Qurdoğlu Müslihəddin Rəis | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1487 |
Vəfat tarixi | 1535 |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Rütbəsi | Admiral |
Qurdoğlu Müslihəddin Rəis (türk. Kurtoğlu Muslihiddin Reis; lat. Curtogoli) — Osmanlı imperiyasının admiralı, eləcə də Rodosun sancaqbəyi. O, Osmanlı dəniz qüvvələrinə komandanlıq etmiş, bu dövrdə Osmanlının Misiri (1517) və Rodosu (1522) fəthlərində mühüm rol oynamışdır. Qurdoğlu Müslihəddin Rəis həmçinin, Süveyşdə yerləşən Osmanlı Hind Okeanı Donanmasının yaradılmasına kömək etmişdir. Donanmaya daha sonra oğlu Qurdoğlu Xızır Rəis komandirlik etmişdir.
Qurdoğlu adı türkcə "canavarın oğlu" mənasını verir. Atasından götürdüyü bu epitet Müslihəddinin atası, Anadoludan olan türk dənizçisi Qurd Əhməd Rəisin adından götürülmüşdür. Qurt Əhməd Rəis Fateh Sultan Mehmedin donanmasında xidmət etmiş dənizçilərdən biri kimi tanınır. O, bir müddət dənizdə xidmət etsə də, yaşlandıqca yerini böyük oğlu Müslihəddinə buraxmışdır.[1]
Bəkir Böyükarkının 1966-cı ildə nəşr olunan və Müslihəddin Rəisin həyatını izah edən "Suların kölgəsində" adlı kitabında onun nişanlısının da olduğu gəminin Rodos cəngavərləri tərəfindən batırılmasından sonra qardaşları ilə birlikdə dəniz quldurluğu ilə məşğul olmağa başladığı bildirilmişdir. Egey dənizi və Şimali Afrikada fəaliyyət göstərmiş Müslihəddin Rəis 1496-cı ilin sentyabrında Kamal Rəisin donanmasına qoşulmuş, Rodos cəngavərlərini döyüşdə məğlub etmişdilər. Daha sonra qardaşları ilə birlikdə dəniz quldurluğu fəaliyyətinə davam etmiş, 1505-ci ildə Kamal Rəisin heyətinə qoşulmuşdur. O, bu dövrdə müsəlmanların İspaniyadan köçməsinə köməklik etmiş və ispanlara qarşı dəniz qoldurluğu ilə məşğul olmuşdur. Sonrakı illərdə Rodosa hücum etməyə çalışmış, lakin uğursuz olmuş və döyüşdə iki qardaşı həlak olmuşdur. 1511-ci ildə Kamal Rəislə birlikdə Rodosa növbəti hücum təşkil etmək istəyirdi, lakin gəmisi fırtınada batan Kamal Rəis vəfat etmişdir. Bundan sonra Oruc Rəis və Barbaros Xeyrəddin Paşa ilə görüşlər keçirmiş, Osmanlı hakimiyyəti ilə əlaqə yaratmağa çalışmışdır. Bizertada olduğu müddətdə Fransa Hərbi Dəniz Qüvvələri tərəfindən mühasirəyə alınsa da, sağ qalmağa nail olmuşdur. Daha sonra 1516-cı ilin sentyabrında Romaya hücum təşkil etdi, lakin uğursuz olmuşdur.[2] Qurdoğlunun təşkil etdiyi ekspedisiyada Liquriya, Toskana, Latsio və Puqliya vilayətlərini mərkəzi qarət edilmiş, çoxlu gəmilər ələ keçirilmişdir.[3]
Avropa mənbələrinə görə, 1508-ci ildə o, quldurluqdan əldə etdiyi qənimətlərin bir hissəsini Həfsi hökmdarına vermək şərti ilə Həfsilərin hakimiyyəti altında olan Bizertada məskunlaşmağa və limanından istifadə etməyə başlamışdır. Elə həmin il Diano-Marina liman şəhərinə basqın etmişdir. 1509-cu ilin fevralında Rodosa hücum etmiş və uğursuz olmuşdur. 1510-cu ilin mayında Rodos cəngavərlərinə aid gəmilərə hücum etmiş və əhəmiyyətli miqdarda qənimət əldə etmişdir. Elə həmin il Egey dənizində quldurluq fəaliyyətini getdikcə daha kəskin şəkildə davam etdirmişdir. O, sonrakı illərdə Egey və Aralıq dənizində fəaliyyətini davam etdirmişdir. 1516-cı ilin aprelində İtaliya sahillərində fəaliyyət göstərən Qurdoğlu may ayında Barbaros Xeyrəddin Paşaya qoşularaq onunla birlikdə fəaliyyətə başlamışdır. 1516-cı ilin avqustunda Bizertada Fransa donanmasının komandanlığı altındakı qüvvələrin basqınına uğramış, lakin bundan sağ çıxa bilmişdir. Sentyabr ayında Egey dənizində hücumlarını davam etdirmişdir. Oktyabr ayında onun Roma papası X Levi əsir götürmək üçün təşkil etdiyi basqın məqsədinə nail ola bilməmişdir. O, cavabında Lavinio və Antsio arasında yerləşən ərazini qarət etmi.dir.[4]
I Səlim Məmlüklərə qarşı Misir səfərinə çıxmış və Müslihəddin Paşa səfərin maddi-texniki təminat məsələlərində mühüm rol oynamışdır. Bundan sonra onun Osmanlı xidmətinə girməsinə icazə verilmişdir. Daha sonra I Səlimi Rodosa səfərə getməyə razı salsa da, 1520-ci ilin sentyabrında sultanın ölümü ilə bu məsələdə tək başına qalmışdır. Öz qüvvələri ilə apardığı Rodos əməliyyatında yenə məğlub olmuş, qardaşı Murad Rəis əsir götürülmüşdür. Qanuni Sultan Süleyman taxta çıxdıqdan sonra Müslihəddin Rəis, baş vəzir və bəzi digər vəzirlərin dəstəyi ilə yeni sultan Rodos yürüşünə başlamağa razı olmuşdur. Bu səfərdə Osmanlı donanmasına rəhbərlik edən Müslihəddin Rəisin Rodosun fəthində mühüm rol oynamışdır. 1522-ci ilin dekabrında Rodosun fəthindən sonra qazandığı uğura görə buranın sancaqbəyi təyin edilmişdir.[5][6]
Müslihəddin Rəis 1526-cı ildə vəzifəsindən azad edilmiş, bundan sonra Egey və Aralıq dənizində Venesiya və Genuya qüvvələrinə, həmçinin xristian dəniz quldurlarına qarşı döyüşmüşdür. O, 1535-ci ildə Rodosda vəfat etmişdir.