Qarmon

Qarmon
Hornbostel–Zaks təsnifatı 412.132
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qarmon — Metal dilçəkli, körüklü musiqi alətidir. XIX əsrin sonlarından etibarən Azərbaycan xalqının məişətinə daxil olmuş və milli musiqi mədəniyyətinin bir hissəsinə çevrilmişdir. Digər xalq çalğı alətləri ilə bir yerdə ansambllarda, o cümlədən el şənliklərində milli rəqs musiqisinin ifası zamanı geniş istifadə edilir. Təsadüfi deyildir ki, təkmilləşdirilmiş müasir qarmon bir çox hallarda xalq musiqi aləti kimi qarşılanır. Azərbaycanda istifadə olunan xromatik növlü qarmonun texniki ifa xüsusiyyətləri və səs quruluşu rus qarmonlarından tamamilə fərqlidir.

Qarmon tipli alətlərin vətəni qədim Çin sayılsa da, çağdaş biçimli qarmonları alman musiqiustası Kristian Buşman (1805—1864) 1822-ci ildə icad edib. 1830-cu illərdə diatonik səsdüzümlü qarmonlar Rusiyanın Tula şəhərində istehsal olunub. Təxminən 10-15 il sonra, XIX əsrin I yarısında belə qarmonlar Azərbaycana gətirilib.

1870-ci ildə tulalı dirijor və qarmon ustası N. İ. Beloborodov xromatik səsdüzümlü qarmonlar düzəldib. [1]

XIX əsrin I yarısında Rusiyadan Azərbaycana diatonik səsdüzümlü, yalnız ağ dillərdən ibarət olan qarmonlar gətirilmişdir. Şuşalı Çəkməçi Hüseyn Azərbaycanda qarmonun ilk ifaçılarından sayılır. Sonralar Çəkməçi Hüseynin oğlu Kərbəlayi Lətif (1876-1944) nəinki Qarabağda, bütün Qafqazda, o cümlədən İranda ustad qarmonçalan kimi məşhurlaşır.

Mir Möhsün Nəvvab Qarabaği (1833-1918) "Vzüuhul-ərqam" əsərində qarmonun təsir qüvvəsindən, dinləyicidə oyatdığı estetik duyumundan yazır.

XIX əsrin sonlarında azərbaycanlı qarmonçalanların sifarişi ilə bir sıra uğurlu islahatlardan sonra yeni növ qarmon yaradılmış və alət Azərbaycan qarmonu adlandırılmışdır.

Azərbaycan qarmonu üzrə ilk tədris vəsaitini professor Fərahim Sadıqov 1986-cı ildə hazırlayıb. Son illər Natiq Rəsulov (1952-2000) qarmon üçün bir sıra tədris vəsaiti işləyib.

Qarmonun yan tərəfləri taxtadan, orta hissəsi dəri körüklü dördkünc qutudan ibarətdir. Hündürlüyü 360 mm, eni 268 mm, qalınlığı 195 mm-dir. Qutunun içərisində ağac lövhələr üzərində xüsusi qayda ilə düzülmüş nazik metal dilçəklər (lövhələr) yerləşdirilir. Alət sağ və sol əlin köməyi ilə körüyü açıb-bağlamaqla səsləndirilir. Bu zaman sağ əlin şəhadət, orta, adsız, çeçələ barmaqları ilə melodiya, sol əlin barmaqları ilə isə melodiyanın ahənginə uyğun dəm (tonika) saxlanılır. Körük açılıb-bağlandıqda barmaqların təzyiqi ilə sıxılmış hava dillərin açdığı boşluqdan keçərək həmin metal lövhələri ehtizaza gətirir. Bu zaman, vibrasiya olunmuş lövhələrin ölçülərindən asılı olaraq, müxtəlif səs ucalıqları alınır. Diapazonu kiçik oktavanın "do" səsindən ikinci oktavanın "fa" səsinə qədərdir. Solo və ansambl aləti kimi geniş istifadə edilir.

  • Akkordeon – xromatik qarmon növü [2].
  • Azərbaycan qarmonu - görkəmcə fərqlənməsə də, ölçülərinə, kökünə (si), sağ və sol əllərin ifa zamanı funksiyasına görə, tirlərin (plankaların) sayına görə digər qarmonlardan fərqlənir.
  • Gürcü qarmonu
  • Boloqoy qarmonu
  • Tula qarmonu
  • Saratov qarmonu
  • Vyana qarmonu
  • Sibir qarmonu
  • Tatar qarmonu [3]

Məşhur qarmonçalanlar

[redaktə | mənbəni redaktə et]
  1. Abbasqulu Nəcəfzadə. Çalğı alətlərimiz Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine. Bakı, 2004.
  2. Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti - Akkordeon Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine
  3. Abbasqulu Nəcəfzadə. Azərbaycan çalğı alətlərinin izahlı lüğəti Arxivləşdirilib 2022-03-03 at the Wayback Machine. Bakı, 2004.