Pleksit

PleksitOnurğa beyni sinirləri kələfinin xəstəliyidir. Pleksitin səbəbi travmalar, infeksion xəstəliklər, onurğa xəstəlikləri və s. ola bilər.

Boyun pleksiti zamanı boyunun dərin əzələlərinin iflici, ənsə nahiyəsində ağrı olur. Xəstəlik kəskin davam edir.

Bazu pleksiti zamanı çiyin və yuxarı ətraf əzələləri birlikdə prosesə cəlb olunur, körpücükaltı və körpücüküstü nahiyələr ağrılı olur, ağrı yuxarı ətrafa da vurur və süst-atrofik iflic baş verir. Yuxarı ətrafların hərəkəti məhdudlaşır. Xəstəlik əksər hallarda 2–3 ay müddətində sağalma ilə nəticələnir, bəzən isə yuxarı ətrafın periferik iflici sabit qalır.

Bel-oma pleksitinin klinik əlamətləri bel nahiyəsində olan ağrılardan ibarətdir. Ağrılar bud və oturaq sinirləri boyunca yayılıb, hissi pozğunluqlar verir. Ayaqda zəiflik olur.

Müalicə xəstəliyin etiologiyasına əsaslanmalıdır. İnfeksiya ilə əlaqədar olduqda, iltihaba qarşı müalicə aparılmalı, eyni zamanda ağrıkəsici dərmanlar, isti proseduralar və həkimin təyinatı üzrə digər müalicələr aparılmalıdır.

Qadınlarda bel-oma pleksiti əlamətləri olduqda onların ginekoloq tərəfindən müayinə olunması məsləhətdir.