Platonun Akademiyası — E.ə. 380-ci illərdə Afina yaxınlığında mifik qəhrəman Akademanın[1] şərəfinə adlandırılmış bölgədə Platon tərəfindən əsası qoyulmuş dini-fəlsəfi birlik.
Platon Afinada ilk dəfə “Akademiya” - qəhrəman Akademin şərəfinə belə adlanan - fəlsəfə məktəbini yaratdı. O, fəlsəfi idealizm sistemini işləyib hazırladı ki, ona uyğun olaraq, insanın hissləri ilə qavranılan dünya, – bütün şeylərin hissən duyulmaz, dəyişməz, təkcə filosofun təfəkkürü ilə dərk olunan obrazların - sərbəst surətdə mövcud olan real “ideyalar” dünyasının yalnız zəif inikasıdır. Əsası bu konsepsiya üzərində qoyulmuş Platon Akademiyası Aralıq dənizinin hər tərəfindən alimləri özünə cəlb edirdi və təqribən 900 il - b.e. VI əsrinə qədər mövcud oldu. Demokritin mexanistik materializminin əksinə olaraq, Platon idealizminin etik sistemi insan həyatını rifah və xeyirxahlıq anlayışları baxımından nəzərdən keçirərək, dünyanı şüurlu başlanğıc tərəfindən nizamlanmış, ruhlandırılmış (ruh verilmiş) təsəvvür edirdi. Platon etikası onun qəlbin üç tərkib hissəsi: ağıl, iradə və hiss haqqında təliminə əsaslanır ki, buna da üç məziyyət uyğun gəlir: ağıl - müdrikliyin əsası kimi; iradə - mətinliyin əsası kimi; hissiyyatı cilovlama – ağılın və ya özünü ələ almanın16 əsası kimi. Bu məziyyətlərin harmonik birləşməsi dördüncünü - ədaləti yaradır.[2]
Akademiyada müxtəlif elm sahələri tədqiq olunurdu:fəlsəfə, riyaziyyat, astronomiya, təbiət elmləri və s. Akademiya daxilində böyüklər və kiçiklər qrupu mövcud idi və əsas tədris metodu dialektika (dialoq) idi.
Akademiyanın devizində riyaziyyatın rolu xüsusi qeyd olunur: "Həndəsəni bilməyən gəlməsin!". 529-cu ildə imperator I Yustinianın əmri ilə Afinada bütün fəlsəfi məktəblər bağlanmışdır.
Akademiyanın (və ya platonizmin) 3 tarixi mərhələsi olmuşdur.
Qədim platonizm öz növbəsində 3 mərhələyə bölünür. Bunlar Birinci, İkinci və Üçüncü Akademiya adlanır. Orta platonizm Dördüncü Akademiya sayılır. Beşinci Akademiya isə neoplatonizm (yeni-platonçuluq) adlanır.
Platondan sonra qədim Akademiyanın başçısı (skolarxı) Spevsippus (m. ö. 409 – 339) olmuşdur. O, ontoloji problemlərə diqqət yetirib Platon təlimini təkmilləşdirmişdir. Bundan başqa Spevsippus çevrənin qavranılması probleminə dair fikirlər irəli sürmüşdür
Əsas məqalə: Spevsippus
Spevsippusdan sonra Akademiyaya Kalkedonlu Ksenokrates (m. ö. 395 – 314) başçılıq etmişdir. O, fəlsəfəni sistemləşdirməyə cəhd etmişdir. O da ontoloji problemlərə diqqət yetirmiş, varlığın tərkibi kimi Vahid, Əgl və Ruh haqqında düşüncələrlə çıxış etmişdir. O həm də mistikaya meylli olmuşdur.
Əsas məqalə: Ksenokrates (Kalkedonlu)
Qədim Akademiyanın daha bir başçısı (skolarxı) Polemon (yun. Πολέμων, m. ö. 350 – 270) olmuşdur. O, Ksenokratesin fikirlərini inkişaf etdirmiş, daha da çox əxlaqi məsələlərə önəm vermişdir. Onun fikrincə hər bir canlı özünə qayğı göstərir, özünü qoruyur və sevir, təbiət tərəfindən verilmiş özəllikləri gerçəkləşdirmək istəyir. Buna görə də, həyatı təbiətlə uyğunlaşaraq sürmək lazımdır. Əslində xoşbəxtlik də budur[3], o ərdəmsiz əldə olunmaz[4]. Polemon çoxlu kitab yazsa da, zamanımıza onun bu əsərləri gəlib çatmamışdır.
