiyası bir ilahə kimi qəbul edilmişdir. Onun təsvirləri sikkələrə yerləşdirilmişdir və ona həsr olunan məbədlər tikilmişdir. Yunanlar üçün bu, evsebiya (q.yun. εὐσέβεια) anlayışı idi.[4]:864–865
Pietas tanrılara, ölkəyə, qohumlara və əcdadlara, xüsusən də valideynlərə ehtiram, hörmət və məhəbbətdən ibarət bir fəzilət anlayışı idi.[5][6] Tanrılara hörmət, xüsusən də düzgün və müntəzəm şəkildə ayinlər keçirmək və qurbanlar vermək demək idi. Pietasın bir hissəsi özünə hörmət idi. Bu, qarşıya çıxan çətinliklərdən asılı olmayaraq, öz vəzifə və öhdəliklərinə inadkarlıq və yerinə yetirmək demək idi.[7] Pietas bir fəzilət olaraq insanın daxilində mövcud olurdu. Bu, tanrılar tərəfindən verilmiş Viktoriya kimi bir fəzilət və ya hədiyyədən fərqli idi. Bununla belə, Pietas insana verilən faydaların ilahi mənbəyini tanımağa imkan yaradırdı.[8]:878 Siseron pietası "vətənimizə, valideynlərimizə və ya digər qan qohumlarımıza qarşı borcumuzu yerinə yetirməyi bizə tövsiyə edən" fəzilət olaraq tərif etmişdir.[9] XIX əsr klassik alimi Georq Vissovanın fikrinə görə, pietasa malik olan bir insan "tanrıya və insanlara qarşı bütün vəzifələrini tam və hər cəhətdən yerinə yetirirdi".[10][11]
Pietasın və Fidesin təqdim etdiyi fəzilətlər qədim romalıların əxlaqının əsasını təşkil edirdi. Onların inancları sosial ehtiyaclarla şərtlənirdi. Vətəndaş üçün dövlət onunla tanrılar arasında bir bağ idi və vətəndaşlıq dini ənənə ilə birbaşa əlaqədə idi. Eyni zamanda, dinin siyasi mahiyyəti emosional elementin mövcudluğunu istisna etmir və ya onunla ziddiyyət təşkil etmirdi.[12]
Pietas fəzilətinə malik bir romalı dini vəzifələrini sadəcə məbəddə yox, hər zaman və hər yerdə yerinə yetirirdi. Fəlsəfə müəllimi Maks Pfinqsten pietası "ticarət əməliyyatlarında və gündəlik həyatında tanrıların iradəsinə tabe olmaq" kimi təsvir etmişdir.[13] Pietas göstərişlərinə riayət olunmaması "piaculum" adlanan "bağışlanma ritualları"nın icra olunmasını tələb edirdi.[1]:286
Pietas beynəlxalq münasibətlər və diplomatiya sahəsində böyük əhəmiyyət kəsb edirdi. Bir sərkərdənin etibarı böyük ölçüdə onların şəxsi mənfəətlərini bir kənara qoyması, hər hansı xəyanətkar hərəkətlərdən çəkinməsi və özlərini bir işə tam həsr etmək istəyinə əsaslanırdı. Etibarlılığa verilən bu önəm ayrı-ayrı sərkərdələrin, Roma dövlətinin özünün danışıqlar və müzakirələrdə praqmatik rol oynamasına səbəb olmuşdu. Sərkərdələrin fides anlayışına sədaqəti ardıcıl olmalı, onlar davam etdirilən fəaliyyətlərdə və qonşu qurumlarla münasibətlərdə sabit yanaşma vasitəsilə etibarlılıq nümayiş etdirməli idi. Bu dəyərlərə görə, mövcud müqavilələrə hörmət edilməli idi, Yəni verilən vədlərə və içilən andlara sadiq qalımırdı. Beləliklə, Romanın əxlaqi davranış normaları bərkidilir və diplomatik strategiyalar daha güclü şəkildə davam etdirilirdi. Pietas sərkərdələr arasında aparılan danışıqlarda hiylənin standarta çevrilməməsinə səbəb olmuşdu.[13]
