Qladiator

Qədim Roma tarixi

lat. Senatus Populusque Romanus
Senat və Roma xalqı
Dövrlər
Roma çarlığı

( e. ə. 754 e. ə. 509)

Roma Respublikası

( e. ə. 509 e. ə. 27)

Roma İmperiyası

( e. ə. 271453-cü illər)

Respublika konstitusiyası
Magistratlar
Fövqəladə magistratlar
Titullar
Sülalələr
Əhali, inzibati və sosial tərkib
Qədim Romada hüquq

Qladiator (lat. gladiator latın sözü olan "qladius"dan götürülmüşdür, mənası qılınc oynadan adam deməkdir.[1]) — Qədim Romada tamaşaçıları əyləndirmək üçün başqa bir qladiatorla, vəhşi heyvanlarla və ya cinayətkarlarla ölüncəyə qədər vuruşan döyüşçüdür. Bəzi qladiatorlar öz həyatlarını təhlükəyə ataraq könüllü döyüşə qatılırdılar. Ancaq qladiatorların əksəriyyətini qullar, əsirlər və cinayətkarlar təşkil edirdi.

Qladiator, yaxşı döyüşməsindən və ya ölməsindən asılı olmayaraq, Roma hərb etikasını nümayiş etdirməlidir. Bununla o alqış qazanır. Qiymətləndirmə tamaşaçılardan asılıdır. Bu yüksək də ola bilər, aşağı da.

Qladiator döyüşlərinin əsl mənşəyi mübahisəlidir. E.ə. III əsrdə Pun müharibələri dövründə bir yas ayini kimi keçirildiyi məlumdur, daha sonra Roma dünyasında siyasi və ictimai həyatın bir növünə çevrilmişdir.[1] Oyunun kütlə tərəfindən sevilməsi oyunlara daha çox pullar xərclənməsinə gətirib çıxarırdı.

Oyun öz pik nöqtəsinə e.ə. I və eramızın II ikinci əsrləri arasında çatıb. Roma İmperiyasının böhran yaşadığı dövrdə belə oyun öz əhəmiyyətini qoruyub saxlamışdır. Xristian imperatorları qladiator döyüşlərini eramızın V əsrinədək mühafizə etmişlər. Bundan sonra qladiator oyunları rəsmi olaraq təşkil edilməyib.

Qladiator oyunlarını əks etdirən mozaika

Eramızdan əvvəl I əsrdə tarixçi Dəməşqli Nikolas oyunun mənşəyinin etrusklardan gəldiyinə inanırdı.[2] Bir nəsil sonra Roma tarixçisi Livi ilk qladiator mərasiminin kampaniyalılar tərəfindən e.ə. 310-cu ildə samnitlər üzərində qələbəni qeyd etmək üçün keçirildiyini yazmışdır.[3] Eramızın VII əsrində Seviliyalı İsidor lanista (qladiatorların rəhbəri) sözünün etrusk dilində cəllad mənasını verən sözdən törədiyini sübut etdi.[4] Roma tarixçiləri qladiator oyunlarının kənardan gəlmə olduğunu (ən böyük ehtimal etrusklara verilir) qeyd etmişlər.[5]

Ancaq bütün dəlillər Kampaniya mənşəyini təsdiqləyir.[6] Bilinən ən ilkin qladiator məktəbi (ludi) Kampaniyada yerləşmişdir.[7] Kampaniyada yerləşən türbə freskalarında dəbilqə taxmış, nizəli və qalxanlı döyüşcülər təsvir edilmişdir.[8] Bu freskalarla müqasiyədə etrusk türbə freskaları aşağı səviyyəlidir və daha sonrakı dövrlərdə çəkilmişdir.

Livi ilk Roma qladiator döyüşünün, Karfagenə qarşı olan I Pun müharibəsi, e.ə. 264-cü ildə keçirildiyini qeyd edib. Mal-qara bazarında Brut Peranın şərəfinə üç qladiator döyüşü keçirilib. Livinin hesablamaları erkən Roma qladiator döyüşlərinin matəm və qurbanlıq funksiyalarını əhatə edir və sonra qladiator tamaşasındakı teatr mədəniyyətini belə qeyd edir: möhtəşəm görünüşlü, yüksək səviyyədə silahlanmış və zirehlənmiş xain barbarlar Roma dəmiri və əzəməti ilə idarə edilirlər. Onun sadə romalıları səxavətli bir şəkildə əzəmətli hərbi qənimətləri İlahlara həsr edirlər. Onların müttəfiqləri olan Kampaniyanlar isə şam yeməyində əylənmək üçün qladiatorları tamaşaya qoyurlar. Bəzi qruplar və tayfalar da oyunçuların siyahısına qoşulurdu. Əksər qladiatorlar Romanın düşmənləri kimi silahlanır və zirehlənirdilər. Qladiator üçün ən uğurlu seçim əla şəkildə vuruşmaq və ya ölmək idi.[9]

E.ə. 216-cı ildə Mark Emili Lepidin şərəfinə iyirmi iki cüt qladiatorla Roma Forumu adlanan yerdə üç günlük döyüş təşkil edilmişdir.[10] On il sonra afrikalı Ssispion atası və əmisi üçün döyüş təşkil etdi.[11] Növbəti qeydə alınmış oyun e.ə. 183-cü ildə Publi Lisini Krasın yas mərasimində təşkil edilmişdir. Üç gün davam etmiş oyunda 120 qladiator iştirak etmişdir və xalqa pulsuz ət paylanmışdır.[12] E.ə. 105-ci ildə konsullar barbar döyüşlərinin dövlət tərəfindən dəstəklənməsini təşkil etdilər. Bundan sonra bu geniş yayıldı.[13] Ludi (dövlət oyunları) yüksək elita tərəfindən maliyələşirdi və Yuputer kimi allahlara həsr edilirdi.[14]

