Qəsri-Şirin sülh müqaviləsi

Qəsri-Şirin sülh müqaviləsi
İmzalanma tarixi 1639
İmzalanma yeri Qəsri-Şirin, Kirmanşah, Səfəvi imperiyası
Qüvvəyə minməsi  
 • şərtləri İraqi Ərəb osmanlılara, Zəncir qalasından şərqdəki torpaqlar səfəvilərə verildi.
İmzalayanlar Sərdar Kamankeş Qara Mustafa və Saru xan
Tərəflər Osmanlı İmperiyası
Səfəvilər

Qəsri-Şirin sülh müqaviləsi—1639-cu ildə Səfəvi-Osmanlı dövlətləri arasında bağlanan saziş.[1] 1603-cü ildən başlayan Osmanlı-Səfəvi müharibələrinin yeni mərhələsinə son qoymuş, bundan sonra uzun müddət iki dövlət arasında sülh olmuşdur. Müqavilə əsas etibarilə, Amasya sülh müqaviləsinin təkrarlanması kimi qəbul edilə bilər.[2]

Əvvəlki sülh müqavilələri kimi 1612-ci ildə və 1618-ci illərdə imzalanmış sülh müqavilələri uzun müddət qüvvədə qalmadı. XVII əsrin ilk rübü Osmanlı imperiyasının iç qarışıqlıq dönəmi kimi xarakterizə oluna bilər. Sultan I Əhmədin 1617-ci ildə vəfat etməsi, I Mustafanın sultan olması və onun da təkrar taxtdan endirilməsi, II Gənc Osmanın sultan olması və qısa müddət sonra qətlə yetirilməsi kimi hadisələr Osmanlı imperiyasının daxili stabilliyini pozmuşdu. Həmçinin bütün bu sultan dəyişiklikləri daxildəki böyük və səriştəli bürokratların ya öldürülməsi, ya da vəzifədən uzaqlaşdırılması ilə müşayət olunurdu. Nəhayət 1623-cü ildə Osmanlı taxtına Sultan IV Murad keçdi. Bu zaman sultanın yalnız 12 yaşı var idi və faktiki hakimiyyət baş vəzir Kamankeş Əli Paşanın və sultanın anası Mahpeykər Sultanın əlində cəmləşmişdi.[3]

Səfəvi dövlətində isə vəziyyət tamamilə fərqli idi. Feodal pərakəndəliyi dövründə hakimiyyətə gəlmiş və Səfəvilər üçün ağır müqavilə olan 1590-cı il İstanbul müqaviləsini imzalamağa məcbur olmuş Şah I Abbas tədricən dövlətin əvvəlki gücünü bərpa etməyə nail olmuşdu. 1603-cü ildə itirilmiş torpaqları geri qaytarmaq üçün hücuma keçmiş və buna böyük ölçüdə də nail olmuşdu. İmzalanmış iki müqavilə ilə Amasya müqaviləsinin şərtləri təstiqlənmiş, Osmanlı 1590-cı ildə əldə etdiyi torpaqları geri verməyə məcbur olmuşdu.

