Qalınyarpaq bergeniya | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Qalınyarpaq bergeniya |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Qalınyarpaq bergeniya (lat. Bergenia crassifolia) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin daşdələnkimilər fəsiləsinin bergeniya cinsinə aid bitki növü.
Çoxillik ot bitkisi olub, yoğun, şişman, sürünən kökümsovu və çoxsaylı saçaqlı kökləri vardır. Gövdəsinin hündürlüyü 50 sm, yarpaqları bütöv, çılpaq, dəricikli, parlaq, qışlayan və kök üstündə çətir şəklində toplanır. Yarpaq lövhəcikləri enli ellipsşəkilli, demək olar ki, dairəvi, əsası girdələşmiş və ya ürəkvari, küt, aydın olmayan dişli, uzun saplaqlı, uzunluğu 3-35 sm, eni isə 2,5-30 sm-ə bərabərdir. Çiçəkləri 5 üzvlü, gövdənin zirvəsində süpürgəvarı-qalxanşəkilli çiçəkqrupunda formalaşmışdır. Ləçəkləri bənövşəyi-çəhrayı, dairəvi-yumurtavarı, əsası qısa və geniş dırnaqcıqlardan ibarətdir.
300–2600 m yüksəkliyi olan meşə, subalp və alp qurşaqlarda, çay sahillərində və sıx iynəyarpaqlı meşələrdə rast gəlinir.
Yabanı çoxillik badanın kökümsovları iyun-iyul aylarında toplanılaraq qurudulur və xammal olaraq keyfiyyətli dərman bitkisi kimi istifadə edilir. Kökümsovları torpaqdan 20 sm hündürlükdə toplanılır, təmizlənir və qurudulur. Qurudulmadan əvvəl xammal quru hava axınında saxlanılmalı və ya 50 °C temperaturda quruducu şkafda qurudulmalıdır. Xammalın saxlanılma müddəti 3 həftədir. Quru çıxım faizi 30-35%-dir.
İysiz və güclü büzücü dadlıdır. Quru yerdə saxlanılmalıdır. Saxlanılma müddəti 4 ildir.
Kökümsovlarının tərkibində aşı maddələri (25-27%), arbutin, katexin, katexin qallat, izokumarin, bergenin (5%), fenol və onun törəmələri, qall turşusu (0,22%), 3,6-diqalloqlükoza, izokumarin, şəkər, nişasta və digər maddələr vardır. Kökümsovunda bolluca nişasta vardır. Yarpaqlarında aşı maddələri (30%), sərbəst polifenol, qall turşusu (22%), hidroxinon, arbutin (12%), flavonoidlər – kverçetin, kempferol və askorbin turşusu vardır.
Büzücü, iltihabsorucu, qankəsici və antimikrob dərmandır.
Kökümsov və köklərindən bişirmə və maye ekstrakt şəklində büzücü və qankəsici dərman kimi bağırsağın xroniki xəstəliklərində, ishalda, kolitlərdə, enterkolitlərdə, stomatit, gingivit və uşaqlıq boynunun eroziyasında keyfiyyətli dərman bitkisi kimi təyin edilir.