Rəqibini məğlub etmiş qladiator (1872-ci ildə Jan Leon tərəfindən çəklimiş şəkil)

Sonuncu Respublikanın son illərinə qədər, qladiator oyunları özünə tam dəstək tapa bildi. Qladiatorlar məşqçilər və sahibləri üçün bir biznes sahəsi idi.[15] Səs toplamaq üçün siyasətçilər bu növ oyunlardan da istifadə edirdilər.[16]

Qladiator sahibliyi və qladiator məktəbləri Roma siyasətinin təməl daşına çevrilməyə başlamışdı. E.Ə. 65-ci ildə Yuli Sezar iyirmi il qabaq ölmüş atasının şərəfinə qladiator oyunu təşkil etdi. Çox miqdarda borcu olmasına baxmayaraq, o, gümüşlə zirehlənmiş 320 cüt qladiatordan istifadə etmişdir.[17] Sezar daha çox qladiatordan istifadə etmək istəsə də, senat Spartak üsyanını xatırladaraq maksimum 320 cütə icazə verdi. Romada 320 cütdən artıq qladiatora saxlamağa icazə verilmirdi.[18] Sezar yalnız miqyasda və xərcdə deyil, yas mərasimlərinə xas adətlərdədə həddini aşmışdı.[19]

Vəhşi heyvanlarla keçirilən qladiator tamaşaları yalnız Respublikada deyil, ondan kənarlarda da geniş yayılmağa başlamışdı.[20] Sezarın qətlindən və Roma Vətəndaş Müharibəsində sonra sosial və ya dini şərtlərini formalaşdırmaq üçün oyunların üzərinə imperiya nəzarəti qoyuldu.[21] Roma elitasını müflisləşməkdən qurtarmaq üçün oyunun xərclərini tənzimləyən qanun qəbul edildi. Oyunlarda dəyəri 25 000 dinaridən çox olmayan maksimum 120 qladiatordan istifadə edilə bilərdi. Daha dəyərli oyunlar İmperiya tərəfindən keçirilə bilərdi ki, bu da 180 000 dinarini keçməməli idi.[22][23] Eramızın 108-ci ilində Mark Ulpi Trayan Dakiya üzərindəki qələbəni qeyd etmək üçün 10 000 qladiator və 11 000 vəhşi heyvanla 123 günlük gladiator oyunları təşkil etdi.[24] Bundan sonra oyunlara xərclənən pullar yenə nəzarətdən çıxdı. Eramızın 177-ci ilində Mark Avreli oyunların qarşısını almaq üçün yeni qanun qəbul etdi, ancaq onun oğlu Kommod bu qanunu ləğv etdirdi.[25]

Bir-biri ilə döyüşən iki müxtəlif növlü qladiatorlar

İmperiyada qladiator ticarəti geniş yayılmışdı. Romanın hərbi müvəffəqiyyətləri Dövlət mədənlərində işlədilmək, amfiteatrlarda tamaşaya qoyulmaq və ya sadəcə satmaq üçün gətirilən əsgər dustaqların sayını gündən-günə artırırdı. Məsələn yəhudi qiyamından sonra, qladiator məktəblərində yəhudilərin sayı xeyli artdı. Daha sonra isə onlar təlimsiz birbaşa döyüş arenalarına göndərildi. Əsir düşmüş əsgərlərə qladiator döyüşləri sanki bir hədiyyə idi.

Qladiator məktəblərinə könüllü olaraq qoşulan və ya törətdiyi cinayətin cəzası olaraq gətirilənlərdə vardı. Romalılar üçün "qladiator" müəlliminə sadiq təlim görmüş döyüşcü mənasını verirdi.

Kasıblar və evsizlər üçün qladiator məktəbləri döyüşmək müqabilində daimi yemək və sığınacaq təklif edirdi. Qladiatorlar onlara verilmiş hədiyyələri özlərinə götürə bilirdilər. Tiberi bəzi qladiatorlara yüksək məbləğdə təqaüd verirdi. Mark Antoni qladiatorları özünün xüsusi cangüdənləri təyin etmişdi.

Qadın qladiatorlar

[redaktə | mənbəni redaktə et]

Eramızın 60-cı ilindən etibarən qadın qladiatorlar yaranmağa başlandı. 66-cı ildə isə Neronun Efiopiyalı döyüşcü qadın qladiatorları vardı.[26] Görünür romalılar öz əyləncələrini daha da artırmaq üçün qadın döyüşcülərdən istifadə edirdilər. 89-cu ildə Domisianın dövründə qadın qladiatorlarla cırtdan qladiatorlar arasında döyüş keçirilib.[27] Eramızın ikinci ilində Amazon və Axilla adlı iki qadın qladiatorun döyüşüşündə qalib müəyyən edilə bilməyib.[28] Qadın qladiatorlar kişi həmkarları ilə eyni tərzdə təlim və rəftar görürdülər. Ancaq 200-ci ildə qadınlardan qladiator döyüşlərində istifadə etmək qadağan edildi.[29][30][31][32]

Qladiator imperatorlar

[redaktə | mənbəni redaktə et]

Kaliqula, Tit, Adrian, Lusi ver, Karakalla, Geta və Didius Yulianus arenada döyüşlərdə iştirak etmişlər, lakin onlar üçün risk çox az idi.[33] Tarixçilər tərəfindən ruhi pozğunluqda ittiham edilən Klavdinin limanda tələyə salınmış bir balina ilə döyüşdüyü də rəvayət edilir.[34] Salnaməçilər bu tipli döyüşləri bir qayda olaraq dəstəkləyirdilər.[35]