Şah Abbasın Osmanlı ilə müharibələrinin yeni mərhələsi 1623-cü ildə başladı. Bu müharibənin başlanmasında əsas şey Bağdad məsələsi olmaqla birlikdə, Osmanlı imperiyasının daxildəki yaşadığı qarışıqların Səfəvi imperiyasını cəlb etməsi də mühüm rol oynamışdır. Beləki, Səfəvilərin 1534-cü ildə itirdikləri Bağdadda bu dönəmdə Yusif paşa adlı canişin idarə etməkdə idi, lakin faktiki idarəetmə isə Bəkir Subaşı adlı şəxsin əlində cəmlənmişdi. Bu ikili arasındakı mübarizədə Bəkir Subaşı qalib gəldi və saxta fərmanla özünün Bağdad canişini təyin olunduğunu elan etsə də, bu təklifi İstanbul tərəfindən rədd edildi. Tabe olmadıqdan sonra isə Diyarbəkir və ətraf ərazilərdən onun üzərinə ordu göndərildi. Çarəsiz vəziyyətdə qalan Bəkir Subaşı Şah Abbasa müraciət edərək ona tabe olacağını bildirdi. Bu əvəzsiz fürsəti dəyərləndirən Şah Abbas Səfiqulu xanın başçılığı altında Bağdada ordu göndərdi. Lakin Səfəvi ordusunun yaxınlaşdığı xəbərini eşidən Osmanlı rəhbərliyi Bəkir Subaşını Bağdad paşası kimi tanıdılar və bunun qarşılığında Bəkir Subaşı Səfəvilərə etdiyi təklifi geri çəkdi. Lakin artıq Səfəvi ordusu yaxınlaşmaqda idi və elə Bəkir Subaşının oğlunun xəyanəti[a] ilə yaxınlaşan ordu şəhəri ələ keçirdi. Qaraçaqay xan isə şiələr üçün müqəddəs olan NəcəfKərbəla şəhərlərini, Mosulu, Kərkükü də tutdu. Bəsrə daxil olmaqla, bütün İraqı ələ keçirən Səfəvi ordusu Anadoluda da Mardinə qədər irəliləmişdi. Anadoluda davam edən Abaza Mehmet Paşa üsyanı ilə əlaqədar, Osmanlı ordusu Səfəvi dövləti ilə mübarizə apara bilmirdi.[4]

1625-ci ildə Bağdadı geri qaytarmaq üçün Osmanlı tərəfindən edilmiş hücum da uğursuz oldu. Osmanlı ordusu qalanın mühasirəsini uğurlu şəkildə sonlandırmaqda uğursuz olsalar da, onlara qarşı arxadan hücuma keçən Şah Abbas da Osmanlı ordusunu məğlub etməyi bacarmadı. Bundan əvvəldə sülh təklifi etmiş Şah Abbas yenidən belə bir təkliflə Tohtə xan adında bir elçi göndərdi. Sülh üçün Şah Abbasın şərti Nəcəf, Kərbəla və Hillə bölgələrinin Səfəvilərdə qalması qarşılığında Bağdadın Osmanlıya verilməsi idi. Lakin bu zaman Osmanlı ordusu daxilində üsyan başlanması Abbasın sülh fikrindən daşınmasına yol açmışdır. Bu əsnada təxminən 1 il davam etmiş Bağdad mühasirəsi Osmanlı ordusu üçün uğursuzluqla nəticələnmiş, geri çəkilən Osmanlı ordusunda komandan dəyişikliyi olmuş, baş vəzirlikdən alınan Əhməd paşa yerinə Xəlil paşa təyin edilmişdir.[5]

Bu əməliyyatlar nəticəsində Mosulla Kərkük tutulsa da Bağdatı tutmaq mümkün olmamışdır.

Xəlil paşa Bağdada səfərə hazırlaşarkən Səfəvi ordusu Axısqa qalasını mühasirəyə almış və Ərzurumda Abaza Mehmet paşa yenidən üsyana qalxmışdır. Üsyanı yatırmaqda uğursuz olduqdan sonra o da vəzifədən uzaqlaşdırılmış və yerinə Xosrov paşa təyin edilmişdir. Üsyançı Mehmet paşa Şah Abbasla danışıqlara başlasa da, sonda Xosrov paşaya təslim olmuşdur.[6]

Şah Abbasın ölümünə qədər Səfəvi ordusu Gürcüstanda və İraqda ələ keçirdikləri böyük ərazilərin əksəriyyətini öz əllərində saxlamağa nail oldular. Şah Abbasın ölümündən (1629) sonra bundan istifadə etmək qərarına gələn Osmanlı ordusu yenidən Bağdadı geri almaq hazırlıqlarına başladılar. 1629–1630-cu ildə yürüş başlandı. Şəhri-zor ilə Həmədan arasında yerləşən mehriban qalası yaxınlığında baş vermiş döyüşdə Zeynal xannı başçılıq etdiyi Səfəvi ordusu məğlub olmuşdur. Şah Abbasın yerinə keçən nəvəsi Şah Səfi Zeynal xanı edam etdirmiş və onun yerinə Rüstəm xanı təyin etmişdir. Bu ərəfələrdə Kərbəlada da Səfəvi ordusu məğlub olmuşdur. 1630-cu ildə Bağdaddakı Səfəvi ordusu Osmanlı ordusu tərəfindən mühasirəyə alınmışdır. Bu mühasirə zamanı da Səfəvi ordusu qələbə qazanmış və Osmanlı ordusu geri çəkilmişdir. Bu zaman Şah Səfi ordusu ilə Hilləni də mühasirəyə almış və şəhəri ələ keçirmişdir. Nəticədə, Xosrov paşa da komandanlıqdan alınmışdır.[7]

Eyni zamanda Səfəvilər 1632–də Gürcüstanı tamamilə tutdu.