Oktavian Avqustun hakimiyyətə gəlməsi ilə pietas rəsmi dövlət təbliğatının bir hissəsinə çevrilmişdi. Əlavə olaraq, bu, demək olar ki, prinseplərin əsas fəziləti kimi təqdim olunurdu.[14] Oktavian Avqust onu dəstəkləyən kiçik və orta torpaq sahiblərinin mövqelərini gücləndirməyə çalışırdı. Onun üçün arxaik ailə münasibətləri təkcə mənəvi deyil, həm də iqtisadi əhəmiyyət kəsb edirdi. Cəmiyyətin ozamankı inkişaf səviyyəsində ailə atasının və ya ağasının böyük qüdrəti iqtisadiyyatın ən səmərəli formada idarə olunmasını təmin edirdi. Pietasın əhatə etdiyi fəzilət anlayışı buna töhfə vermişdi və böyük əhəmiyyət kəsb etmişdir. "Roma mifi" ilə sıx bağlı olan pietas Roma dininə, Roma kultlarına ehtiram və hörmətlə yanaşmanı nəzərdə tuturdu.[12] Rəsmi təbliğat bu dövrdə Eneyi pietasın personofikasiyası kimi təqdim edirdi. Bu, Virgilin "Eneida" əsərində[15] və incəsənət əsərlərində öz əksini tapmışdır. Burada Eney yunanlar tərəfindən yandırılmış Troyadan yaşlı atası Anxisi xilas edərmişcəsinə təsvir edilmişdir.[16].
Məni fəzilətli Eney adlandırırlar; Özümlə birlikdə donanmamda penatların |
Avqustun siyasəti digər imperatorlar tərəfindən də davam etdirilirmişdir. Bunun sübutu, xüsusən, ilahə Pietasın təsvirinin sikkələr üzərində tez-tez yerləşdirilməsidir. Bu fəzilət anlayışı xüsusilə imperator Antonin Piyin hakimiyyəti dövründə təbliğ edilmişdir.[12]
"Piy" koqnomeni valideynlərinə məhəbbət və ehtiramları fövqəladə xarakter daşıyan xüsusilə dindar şəxslərə verilirdi. Beləliklə, bu koqnomen müasirləri tərəfindən atası Kvint Sesili Metell Numidiki sürgündən geri qaytarmaq üçün göstərdiyi səylərə görə Kvint Sesili Metell Piyə,[8]:880 həmçinin Munda döyüşündən sonra Sekst Pompey Maqna verilmişdir.[18] Bu koqnomen sonradan Roma imperatoru Antonin Piyin adının bir hissəsi olmuşdur.[19] Fransızca "pieté" və almanca "pietät" sözləri rus dilinə ""пиетет" şəklində daxil olan latınmənşəli "pietas" sözündən əmələ gəlmişdir. Bu, rus dilində "kiməsə və ya nəyəsə dərin hörmət, ehtiramlı münasibət" deməkdir.[20]
Qədim Romada Pietas məbədi Tərəvəz bazarında yerləşirdi. Qədim mənbələrə görə, Mani Asili Qlabrion e.ə. 191-ci ildə Fermopil döyüşündə Antioxun qoşunları üzərində qələbə qazandığı gün fəzilət ilahəsinin şərəfinə məbəd tikəcəyinə and içmiş, lakin tanrılara verdiyi vədi yerinə yetirə bilməmişdir. Onun özü də Mani Asili Qlabrion adlanan oğlu məbədin tikintini tamamlamış və məbəddə atasının zərli atlı heykəlini quraşdırmışdır.[21][22] Tikinti üçün yer təsadüfi şəkildə seçilməmişdi. Rəvayətə görə, əvvəllər orada həbsxana yerləşirdi və ölümə məhkum edilmiş bir qadın yerləşdirilmişdir. Mühafizəçi hökmü yerinə yetirməyə tələsmirdi və məhbusun sadəcə aclıqdan öləcəyini güman edirdi. O, hətta bir müddət əvvəl ana olmuş qızına məhbusə baş çəkməyə icazə vermişdi. Anasını ziyarət etməzdən əvvəl mühafizəçilər qadının anasına yemək gətirməməsi üçün onun üzərində axtarış aparmışdılar, lakin heç nə tapa bilməmişdilər. Qız anasını əmizdirdi və bununla da uşağını ana südündən məhrum etmişdi. O, bunu edən zaman triumvir hadisə barədə məlumatlandırılmış, bunu pretora çatdırmışdır və o da öz növbəsində bunu Hakimlər Kollegiyasına bildirmişdir. Romalı qadının bu hərəkəti onları o qədər heyran etmişdi ki, məhkum qadın sərbəst buraxılmış və həmin sahə Pietasa həsr edilmişdir.