Kommod bu oyunların fanatik iştirakçısı idi. Bu məsələdə düşmən olduğu Senat ona qarşı idi, amma əhalinin böyük əksəriyyəti çox güman ki, onu dəstəkləyirdi. O, Herakl kimi geyinirdi. O, bir gündə 100 şiri öldürdüyün demişdi, bu şirləri platformadan perimetr boyunca düzmüşdülər ki, o sərrast ox atma qabiliyyəti nümayiş etdirsin. Digər bir halda isə, o, xüsusi hazırlanmış cida ilə dəvəquşunun başını kəsmişdi və bu başı qana boyanmış qılıncla bərabər senator oturacaqlarına tərəf tullamışdı.[36]

Oyunların xülasəsi

[redaktə | mənbəni redaktə et]
Şirlə döyüşən iki qladiatorun mozaikası

İlk vaxtlarda döyüşlər ölmüş bir şəxsin qəbri üzərində və ya yaxınlığında keçirilirdi. Zaman keçdikcə oyunların formatı və keçirilmə məqsədi dəyişdi. Respublika dövründə adi bir vətəndaşda qladiator "lanista"dan (qladiator məktəbinin sahibi) satın ala və ya icarəyə götürə bilərdi.

Oyun keçirilməzdən əvvəl rəssamlar tərəfindən hazırlanmış bəzəkli elanlar şəhərin müxtəlif yerlərinə asılırdı. Elanlarda oyunun vaxtı, keçirildiyi yer, təşkil edənin adı, qladiatorların sayı və s. yazılır. Digər nəzərə çarpan xüsusiyyətləri musiqilər, gün işığından və yağmurdan qorunmaq üçün bəzəkli çadırlardan istifadə edilməsidir. Yemək, içki və şirniyyatlarda təqdim olunurdu. Tamaşaçılar üçün üzərində qladiatorların adları, növləri və hesabları yazılan lövhələrdəndə istifadə edilirdi. Oyunu daha da maraqlı etmək üçün solaxay qladiatorlar adətən sağ əlli qladiatorlarla döyüşdürülür. Döyüşdən bir gün öncə qladiatorlar üçün xüsusi banketlər keçirilir. Bu bir növ "son yemək" adlanır. Döyüşməzdən öncə qladiatorlar isinmək üçün təhlükəsiz silahlarla vuruşurlar.

Ölüm oyunun nəticəsi hesab edilirdi. Əksər qladiatorlar il ərzində üç və ya dörd döyüşdə iştirak edirdilər. Bəziləri elə ilk döyüşdə həlak olurdular, bəziləri isə 150-ə yaxın döyüşdə iştirak edə bilirdi.[37] Təkbətək döyüş 15, ən çox halda 20 dəqiqə çəkirdi.[38] Qalibə qələbə rəmzi olan palma budağı və müxtəlif mükafatlar verilirdi. Xüsusi fərqlənən döyüşcüyə dəfnə, pul, bəzi hallarda isə azadlıq verilirdi. Azadlıq almış qladiator bəzən elə qladiator qalmağı seçirdi. Ən məşhur qladiatorlardan olan Flamma yaşadığı 30 il ərzində 34 dəfə vuruşub, 21 dəfə qalib gəlib, 9 dəfə bərabərə bitirib, 4 dəfə isə məğlub olub.[39]

Məktəblər və təlim

[redaktə | mənbəni redaktə et]

İlk qladiator məktəbi (təkdə ludus, cəmdə ludi) Kapuada yerləşirdi.[40] Daha sonralar isə digər şəhərlərdə də açılmağa başladı. Perqamda, İsgəndəriyyədə, Palestrinada böyük məktəblər yerləşirdi.[41] Ən böyük dörd məktəb Romada yerləşirdi. Burada 2,000 qladiator var idi.[42]

Qladiatorlar növündən asılı olmayaraq eyni andı içirdilər.[43] Məktəblərdə ölümcül silahla təlimlərin keçirilməsi qadağan idi. Güman ki, küt və ya taxta silahlarla təlim keçirilirdi. Məktəblərdə müxtəlif növ döyüş texnikaları öyrədilirdi. Təlimlərə ölümdən qorxmamaq və ağrılara dözmək təlimləridə daxil idi.

Cinayətkarların könüllülərdən fərqli olaraq üzlərində və ya qollarında döymələr olurdu. Eramızın 325-ci ilində Konstantin üzə döymə döyməyi qadağan etdi. Döymələr sadəcə ələ döyülürdü.[44]

Sərt intizama baxmayaraq, qladiatorlara yaxşı baxılırdı. Onların tərkibində arpa qaynadılmış paxla, ulaf unu, kül (bədəni möhləmləndirdiyinə inanılırdı) və quru meyvə ilə zəngin yüksək energetik, vegetarian pəhrizi var idi.[45] Müasir atletlərlə müqasiyədə, ehtimal ki, onların yüksək çəkiləri olub, ancaq rəqiblərin zərbəsindən qorunmaq üçün idi. Müntəzəm masaj və yüksək keyfiyyətlu tibbi xidmət ağıt təlim rejimini bir az yumşaldırdı. Bəzi tədqiqatlar göstərir ki, onlar həm də çılpaq ayaqla vuruşmuşlar.[46][47]

Müntəzəm massaj və yüksək keyfiyyətli tibbi xidmət əks təqdirdə çox ciddi təlim rejiminə müsbət təsir edirdi. Antik tibb alimi Qalenin tibbi təlimi Perqamda qladiator məktəbində həyata keçirilirdi.[48]

Qladiator tiplərinin siyahısı

[redaktə | mənbəni redaktə et]

İlk qladiatorlardan bəziləri hərbi əsirlər idi (qallar, samnitlər, frakiyalılar) və öz milli silahları ilə vuruşurdular. Beıə qəbul edilmişdi ki, onlar döyüşə yalnız bir məktəbin daxililində girirdilər. Amma bəzən eyni tipli qladiatorlar ayrı-ayrı ayrı məktəblərin tərkibində çarpışırdılar. Döyüş zamanında musiqiçilər döyüşün tempinə uyğun gələn musiqiləri ifa edirdilər. Tipik musiqi alətləri uzun trompet (tuba), böyük əyri alət (lituus), valtornaya bənzər şişirdilmiş alət və su orqanı (organum) idi. Romalılar pantomima həvəskarı idilər və bu musiqiçilər musiqi adlarına uyğun paltarda (məsələn fleytada ifa edən ayı (Ursus tibicen) və buynuz aparan cücə (Pullus cornicen)) çıxış edirdilər.

