Samaqar noyon

Samaqar noyon
bayraq
Elxani ordusunun Suriya yürüşü komandanı
1271 sentyabr – 1271 noyabr
Şəxsi məlumatlar
Doğum tarixi XIII əsr
Vəfat tarixi 28 yanvar 1296(1296-01-28)
Fəaliyyəti hərbi qulluqçu
Hərbi xidmət
Mənsubiyyəti Abaqa xan
Rütbəsi general

Samaqar noyon və ya Cemakar (XIII əsr28 yanvar 1296) — Qara tatar ağası, Abaqa xanın (1234–1282) sərkərdəsi. Samaqar noyonun adı 1271-ci ildə doqquzuncu xaç yürüşüylə kordinasiya edilmiş şəraitdə təşkil edilən Elxani hücumuna rəhbərlik edənlər sırasında çəkilir.

Samaqar haqqında az şey məlumdur, lakin onun adı monqollar və səlibçilər arasında həyata keçirilən əməliyyatlar kontekstində çəkilir. 1269-cu ildə ingilis şahzadəsi Edvard (gələcəkdə I Edvard) kiçik qüvvə ilə Müqəddəs Torpaqlara doqquzuncu xaç yürüşünə başladı. O, 9 may 1271-ci ildə Akraya çatdı. Bu zaman Müqəddəs Torpaqlarda vəziyyət çox kritik idi. Belə ki Məmlük rəhbərlərindən biri olan Baybars Tripolidakı frank əsilzadəsi VI Bohemondu mühasirəyə almışdı.[1]

Samaqarın yürüşü

[redaktə | mənbəni redaktə et]

Edvard Akraya gələn kimi Elxanilərin o dövrki hökmdarı Abaqa xanın yanına səfir göndərdi.[2] Edvard Elxanilərin qüvvələrindən də yararlanaraq Baybarsa hücum etməyi planlamaqda idi.[3] Abaqa xan 4 sentyabr 1271-ci ildə təklifə cavab üçün yazmış olduğu məktubda buna müsbət cavab vermişdi:[4]

Məsələ ilə bağlı danışdıqdan sonra biz qərara gəldik ki, qüdrətli bir qüvvənin başında Cemakarı (Samaqarı) sizə yardım etməyə göndərək; beləliklə, yuxarıda adı çəkilən Cemakarla bağlı digər planları öz aranızda müzakirə edərkən, düşmənlə döyüşə girəcəyiniz dəqiq ay və gün barədə dəqiq qərarlar verməyinizə əmin olun. — Abaqadan Edvarda məktub, 4 sentyabr 1271

1271-ci ilin oktyabrının ortalarında Samaqarın komandanlığı altında monqol ordusu Suriyaya gəldi və Hələbdən cənuba doğru uzanan yerləri yağmaladı. Abaqa xan bu dövrdə Türküstanda da hərbi münaqişəyə girdiyi üçün yalnız 10 minlik bir dəstə göndərmişdi. Bu göndərilən ordu Anadoluda yerləşdirilmiş ordunun bir hissəsindən və səlcuqlu könüllülərindən ibarət idi.[5] Lakin monqolların hücumu xəbəri müsəlman əhalinin qorxaraq Qahirəyə qədər qaçmasına səbəb oldu. Əhalinin bu cür reaksiya verməsinin əsas səbəbi əvvəlki Kit Buğanın yürüşü zamanı baş verən hadisələr idi.[6] Monqollar Hələbi qoruyan türkmən qoşunlarını məğlub edərək, həmin şəhərdəki Məmlük qarnizonunu qaçıraraq Məərrət ən-NömanApameya istiqamətində irəliləyişlərini davam etdirdilər.[5]

Monqollar qısa müddət bölgədə qaldılar və bu müddət ərzində heç vaxt Edvardın qüvvələri ilə birləşmədilər. 12 noybr 1271-ci ildə Baybars Qahirədən əks-hücuma başlayan zaman Samaqar artıq Fəratın şərqinə doğru keçmişdi. Samaqar yürüşdə olduğu zaman da heç bir zaman tam qüvvəli Məmlük ordusu ilə qarşılaşmadı. Samaqarın dönməsindən sonra Edvard da 1272-ci ilin sentyabrında İngiltərəyə döndü.[7]

Samaqar daha sonra Məmlük Sultanı Qalavuna Abaqa ilə şərtləri müzakirə etməkdə ona kömək edə biləcəyini bildirmişdi.

Çevrilişdə iştirakı

[redaktə | mənbəni redaktə et]

Marko Polonun bildirdiyinə görə, Samaqar Arquna Əhməd Təkudarın girovluğundan qaçmasına kömək edən əsilzadələrdən biri olmuşdur. Buğa Noyon onu və başqalarını Arquna kömək etməyə vadar etmişdi. Nəticədə Əhməd Təkudar Arqunun ordusu tərəfindən məğlub edilmiş və 10 avqust 1284-cü ildə edam edilmişdi.

Samaqarın bir oğlunun adı bəllidir. Onun oğlunun adı Ərəb olmuş və Qazan xanın hakimiyyəti dövründə Anadoluda üsyan qaldırmış Tağaçarın üzərinə göndərilən orduya rəhbərlik edənlərdən biri olmuşdur. Bu yürüş nəticəsində Tağaçar Dəlicə adlı yerdə ələ keçirildi və Azərbaycana aparılaraq edam edildi.[8]

  1. Hindley, 2004. səh. 205-206
  2. Richard, 1996. səh. 446
  3. Runciman, 1987. səh. 335
  4. Amitai-Preiss, 1987. səh. 98
  5. 1 2 Runciman, 1987. səh. 336
  6. Grousset, 1935. səh. 653
  7. Hindley, 2004. səh. 217-218
  8. Fisher, 1998. səh. 381