Rabiyə Sultan

Rabiyə Sultan
osman. رابعه خاصكى سلطان
Şəxsi məlumatlar
Vəfat tarixi 14 yanvar 1712(1712-01-14)
Vəfat yeri
Dəfn yeri
Həyat yoldaşı
Uşaqları Şahzadə İbrahim
Şahzadə Səlim
Asiyə Sultan
Ailəsi Osmanlı xanədanı

Rabiyə Sultan (v. 14 yanvar 1712, Köhnə Saray, İstanbul, Osmanlı imperiyası) — 21-ci Osmanlı sultanı II Əhmədin xanımlarından biri.[1][2]

Həyatının ilk illəri haqqında yetərli məlumat olmasa da, Sultan Əhmədin səltənətinin başlarında hərəmə alındığı məlumdur. Qısa zamanda sultanın rəğbətini qazanan Rabiyə Sultanın 6 oktyabr 1692-ci ildə Şahzadə İbrahim və Şahzadə Səlim adlı əkiz övladı dünyaya gəldi. Bunlar Osmanlı tarixində bilinən ilk əkiz övlad hadisəsi idi.

Sultan Əhmədin anası Müəzzəz Sultan oğlunun səltənətindən öncə vəfat etmişdi. Bu səbəblə Rabiyə Sultan oğullarının dünyaya gəlişinin ardından qısa zamanda yüksəldi və hasəki sultan ünvanı aldı. Keçmiş sədrəzəmlərdən Bayburtlu İbrahim Paşaya aid Üsküdardakı Quzquncuq köşkü və paşanın edamından sonra xəzinəyə müsadirə edilən dəyərli ziynət əşyaları Rabiyə Sultana hədiyyə edildi. Ancaq əkiz övladlarından Şahzadə Səlim 15 may 1693-cü ildə körpə ikən vəfat etdi.

Dəfn olunduğu Sultan Süleyman türbəsi, İstanbul

23 oktyabr 1694-cü ildə üçüncü övladı olan Asiyə Sultanı dünyaya gətirən Rabiyə Sultana indiki Hələb yaxınlığından bir çox mülk və torpaqlar hədiyyə edildi. Ancaq çox keçmədən 6 fevral 1695-ci ildə Sultan Əhməd vəfat etdi və Osmanlı taxtına onun qardaşı oğlu Şahzadə Mustafa əyləşdi. Sədrəzəm Sürməli Əli Paşa taxta mərhum sultanın 3 yaşlı oğlu Şahzadə İbrahimi namizəd göstərdi. Ancaq Şahzadə Mustafa baş xəzinədar Nəzir ağa kimi bəzi saray mənsublarının da dəstəyilə, ailənin ən böyük şahzadəsi olaraq Ədirnə sarayında taxt qurduraraq sədrəzəmşeyxülislamı gözləmədən özünü sultan elan etdi. Bu hadisənin ardından oğlu Şahzadə İbrahim əlindən alınaraq yeni Validə sultan Əmətullah Gülnüş Sultanın himayəsinə verilən Rabiyə Sultan, həyat yoldaşının digər hərəm üzvləri və qızı Asiyə Sultanla birlikdə İstanbuldakı Köhnə saraya sürgün olundu. Həmin ilin dekabrında qızı Asiyə Sultan uşaq yaşlarında vəfat etdi.

Qalan ömrünü Köhnə sarayda keçirən Rabiyə Sultan 14 yanvar 1712-ci ildə burada vəfat etdi. Cənazəsi həyat yoldaşının da dəfn olunduğu Sultan Süleyman türbəsinə dəfn olundu. Topqapı sarayındakı qəfəs bölümündə saxlanılan oğlu Şahzadə İbrahim isə ondan iki il sonra - 4 may 1714-cü ildə vəfat etdi.

  • Sakaoğlu, Necdet (2008). Bu Mülkün Kadın Sultanları: Vâlide Sultanlar, Hâtunlar, Hasekiler, Kandınefendiler, Sultanefendiler. Oğlak Yayıncılık. ISBN 978-6-051-71079-2
  • Aynur, Hatice (1995). Saliha Sultan'ın düğününü anlatan surnâmeler, 1834: Kısım. İnceleme ve tenkitli metin. Harvard University
  1. Uluçay, M. Çağatay (2011). Padişahların kadınları ve kızları. Ötüken. ISBN 978-9-754-37840-5
  2. Peirce, Leslie (1993). The Imperial Harem: Women and Sovereignty in the Ottoman Empire. Oxford University Press. p. 108. ISBN 0-19-508677-5