Rəqəmsal qaranlıq dövr — texnologiyaların inkişafı və məlumatların çürüməsi nəticəsində korlanan, qıtlaşan və ya əlçatmaz hala gələn köhnəlmiş fayl formatlarının, proqram təminatlarının və ya texniki vasitələrin birbaşa nəticəsi olaraq rəqəmsal dövrdə tarixi məlumatın çatışmazlığı.[1] Gələcək nəsillər üçün elektron sənədləri və multimediaları əldə etmək çətin və ya qeyri-mümkün ola bilər, çünki onlar köhnəlmiş və qeyri-müəyyən fayl formatında və ya köhnəlmiş fiziki daşıyıcıda, məsələn, disketlərdə saxlanılır. Bu ad Qaranlıq dövr terminindən irəli gəlir. Burdakı məna rəqəmsal dövrdə sənədlərin rəqəmsal formatlara köçürülməsi və orijinal nüsxələrin itməsidir. Termin ilk dəfə 1997-ci ildə Beynəlxalq Kitabxana Assosiasiyaları və İnstitutları Federasiyasının (IFLA) konfransında istifadə olunub.[2] Termin 1998-ci ildə Long Now Foundation və Getty Conservation Institute tərəfindən birgə maliyyələşdirilən Time and Bits konfransında da qeyd olunub.[3][4]
Problem mətn sənədləri ilə məhdudlaşmır, eyni zamanda foto, video, audio və digər növ elektron sənədlərə də aiddir. Termin istifadəsinə səbəb olan narahatlıqlardan biri sənədlərin oxunması üçün xüsusi təchizat tələb edən fiziki mediada saxlanması və bu cihazın sənədin yaradıldığı vaxtdan bir neçə on il sonra mövcud olmayacağıdır.
Rəqəmsal qaranlıq dövr köhnəlmiş fayl formatları səbəbindən yaranan problemlərə də aiddir. Belə olan halda, saxlanan sənədləri əldə edərkən problem yaradan şey lazımi proqram təminatının olmamasıdır. Bu, özəl formatlardan istifadə edildikdə xüsusilə problemlidir, bu halda faylı oxumaq üçün müvafiq proqram təminatını yazmaq mümkün olmaya bilər.