Qaumata | |
---|---|
Doğum tarixi | e. ə. VI əsr |
Doğum yeri | |
Vəfat tarixi | e.ə. 522 |
Vəfat yeri | |
Vəfat səbəbi | bıçaq xəsarəti[d] |
Atası | II Kir |
Fəaliyyəti | monarx |
Qaumata (e. ə. VI əsr, Pasargad, Fars ostanı – e.ə. 522, Pasargad, Fars ostanı) — kahin, üsyan rəhbəri, yalançı şahzadə, hökmdar.
Fars epik əsərlərinin leytmotivi olan İran-Turan qarşıdurmasının qaynağı, fars-türk münaqişələrinin başlanğıcı pers və mada əyanlarının hakimiyyət uğrunda mübarizəsi, İran imperiyası sarayındaki çevrilişlərdə gah pers, gah da mada sülalələrinin qələbəsi ilə bağlı yaranmışdır. Belə saray çevrilişlərindən biri də məşhur Qam Ata (Qaumata) üsyanıdır. Bu tarixi şəxsiyətin İran imperiyasındakı rolunu geniş tədqiq və təsvir edən onlarla iranşünasın heç biri onun etnik mənsubiyətini açmağa cəhd göstərməmişdir.
Herodot bu etnik qarşıdurmanı Əhəmənilər sülaləsindən olan İran şahı Kambizin (Kuruşun oğlu) dilindən verir. Qam Ata üsyanını eşidən Kambiz ölümqabağı fars əyanlarını yanına çağırıb deyir:
"Şahların öcünü sürdürən Tanrıların adını anaraq, sizlərə borcunuzun nə olduğunu söyləyirəm; bunu hamınıza, xüsusilə aranızda olan əhəmənilərə deyirəm. Taxtın madalılara keçməsinə yol verməyin, əgər hiylə ilə ələ keçirsələr, siz də hiyləyə baş vurun, əgər zorla alsalar, siz də zorla ordularınızla onların əlindən alın. Əgər bu dediklərimə əməl etsəniz, mən də diləyərəm ki, torpağınız sizə bərəkət, arvadlarınız evlad, sürüləriniz sərvət versin. Hər zaman azad yaşayın. Amma hakimiyəti geri almasanız və ya almağa cəhd etməsəniz, Tanrıdan dilərəm başınız bəlalardan qurtarmasın və yenə dilərəm ki, bütün iranlıların sonu mənimki kimi olsun"
— Herodot, II, 65.
İran-Turan münasibətində maday dilini və mədəniyətini mühafizə edən saray əyanları deyil, qara camaat olmuşdur. Əhəməni dövlətində mada soylu saray əyanları, varlı məmurlar pers hakimiyətinə canla-başla qulluq edir, mənsub olduğu xalqın mənafeyini, dilini və mədəniyətini şəxsi marağına qurban verirdi.[2] Saray elitası karyera naminə əhəməni nəslindən olan qızlarla evlənməyi, saray çevrilişlərində bu sülalənin mənafeyini müdafiə etməyi üstün tuturdular. Pers hökmdarları da etnik dayaqlarını qüvvətləndirmək üçün yerli feodalların qızlarını özünə arvad edir, qohumluq əlaqələrini möhkəmlədirdilər.
İranda qoşadilli (fars-türk) mühit tarixboyu davam etsə də, bizə gəlib çatan yazılı abidələr qədim və orta fars dilindədir. Lakin buna baxmayaraq, həmin abidələrdə türkizmlər də mövcuddur ki, bu da təbii hal kimi dəyərləndirilir.
Qam-Ata ilə bağlı Bisitun (Baqastan) abidəsindəki bir cümlənin filoloji təhlili bunu aydın şəkildə göstərir:
I martiya maquş aha qaumata nama hauv udapatata haça paişiyahuvadaya arakadriş nama kaufa haça avadaşa viyaxanahiya mah.
