Qəşəng deysiya

Qəşəng deysiya
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qəşəng deysiya (lat. Deutzia gracilis) — hortenziyakimilər fəsiləsinin deysiya cinsinə aid bitki növü.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Yabanı halda Yaponiyada dağlıq ərazidə bitir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 40-80 sm-ə çatan koldur. Qarşı-qarşıya yarpaqları uzunsov-neştərvari, kənarları dişli, bir az sallaq, uzunluğu 6 sm-dir. Çiçəkləri ağdır. Uzunluğu 9 sm-ə qədər olan salxımşəkilli çiçək qrupuna 50-yə qədər çiçək yığılmışdır. Kasayarpaqları 5 ədəd, üçbucaqlı və ya xətvari, meyvə ilə qalan və ya töküləndir. Xaricdən çox vaxt ulduz formalı, tüklüdür. Ləçəkləri 5 ədəd, ağ, nadir hallarda narıncı və ya qırmızımtıl-qonur rəngdədir. Erkəkcikləri 10 ədəd olub, ləçəklərdən qısa, dişvari, yanlardan açılan, tüklü, telvari tozluğa malikdir. Yumurtalığı 3-5 yuvalıdır, hər yuvada çoxlu miqdarda yumurtacığa malikdir. Sütuncuqları 3-4 ədəddir. Çiçəkləməsi iyun ayında müşahidə edilir. Çiçəkləri keçən ilki zoğların üzərində əmələ gəlir.

Bitki işıqsevən, quraqlığa davamlıdır. Munbit orta nəmişli torpağa üstünlük verir. Şəhər şəraitinə çox davamlıdır. Düzgün becərilmənin mühüm şərtlərindən biri çiçəklədikdən sonra düzgün budanmadır. Sıx kolları seyrəltmək lazımdır. Tez böyüyür və əlverişli şəraitdə əkindən sonra üçüncü il çiçəkləyir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazda aşağı yaruslarda təsadüf edilir. Mərkəzi Nəbatat bağında, Dendrologiya İnstututunda introduksiya edilmişdir.

Yaşıllaşdırmada yolların kənarında kiçik qrup, tək əkinlər üçün istifadə edilir.

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.