[23][24] Sonradan əfsanə mahiyyətində fərqlilik olmadan bir qədər dəyişdirilmişdir. Yeni versiyada qızı anasının əvəzinə atasını xilas etmiıdi. Bu hadisə övladın valideynlərinə ehtiramı və Roma namusunun nümunəsi hesab edilirdi, buna görə də onun yerində ilahə Pietasın şərəfinə məbəd tikilmişdir.[25]
Məbəd e.ə. 44-cü ildə, Qay Yuli Sezarın hakimiyyəti dövründə məhv edilmişdir və onun yerində Marsell teatrı tikilmişdir.[23][25] Müasir dövrə qədər gəlib çatmamış və Sekst Pompey Fest tərəfindən xatırlanan Süd sütunu bir müddət məbədin xatırladılması və valideynlərə misilsiz ehtiramının əfsanəsi kimi xidmət etməyə davam etmişdir.[26]
Romadan başqa, başqa şəhərlərdə də Pietas məbədləri tikilmişdir. İndiki İtaliyada yerləşən Puteolidə[27] və müasir Tunis ərazisində yerləşən Duqqada[28] ona həsr olunmuş kult tikililəri haqqında məlumatlar var.
Pietas sikkə üzərində dini əşyalarla, həm də qurbangahda odla qurban verən qadın kimi təsvir edilmişdir.[1]:286 Qurban təsvirində libasiya pietası simvollaşdıran əsas akt idi.[29]
Pietasın diademdə qadın başı şəklində olan ilk təsvirləri sikkəçi Mark Herenninin e.ə. 108–107-ci illərə aid dinaridə peyda olmuşdur.[18] Revers tərəfdə kimin təsvir olunduğuna dair iki fərziyyə var. Fərziyyələrdən birinə görə, burada iki Kataniya qardaşı Anfinom və Anapiu haqqında əfsanəni təsvir edilmişdir. Onlar Etna püskürməsi zamanı yaşlı valideynlərini çiyinlərində daşıyaraq xilas etməyə çalımışdılar. Onlar yavaş-yavaş hərəkət edirdilər və lava axını artıq onlara çatırdı. Onların hərəkətlərini yüksək qiymətləndirən tanrılar lavanı dayandırmışdılar və bunun sayəsində qardaşlar öz valideynlərini xilas edə bilmişdilər.[30] Digər versiyada bildirilir ki, burada atası Ansixi daşıyan Eney təsvir olunmuşdur.[31]
Pietasın simvollarından biri Petroni tərəfindən "pietas kultivatoru" (lat. pietaticultrix) kimi təsvir edilən leylək idi.[32][33][34] Simvol leyləklərin öz yaşlı valideynlərə qayğı göstərməsi əfsanəsi əsasında yaranmışdır. Onlar öz valideynlərini qidalandırır, lələklərini təmizləyir, bədənlərinin hərarəti ilə isitirlər və hətta uçuş zamanı qanadlarının altından dəstək olurlar. Romalılar bu cür davranışı övladlıq borcunun nümunəsi hesab edirdilər və hətta insanın valideynlərinə qayğı göstərməyə məcbur edən qanunu "leylək qanunu" (lat. Lex ciconaria) adlandırmışdılar. E.ə. 81-ci ildə atasına hörmətli münasibətilə tanınan Kvint Sesili Metell Piy Hispaniyada Sullanın ordusunda xidmət edən zaman Pietas təsviri ilə denari zərb etdirmişdir. İlahənin başının yanında bir leylək təsviri var idi.[35] Pietasın sikkələrdə təsvir olunduğu təsvirdən asılı olaraq, təsvirlər onun simvollaşdırdığı fəzilətin müəyyən tərəflərinə vurğu edir. Beləliklə, Pietas qurbangahın üstündə qurbanverməni təsvir edən sikkə dindarlığı, övladların əhatəsində olmağı təsvir edən isə məhəbbət, ailədə incəlik və valideynlərə hörməti ifadə edir.[36]
