Radioaktiv çirklənmə

Radioaktiv çirklənmə nüvə partlayışının digər məhvedici faktorlarından fərqli olaraq, insanları və ərazini uzun müddət öz təsiri altında saxlayır. Radioaktiv çirklənmənin mühüm xüsusiyyətlərindən biri odur ki, onu nə iyinə nə də dadına görə təyin etmək mümkün deyil. Onu ancaq xüsusi doza ölçən cihazların köməyi ilə təyin etmək olur. İstismar olunan uran filizi yataqları, atom sənayesinin tullantıları, nüvə partlayışları, Atom Elektrik Stansiyalarında (AES) qəzalar və s. atmosferə süni radioaktiv maddələrin düşməsi mənbəyidir.[1]

Radioaktiv çirklənmənin əsas mənbəyi – nüvə partlayışının bölünən hissələridir. Nüvə bölünməsi prosesində böyük miqdarda müxtəlif maddələrin mürəkkəb qarışığı əmələ gəlir. Bu qarışıqlar Mendeleyev dövri sisteminin orta hissəsində yerləşən 35 kimyəvi elementin 200 izotopunu özündə birləşdirir.

Radioaktiv çirklənmənin mənbəyini bölünən nüvə hissəcikləri və radioaktiv enerji təşkil edir. Nüvə partlayışı zamanı çoxlu radioaktiv maddələr yaranır və bu maddələr yerə çökərək ərazinin zəhərlənməsinə səbəb olur. Nüvə partlayışı baş verəndən sonrakı anlardan radioaktiv zərrəciklər odlu kürənin tərkibində olur. Odlu kürə buxara və tüstüyə bürünərək hündürə qalxır və bir neçə saniyədən sonra topa buludlara çevrilir. Hündürə qalxan hava axınları yerdən toz- torpağı göyə qaldırır və onları radioaktiv buludla birlikdə aparır. Yuxarı qalxan toz -torpaq radioaktivləşir. İri toz buludlarının bir hissəsi bilavasitə partlayış rayonunda yerə çökür, qalan hissəsi isə buludun tərkibində qalıb hava axınları vasitəsilə partlayış mərkəzindən yüzlərlə km. məsafələrə aparılır.

Radioaktiv zəhərlənmənin dərəcəsi ilk növbədə partlayışın gücündən və növündən asılıdır. Bundan əlavə partlayışdan sonra keçən müddətdən, partlayış mərkəzinə qədər olan məsafədən, meteoroloji şəraitdən, küləyin istiqamətindən və yerin relyefindən asılı olur.

Yerin radioaktiv çirklənməsi radiasiya səviyyəsi ilə xarakterizə olunur və R/saatla, Zivert/san. ölçülür. Radiasiya səviyyəsi – insanın həmin ərazidə bir saat qaldığı müddət ərzində aldığı şüalanma dozasını göstərir. Radiasiya səviyyəsi 0,5R/saat və ondan çox olan yerlər zəhərlənmiş ərazilər sayılır.

Yerin radioaktiv zəhərlənməsinin xarakterik xüsusiyyəti ondan ibarətdir ki, radioaktiv maddələrin təbii surətdə parçalanması nəticəsində radiasiyanın səviyyəsi aşağı düşür. Vaxt 7 dəfə artdıqca radiasiya səviyyəsi 10 dəfə azalır.

Radioaktiv buludun izlərində zəhərlənmənin xaraxteristikası

[redaktə | mənbəni redaktə et]

Yerüstü nüvə partlayışı zamanı zədələnmə ocağında bu sahənin partlayış məhsulları ilə çirklənməsi nəticəsində xeyli mürəkkəb radiasiya vəziyyəti yarana bilər. Radioaktiv buludun hərəkəti istiqamətindəki sektor ən yüksək dərəcədə çirklənəcəkdir. Bu sahələrdə şüalanma dozasının gücü hətta partlayışdan bir saat sonra bir neçə min Rentgen-saat (R/s)ola bilər. Belə halda mühafizə olunmamış adamlar bir neçə dəqiqə ərzində ölümcül kəmiyyətə çatan dozalarda şüalanmaya məruz qala bilərlər. Ərazinin müəyyən sahəsində radioaktiv çirklənmənin sıxlığı sahə vahidinə tökülən radioaktiv hissəciklərin miqdarından, onların radioaktivliyindən və dispersiya tərkibindən, habelə partlayışdan sonra nə qədər vaxt keçdiyindən asılı olur.