Retiarii və murmillonun savaşı
Adı Azərbaycanca Detallar
Andabatae At döyüşçüləri Yunanca "ἀναβάται" (yüksəkdə yerləşən) sözündən törənmişdir. Zirehli paltarlara geyinirdilər və göz deşiyi olmayan şlem taxırdılar. Onlar turnirdə çarpışan orta əsr cəngavərləri kimi çarpışırdılar, yeganə istisna bir-birilərini görmək imkanının olmamamsı idi.
Bestiarii Heyvan döyüşçüləri Bu döyüşçülər cida və xəncərlə silahlanmışdılar. Onlar ilk əvvəl qladiator deyil, cinayətkarlar (noxii) idilər. Romada cinayətkarları vəhşi heyvanlarla savaşmağa yollayırdılar, bu döyüşlərə yollananın sağ qalmaq ehtimalı az idi. Sonrakı dövrdə isə bestiariilər yaxşı təlim keçilmiş qladiatorlara çevrildilər və müxtəlif vəhşi heyvanlarla arenada döyüşə çıxdılar. Döyüşlər elə təşkil edilmişdi ki, heyvanların qalib çıxmaq şansı az idi.
Bustuarii Dəfn döyüşçüləri Bu döyüşçülər vəfat etmiş şəxslərin şərəfinə təşkil edilmiş oyunlarda iştirak edirdilər.
Cestus Boksçular Bu döyüşçülər müasir boksçuların sələfi idi. Onlar dəri əlcək içinə salınmış yalın əllərlə savaşırdılar.
Dimachaerii İki xəncərli savaşçılar Yunan dilindəki "διμάχαιρος" (iki bıçaq daşıyan) sözündən yaranmışdır. Hər əlində biri olmaqla iki qılıncdan istifadə edirdilər.[49] Qalxan və dəbilqə olmadan savaçırdılar. Qısa paltar geyinirdilər.
Equites Atlı İlikin dpvrlərdə bu yüngül silahlanmış qladiatorlar zirehli paltar geyirdilər, orta ölçülü dairəvi qalxan (parma equestris) və dairəvi, hürgücsüz lakin iki lələklə bəzədilmiş dəbilqədən istihadə edirdilər. İmperiya dövründə isə, sağ əllərində çiyin zirehi (manica) qolsuz tunika və qurşaq daşıyırdılar (bu onları qurşağadək çılpaq çarpışan digər qladiatorlardan fərqləndiridi). Equiteslər döyüşə at belində çıxırdılar, lakin öz nizələrini (hasta) atdıqdan sonra atdan düçür və qısa gılınclarla (gladius) çarpışırdılar. Adətən onlar yalnız bir-biriləri ilə çarpışırdılar.[50]
Essedarii Cəng arabası döyüşçüsü Latın dilinə kelt dillərindən keçmiş Esseda sözündən törənmişdir. Ehtimal ki, Britaniyadan Romaya Yuli Sezar tərəfindən gətirilmişlər. Essedariilər I əsrdən etibarən xatırlanır. Onların döyüş üslübu və təsvirləri məlum deyil.[49]
Galli Qall Nizə, dəbilqə və kiçik qall qalxanı ilə silahlanırdılar.
Hoplomachi Qalxan savaşçıları Yunan sözü ("οπλομάχος" — silahlanmış)-dan törənmişdir. Onlar şalvara bənzəyən, ehtimal ki, parusindən düzəldilmiş paltar, qurşaq, sağ əldə zireh (manica), enli kənarları olan və qrifona bənzər hürgücüolan dəbilqə geyirdilər. qılınc (gladius) və legioner qalxanı ilə silahlanırdılar. Hoplomaxlar murmillion və ya frakiyalılarla savaşırdılar. Ehtimal ki, onlar daha əvvəlki samnitlərdən törənmişlər, çünki romalılara dost xalqın adını belə işlətmək siyasi səhv olardı.[51]
Laquearii Lasso döyüşçüləri Bu döyüşçülər retiariilərin bir növü ola bilər, onlar rəqiblərini tor əvəzinə kəndirlə yaxalamağa cəhd edirdilər.[49]
Myrmillonis "Balıqçı" Adları dəbilqələrində olan balığa bəmzər hürgücdən (latınca "murmillos" — balıq)törənmişdir, zireh (manica), qurşaq, sağ ayaqlarında süpər, topuqlarını örtən örtük, və topuqdan yuxarıda zirehlə, həmçinin, 40-50 sm-lik qılınc (gladius) və orta ölçülü oval qalxanla silahlanırdılar. Onlar frakiyalılar, retiarilər, bəzən də hoplomaxlarla vuruşurdular.[52]
Paegniarii Qamçı, dəyənək və sol ələ qayışlarla bərkidilmiş qalxandan istrifadə edirdilər.
Praegenarii Bu döyüşçülər kütləni qızışdırmaq məqsədi daşıyırdılar. Onlar taxta qılıncla (rudis) komik musiqi sədaları altında savaşırdılar.[53]
