"Pişik torbadadır..." | |||
---|---|---|---|
ing. Cat's in the Bag... | |||
![]() | |||
Seriya nömrəsi |
Mövsüm 1 Seriya 2 |
||
Rejissor | Adam Bernşteyn | ||
Ssenarist | Vins Qilliqan | ||
İlk efir tarixi | 27 yanvar 2008-ci il | ||
Vaxt | 48 dəq. | ||
Qonaq aktyorlar | |||
|
|||
Seriya xronologiyası | |||
|
|||
Breaking Bad 1-ci mövsüm |
"Pişik torbadadır" (ing. Cat's in the Bag...) — ABŞ cinayət-dram teleserialı "Breaking Bad"in ilk mövsümünün ikinci seriyası.
Volt Skaylerlə keçirdiyi ehtiraslı anlardan sonra tər-su içində vanna otağına doğru addımlayır. Güzgüdəki əksinə baxdığı məqamda, hadisələr on iki saat əvvələ - şalvarını itirmiş Volt və gözünün altı qaralmış Cessinin kirayələdikləri ekskavator operatorunun köməyi ilə RV-lərini xəndəkdən dartıb çıxartdığı vaxta qayıdır. İkisi də qərara gəlir ki, Emilio ilə Kreyzi-8-in meyitlərindən canlarını qurtaran kimi bu cinayət ortaqlığına nöqtə qoysunlar. Amma Volt motorun işə düşdüyü anda, eşitdikləri xışıltı səsi onları məəttəl qoyur - "mərhumlardan" biri hələ də nəfəs alır.
Dan yeri söküləndə Volt özünü hamamın döşəməsində lüt-üryan görür. Ailə süfrəsində oturduğu vaxt Cessi telefon şirkətinin işçisi adıyla evlərinə zəng edir. Kreyzi-8-i ram etməkdə və Emilionun meyitini aradan götürməkdə ona yardımçı durmasını xahiş edir. Volt dərsləri qurtarmamış gələ bilməyəcəyini bildirir. O, evdən çıxan kimi Skayler həmin nömrəyə zəng vurur və Cessinin avtocavablayıcısındakı söyüşləri eşitməsi ilə Voltun heç bir telefon şirkəti ilə əlaqəsi olmadığını başa düşür.
Məktəbdə həyəcandan özündə olmayan Volt, tələbənin "midterm" kəlməsini "qətl" (murder) kimi qavrayır. Dərsin ardınca kimya laboratoriyasından hidroflorit turşusu şüşələrini əldə edir. Həmin vaxt Cessi RV-dən qulağına səs gəldiyini hiss edir. Pəncərədən boylananda gördüyü mənzərə onu mat qoyur - nəqliyyat vasitəsinin qapısı açıq qalıb, Kreyzi-8 isə qaça bilib.
Volt öz Pontiac Aztek markalı avtomobilində Cessinin evinə doğru şütüyərkən məhəllənin sakitliyini pozan, yaralı halda yırğalana-yırğalana yeriyən Kreyzi-8-i seçir. Maşını döndərib ona yaxınlaşanda əl hərəkəti ilə çağırır, amma Kreyzi-8 onun səsini tanıyan kimi özünü ələ verməmək üçün aradan çıxmaq istəyir, bircə ki ağaca möhkəm dəyib yerə sərilir. Volt huşunu itirmiş narkotik alverçisini götürüb maşına tullayır.
Vaytgildə Skayler internetdə eşələnib-axtarıb, nəhayət Cessinin sosial şəbəkədəki profilini tapır - səhifə başdan-ayağa narkotik görüntüləriylə doludur. Bir yandan da Volt huşunu itirmiş Kreyzi-8-i Cessinin evinə sürüyüb gətirir, zirzəmidə dirəyə velosiped qıfılıyla möhkəmcə bərkidir.
İkisi də başa düşür ki, bu bəladan qurtulmağın bir yolunu tapmalıdırlar. Əvvəlcə Emilionun meyitini yox etmək məsələsi ortaya çıxır. Voltun ağlına hidroflorid turşusu işlətmək fikri gəlir. İkisi də bilir ki, Kreyzi-8-i də aradan götürmək lazımdır - püşk atırlar, görək kimə nə düşür. Cessi püşkü udur, Emiliodan can qurtarmağı öz üzərinə götürür, beləliklə Kreyzi-8-i öldürmək məsələsi də Volta qalır.
Volt Cessiyə tapşırır ki, xüsusi plastik çəllək alsın, amma niyə lazım olduğunu da açıqlamır. Təsərrüfat malları dükanına gedən Cessi meyiti yerləşdirə biləcək ölçüdə çəllək tapa bilmir.
Cessinin evində Volt, Kreyzi-8-i aradan götürməyə ürək eləmir, əvəzində ona sendviç düzəldir, təmizlik üçün vedrə və dezinfeksiyaedici verir. Volt stress altında bir neçə dəfə yanlış bükümdən (kağızı) sonra Cessinin marixuanasından tüstüləndirir. Cessi əliboş evə qayıdanda, qətlin nə yerdə olduğunu xəbər alır. Volt Kreyzi-8-in məsələsini sabaha saxlayacağını deyib, Skaylerin ultrasəs müayinəsi üçün xəstəxanaya tələsir. Həkimin otağında cütlüyə qız övladları olacağı müjdəsini verirlər. Bir azdan Skayler Voltu Cessi ilə münasibətini aydınlaşdırmağa çağırır. Həqiqəti ört-basdır etmək üçün Volt Cessinin ona marixuana satdığını uydurur və arvadının sorğu-sualından təngə gəlib "başımın üstünü kəsdirib durma" deyir.
Səhəri gün Volt iş yerində öz-özüylə əlləşib sirləri açılmasın deyə çabalayır, bu tərəfdən də Cessi RV-dən Emilionun cəsədini düşürməklə məşğuldur. O, meyiti sürüyə-sürüyə həyətdə aparanda birdən darvazadan Skayler içəri girir. Cessi özünü itirməyib tez cəsədi gizlətmək üçün fürsət axtarır. Skayler bir az da yaxınlaşıb Cessiyə qaynının narkotiklə mübarizə idarəsinin əməkdaşı olduğunu xatırladır, ərinə marixuana satmağı kəsməsini başa salır. Skayler çıxıb gedəndən sonra Cessi əziyyətlə meyiti yuxarı mərtəbədəki hamama qaldırır, üzünə qaz maskası taxaraq cəsədi vannada hidroflorid turşusuyla əridir.
Volt qapıdan içəri girən kimi Cessi ona Skaylerin gəlib-getdiyini, üstəlik Emilionun meyitini heç bir plastik çən-zad almadan düz vannada əritdiyini bildirir. Volt dəhşət içində ikinci mərtəbədəki hamamın altındakı dəhlizə cumur. Tavandan süzülən mayenin cızıltısı aydınca eşidilir, döşəmədən də damcılayır. Birdən tavan gurultuyla çökür - hidroflorid turşusuyla yarımçıq ərimiş Emilionun qalıqları sel kimi aşağı axır. Volt üzünü Cessiyə tutub başa salır ki, plastik çən ona görə lazım idi - hidroflorid turşusu plastikdən savayı qarşısına çıxan hər şeyi məhv edir. Həmin vaxt çöldə, səhrada iki hindu uşağı Voltun tulladığı qaz maskasına rast gəlir.