Tərcüməsi: "Bir adam maq, Qaumata adında Payşiyauvada Arakadriş adlı dağda (üsyana) qalxdı, viyaxna ayında".
— F. Cəlilov – Azər Xalqı, səh 164
Əhəməniərin ikinci şahı Kambiz e.ə. 522 – inci ilin martında Misir yürüşündə olarkən belə bir bəd xəbər alır ki, kiçik qardaşı Bardiyanın adıyla bir maq (Qam – Ata) üsyan qaldırıb, saray çevrilişi edibdir. Tələsik geri qayıdarkən yolda Kambiz müəmmalı şəkildə ölür. Hakimiyəti ələ alan Qam-Ata paytaxtı Ekbatana köçürür. Beləliklə, şahlıq yenə Mada sülaləsinə keçir. Yeddi aydan sonra yeddi pers əyanı sui-qəsd hazırlayaraq, gecə ikən maqı öldürürlər. Sui-qəsdçilərdən biri – Dara şah seçilir. Əhəməni sülaləsinin başqa qoluna mənsub soydan olan Dara yenidən hakimiyəti perslərə qaytarır. Bütün bu hadisələri Dara üç dildə (qədim fars, elam və akkad) Baqastan qayasına həkk etdirmişdir. Həmin hadisələri Herodot və digər tarixçilər də azacıq fərqlərlə qələmə almışlar və bütün bu olaylar İran-Turan qarşıdurmasının kəskin çağlarını əhatə edir. Sonralar Avesta bu qarşıdurmaya dini don geydirmişdir.
Tarixi analogiyadan bu da məlumdur ki, kahinlər (şamanlar) öz peşə sirrini mənsub olduğu soy, klan arasında nəsildən nəslə ötürərək zaman-zaman yaşadır və dövlətdə dinlər dəyişəndə yeni dini görüşləri mənimsəmək üçün adaptasiya olunur, yeni mərasimlərin icrasının başqa əllərə keçməsinə qısqanır. Ona görə də, maqlar ilkəl şaman inanışlarına təcavüz edən pers fatehlərinin hegemonluğuna qarşı üsyan etsələr də, sonrakı çağlarda hakim təbəqənin qəbul etdiyi və türk-pers sintezi ilə yaranan rəsmi Zərdüşt dinini təbliğ edən kahinlərə çevrildilər. Orta əsr islam müəllifləri maq və zərdüşti kəlmələrini sinonim kimi işlətmişlər. Bu da maraqlıdır ki, qədim Alban xristian dini mərasimini, ayinini bildirən "muqin" sözünü udi dili indiyə kimi mühafizə etmişdir.[3]
Tarixi mənbələrə görə, Qam-Ata şahzadə Bardiya adı ilə üsyan qaldırmışdır. Qardaşı Kambiz tərəfindən öldürülən Bardiyanın adı qaynaqlarda Bardiya (Büsutun), Mard (Esxil), Merdis (Pompey Troq), Smerdis (Herodot), Tanaoksar (Ksenofont) və sair şəkildə verilir. Onun Mada ilə dolayı əlaqəsi barədə Ktesidə məlumat vardır. Guya o, Kuruşun Astiaqın qızı Amitisdən olan oğlu və erməni, kadusi və madalıların satrapı imiş. Bardiyanın Kambizlə "anabir, atabir" qardaş olduğunu deyən Herodotun qeydi Herodot, III, 30 isə, Büsutun yazısında "hamata, hamapita" ifadəsi ilə təsdiq olunur.[4] Hər iki halda Bardiya əhəməni şahzadəsidir və Qam-Ata əvvəlcə onun adı altında üsyana başlasa da, çevrilişdən sonra öz əsl adını, soyunu və pers (fars) hegemonluğuna qarşı mübarizə məqsədini gizlətməmişdir.
