Qranada qətliamı

Qranada qətliamı — 1066-cı ildə Qranada şəhərində yaşayan yerli yəhudiəsilli əhaliyə qarşı törədilmiş qətliam. Hadisə 1066-cı ilin 30 dekabr tarixində (İbrani təqvimlə: 9 Tevet, 4837-ci il) baş vermişdir. Hadisələr İslam hakimiyyətinə tabe olan Əndəlus bölgəsinin Qranada şəhərindəki dövlət sarayında yəhudi əsilli vəzir Yozef ibn Nagrela qarşı sui-qəsd ilə öldürülməsindən sonra şiddətlənmişdir. Yəhudi əsilli vəzirə qarşı törədilmiş hadisədən sonra şəhərdə yaşayan bir çox yəhudi öldürülmüş və yəhudilərə məxsus mülklərə ziyan vurulmuşdur.[1][2]

Yozef ibn Nagrela və ya tarixi mənbələrdə xatırlandığı kimi Yozef ha-Nagid (ivr.רבי יהוסף בן שמואל הלוי הנגיד‏‎ ; ərəb. ابو حسين بن النغريلة‎) Berber hökümdarı Bədis əl-Müzəffərin sarayında vəzir kimi çalışırdı və eyni zamanda Qranada şəhərindəki yəhudi icmasının rəhbəri kimi də tanınmaqda idi. Rabbi Samuel adlı yəhudinin ailəsində dünyaya gələn Yozef ilk təhsili atasından almışdır. Atasının vasitəsilə ivrit dilində yazılmış şeirlərlə tanış olmuş və ivrit ədəbiyyatı ilə daha yaxından maraqlanmağa başlamışdır. Qeydlərinə əsasən 1045-ci ildə atası ilə birlikdə hərbi səfərlərə çıxmışdır. Sarayda fəaliyyət göstərmiş atasının ölümündən sonra onun vəzifəsinə keçmişdir.

1066-cı ilin 30 dekabr tarixində şəhərin müsəlman əhalisinə mənsub bir qrup, kral sarayına hücum edərək Yozefi çarmıxa çəkmişdir. Yəhudi əsilli vəzərin öldürülməsindən sonra şəhərdə yəhudilərə qarşı poqromlar başlamışdır. 1906-cı ildə nəşr olunan Yəhudi Ensiklopediyasına əsasən həmin hadisələr nəticəsində 4.000 çox yəhudi öldürülmüşdür. Öldürülən və ya zərər görən yəhudi ailələrin sayı isə 1.500 dən çox idi.[3] Yozef ibn Nagrelanın arvadı və gənc oğlu Azarya ilə birlikdə Lukena şəhərinə qaçaraq buradakı yəhudi icmasına sığınmışdır. Azarya bir müddət sonra vəfat etmişdir. Tarixçilər Qranada şəhərində yəhudilərə qarşı baş vermiş qətliamın əsas səbəbi kimi yəhudi əsilli dövlət xadimlərinin yerli müsəlman əhali üzərində yaratmış olduğu əzici və bürokratik üstünlüyü göstərirlər. Dönəmin müsəlman şairləri tərəfindən antisemitizm ruhunda yazılmış bəzi şeirlərdə yəhudilərə qarşı olan münasibəti ifadə etməkdədir və bu şeirlərində yerli əhaliyə təkan verdiyi ehtimal olunur.

Əbu İshaq adlı şairin yəhudilərə bağlı yazmış olduğu şeirində deyilir:

" Onları öldürməyi dinə zidd kimi qəbul etməyin, onlarla bir yerdə davam etmək dinə ziddir.
Aramızda olan razılaşmanı pozdular, onlara qarşı necə günahkar ola bilərik ?
Bizlər qeyri-müəyyən olduğumuz halda, onlar seçilmişlərdir
İndi isə onların yanında başımız aşağıdır, sanki biz səhv onlar isə doğru tərəfdir.
"
  1. Lucien Gubbay. Sunlight and Shadow: The Jewish Experience of Islam. New York: Other Press. 1999. 80. ISBN 1-892746-69-7.
  2. Norman Roth. Jews, Visigoths, and Muslims in Medieval Spain: Cooperation and Conflict. Netherlands: E. J. Brill. 1994. 110. ISBN 90-04-09971-9.
  3. Granada Arxivləşdirilib 2010-12-24 at the Wayback Machine by Richard Gottheil, Meyer Kayserling, Jewish Encyclopedia. 1906 ed.