Sauna

Müasir sauna

Sauna — tərləmə yolu ilə bədəndəki sutoksinlərin normaya salınması, dəridəki məsamələrin açılması və dərinin təmizlənməsi kimi öhdəlikləri özündə cəmləşdirən yüksək istilikli otaqlardır.

Adətən 5–6 nəfərlik otaqlardan ibarət sauna günümüzdə bir çox idman zallarında, hamamlarda və gözəllik mərkəzlərində fəaliyyət göstərir. Bununla yanaşı, bir sıra yaşayış sahələrində də sauna otağı mövcuddur.[1][2] Ənənəvi saunalarda, daxili mühit müəyyən ağac növləri istifadə edilərək hazırlanır və strukturu pillə şəklində oturma yerlərindən ibarət olur. Saunalarda taxtadan istifadə edilməsində əsas məqsəd, yüksək istilik şəraitində istifadəçinin rahatlığını maksimallaşdırmaqdır. Sauna sobası, adətən otağın orta hissəsində yer alır və əsas istilik mənbəyidir. Ənənəvi saunalarda soba odun alovu ilə, müasir saunalarda isə elektrik ilə çalışır. Sobanın üst hissində yerləşən sauna daşları, sobanın qızması ilə isinir. Zaman-zaman otaqdakı nəmişlik və istilik dərəcəsini artırmaq üçün bu daşların üstünə su tökülərək buxar əldə edilir. Xüsusilə Skandinaviya regionunda sauna daşlarının üstünə tökülən suya müxtəlif ətirlər qarışdırılır. Şam ağacı cövhəri, nanə və s. kimi ətirli yağlardan bir neçə damcı əlavə olunan su sauna daşlarına töküləndə xoş bir qoxu yayır, o cümlədən buxar vasitəsi ilə dəriyə sorulur.[3]

Sauna ilk olaraq Orta Asiyada istifadə olunmuş, ardınca Rusiyaya, Rusiyadan isə Skandinaviya ölkələrinə yayılmışdır. Bugünkü halı ilə sauna anlayışı isə əsasən Finlandiyada formalaşmışdır. İlk ictimai sauna 1936 Yay Olimpiya Oyunlarında iştirak edən fin idmançıların istəyi ilə Berlindəki olimpiya kəndində inşa edilmişdir. Digər ölkələrdən gələn idmançıların ilk dəfə Berlində istifadə etdikləri bu sauna, sauna mədəniyyətinin dünyaya yayılmasında böyük əhəmiyyət kəsb etmişdir.[4] Bu gün, müasir elektrik qızdırıcıları və onların əlavə texnoloji avadanlıqları Finlandiyada və dünyada geniş istifadə olunur.[5]

Mütəxəssislər sanunanın çəki azalmasındakı rolunu onun başlıca faydalarından biri kimi xarakterizə edirlər. Beləki, saunada tərləmə bədənin rahatlamasını təmin edir, tərləmə ilə birlikdə, dəridəki toksin təmizlənir və bədəndəki zərərli kimyəvi maddələr tərləmə ilə atılır.[1] Buna əlavə olaraq, yüksək temperatur sayəsində əzələlər rahatlayır və beləliklə zehni dincəlmə də təmin olunur. Saunadan yayğın istifadə daha çox idman fəaliyyətindən sonra baş tutur.[3]

  1. 1 2 "Sauna Nedir? & Sauna Hakkında Detaylı Bilgi". NeOldu.com (türk). 1 avqust 2015. 2019-07-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 iyul 2019.
  2. "Don't Call it Sauna – Sauna Digest". Sauna Digest. 2017-07-12. İstifadə tarixi: 2018-04-28.
  3. 1 2 "Faydaları ile Birlikte Sauna Ne İşe Yarar? - Çam Termal Otel". www.camhotel.com.tr (türk). 2019-07-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 iyul 2019.
  4. "Sauna nedir ve sauna faydaları nelerdir". Macera Duşu (türk). 19 iyul 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyul 2019.
  5. "SAUNANIN TARİHÇESİ". www.termallife.com (türk). 2019-08-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 avqust 2019.