Adamları radioaktiv zəhərlənmədən mühafizə etmək üçün onları ümumi xarici şüalanmadan qorumaq, həm də radioaktiv maddələrin dəri səthinə, burunun, gözlərin selikli qişalarına düşməsinin və hava, ərzaq, su ilə orqanizmə keçməsinin qarşısını almaq lazımdır. Bu məqsədlə radiasiya əleyhinə daldalanacaqlardan, sığınacaqlardan istifadə olunur, fərdi mühafizə vasitələri- əleyhqaz, respirator, tozdan qoruyan parça maska, habelə pambıqlı tənzif sarğı tənəffüs üzvlərini radioaktiv zəhərlənmədən etibarlı surətdə qoruyur. Bədənin səthini adi paltarlarla da mühafizə etmək mümkündür.

İnsanların paltarları, ayaqqabıları və bədəninin radioaktiv maddələrdən təmizlənməsi sanitariya təmizlənməsi, texnikanın, ərzağın, suyun, habelə müxtəlif səthlərdən radioaktiv maddələrin kənar edilməsi isə dezaktivasiya adlanır. Bunların hamısı xüsusi təmizlik tədbirləri adlanır.

Qurğulardan, binalaradan, paltardan, sudan, qida məhsullarından və s. radioaktiv maddələrin təmizlənməsidir.

Radioaktiv yoluxma zonasından çıxdıqdan sonra təcili surətdə dezaktivasiya, yəni, radioaktiv tozu kənar etmək lazımdır. İnsan bədənindən radioaktiv maddələrin kənar edilməsi sanitar təmizlənməsi ilə həyata keçirilir. Dezaktivasiya nüvə istehsalında, radioaktiv izotoplarla iş zamanı təhlükəsizlik qaydalarına riayət edilmədikdə, radioaktiv tullantılar daşınarkən baş verən qəzalardan sonra ətraf mühitin radioaktiv çirklənməsi zamanı həyata keçirilir. Müharibə dövründə dezaktivasiya tədbirləri düşmənin nüvə silahının tətbiqindən sonra nəticələrin aradan qaldırılması zamanı həyata keçirilir. Bundan da əlavə, radioaktiv maddələrlə işləyən heyətin dezaktivasiyası planlı şəkildə daima həyata keçirilir. Radioaktiv yoluxma ilə mübarizədə radioaktiv maddələrin obyektlərin üzərindən kənar edilməsi yeganə yoldur. Bu onunla izah olunur ki, radioaktiv maddələrdə elementlərin radioaktiv bölünməsi baş verir. Bölünmənin sürətini artırmaq və ya azaltmaq mümkün deyil, radioaktiv maddələri mikroorqanizmlər kimi məhv etmək və ya kimyəvi maddələr kimi neytrallaşdırmaq mümkün deyil. Dezaktivasiyanın əsas məqsədi — radioaktiv maddələrlə yoluxma səviyyəsinin maksimal dərəcədə azaldılmasıdır. Bu məqsədə çatmaq üçün fiziki və kimyəvi metodlardan istifadə olunur. Yoluxmuş əşyaların (qurğuların) səthi ilə zəif əlaqədə olan radioaktiv maddələri, məsələn, obyektin üzərinə düşmüş radioaktiv tozu fiziki metod ilə kənar edirlər (tozu su ilə yumaq, parça ilə silmək, çırpmaq və s.). Dezaktivasiyanın fiziki metodları az effektli olduqda, yəni radioaktiv maddələr yoluxmuş əşyalarla (qurğularla) möhkəm əlaqədə olduqda kimyəvi metodlardan (turşuların, qələvilərin, yuyucu vasitələrin və s. radioaktiv maddələrlə əlaqədə olduqda su ilə rahat təmizlənən digər birləşmələrin tətbiqi) istifadə olunur.

