Satışa qoşulmaq hüququ (ing. Tag-along right) — korporativ hüquqda mövcud olan hüquqi konsepsiya. “Birgə satış” və "təqib hüququ" kimi də adlandırılır. Satışa qoşmaq hüququnun əksidir.
ABŞ-də riskli kapital investorları investisiyadan “çıxmaq” üçün bir sıra hüquqi “alətləri” istifadə edirlər. Əsas üç üsul geri satınalma (ödəmə) hüququ, satışa qoşulmaq hüququ, satışa qoşmaq hüququ (ing. Drag-along right). Azərbaycan Mülki Məcəlləsi qeyd edilən mexanizmlərin istifadəsinin mümkünlüyü barədə bir fikir söyləmir. Satışa qoşulmaq hüququ imkan verir ki, səhmdar(lar) öz səhmlərini üçüncü şəxsə satdığı halda investor öz (imtiyazlı) səhmlərini səhmdar(lar) ilə birgə satsın. Az sayda səhmlərə sahib olan investorlar üçün bu metod investisiyadan çıxış üçün əlverişli ola bilər. Çünki şirkətin səhmlərinin əhəmiyyətli hissəsinə sahib olan səhmdar, öz səhmlərini kənar şəxsə satdiqda, minoritar investor tanımadığı yeni səhmdarla münasibətdə olmaq məcburiyyətində qala bilər. Yeni səhmdarın (sahibkarın) idarəetmə metodlarına, strateji məqsədlərinə və mövcud risklərinə bələd olmaması investor üçün əhəmiyyətli təhlükələr yaradır [1] .
Belə bir mövqe var ki, qeyd olunan hüquqların istifadəsi səhmdarlar arasında imzalanan fərdi müqavilə vasitəsi ilə mümkündür. Lakin bu yanaşmanın zəif hissəsi odur ki, müqavilə pozulduqda zərərçəkən tərəf yalnız müqavilə öhdəliklərinin müdafiəsi vasitələrindən istifadə edə bilər.
Bu hüquq minoritar səhmdarlara imkan verir ki, şirkətdə onların səhmlərini alan investordan digər satan səhmdarlara göstərilən eyni münasibətin onlara qarşı da göstərilməsini tələb etsin. Bunun azlıq təşkil edən səhmdarlara faydası odur ki, onlar tərəfindən bəyənilməyən nəzarət paketinə malik səhmdarı olan şirkəti tərk edə bilərlər. Bundan əlavə, bu, bütün səhmdarlara eyni təkliflərin edilməsini təmin edir, azlıq təşkil edən səhmdarların öz səhmlərini daha az qiymətə satmağa məcbur edilməsinin qarşısını alır [2].