Riçard Henri Branton

Riçard Henri Branton
ing. Richard Henry Brunton
Doğum tarixi 26 dekabr 1841(1841-12-26)
Doğum yeri
Vəfat tarixi 23 aprel 1901(1901-04-23) (59 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Vest Norvud qəbiristanlığı[d]
Fəaliyyəti inşaat mühəndisi[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Riçard Henri Branton (ing. Richard Henry Brunton; 26 dekabr 1841, Muçalls[d]23 aprel 1901, London) – şotland mühəndis. Meyci hökuməti tərəfindən Yaponiyaya dəvət olunmuş və ölkədəki ilk müasir mayakları tikdirmişdir. Bu səbəbdən "Yaponiya mayaklarının atası" kimi tanınır.[1]

Riçard Henri Branton 26 dekabr 1841-ci ildə Şotlandiyanın Aberdinşir bölgəsində yerləşən Muçalls kəndində doğulmuşdur. Atası Riçard Branton Britaniya dononmasının leytenantı idi.[2]

Branton Şotlandiyada özəl məktəb təhsili aldıqdan sonra 1856–1860-cı illərdə mühəndislik oxumağa başlamışdır. Bir neçə il Şotlandiyada Con Villetin şirkətində dəmiryolu inşaatı köməkçisi kimi işləmiş, 1864-cü ildə Londona köçmüşdür. Londonda dəmiryolu inşaatı sahəsi üzrə işləməyə davam etmişdir. Karyerasına xaricdə davam etmək istəyən Branton 1868-ci ildə Hindistanda icraedici mühəndis vəzifəsi üçün müraciət etsə də, gənc və təcrübəsiz olduğu üçün müraciəti qəbul edilməmişdir.[2]

Omaesaki mayakı Yaponiyada Fresnel linzalarının istifadə olunduğu ilk mayakdır.

Şimal Mayak Şurasının mühəndisləri Devid və Tomas Stivensonların məsləhəti ilə Branton Yaponiya hökumətinin Yokohamada yenicə açılmış mayak departamentinin baş mühəndisi təyin olunmuşdur. Branton bir neçə ay Edinburqda Stivensonlarla hazırlaşdıqdan və Britaniya sahillərindəki mayakları ziyarət etdikdən sonra 13 iyun 1868-ci ildə həyat yoldaşı, qızı və iki köməkçi mühəndisi ilə Sauthempton limanından yola düşmüşdür. O, 8 avqust 1868-ci ildə Yokohamaya çatmışdır. Branton Meyci hökumətinin ilk oyatoy qaykokucinlərindən biri olmuşdur.[2]

Branton Yaponiyada gəldikdən sonra "Manila" adlı gəmi ilə Yaponiya sahillərini gəzmiş, mayak tikintisi üçün münasib yerləri müəyyən edərək hesablamalar aparmışdır.[3] 1876-cı ildə ölkəsinə qayıdana qədər Yaponiyada 26 mayakın tikintisində iştirak etmiş və Şimal Mayak Şurasına əsaslanaraq effektiv mayak xidmətinin əsasını qoymuşdur. Onun Yaponiyada tikdirdiyi mayaklar "Brantonun uşaqları" kimi tanınır.[4]

O, Yaponiyada dəmiryolu və teleqraf xətlərinin tikintisi üzrə məsləhətlər vermiş, Yaponiyanın dəqiq xəritəsinin hazırlanmasını təşviq etmiş, Yaponiyanın ikinci dəmir körpüsünün tikintisinə (Yokohamada, 1870) rəhbərlik etmişdir.[2] Zəlzələyə davamlı binaların və körpülərin tikintisi üçün metodlar təqdim etmişdir.[3] Britaniyada yerləşən və 1873-cü ildə üzv olduğu İnşaat Mühəndisləri İnstitutuna 1876-cı ildə göndərdiyi "Yaponiya işıqları" adlı məqalədə Yaponiyada gördüyü texniki işləri təsvir etmişdir.[2] Bu məqaləyə görə Telford medalına layiq görülmüşdür.[3]

Qayıdışı, ölümü və xatirəsi

[redaktə | mənbəni redaktə et]

Branton 1876-cı ildə Britaniyaya qayıtdıqdan sonra bir neçə il özəl sektorda işləmişdir. 1878-ci ildə Qlazqoda yerləşən "Young's Paraffin Oil Company" şirkətində işləmişdir. 1881-ci ildə memarlıq ornamentlərinin hazırlanması biznesinə girişmişdir. Londonda memar və mühəndis kimi tanınmış, teatrlar, hotellər və böyük evlər üçün memarlıq ornamentləri hazırlamışdır. Branton 23 aprel 1901-ci ildə Londonun Cənubi Kensiqton bölgəsində yerləşən evində ölmüşdür. Vest Norvud qəbiristanlığında dəfn olunmuşdur.[2]

1991-ci ildə Brantonun doğulmasının 150 illiyi Yokohamada tədbirlərlə qeyd olunmuşdur.[2] Yaponiyada tikdirdiyi mayaklardan birinin ərazisində İnubozaki Branton Assosiasiyası yaradılmışdır. Dəfn olunduğu qəbiristanlıqda 2001-ci ildə onun üçün memorial tədbir keçirilmişdir.[1]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

22 dekabr 1865-ci ildə Edinburqda Corc Voçopun qızı olan Elizabet Şarlotta ilə evlənmişdir. Cütlüyün iki qızı olmuşdur.[2]

  1. 1 2 "Centenary Ceremony for Richard Henry Brunton (1841-1901) by George Young". Friends of West Northwood Cemetery (ingiliscə). sentyabr 2001. 14 sentyabr 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2024.
  2. 1 2 3 4 5 6 7 8 Waswo, Ann. "Brunton, (Richard) Henry". Oxford Dictionary of National Biography (ingiliscə). 2024-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2024.
  3. 1 2 3 "Obituary: Richard Henry Brunton". The Times (ingiliscə). may 1901. İstifadə tarixi: 24 fevral 2024.
  4. "Richard Henry Brunton". The Scots's Magazine (ingiliscə). 2023-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2024.