Paltarların ən sadə dezaktivasiya yolu — silkələmə, tozu taxta ilə çırpma, fırça, tozsoran ilə təmizləmə, bu üsulların az effektliliyi zamanı, yuyucu vasitələrlə xüsusi çamaşırxanalarda yuyulmadır.

Suyun dezaktivasiyası üçün bioloji süzgəclərdən istifadə olunur.

Yaxşı qablaşdırılmış məhsulların dezaktivasiyası üçün onları yuyurlar, qablaşdırılmamış məhsulların dezaktivasiyası üçün isə onların üst səthlərini soyurlar. Azqiymətli və kiçik miqdarlı məhsulları məhv edirlər.

Dezaktivasiyanın həyata keçirilməsinə nəzarət dozimetrik və radiometrik cihazlarla yerinə yetirilir.

Dezaktivasiyanı həyata keçirən şəxslər mühafizə vasitələrindən istifadə etməli, paltarın radioaktiv yoluxmasına vaxtaşırı dozimetrik nəzarəti yerinə yetirməli və dezaktivasiyanı keçirdikdən sonra tam sanitar təmizlənməlidir.

Dezaktivasiyanın təşkilinin bir neçə növü vardır: qismən, öz gücü ilə əlaltı vasitələrlə həyata keçirilən və tam (MM qüvvələrinin xüsusi vasitələri ilə).

  • Qismən dezaktivasiya zamanı ehtiyatla paltarı çıxarmaq (tənəffüs orqanlarının mühafizə vasitələrini çıxarmamaq), arxası küləyə dayanmaq (növbəti fəaliyyət zamanı radioaktiv tozun düşməsindən yayınmaq üçün) və paltarı çırpmaq, sonra paltarı zivədən, ipdən asmaq, yenidən arxası küləyə dayanmaqla onun üzərindən tozu fırça və ya süpürgə ilə yuxarıdan aşağı istiqmətdə təmizləmək gərəkdir. Paltarı taxta ilə də çırpmaq olar. Bundan sonra ayaqqabını dezaktivasiya etmək: islaq parça ilə silmək, süpürgə və ya fırça ilə təmizləmək lazımdır (rezin ayaqqabını yumaq da olar).

Əleyqazı aşağıda göstərilən ardıcıllıqla dezaktivasiya edirlər:

Süzücü-uducu qutunu çantadan çıxarırlar, çanta çırpılır, sabunlu suda, yuyucu vasitədə və ya kimyəvi maddələrə qarşı nəzərdə tutulmuş paketdəki mayelərdə isladılmış pambıq ilə süzücü-uducu qutu, birləşdirici dəstək və üzlük hissənin (şlem maskanın) üst tərəfi silinir. Bundan sonra əlehqaz çıxarılır.

Tozaqarşı parça maskalar dezaktivasiya zamanı yaxşıca çırpılır, fırçalar ilə təmizlənir, suda yuyulur. Yoluxmuş pambıq tənzif parçalar məhv edilir (yandırılır).

Açıq bədən sahələrinin qismən sanitar təmizlənməsi zamanı ilk öncə əllər, üz və boyun, həmçinin gözlər radioaktiv maddələrlə yoluxmamış su ilə yuyulmalıdır. Burun, ağız, boğaz yaxalanır. Yuyulma zamanı yoluxmış suyun gözə, ağıza və buruna düşməsinə yol verilməməlidir. Su çatışmazlığı zamanı bədən hissələri isladılmış tənzif parçalarla (pambıqla) bir neçə dəfə silinir. Silinmə bir istiqamətdə (yuxarıdan aşağıya), hər dəfə pambığı təmiz tərəfinə çevirməklə həyata keçirilməlidir. Qismən dezaktivasiya və sanitar təmizlənmə radioaktiv tozun tam kənar etmədiyinə görə, bu proseslər həyata keçirildikdən sonra mütləq dozimetrik nəzarət yerinə yetirilir. Paltar və bədənin yoluxmasının normadan çox olması müəyyən edildikdə qismən dezaktivasiya və sanitar təmizlənmə yenidən təkrar olunur. Lazım olduqda tam dezaktivasiya keçirilir.