Polemondan sonra qədim Akademiyaya Krates (yun. Κρατής, ölüm tarixi təxminən m. ö. 268) başçılıq etmişdir. Onun da əsərləri zamanımıza gəlib çatmamışdır. Kratesin haqqında yalnız o məlumdur ki, o, Platon məktəbinin ənənələrini qorumuşdur.
Ondan başqa qədim Akademiyanın tanınmış nümayəndələri sırasında Pontlu Heraklides və Knidoslu Eudoksus da olmuşdurlar. Ancaq, onlar bir çox məqamlarda Platonun təlimindən fərqli mövqelərdən çıxış edirdilər. Ona görə də, bir çox tədqiqatçılar onları Platonun sadiq ardıcılları sırasına daxil etmirlər.
Heraklides (yun. Ἡρακλείδης, m. ö. 390 – 310) hesab edirdi ki, hər şey ən kiçik və bölünməz cismlərdən ibarətdir. Atomlar olan bu cisimlər ilahi Əqldən doğur. Ruhların isə tərkibi efirdən ibarətdir. Onlar öncə göylərdə yaşayır, sonra insan bədəninə köçürlər[5].
Heraklides həm də astronomiya elmi ilə məşğul olmuşdur. Onun fikrincə yer öz oxu ətrafında fırlanır, göy isə hərəkətsizdir; ulduzlar kürə formasında olan yerə bənzər dünya cisimləridir[6].
Eudoksus (yun. Εὔδοξος, m. ö. 408 – 355) daha çox riyaziyyat və həndəsə elmləri ilə məşğul olmuşdur. İlk dəfə Yunanıstanda mütəmadi olaraq göy cisimlərini müşahidə etmək üçün elmi mərkəz yaratmışdır. Fəlsəfədə Eudoksus daha çox ontologiya, qnoseologiya və əxlaq sahələrində fikirlər irəli sürmüşdür. Onun fikrincə dünya birdir və bölünməzdir. Onun dərk edilməsində də duyğular və əqli fəaliyyət birlik təşkil edir.
Platon hesab edirdi ki, ideyalar düşüncə ilə dərk edilən əbədi varlıqlardır. Eudoksus onunla razılaşmayaraq onları hər bir şeydə olan qatqı kimi təsəvvür edirdi. Bir şeyə ağ qatılsa, o da o şeyin ağlığının səbəbi olduğu kimi, ideyalar da bunun kimi hər şeyin səbəbidir[7].
Eudoksusa görə ən yüksək ərdəm və xeyir həzz almaqdır. Hər şey ona doğru yönəlir və o hər şeyin məqsədidir[8]. Həzzə qarşı duran istənilən şey isə əzabdır.
Qədim platonçuluq tarixinin ikinci mərhələsi skolarx Arkesilausdan (yun. Ἀρκεσίλαος, m. ö. 315 – 240) başlanmışdır. Onun dövründən başlayaraq Akademiyada şübhəçiliyin (skeptisizmin) təsiri artmışdır. Ona görə də, Arkesilaus hər bir iddiadan çəkinməyi məsləhət görürdü[9] və stoaçıların kataleptik təsəvvür anlayışına qarşı çıxış etmişdir. O hesab edirdi ki, fəlsəfənin məqsədi həqiqətə çatma deyil, yanlışlıqlardan azad olmaqdır.
Arkesilausdan başqa Akademiyaya Lakides (yun. Λακύδης) və Evandrus (yun. Εὔανδρος) kimi skolarxlar başçılıq etmişdirlər. Ancaq, onlar haqqında zamanımıza çox az bilgilər çatmışdır.
Skolarx Karneades’dən (yun. Καρνεάδης, m. ö. 214 – 129) başlayaraq qədim platonçuluğun üçüncü tarixi mərhələsi başlamışdır. Həmçinin onun zamanında Akademiya yüksəliş dövrü yaşamışdır.