Müharibənin yeni bir mərhələsi 1633-cü ildə Səfəvi ordusu tərəfindən başladıldı. Bu zaman Şah Səfinin ordusu Vanı mühasirəyə aldı. Lakin ətraf bölgələrdən yardım gəlməsindən sonra mühasirə ləğv edilmişdir. Buna cavab olaraq 1635-ci ildə IV Murad şəxsən Osmanlı ordusuna komandanlıq edərək yeni yürüşə başlanıldı. Sultan Süleymanın ölümündən etibarən heç bir sultan (III Mehmetin Avstriya və Gənc Osmanın Polşa səfəri istisna olmaqla) hərbi yürüşə qatılmamışdı. Murad 1635 avqustda İrəvanı almışsa da, 1636 aprelində Səfəvi ordusu İrəvanı yenidən geri almışdır.[8] Muradın yürüşü zamanı ələ keçirilmiş yeganə yer olan İrəvanın təkrardan itirlməsi onun yürşünün də uğursuz olması kimi fikrin yayılmasına səbəb olmuşdur.

Sultan Muradın İrəvanda məğlub olmasına baxmayaraq, yenidən yürüşə çıxacağı xəbərini alan Şah Səfi, Maqsud xan adında elçini İstanbula göndərərək sülh təklif etmişdir. Lakin elçi həbs edilmiş və sülh təklifi rədd edilmişdir. Beləliklə, Murad 1638-ci ildə yeni yürüşə başlamışdır. Bağdad mühasirəyə alınmış, mühasirə zamanı Osmanlının baş vəziri Təyyar Mehmet paşa öldürülmüşdür. 50 gün davam edən mühasirə zamanı Səfəvi ordusu güclü müqavimət göstərsə də, sonda qalada ərzaq və döyüş sursatlarının bitməsinə görə Bektaş xan təslim olmuşdur. Komandanın təslim olmasına baxmayaraq, Səfəvi ordusundan bir hissə Narın qala adlanan şəhərin daxili qalasına sığınmış və müqaviməti davam etdirmişdir. Lakin müqavimət sonda tamamilə qırılmış, Osmanlı ordusu şəhərin şiə əhalisini köçürtmüş, yerinə Anadoludan sünni əhali köçürülmüşdür.[9]

Müqavilənin imzalanması

[redaktə | vikimətni redaktə et]

Sülh danışıqlarına başlanıldıqdan sonra Səfəvi tərəfi Qars qalasının ya onlara verilməsini, ya da qalanın dağıdılmasını istəmişdirlər. Lakin onların bu təklifi rədd edilmiş və sülh danışıqları Qəsri-Şirin bölgəsindəki Zuhab qalasında baş tutmuşdur. Osmanlı tərəfini baş vəzir Sərdar Kamankeş Qara Mustafa, Səfəvi tərəfini isə, Saru xanla Məhəmmədqulu xan təmsil etmişdir.[10]

17 may 1639-cu ildə imzalanmış Qəsri Şirin müqaviləsinə[11] görə, Bəsrə, Bağdad, Şəhri-Zordan ibarət olan Ərəb İraqı Osmanlıya qalmış,[12] Bağdadda sərhəd Bedre, Cessan, Hanikin, Mendeli, Derne, Dertenekdən Sermanelə qədər olacaq, Caf tayfasının bəzi qəbilələri və Zəncir qalasının qərbindəki kəndlər, Şəhri-Zor yaxınlığındakı Zalım Əli qalası Osmanlılarda qalacaqdı. Zəncir qalası, Van hüdudundakı Qotur, Maku, Qars tərəflərindəki qalalar hər iki tərəf tərəfindən dağıdılırdı. İrəvan Səfəvi tərəfində qaldı. Səfəvilər tərəfindən nəzarət edilən Mesxeti bölgəsi Osmanlı tərəfinə verildi.[13][14] Həmçinin, Səfəvilər sünnilər üçün müqəddəs hesab edilən Əbu Bəkr, Ömər, Osman, Aişə lənətləməyəcəklərini bildirirdilər.[10]