Provocatores Təqdim edənlər Onların zirehi döyüşlərə görə fərqlənirdi. Onlar ağır zirehlə (cardiophylax) mühafizə olunmuş yeganə qladiatorlar idi. Bu zireh əvvəlcə dördbucaqlı, sonra isə dairəvi idi. Yalnız digər provokatorlarla savaşırdılar. .[54]
Retiarii Tor döyüşçüləri İmperiyanın ilk dövründə ortaya çıxmışlar. Onlar üçdişli nizə, tor və xəncərlə silahlanırdılar. Qurşaq və sol çiyin üzərindəki zirehdən əlavə heç bir platarları, o cümlədən dəbilqələri yox idi. Bəzən boyun və üzün aşağı hissəsini qorumaq üçün kiçik qalxancıqdan (galerus) istifadə edirdilər. Bəzi retiariilər arenada qadın rolu oynayırdılar ("retiarius tunicatus"), onların digərlərindən fərqi tunika geymələrində idi.[55] Əsasən sekutorlarla, bəzn isə murmillonlarla savaşırdılar.[56]
Rudiarii Azad qladiatorlar Bu qladiatorlar azad olmuşdular( buhalda onlara taxta qılınc, rudis verilirdi). Kütlə tərəfindən sevilirdilər.
Sagittarii Atlı oxçular Bunlar uzaq məsafəyə sərrast ox atışı edirdilər.
Samnites Samnitlər Samnitlər ən qədim döyüşçülərdən idi və imperiyanın ilk illərində yox oldular, onların adı qladiator döyüşlərinin yaranmasına aydınlıq gətirir. Tarixən samnitlər Romadan cənuba doğru, Kampaniya bölgəsində yaşayan qüdrətli İtaliya tayfa ittifaqı idiş Romalılar onlarla, 326-cı ildən 291-ci ilədək müharibə aprmışdılar. Samnitlərin böyük qalxanı (scutum), lələklərlə bəzədilmiş dəbilqə və ehtimal ki, sol ayaqda süpərləri var idi.[57]
Scissores Kəsənlər Adları (scissor, "kəsən") sözündən götürülmüşdür. Qısa qılınc (gladius) və qalxan əvəzinə kəsici ikiağızlı silahla silahlanan döyüşçülər rəqiblərinə zərbələr endirir və onların çoxlu qan itirməsinə səbəb olurdular. Onlar sekutorlara bənzəyirdilər.
Secutores Pursuers Bu tip döyüşçülər xüsusi olaraq retiariilərlə savaşırdılar. Onlar murmillonların bir qolu idi və onlarla eyni silah və qılıncla silahlanmışdılar. Dəbilqələri tamamilə dairəvi idi, orada yalnız göz üçün iki deşik var idi, bunun da məqsədi retiariilərin torunun onları yaxalamasından yayınmaq idi.[58]
Tertiarii /
Suppositicii
Ehtiyatdakılar və ya əvəzləyənlər Bəzi döyüşlərdə üç qladiator iştirak edirdi, onların ikisi bir-birilə çarpışır, qazanan sonra isə ehtiyatda qalan qladiatorla savaşırdı ki, bunlara da Tertiarius deyirdilər. Həmçinin, hansısa qladiator döyüşə çıxa bilməyəndə bunlar onu əvəzləyirdilər.
Thraeces Frakiyalılar Frakiyalılar hoplomaxlar kimi silahlannmışdılar. Onların bütün başı örtən və üzərində qrifona bənzər hürgücü olan (qrifon qisas tanrısı Nemezidanın rəmzi idi)böyük dəbilqəsi, kiçik dairəvi yaxud yastı qalxan (parmula) və təxminən 34 sm-lik əyri frakiya qılıncı (sicca ilə silıahlanmışdılar. Onlar adətən hoplomaxlar və ya murmillonlarla çarpışırdılar.[59]
Velites Atıcılar 3 cida, kiçik qalxan və xəncərlə savaşan döyüşçülər. İlk respubloka dövrünün döyüş birliklərinin şərəfinə adlandırılıb.
Venatores Ovçular Xüsusi olaraq heyvanlarla çarpışırdılar, lakin bestiariilər kimi yaxın məsafədə döyüşmürdülər. Həmçinin heyvanlarla trüklər təşkil edirdilər. Əllərini şirlərin ağzına soxur, dəvənin üstünə minir və şirləri də zəncirdə saxlayırdılar. (Seneca Ep. 85.41) Onlar sözün əsl mənasında qladiator deyildilər,m lkain çıxışları qladiator döyüşlərinin ayrılmaz tərkib hissəsi idi.
Noxii Cinayətkarlar Bunlar məhkum edilmiş cinayətkarlar idi və bir-birilərilə savaşırdılar. Bəzən onların birinə silah verir və gözlərini bağlayır, digərinə isə silah vermir, amma gözlərini açıq qoyurdular. İzləyicilər bu vəziyyətdə qışqıraqlarla onlara düz istiqamətə getməkdə kömək edirdilər.

