Qazi Həsən Paşa | |
---|---|
3 dekabr 1789 – 30 mart 1790 (ləqəbi: Palabıyık, Əl-Cəzairli) | |
Əvvəlki | Kəndxuda Həsən Paşa |
Sonrakı | Çələbizadə Həsən Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1713 |
Vəfat tarixi | 19 mart 1790 |
Vəfat yeri | |
Fəaliyyəti | hərbi qulluqçu |
Rütbəsi | Admiral |
Vikianbarda əlaqəli mediafayllar |
Qazi Həsən Paşa (1713 – 19 mart 1790, Şumen[d], Silistrə əyaləti) — III Səlim səltənətində ümumilikdə 3 ay 27 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı.[1][2][3]
Əslən Qafqazlıdır. Kiçik yaşlarında İran sərhəddində əsir alınaraq Təkirdağlı Hacı Osman ağa adlı bir tacirə satıldı və onun uşaqları ilə birlikdə böyüdü. Bir müddət sonra azad edildi və ticarət məqsədilə Təkirdağdan yola çıxdı. Həm Avstriya, həm də Rusiya cəbhəsində müharibələrin davam etdiyi 1738-ci ildə yeniçəri ocağına yazıldı və bəzi müharibələrə qatılaraq Belqradın mühasirəsi əsnasında şücaət göstərdi. Daha sonra Təkirdağa geri dönərək keçmiş ağasının qızıyla evləndi.
Daha sonra Əl-Cəzairə səyahət edən Həsən ağa yolda ikən bir gəmiyə hücum edərək ələ keçirdi və bu gəmiylə birlikdə Əl-Cəzairə çatdı. Cəsarəti səbəbilə Əl-Cəzayir hakimləri tərəfindən təqdir edildi və bir çox hədiyyələrlə yanaşı Tilimsan sancaqbəyi təyin olundu. Ancaq tərəfdarları ilə yanaşı müxalifləri də artdı və burada çox qalmayaraq İstanbula getdi. Əl-Cəzair bəylərbəyinin, Tilimsan xəzinəsini də alaraq qaçdığını İstanbula bildirməsi səbəbilə bir müddət burada həbs edilən Həsən Paşa daha sonra azadlığa buraxıldı.
1761-ci ilin aprelində kaptan rütbəsilə Osmanlı donanmasına daxil olan Həsən Paşa 1762-ci ildə riyalə (üçüncü), 1766-cı ildə patrona (ikinci) və bir il sonra kapudanə (birinci) rütbəsinə qədər yüksəldi. Ertəsi il başlayan 1768-1774 Osmanlı-Rusiya müharibəsi səbəbilə Egey dənizinə qədər irəliləyən rus donanması ilə mübarizə aparmış, ancaq qəti qələbə qazana bilməmişdir. Üstəlik 6 iyul 1770-cı ildə hiyləylə Çeşmə limanındakı Osmanlı donanması ruslar tərəfindən yandırıldı. Bunun ardından Çanaqqala boğazına qədər gələrək paytaxta məlumat verən Həsən Paşa bəylərbəyi rütbəsilə mükafatlandırıldı.
Çeşmə faciəsindən sonra rusların 10 iyul 1770-ci ildə Limni adasını işğal etmə cəhdlərinin ardından Həsən Paşa 3 minlik orduyla qalaya köməyə getməyi qərarlaşdırsa da, lazım olan hərbi qüvvə toplana bilmədi. Buna baxmayaraq azsaylı hərbi qüvvəylə gizlicə adaya gedən Həsən Paşa qalanı xilas etməklə yanaşı, rus ordusuna ağır itkilər verdi. Bu təşəbbüsü səbəbilə 1770-ci ilin noyabrında qazi ünvanıyla vəzirliyə gətirildi və kaptan-ı dərya təyin olundu. Ancaq çox keçmədən kaptan-ı dəryalıqdan uzaqlaşdırıldı və 1773-cü ilin dekabrında Ruscuq sərdarlığına təyin edildi.
Kiçik Qaynarca sülhünün imzalanmasının ardından ikinci dəfə kaptan-ı dəryalığa gətirilən Həsən Paşa, 15 il davam edən bu vəzifədəki ikinci xidmət müddətində Sultan Əbdülhəmid üzərindəki təsiri səbəbilə dövlət idarəsində nüfuz sahibi oldu. Bu vəzifədə ikən 1776-cı ildə Suriyadakı üsyanı, 1779-cu ildə Moreyadakı alban üsyanını yatıraraq dövlət nizamını bölgədə bərpa etdi. Ardından fransızların təhriki ilə Misirdə ayaqlanan yerli bəylərlə mübarizəyə başladı. Ancaq Rusiya və Avstriya ilə yeni müharibənin başlaması səbəbilə dərhal İstanbula çağırıldı.
1787-ci ildə başlayan müharibələrdə rus cəbhəsinə təyin olunan Həsən Paşa mühasirə altındakı Özi qalasına yardım məqsədilə göndərilsə də, müvəffəq ola bilmədi. 1788-ci ilin avqustunda baş tutan İlan adası müharibəsində rus donanmasını məğlub etsə də, Özi qalasının işğalına mane ola bilmədi. Bu hadisə Həsən Paşanın nüfuzunu sarsıtdı və paytaxtdakı müxaliflərinin fəaliyyətinə zəmin yaratdı. Ancaq vaxtilə xidmətçisi olan və onun sayəsində sədarətə yüksələn sədrəzəm Qoca Yusif Paşanın yardımıyla vəzifədə qala bildi. Özi qalasının itirilməsinin ardından Sultan Əbdülhəmid keçirdiyi sarsıntıdan vəfat etdi və yerinə gələn Sultan Səlim Həsən Paşanı Anadolu bəylərbəyi və İsmayıl qalası sərdarlığı ilə 20 aprel 1789-cu ildə kaptan-ı dəryalıqdan uzaqlaşdırdı. Bir çox mənbəyə görə, 1785-ci ildə sədrəzəm Xəlil Həmid Paşanın Şahzadə Səlimi taxta çıxarmaq üçün tərtiblədiyi saray çevrilişini Sultan Əbdülhəmidə məhz Həsən Paşa xəbər vermiş, bu səbəblə Sultan Səlim taxta çıxar-çıxmaz onu vəzifədən uzaqlaşdırmışdır. Ancaq qısa zaman sonra onun sədarətə gətirilməsi bu fikri təkzib edir.
İsmayıl qalası sərdarı olaraq rusları qala önündə məğlub edən Həsən Paşa 1 avqust və 22 sentyabr 1789-cu ildə baş tutan basqınların ardından vəzifədən alınan Kəndxuda Həsən Paşanın yerinə 3 dekabr 1789-cu ildə sədarətə gətirildi. İlk öncə ordu mərkəzi olan Şumnuya gələn Qazi Həsən Paşa Akkirman qalasını ruslara təslim edən Tayfur Paşanı edam etdirdi və müharibədə xətaları olanları cəzalandırdı. Çox qısa davam edən sədarəti dönəmində quruda və dənizdə bir çox qələbələr qazanan Qazi Həsən Paşa 30 mart 1790-cı ildə Şumnuda vəfat etdi və eyni yerdə inşa etdirdiyi Bektaşı təkkəsinə dəfn edildi.