Karneades öz fəlsəfi görüşlərində şübhəçilik mövqeyində durmuşdur. Onun fikrincə nə təfəkkürdə, nə də duyğularda həqiqətin obyektiv meyarı yoxdur. Çünki, duyğu vasitəsi ilə əldə olunan bilgidə duyğuların aldadıcı xüsusiyyəti, məntiqlə əldə olunan bilgidə isə aporiyalar (məntiqi ziddiyyətlər) ola bilər. O, stoaçıların idrak nəzəriyyəsini tənqid edirdi, onların ziddiyyətlərini ortaya qoyurdu. Karneadesə görə idrakın üç pilləsi vardır: birincisi ehtimal olunan, ikincisi ehtimal olunan və ziddiyyəti olmayan, üçüncüsü isə ehtimal olunan, ziddiyyətsiz və yoxlamadan keçən[10]. Üçüncüsü ən etibarlı olsa da həqiqəti tam açmır, ona nisbətən yaxınlaşır. O, həm də dini inanclara tənqidi yanaşırdı.
Karneadesdən sonra Akademiyaya Kliptomaxus (yun. Κλειτόμαχος, vəfatı m. ö. 110) və Larissalı Filon (yun. Φίλων, m. ö. 154 – 84) başçılıq etmişdirlər. Ancaq, onların haqqında zamanımıza çox az məlumat gəlib çatmışdır. Məlumdur ki, onlar Karneadesin şübhəçi fikirlərini davam etdirmişdirlər.
Filonun skolarxlığı zamanında e.ə. 87-ci ildə Mitridat müharibələri zamanı romalı sərkərdə Sulla[11] tərəfindən Akademiyanın ağaclığı qırıldı. Filon Romaya miqrasiya etdi və burada onun şagirdləri Siseron və Varron oldu.
Üçüncü Akademiyadan sonra platonizmin qədim dövrü bitmişdir. Dörüncü və beşinci Akademiyalar qədim dövrə aid deyil.
Əsas məqalə: Orta Platonizm
II və III Akademiyanın skeptik platonizmindən sonra Askalonlu Antioxusun banisi olduğu eklektik platonizm[12] başlayır. Dördüncü Akademiyanın fərqləndirici xüsusiyyəti aristotelçiliklə stoisizmin sintez edilməsidir. Bu platonizm Akademiyanın ənənələrini daşısa da müxtəlif mərkəzlərdə inkişaf edirdi:İskəndəriyyə, Afina, Roma. Nümayəndələri Apuley, Qalen, Numeni, Plutarx, İskəndəriyyəli Filon olmuşdur.[13] Bu akademiyanın nümayəndələri üçün etikada allaha təşbih, fizikada isə Allah-yaradıcı və müqəddəs Allah arasında fərq əsas maddə idi. Bununla onlar qnostisizmin fəlsəfəsini qabaqlamış oldular.
176-cı ildə Roma imperatoru Markus Avrelius Afinada akademiyanı bərpa etdi. Yeni məktəbin skolarxı Kalven Tavrın şagirdi Attik oldu.[14]
Əsas məqalə: Neoplatonizm
Neoplatonizmin banisi Plotin hesab olunur. Misir bu istiqamətin mərkəzinə çevrilsə də Yamvlix və Proklın skolarxlığı zamanında neoplatonizm Afina Akademiyasına da nüfuz etdi.
529-cu ildə imperator Yustinianın dekreti əsasında Platon akademiyası bağlandı. Afina Akademiyasının sonuncu skolarxı Damaski İrana mühacirət edir.
İntibah dövründə Florensiya yaxınlığında Platon Akademiyası (1459-1521) açıldı. Florensiya Akademiyası kimi də tanınan məktəbin banisi və ilk rəhbəri Marsilio Fiçino olmuşdur. 1583-cü ildə Florensiyada della Krusk Akademiyası açıldı, Romada isə 1603-cü ildə dei Linçei Akademiyası açıldı. Bu akademiya müasir elmlər akademiyasının ilk forması idi.
XVII əsrdə fransız filosofu Simon Fuşe akademik skeptisizmi bərpa etməyə cəhd göstərmişdir.