Qladiatorların silahları

[redaktə | mənbəni redaktə et]

Qladiatorlar döyüş zamanı müxtəlif növ silahlardan istifadə edirdilər. Oyunlarda yalnız Roma silahlarından istifadə edilmirdi, eyni zamanda işğal edilmiş ölkələrdən gətirilmiş silahlardanda istifadə edilirdi. Qəribə olsa da romalılar döyüş zamanı ədalətə xüsusi önəm verirdilər. Buna görə də bir birinə rəqib olan qladiatorların sayı bərabər olurdu. Qladiatorun biri ağır silahdan istifadə etdiyi zaman, rəqibi yüngül silahdan istifadə etməli idi. Ancaq yüngül silahdan istifadə edən qladiator ağır zirehlərdən istifadə edirdi. Bu səbəblə silah, zireh və qalxandan asılı olaraq qladiatorların 30 növü var idi. Qladiatorun necə zirehlənməsi onun silahından asılı idi.

Qladiatorların istifadə etdikləri silahlar:

  • Qılınc: 65 sm uzunluğunda olan qladius (Gladiator sözü buradan törəmişdir) qladiatorların ən məşhur silahı idi. Ancaq dəryaza bənzər "Sika" və bir tərəfi haşiyələnmiş "Asinases" adlı qılınclardan da istifadə edilirdi.
  • Nizə: Qladiatorlar nizələrdən itələmək və ya atmaq üçün istifadə edirdilər. Yüngül, ağır, uzun, qısa, atlı qladiator tərəfindən və ya sadəcə piyadalar tərəfindən istifadə edilən növləri var.
  • Ox: Qladiatorlar tərəfindən istifadə edilən çox sayda ox növləri var. Bəziləri sadəcə yayla atılır. Bəziləri isə qısa olur və qalxanın arxasında gizlədilir.
  • Xəncəl: Ehtiyat silah kimi istifadə edilir. Ancaq yaxın məsafələrdə yararlıdır.
  • Qalxan: Qalxanın əsas vəzifəsi özünü müdafiə olsa da bəzən rəqibi vurmaq üçün istifadə edilir. Dəyirmi formalı "parma" və uzunsov "skutum" adlı qalxanlar ən məşhurlarıdır.
  • Tor: "İakulum" adlanan bu silah yalnız bir qladiator növü ("Retarius") tərəfindən istifadə edilirdi
  • Zireh: Qladiatorların yalnız 26 növü zirehdən istifadə edir. Zirehlərin bəziləri ağır, bəziləri isə yüngül olur. Əsasən zəif qladiatorlar zirehlərdən istifadə edir.
border=none Əsas məqalə: Amfiteatr
Amfiteatrın daxili görünüşü

Amfiteatr Roma sivilizasiyası dövründə qladiator və vəhşi heyvan oyunları üçün istifadə edilən, dairə və ya ellips formalı, yüksələn tribunalardan ibarət bir tikilidir. Amfiteatrların qanlı döyüşlərin sərgiləndiyi sahəsi arena adlanır. Burada vəhşi heyvanlar bir-birlərini parçalar, insanlar bir-birlərilə və ya vəhşi heyvanlarla var gücü ilə döyüşərdilər. Arena eyni zamanda suyla doldurularaq müxtəlif tamaşalarda göstərilirdi. "Amfi" sözünün mənası "ətrafinda", "iki tərəfdən", "cüt" deməkdir. Teatr yarım dairə bir quruluşda olduğu halda, amfiteatr-"cüt teatr" dairəvi və ya ellips şəklindədir. Dünyada ən tanınmış nümunəsi Kolizeydir.

Latın sözü olan arena qumluq deməkdir. Çünki qum axan qanları asanlıqla özünə çəkirdi, qan üzdə qalmırdı. Tribunaların altında qaranlıq otaqlar, qladiatorlar üçün zindanlar, vəhşi heyvanlar üçün qəfəslər olurdu.

İlk amfiteatr taxtadan hazırlanmışdı. Məlum olan ən qədim daş amfiteatr E.Ə. 80-ci illərdə Pompey tərəfindən tikdirilmişdir. Kolizey adlandırılan bu amfiteatrın 80 min tamaşaçı tutumu var. Qladiator döyüşləri Respublika və İmperiya dövründə amfiteatrlarda keçirilirdi.

İlk vaxtlarda oyunlar görünüşü məhdudlaşdıran yerlərdə keçirilirdi. Daha sonra oyunlar Forumlarda keçirilməyə başlandı. Tamaşaçılar üçün isə oturacaqlar düzəldildi. Zaman keçdikcə oyunlar üçün bilətlər təyin edildi ki, buda səhnə və tamaşaçılar üçün yerlərin düzəldilməsini vacib etdi. Budan sonra amfiteatrlar tikilməyə başlandı. Bu səhnəyə bənzəyən arenası, bir-birlərini öldürən aktyorları olan bir növ teatr idi. Stentlərdən tamaşaçılar rahat şəkildə öz narazılıqlarını və ya razılıqlarını ifadə edə bilirdilər. Söz azadlığının olduğu tək yer amfiteatrlar idi.

Qladiatorların ölümü

[redaktə | mənbəni redaktə et]
Qladiator döyüşçüsünün masqası
Qladiator döyüşçüsünün masqası

Ölüm buludu daim qladiatorların başı üzərində idi. Mərhəmət üçün yalvarmayan və ya ağlamayan qladiator öldüyü zaman onun ölüsünə hörmət edilirdi və bu yaxşı ölmək sayılırdı.[60] Bunlara şahid olmuş bir şəxs belə deyir:

"Ölüm yaxın olduğu zaman təcrübəsizlərin qaçmağa yeri olmadığından özlərində cəsarət tapıb döyüşməyə məcbur qalırdılar. Fərqi yoxdur qladiator nə qədər qorxur, o döyüşün içindədir. "(Seneca. Epistles, 30.8)

Bəzi mozaikalarda diz çöküb, ölüm anını gözləyən qladiatorlar təsvir edilmişdir.[61] "Yaxşı ölmüş" qladiatorun cəsədi ölüm ilahəsi Libitanın taxtı üzərinə qoyulur.