Açıq mübarizə ilə hakimiyəti ələ alan və paytaxtı Madaya köçürən Qam-Ata taxta çıxdığı gündən imperiyada əmin-amanlıq yaranmışdı, yəni şahın fərmanı ilə amansız müharibə və çəkişmələrdən əziyət çəkən əhali hərbi çağrışdan və vergidən üç il azad edilmişdi. Herodot yazır ki, Smerdisi (Qam-Atanı) xalq çox sevirdi, çünki xalq üçün çox iş görmüşdü, o öləndə "perslərdən başqa" bütöv Asiya ağlayırdı.[5]
Hərçənd ki, Dara qara camaatın Qam-Atadan qorxduğunu Büsutunda yazmışdır, amma bütöv mətnin məlumatı və məntiqi bunun əksini göstərir. Qam-Ata yoxsul təbəqənin himayədarı idi və bütün varlıların deyil, yalnız saray əyanlarının imtiyazını azaltmışdı. Ona görə də, geniş xalq kütləsi, qara camaat onu müdafiə edirdi. Büsutun yazısındaki "xalq, kütlə" anlamını verən və kara şəklində yazılan söz də qədim fars dilindəki türkizmlərdəndir.
Açıq mübarizəyə cəsarəti çatmayan Dara gecə qatili kimi hərəkət etdi[6]. Bu, geniş xalq kütləsi tərəfindən müdafiə edilən Qam-Atanın azmanlığını və gücünü bir daha göstərir. Və bu da təsadüfi deyildi ki, Qam-Atadan sonra hakimiyətə keçən Daraya qarşı imperiyanın əksər əyalətləri üsyana qalxdı. Tarixdə misli görünməmiş belə geniş xalq üsyanı bütöv Ön Asiyanı bürümüşdü.
Qam-Atanın adını mütəxəsislər Büsutun yazısında qədim farsca Qaumata şəklində oxuyurlar. Lakin həmin yazının elamca variantındakı Kammatta, akkadca Qumati formasında və bu adın əski latınca Kometes şəklində yazılışında (Yustin) ilk saitin diftonq olmadığı görünür. Ona görə də qam və ata tərkib hissələrindən ibarət olan bu antroponim müasir transkripsiyada Qam-Ata və ya Kam-Ata şəklində yazılmalıdır.[8]
Qam sözü türk dillərində kiçik fonetik fərqlərlə şəxs, tayfa və yer adlarında işlənir: Qaman, Qambay, Kambar, Kamər, Qamərli, Kəmərli və s. Tövratda Yafəsin oğlanları sırasında Madayla yanaşı Qomer adı vardır.[9] Bu onomastik sözlərin hamısı türk dilləri modelindədir, çünki "qam" hissəsindən sonrakı morfemlər türkcə aydın və anlaqlıdır. Qam sözünün isə türk dillərində "şaman" anlamında olub, "kahin", məfhumu bildirdiyini hələ vaxtilə M.Kaşqari göstərmişdir. "Kodeks Kumanikus" abidəsində qadın şamanı bildirmək üçün kam katun ifadəsi işlənmişdir. Karaim türkləri bu gün də şamana kamçı deyirlər.[3]
"Dədə Qorqud" qəhrəmanlarından biri Kam-büre (müqəddəs qurd) adlanır, hadisələrdə birbaşa iştirak etməsə də, boylarda adı hörmətlə tutulan Bayındır xan ulu şaman soyundandır, Qam-qan (Qam xan) oğludur. Ona görə də, oğuz başçıları Bayındır xanın məsləhətləri ilə oturub-durur, mühüm dövlət işlərində onun tövsiyələrinə uyğun hərəkət edirlər. Atillanın qurduğu hun dövlətində Ata-Kam sayılan bəylərdəndir. Quzey Qafqazda Kam-bulat adını Noqay xanı (XVII əsr) və Kabarda knyazı da daşımışdır.
