Rüstəm mirzə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1381 |
Vəfat tarixi | 1 sentyabr 1424 |
Vəfat yeri |
|
Fəaliyyəti | qubernator, hərbi lider[d] |
Atası | Şeyx Ömər mirzə |
Ailəsi | Teymurilər |
Dini | islam |
Rüstəm mirzə (1381 – 1 sentyabr 1424, İsfahan) — Əmir Teymurun nəvəsi, Şeyx Ömər mirzənin ikinci oğlu, Teymuri mirzəsi.[1]
1381-ci ildə dünyaya gəldi. Atası Əmir Teymurun böyük oğlu Şeyx Ömər mirzə, anası isə onun xanımlarından Qutluq Tərxan ağadır. 1392-ci ildə babası Əmir Teymurun istəyilə Qiyasəddin Tarxanın qızıyla evləndirildi. Hələ 13 yaşında ikən atası sui-qəsd nəticəsində öldürüldü və anası Mülkət ağa siyasi gücü səbəbilə əmisi Şahrux mirzəylə evləndirildi. Rüstəm mirzə isə atasının mülklərindən İsfahan şəhərinin idarəsinə təyin olundu. Babasının son 10 ilində onun hərbi yürüşlərinə qatıldı.[2]
1405-ci ildə Əmir Teymurun vəfatı ilə oğul və nəvələri taxt mübarizəsinə başladılar. Rüstəm mirzə isə əmisi Şahrux mirzənin əmri altında İsfahandakı hakimiyyətini qoruyub saxladı.[3][4] Taxt mübarizəsində əmisi Miranşahın oğullarından Əbubəkr mirzəyə qarşı qardaşı Ömər mirzəni dəstəklədi. Müttəfiqlər Ömər mirzəyə məxsus karvana basqın tərtibləyərək qəniməti ələ keçirdilər. 1406-cı ilin aprelində Rüstəm mirzənin qardaşları Pir Məhəmməd və İsgəndər də bu ittifaqa qoşuldular. Ancaq o illərdə qardaşları arasında siyasi mübarizə başlamışdı. İsgəndər mirzə Fars vilayətlərinin hakimi olan böyük qardaşı Pir Məhəmməd mirzəyə qarşı üsyana başladı və qaçıb Rüstəm mirzəyə sığındı. Onu təqib edən Pir Məhəmməd mirzə şəhəri ələ keçirə bilmədi və şəhərətrafı bölgələri talan etdi. Çox keçmədən İsgəndər mirzə ələ keçirildi və Şahrux mirzənin yanına Səmərqəndə göndərildi. Onun vasitəçiliyi sayəsində qardaşıyla barışdı.[5]
Ancaq qardaşı Pir Məhəmməd mirzənin ölümündən sonra Şahrux mirzəyə tabe olmaqdan boyun qaçıran İsgəndər mirzəni ələ keçirməklə vəzifələndirildi.[6] Qardaşını 21 iyul 1414-cü ildə ələ keçirən Rüstəm mirzə onun gözlərinə mil çəkdirdi və bir il sonra 1415-ci ilin noyabrında edam etdirdi.
1 sentyabr 1424-cü ildə İsfahanda sarılıq səbəbilə vəfat etdi. Cənazəsi şəhərdəki İmamzadə İsmayıl türbəsinə dəfn olundu.[7]