İlahiyyatçı Tertullian oyunun pik nöqtəsində olduğu zaman cəsədlərin bir sıra üsullarlada təhqir olunduğunu qeyd edir. "Yeraltı dünya Allahı" kimi geyinmiş arena rəsmisi çəkiclə cəsədi vurur. "Merkuri" kimi geyinmiş başqa bir rəsmi isə qızmar çubuqla onun ölüb ölmədiyini yoxlayır.[62] Bəzən arena morqunda qladiatorun zirehləri soyundurulur və ölümü dəqiqləşdirmək üçün onun boğazı kəsilir. Qladiator məzarlıqlarında kəllə sümüyü çəkiclə zədələnmiş şəxslərin qalıntıları tapılmışdır.[63] Bəzi muasir tarixçilərə görə isə tez ölmüş qladiatorlara heç bir hörmət edilmir, onların cəsədləri arenadan sürünərək çıxardılır.[64] Bəzi qladiatorlar 10 ardıcıl döyüşdə, 30 il ərzində sağ qala bilir. Tarixçilər qladiatorların orta yaş həddinin 27 olduğunu hesablanmışdır. Məğlub olmuş qladiatorun sağ qalma ehtimalı 1/5 idi.[65]

Xristianlıq dövründə yas mərasimlərinin bahalı olması ucbatından ölmüş qladiatorlar ya çaya atılırdı, ya da məlum olmayan yerlərdə basdırılırdılar.[66] Azad insanlar isə şəhərin arxa hissələrində dəfn edilirdilər

İncəsənətdə qladiatorlar

[redaktə | mənbəni redaktə et]
Borgeze qaleriyasında olan Qladiator Mozaikası

Qladiatorların təsvirləri İmperiyanın hər yerində tapmaq olar. II əsrə aid Aqora qladiator rəsmləri ilə bəzədilmişdir. Eramızın ikinci əsrindən dördüncü əsrinədək olan mozaikaların əksəriyyəti qladiator döyüşlərini, növlərini və qaydalarını əks etdirir.[67][68] Roma ərazisində olan keramikalar, lampalar, qiymətli daşlar və сəvahirat, mozaikalar, divar şəkilləri, heykəllər, geyimlər, adlar əksər şəkildə qladiatorları əks etdirir. Borgeze qalereyasında olan Qladiator Mozaikası bir neçə qladiator növünü əks etdirir. Eyni zamanda, stəkanlarda, gümüş üzərində və ya oyuncaq şəklində qladiator təsvirləri də aşkar edilmişdir. Qladiator döyüşləri zamanı çox sayda rəsmlər çəkilirdi. Əsrlər boyu bu şəkillər böyük marağa səbəb olmuş və bir çox sərgilərdə sərgilənmişdir.

Eramızın III əsrində Roma ciddi hərbi münaqişələrlə qarşılaşdı. İnflyasiya səbəbindən xəzinə ciddi şəkildə azalmışdı.[69] Xalqın əyləncəsi üçün keçirilən oyunlar çox bahalı olduğundan artıq oyunlara az pul xərclənirdi.[70] Üçüncü əsrdən etibarən xristian miqrantların sayı getdikcə artdı. Xristianlar oyunu barbarlıq hesab edirdi və oyunları ləğv etməyə cəhd etdilər. Xristianların artması oyunla maraqlananların və maliyyəçilərinin sayını azaltdı. Yeni din tək qladiator oyunlarını deyil, ümumiyyətlə Roma mədəniyyətinə ciddi təsir edib. Eramızın 325-ci ilində Konstantin oyunları qadağan etdi.[71][72]

399-cu ildə isə bütün qladiator məktəbləri bağlandı.[73] Bütün bunlara baxmayaraq 404-cü ilə qədər qladiator oyunları gizli şəkildə keçirilirdi. Xristian müqəddəsi Telemaxın sərxoş kütlə tərəfindən öldürüldülməsindən sonra İmperator Honorun təşəbbüsü ilə oyunlar tam şəkildə yığışdırıldı.[74]