Qış vaxtı paltarın, ayaqqabının, mühafizə vasitələrinin qismən dezaktivasiyası və sanitar təmizlənmə üçün radioaktiv maddələrlə yoluxmamış qardan da istifadə olunur. Yay vaxtı sanitar təmizlənməni çaylarda və ya digər axar sularda həyata keçirmək mümkündür.

Vaxtında həyata keçirilən qismən dezaktivasiya və sanitar təmizlənmə insanların radioaktiv maddələrlə yoluxmasının qarşısını tam ala və təhlükənin səviyyəsini azalda bilər.

  • Xüsusi təmizlik öz növbəsində əhalinin qismən və tam sanitariya təmizliyinə bölünür.
    • Qismən sanitariya təmizliyi yaranmış vəziyyətdən asılı olaraq zəhərlənmə ocaqlarında və zəhərlənmə ocaqlarından çıxdıqdan sonra insanların özləri tərəfindən keçirilir. Qismən sanitariya təmizliyi keçirirərkən aşağıdakı ardıcıllığa riayət etmək lazımdır:

I. Zəhərlənmə ocaqlarında: 1) dəri səthinin mühavizə vasitələrini, üst paltarı və ayaqqabıları şotka və ya süpürgə ilə təmizləməli; 2) isladılmış dəsmal və ya tampon ilə əlləri (əlcəkləri) və əleyhqazın səthini silməli.

II. Zəhərlənmə ocağından çıxdıqdan sonra: 3) dəri səthinin mühavizə vasitələrini ehtiyatla çıxarmalı (bu zaman əleyhqaz çıxarılmır); 4) arxası küləyə tərəf durub üst paltarı çıxarmalı; 5) çıxarılmış üst paltarı (geyimi) kəndirdən (ipdən) asıb şotka və ya süpürgə ilə radioaktiv tozları süpürməli, əleyhqazın çantasını təmizləməli və üzlük hissəsini isladılmış əski ilə silməli; 6) əleyhqazı çıxarıb əlləri, üzü, gözləri yaş dəsmalla silməli, ağız-burun boşluğunu təmiz su ilə yaxalamalı.

Qismən sanitariya təmizliyindən sonra bədənin zəhərlənmə dərəcəsi təhlükəsiz normadan yəni 50mkr\saat-dan artıq olarsa tam sanitariya təmizlənməsi keçirilir.

    • Tam sanitariya təmizlənməsi – bədənin hər yerinin radioaktiv və zəhərləyici maddələrdən həmçinin bakterial vasitələrdən təmizlənməsinə deyilir. Tam sanitariya təmizlənməsi hamamlarda, duşxanalarda, təmiz su hövzələrində ya da xüsusi düzəldilmiş səyyar yuyunma məntəqələrində həyata keçirilir və alt paltarları mütləq dəyişdirilir.

Təhlükəsiz radiasiya dozaları

[redaktə | mənbəni redaktə et]

– sülh dövründə təhlükəli obyektlərdə işləyənlər – bir il ərzində 5R. (həmin obyektlərin yaxınlığında yaşayanlar bir il ərzində 0,5 R).

– müharibə dövründə birdəfəlik doza 4 gün ərzində 50 R, çoxdəfəlik dozalar: bir ay ərzində 100 R, üç ay ərzində 200 R, bir il ərzində 300 R təşkil edir.

  1. V. M. Abbasov, R. Ə. Əliyeva, N. Ə. Səlimova, M. M. Abbasov, Ə. İ. Babayev. Ekoloji kimya 2003 səh. 49