Qay Pirs | |
---|---|
Doğum adı | Guy Edward Pearce[2] |
Doğum tarixi | 5 oktyabr 1967[1] (57 yaş) |
Fəaliyyəti | aktyor, teatr aktyoru, kino aktyoru, musiqiçi, televiziya aktyoru, kinorejissor |
Fəaliyyət illəri | 1986-cı ildən |
IMDb | ID0001602 |
guypearce.net | |
Vikianbarda əlaqəli mediafayllar |
Qay Pirs (tam adı: Qay Edvard Pirs, ing. Guy Edward Pearce; 5 oktyabr 1967[1]) — ingilis əsilli avstraliyalı aktyor.[3] O, Qonşular televiziya serialındakı Mayk Yanq rolu və Səhranın kraliçası Priskillanın macəraları (1994), Məxfi Los-Anceles (1997), Memento (2000), Qraf Monte Kristo (2002), Yol (2009), Kral Danışır! (2010), Prometey (2012) və Dəmir Adam 3 (2013) filmlərində oynaması ilə tanınır. Qay Pirs həmçinin Qanlı təklif (2005), Heyvan krallığı (2010), Qaranlıqdan qorxma və Təqib (2014) kimi filmlərdə də rol almışdır. O, "Emmi" televiziya mükafatının laureatıdır (2011). Bundan başqa o, "Qızıl Qlobus" (2012), "Ekran Aktyorları Dərnəyi" və "AACTA" mükafatlarına da namizəd olmuşdur.
Qay Pirs 5 oktyabr 1967-ci ildə İngiltərənin İli şəhərində hərbi hava qüvvələrinin sınaq-pilotunun və məktəb müəlliməsinin ailəsində anadan olub. Qayın 3 yaşı olanda ailəsi Avstraliyaya köçüb. Orada anası fermada maralların çoxaldılması ilə məşğul olub. Hələ Pirs uşaq yaşlarında olarkən atasını təyyarə qəzasında itirmişdir. Məktəbdə oxuyarkən riyaziyyat və digər fənlərə çox az marağı ola Pirs daha çox incəsənət və musiqi ilə maraqlanıb. Onun, həmçinin uşaq yaşlarından teatra da böyük marağı olub. O, 11 yaşında ilk dəfə olaraq yerli teatrın səhnəsinə çıxmışdır.[4]
Bununla birgə, Pirs gənc yaşlarında bodibildinq və qılıncoynatma ilə də məşğul olmuşdur.
Pirs televiziya karyerasına 1985-ci ildə Avstraliya istehsalı olan Qonşular serialı ilə başlayıb. O, bu serialda Mayk Yanq rolunu canlandırırdı. Hətta bundan sonra insanlar Pirsi "Qonşular-dan Mayk" ləqəbi ilə adlandırmağa başlamışdır. Buradakı rolunun ardınca Pirs, həmçinin Home and Away (1988) və Snowy River: The McGregor Saga (1993) televiya dizilərində oynamağı bacarıb.
Bu seriallarda canlandırdığı rollardan sonra rejissor Frank Howson özünün istehsal etdiyi üç filmdə Qay Pirsə rol təklif edib. Həmin filmlər Heaven Tonight, Hunting və Flynn filmləri idi. Hətta Frank 1991-ci ildə Pirsin Hunting filminin premyerasına getməsi üçün bütün xərcləri qarşılayıb.
Pirs öz akyorluq karyerasına 1994-cü ildə rol aldığı Səhranın kraliçası Priskillanın macəraları filmi ilə davam edib. Bundan sonra o, ABŞ istehsalı olan Məxfi Los-Anceles, Acgöz, Vur əmri, Memento, Qraf Monte Kristo və Zaman maşını filmlərində də oynamağa müvəffəq olub. Daha sonra Pirs, həmçinin Avstraliya istehsalı fimlər olan Çətin söz (2002) və Qanlı təklif (2005) filmlərində rol alıb.
Aktyorluqla yanaşı, Pirsin musiqi sahəsində də müəyyən fəaliyyəti olmuşdur. O, 2014-cü ilin noyabrında özünün birinci albomunu təqdim etdi.[5] Son olaraq Pirs 2018-ci ildə "The Nomad" adında ikinci studio albomunu ilə musiqi sahəsindəki fəaliyyətini daha da genişləndirdi.[6]
Qay Pirs 1997-ci ilin martında psixoloq Keyt Mestits ilə ailə həyatı qurub, lakin onlar 18 il sonra – 2015-ci ilin oktyabrında evliliklərinə son qoyublar.[7] Hal-hazırda Pirs aktrisa Keris van Hauten ilə sevgilidir və 2016-cı ilin avqustunda onların Monte adında bir oğlu dünyaya gəlmişdir.[8][9]
Pirs, həmçinin heyvan hüquqlarını və Yer kürəsinin ekologiyasını qoruyan və müdafiə edən çoxlu sayda xeyriyyə təşkilatlarına dəstək olur.