Erməni tarixçisi Moisey Xorenli haqqında söhbət açdığı Ərqam barədə deyir ki, o, Əjdahaqın (Astiaqın) nəslindəndir. Tarixçinin fikrincə, həmin Ərqam əski bir əfsanədə Ərqavan adlanır. Bu son adın tərkibində də qaman və ya qaban ifadəsi görünür. Qam sözünü gəb, kəm fonetik variantı ilə bizə çatdıran fars dili zərdüşt dini ilə bağlı gəbr (zərdüşti), gəbri (maqların, zərdüştilərin dini), ləhceyi-qəbri və kəmra (zərdüşti kəməri) sözlərini mühafizə etmişdir.[10]
Türk xalqlarında Ata sözü böyük, başçı, dədə və müqəddəs anlamlarında, həm də titul kimi şəxs adlarında ayrılıqda və ya tərtibi adın tərkibində işlənir. Kökü qədim çağlara gedib çıxan bu gələnəyin arealı da türklərin yayıldığı areal qədər genişdir. Maq üsyanından bəhs edən İ.M.Dyakonov deyir ki, Qaumatanı ideallaşdırmaq olmaz [11], bu münasibətdə daha irəli gedən M.A.Dandamayev isə, ümumiyətlə tarixdə Qaumata adlı üsyançının olmadığını yazır. Lakin Herodotun mada-pers olaylarını özündən uydurması fikri qəbul edilsə belə (Mada – fars müharibələrini təkcə herodot yox, bir çox antik tarixçilər təsvir etmişlər) pers şahı Daranın üç dildə Qam-Ata adını daşa həkk etdirməsi məsələsini izah etmək mümkün deyil.[12]
Qam-atanın əhəməni sülaləsindən alıb madalılara qaytardığı hakimiyət cəmi 7 ay çəkdi. İmperiyanın idarə olunmasından əli çıxan fars zadəganları növbəti saray çevrilişi üçün fürsət axtarırdılar. Belə bir məqamı saraya yaxın olan 7 fars əyanı Bağayadiş (sentyabr) ayında əldə etdi. Onlar maqı öldürmək üçün plan cızdılar və sui-qəsddən sonra dövlət quruluşunda hansı sistemi saxlamaq barədə məsləhətləşdilər. Herodot həmin söhbəti belə verir ki, Otanes monarxiyanın əleyhinə çıxıb, xalq yönətimi (hərbi demokratiya) üsulunu müdafiə edir, Meqabizis hakimiyətin qara camaatın ixtiyarına verilməsinə qəti etiraz edir və özləri daxil olmaqla, kollegial idarəçiliyi, oliqarxiya üsulunu təklif edir. Dara isə monarxiya tərəfdarı olduğunu söyləyir və fikrini əsaslandırmaq üçün fars hegemonluğunun monarxiya ilə əldə olunduğunu xatırladır. Bu xırdalıqların yunan tarixçisinin fantaziyası olması qəbul edilsə də, lakin hər halda o dövrün dövlətçilik görüşləri baxımından maraqlıdır.
Qam-atanı öldürən 7 fars sırasında Dara daha məkrli şəxsiyətdir. Herodot onun sifətlərini aydın cizgilərlə verir. Dara sui-qəsdi təxirə salmamaq üçün həmkarlarını şantaja çəkir, onlara – əgər başladığımız işi bu gün bitirməsək, özüm gedib maqa xəbər verəcəyəm – deyir[13]. Yalançı olduğunu Dara özü də gizlətmir, saraya maneəsiz girə bilmək üçün belə plan cızır:
"Persiadan yeni gəldiyimi və şaha atamdan xəbər gətirdiyimi söyləyəcəyəm. Zira yalanın gərəkli olduğu yerdə yalan söyləməkdən çəkinməməliyik; istər yalançı olaq, istərsə doğrudan heç ayrılmamış olaq, eyni amacı güdmürükmü?"
— Herodot, III, 72.
Qaumata Doğum: ? Vəfat: e.ə. 522
| ||
Hakimiyyət titulları | ||
---|---|---|
Sələfləri II Kambiz |
Əhəmənilər imperiyası Şahı e.ə. 522- e.ə. 522 |
Xələfləri I Dara |