Qay Yuli Sezarın hakimiyyəti dövründə Qalliyadakı qələbələrin şərəfinə zərb edilmiş denaridə Pietas öz portret xüsusiyyətlərini əldə etmişdir.[37] Pietas ilə eyni vaxtda Sezarın dövrünə aid sikkələriə onun mifik əcdadları təsvir edilmişdir. Bu təsvirdə Venera və Eney atası Ansixi daşıyır. Bu, pietasın tərkib hissələrindən birini – əcdadların xatirəsinə diqqətli münasibəti vurğulayırdı.[37] Sekst Pompey Maqn və Oktavian Avqustun məsələləri atalarının təsvir olunduğu pietasar ilə əlaqələndirilir. Birincisi onları "PIVS" əfsanəsi, ikincisi "DIVVS" ilə müşayiət etmişdirlər.[37] Vətəndaş müharibələri dövrü üçün olduqca qeyri-adi hesab edilən fenomen Mark Antoninin dinarisində kiçik qardaşı Lusinin "PIETAS" əfsanəsi ilə işarəsinin daxil edilməsi idi. Bu yolla Şərqdə fəaliyyət göstərən Mark Antoni o dövrdə konsul vəzifəsini tutan ən yaxın qohumunun ailəsinə xidmətlərini və sədaqətini vurğulayırdı.[36] Pietasın motivləri və onun təbliğ edilməsi yalnız ilahənin və onun əcdadlarının təsvirləri ilə məhdudlaşmırdı. Qədim Roma fəzilət anlayışının bu aspekti tanrılara hörmətli və ehtiramlı münasibəti, dini və vətəndaşlıq borcunu nəzərdə tutur. Bu, imperatorun qurbanvermə ritualını yerinə yetirməsi səhnələri olan sikkə növlərində əks olunmuşdur.[37]
Oktavian Avqustun hakimiyyəti dövründə imperator kultunun formalaşması başlamış və prinseplər təkcə ali hökmdar yox, həm də tanrı ilə identifikasiya olunurdu. Bu həmçinin, onun ailə üzvlərinə də aid edilmişdir. Oktavian Avqustun həyat yoldaşı Liviyanln yalnız imperator Klavdinin hakimiyyəti dövründə ölümündən sonra rəsmi olaraq ilahiləşdirilməsinə baxmayaraq, sağlığında Romadan kənar şəhərlərdə öz kultunun formalaşmasını müşahidə etmişdir. Oktavian Avqustun hakimiyyəti dövründə Liviya, ondan sonra isə onun oğlu Tiberi həm heykəllərdə, həm də sikkələrdə ilahə Pietas ilə birlikdə təsvir edilmişdir.[37] Sonradan imperator ailələrinin digər üzvləri də Pietas kimi təmsil olunmuşdular. Bu nümunələrə xüsusən də imperator Adrianın qayınanası Salonina Matidiya, I Konstantinin həyat yoldaşı Fausta və başqaları aiddir.[36]
Sikkələr üzərində imperatorun bir fəziləti kimi Pietas təsvir edilməsinə böyük diqqət yetirilirdi.[37] B.e. III əsrə qədər bu fəzilət cəmiyyətdə nə dərəcədə populyarlaşması ilahə Pietasın təsviri ilə külli miqdarda sikkənin zərb edilməsində əks olunur. Numizmatların fikrinə görə, möminlik ilahəsinin təsviri olan sikkə növlərinin payı Herenni Etruskun dövründə 30%-ə, I Qordianın dövründə 12,5%-ə, Trebonian Qallın dövründə 7,9%-ə, Voluzianın dövründə 7,5%-ə və Numerianın dövründə isə 10,5%-ə çatmışdır.[38]
pietatem, quae erga patriam aut parentes aut alios sanguine coniunctos officium conservare moneatas quoted by Wagenvoort, Hendrik. Pietas: Selected Studies in Roman Religion. Studies in Greek and Roman Religion. 1. Brill. 1980. səh. 7. ISBN 9004061959.