Qreyp-kun | |
---|---|
Məlumatlar | |
Növü | Spheniscus humboldti |
Cinsiyyəti | erkək |
Doğum tarixi | 16 aprel 1996 |
Yumurtadan çıxma | Hamura zooparkı, Hamura, Tokio, Yaponiya |
Ölüm tarixi | 12 oktyabr 2017[1] |
Ölüm yeri | Tobu zooparkı, Miyaşiro, Saytama, Yaponiya |
Tanınır | anime maketinə bağlılığı |
Qreyp (16 aprel 1996 – 12 oktyabr 2017) və ya tanınan adı ilə Qreyp-kun (グレープ君, Qurepu-kun?) – Yaponiyanın Saytama prefekturasının Miyaşiro qəsəbəsində yerləşən Tobu zooparkında saxlanılmış Humboldt pinqvini. 2017-ci ildə buraxılmış "Kemono Friends" animesinin antropomorfik Humboldt pinqvini personajı Hululunun maketinə olan bağlılığı səbəbilə məşhur olmuş, beynəlxalq şöhrət və onlayn fanat bazası əldə etmişdir. Qreyp-kun 2017-ci ilin oktyabrında xəstəlik səbəbilə ölmüşdür.
Qreyp 1996-cı ildə Tokioda yerləşən Hamura zooparkında yumurtadan çıxmışdır.[2] İdentifikasiya məqsədilə qanadına yerləşdirilmiş bənövşəyi halqa səbəbilə "üzüm" mənasına gələn sözlə adlandırılmışdır. "-kun" suffiksi yapon dilində oğlanlar üçün istifadə olunan hörmət şəkilçisidir və erkək ev heyvanları üçün də istifadə olunur. 2006-cı ilin martında yoldaşı Midori ilə birlikdə Saytama prefekturasının Miyaşiro qəsəbəsində yerləşən Tobu zooparkına transfer olunmuşdur.[3][4]
Midori və Qreyp-kunun birlikdə balası olsa da, zoopark rəhbərliyi balanı valideynlərdən ayırmışdır. Bu hadisənin Qreyp-kun ilə Midori arasındakı əlaqəyə təsir etdiyi güman olunur. On il birlikdə olduqdan sonra Midori Qreyp-kunu daha gənc pinqvin üçün tərk etmişdir. Bu hadisədən sonra Qreyp-kun sərgiləndiyi məkandakı digər bütün pinqvinlər tərəfindən rədd edilmiş və vaxtının çoxunu koloniyadan təcrid olunmuş vəziyyətdə keçirməyə başlamışdır.[3][5][6]
2017-ci ilin aprelində Tobu zooparkının rəhbərliyi ziyarətçi cəlb etmək üçün "Kemono Friends" anime serialındakı personajlara aid 60 maketi zooparkda yerləşdirmişdir.[7] Bu, həm də heyvanlar haqqında daha çox məlumat vermək üçün nəzərdə tutulmuş kampaniyanın bir parçası idi. Qreyp-kunun saxlanıldığı məkanda yerləşdirilmiş maket antropomorfik Humboldt pinqvini olan Hululuya aid idi.[8]
Qreyp-kun saatlarla maketə baxmağa başlamış, hətta maketin yerləşdirildiyi hündür qayaya dırmaşmağa çalışmışdır.[7] Zoopark işçiləri yaxınlıqdakı hovuza düşməsinin qarşısını almaq üçün onu maketdən ayırmışdırlar.[7][8] KİV əməkdaşları Qreyp-kunun Hululuya "aşiq olduğunu" elan etmişdirlər.[4][7][8][9] Tezliklə zoopark Qreyp-kunun sevgisi ilə münasibətini əks etdirən "Qreypi sevmək" adlı içki yaratmışdır.[4]
Qreyp-kunun maketə olan bağlılığını ona şöhrət və internetdə qlobal fanat bazası qazandırmışdır.[4][7][8] Hululunun seyyusu İkuko Çikuta pinqvinlər haqqında maarifləndirici tədbir çərçivəsində Qreyp-kunu ziyarət etmişdir.[8] Qreyp-kuna həsr olunmuş festivalın keçirilməsi planlaşdırılmış, lakin oktyabrda onun sağlamlığı pisləşməyə başlamışdır. O, bir pinqvin üçün xeyli qoca idi. Zoopark rəhbərliyi 12 oktyabrda Qreyp-kunun öldüyünü açıqlamışdır.[9] Zoopark işçiləri onun şərəfinə kiçik məbəd yaratmış, bir neçə qonaq onun saxlanıldığı yerə güllər qoymuşdur.[1][9] Sosial media istifadəçiləri onun ölümünü #grapekun heşteqi ilə yad etmiş, Qreyp-kun və Hululunu birlikdə təsvir edən illüstrasiyalar hazırlamışdırlar.[1] 2018-ci ilin yanvarında zoopark rəhbərliyi pinqvinlərin saxlanıldığı yerdə Hululu və Qreyp-kunu yan-yana təsvir edən yeni maket yerləşdirmişdir.[10]