Müqaviləyə görə, Səfəvilər VanQars qalalarına, həmçinin Axalsıka hücum etməyəcəklərinə dair təminat verirdilər. Tərəflərdən hər birinin böyük ərazi əldə etməməsi üçün təklif olundu ki, "bitərəf‖ zona yaradılsın. Məhəmməd Məsumun yazdığına görə, Azərbaycanın qərbindəki Maku, Qotur və Mağazburd qalalarının dağıdılması nəzərdə tutulurdu. Sülh müqaviləsi 1639-cu il mayın 20-də Şah Səfı tərəfındən təsdiq edilərək Məhəmmədqulu xan vasitəsilə İstanbula göndərildi. IV Sultan Murad da müqaviləni təsdiq etdi.[15]

Professor Ernest Tukerin fikrincə, Qəsri-Şirin sülh müqaviləsi Amasya sülhü ilə başlayan ikili arasında normallaşma prosesinin "kulminasiya nöqtəsi" kimi qəbul edilə bilər.[16] Hər hansı digər Osmanlı-Səfəvi müqaviləsindən fərqli olaraq, bu müqavilə daha "davamlı" olduğunu sübut etdi və o, iki qonşu arasında diplomatik müstəvidə demək olar ki, bütün sonrakı razılaşmalar üçün "çıxış nöqtəsi" oldu.[17]

Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Səfəvilər dövləti ilə Osmanlı dövləti arasında 1639-cu ildə imzalanmış Qəsri-Şirin müqaviləsinin mətnini Məhəmməd Tahir Vəhid Qəzvininin "Abbasnamə" kitabından götürərək transliterasiya etmişdir. Alim aparılan tədqiqat nəticəsində müəyyən etmişdir ki, uzun müddət iki dövlət arasındakı ərazi iddialarına son qoyan bu müqavilə Azərbaycan dilində yazılmışdır.[18]

  1. Şah Abbas qala qapılarını açması qarşılığında Bağdadın canişinliyini vəd etsə də, sonradan "atasına belə bir xəyanət edənin mənə nə xeyri olacaq" deyərək Xorasana sürgünə göndərmiş və bir qədər sonra da orada edam etdirmişdir. Atası Bəkir Subaşını isə, Bağdadı ələ keçirdikdən sonra Dəclə çayında qayığa oturtmuş və neft tökərək yandırmışdır.
  1. Süleyman Əliyarlı. Azərbaycan tarixi. Bakı: Şərq-Qərb. 1996. səh. 400.
  2. Meri, Josef W.; Bacharach, Jere L. Medieval Islamic Civilization: L-Z, index. Taylor & Francis. 2006. səh. 581. ISBN 978-0415966924.
  3. Peçevi İbrahim Efendi. Tarihi Peçevi. II. İstanbul: Enderun Kitabevi. 1980. səh. 398-399.
  4. Kılıç, 2000. səh. 267
  5. Kılıç, 2000. səh. 271
  6. Kılıç, 2000. səh. 273
  7. Kılıç, 2000. səh. 275
  8. Kılıç, 2000. səh. 277
  9. Kılıç, 2000. səh. 279
  10. 1 2 Kılıç, 2000. səh. 280-281
  11. Somel, Selçuk Akşin, Historical Dictionary of the Ottoman Empire, (Scarecrow Press Inc., 2003), 306.
  12. Matthee, 2012. səh. 182
  13. Floor, 2001. səh. 85
  14. Floor, 2008. səh. 140
  15. Azərbaycan Tarixi III cild Abdullayev, Mehman (2015). Bakı: Bakı universiteti nəşri. . Bakı: Elm. 2005.
  16. Floor, Herzig, 2015. səh. 86
  17. Floor, Herzig, 2015. səh. 81
  18. "Paşa Kərimov Qəsri-Şirin müqaviləsinin mətnini Məhəmməd Tahir Vəhid Qəzvininin "Abbasnamə" kitabından götürərək transliterasiya etmişdir". 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-09.