  1. 1 2 Elliot, J. Gladiadores: La muerte como espectáculo. Historia y Vida.Nº452, str. 64-73
  2. Welch, 2007. səh. 16–17
  3. Futrell, 2006. səh. 4–7
  4. Futrell, 2006. səh. 14–15.
  5. Welch, 2007. səh. 11
  6. Welch, 2007. səh. 18; Futrell, 2006. səh. 3–5
  7. Futrell, 2006. səh. 4; Potter, Mattingly, 1999. səh. 226.
  8. Potter, Mattingly. səh. 226
  9. Kyle, 1998. səh. 80–81
  10. Welch, 2007. səh. 21. Welch is citing Livy, 23.30.15. The Aemilii Lepidii were one of the most important families in Rome at the time, and probably owned a gladiator school (ludus).
  11. Futrell, 2006. səh. 30.
  12. Livy, 39.46.2.
  13. Weidemann, 1992. səh. 6–7
  14. Lintott, 2004. səh. 183.
  15. Mouritsen, 2001. səh. 97; Coleman, 1990. səh. 50.
  16. Kyle, 2007. səh. 287; Mouritsen, 2001. səh. 32, 109–111. Approximately 12% of Rome's adult male population could actually vote.
  17. Mouritsen, 2001. səh. 97. For more details see Plutarch's Julius Caesar, 5.4.
  18. Kyle, 2007. səh. 285–287. See also Pliny's Historia Naturalis, 33.16.53.
  19. Kyle, 2007. səh. 280, 287.
  20. Welch, 2007. səh. 21. Antiochus IV Epiphanes of Greece was keen to upstage his Roman allies, but to save costs, all his gladiators were local volunteers.
  21. Richlin, 1992, Shelby Brown, "Death as Decoration: Scenes of the Arena on Roman Domestic Mosaics", p. 184
  22. Prices in denarii cited in "Venationes," Encyclopaedia Romana Arxivləşdirilib 2023-03-24 at the Wayback Machine.
  23. US $ equivalents are very approximate, linked to US$ value in 2000 CE. Roman prices of wheat, wine and meat imply the as (211 BCE-301 CE) and nummus (301 CE – 475 CE) as equivalent to the US dollar in purchasing power, and by conversion, the denarius at around $10 in 200 BCE, $20 at the height of the munera, and $25 in 300 CE (Source Arxivləşdirilib 2013-02-10 at the Wayback Machine).
  24. Richlin, 1992, Shelby Brown, "Death as Decoration: Scenes of the Arena on Roman Domestic Mosaics", p. 181. Brown is citing Dio Cassius, 68.15.
  25. Futrell, 2006. səh. 48.
  26. Wiedemann, 1992. səh. 112; Jacobelli, 2003. səh. 17, citing Cassius Dio, 62.3.1.
  27. Jacobelli, 2003. səh. 18, citing Dio Cassius 67.8.4, Suetonius's Domitianus 4.2, and Statius's Silvae 1.8.51-1.8.56.
  28. Jacobelli, 2003. səh. 18; Potter, 2010. səh. 408.
  29. "Тацит. Анали 15.32.3". 2008-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-30.
  30. "-{Steven Murray.Female Gladiators of the Ancient Roman World.Journal of Combative Sport,}- iyul 2003. Yoxlanıb на:11 iyul 2007". 2022-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-30.
  31. Jacobelli, 2003. səh. 18, citing Dio Cassius 75.16.
  32. Potter, 2010. səh. 407, citing Dio Cassius 75.16.1.
  33. Barton, 1993. səh. 66.
  34. Fox, 2006. səh. 576
  35. Futrell, 2006. səh. 158.
  36. Gibbon, Womersley, 2000. səh. 118.
  37. Futrell, 2006. səh. 145.
  38. Potter, Mattingly, 1999. səh. 313
  39. Kyle, 2007. səh. 112. Kyle is citing Robert.
  40. Kyle, 2007. səh. 238.
  41. Kyle, 2007. səh. 285–287, 312
  42. Donald G. Kyle. Qədim Romada ölüm tamaşalıarı. London. 1998. ISBN 0-415-09678-2. http://books.google.com/books?id=x4vekGBc_McC. Arxivləşdirilib 2022-05-13 at the Wayback Machine
  43. Futrell, 2006. səh. 103
  44. Jones, 1987. səh. 139–155. Facial stigmata represented extreme social degradation.
  45. Not Such a Wonderful Life: A Look at History in Gladiator Arxivləşdirilib 2008-06-27 at the Wayback Machine IGN movies February 10, 2000
  46. Follain, John. "The dying game: How did the gladiators really live?". Times Online. 15 December 2002. 29 April 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 March 2009.
  47. Roman gladiators were fat vegetarians Arxivləşdirilib 2022-08-08 at the Wayback Machine ABC Science Aprel 5, 2004
  48. Futrell, 2006. səh. 141–142; Carter, 2004. səh. 41–68.
  49. 1 2 3 Marcus Junkelmann, 'Familia Gladiatoria: "The Heroes of the Amphitheatre"' in The Power of Spectacle in Ancient Rome: Gladiators and Caesars, ed. by Eckart Köhne and Cornelia Ewigleben (Berkeley and Los Angeles, 2000), стр. 63
  50. Junkelmann 2000, pp. 37 and 47-48
  51. Junkelmann 2000, pp. 52-53
  52. Junkelmann 2000, pp. 48-51
  53. Roman Gladiator Types Arxivləşdirilib 2018-05-02 at the Wayback Machine UNRV History Roman Empire
  54. Junkelmann 2000, pp. 37 and 57-59
  55. The Retiarius Tunicatus of Suetonius, Juvenal, and Petronius" (1989) by Steven M. Cerutti and L. Richardson, Jr. The American Journal of Philology, 110, P589-594
  56. Junkelmann 2000, pp. 59-61
  57. Junkelmann 2000, p. 37
  58. Junkelmann 2000, pp. 40-41 and 61-63
  59. Junkelmann 2000, pp. 51-57
  60. .Futrell, 2006. səh. 140
  61. Edwards, 2007. səh. 66–67.
  62. By Tertullian's time, Mercury's identification with Hermes psychopompos (who led souls to the underworld) was well established. Tertullian describes these events as examples of hollow impiety; Rome's false deities are acceptably impersonated by low and murderous persons for the purposes of human sacrifice and evil entertainment. See Kyle, 1998. səh. 155–168.
  63. Grossschmidt, Kanz, 2006. səh. 207–216.
  64. Kyle, 1998. səh. 155–168
  65. Futrell, 2006. səh. 144
  66. Kyle, 1998. səh. 14 (including note #74).
  67. Richlin, Amy (1992). "Yaraşıq kimi ölüm:Roma mozaiklərində arena səhnələri (Shelby Brown, səh. 180-211)". Qədim Yunanıstan və Romada Pornoqrafiya. Nyu York: Oksford Universiteti Nəşriyyatı. ISBN 0-19-506723-1. http://books.google.com/books?id=3nRm7DfaJvwC Arxivləşdirilib 2022-04-26 at the Wayback Machine.
  68. Welch, 2007. səh. 2
  69. Mattern, 2002. səh. 130–131.
  70. Auguet, 1994. səh. 30, 32.
  71. Carter, 2004. səh. 43.
  72. Constantine, 9.18.1 and 15.12.1 (həmçinin bax Edwards, 2007. səh. 215).
  73. Codex Theodosianus, 2.8.19 and 2.8.22.
  74. Telemax şəxsən qladiator döyüşlərinə qarşı çıxırdı. Bax Feodorit Historia Ecclesiastica, 5.26.