Seyid Həsən Tağızadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1878[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 28 yanvar 1970[3][4] |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi, diplomat |
Dini | şiəlik |
Vikianbarda əlaqəli mediafayllar |
Seyid Həsən Tağızadə (1878[1][2][…], Təbriz – 28 yanvar 1970[3][4], Tehran) — siyasi xadim, İranda Məşrutə inqilabının iştirakçısı, İranın ilk Məclisinin üzvü, İranın İngiltərə və Fransada səfiri, İran Senatının sədri, maarifçi.
Seyid Həsən Tağızadə Azərbaycan türkü və Təbriz sakini idi. Bir sıra mənbələr əslən Ordubaddan olduğunu göstərir. O, uzun və hadisələrlə zəngin bir ömür yaşamış,yeniyetməlik və ilk gənclik çağlarından özünü gələcək mübarizələr üçün hazırlamışdı. Seyid ocağında doğulan, ruhani ailəsində böyüyən Həsən Tağızadə XX əsrin astanasında dini biliklərlə çox uzağa gedə bilməyəcəyini tez anladığından həm missioner məktəbində ingilis və fransız dillərini öyrənmiş, həm də "Loğmaniyyə" adlı yeni tipli orta təhsil müəssisəsində dünyəvi biliklərə yiyələnməyə çalışmışdı. Özü kimi gənc həmfikirləri ilə birlikdə Təbrizdə "Tərbiyət" məktəbini və kitab mağazasını qurmuş (1896), həmvətənlərini dünya haqqında çağdaş təlimlərlə tanış etmək məqsədi ilə fransız alimi Kamill Flammarionun "Populyar astronomiya" kitabını "Əcayibe-asiman" adı ilə fars dilinə çevirmişdi. 1903–1904-cü illərdə Təbrizdə "Gəncineyi-fünun" ("Bilik xəzinəsi") məcmuəsini çap etmişdi. 1904-cü ildə bir neçə ay Bakıda qalan Həsən Tağızadə Azərbaycanın şimalında tapdığı bir sıra dostları ilə əlaqələrini sonralar da kəsməmişdi.
"İran daxilən və zahirən, ruhən və cismən avropalılaşmalıdır!" – şüarı onun 70 illik ictimai-siyasi və elmi fəaliyyətinin əsas prinsiplərindən olmuşdur. Məhz bu düşüncə azərbaycanlı gənci ölkəni dəyişdirməyi, müasirləşdirməyi, feodal dərəbəyliyindən və xarici asılılıqdan xilas etməyi qarşısına məqsəd qoyan 1906–1909-cu illər Məşrutə inqilabının öncülləri sırasına gətirmişdi.
1906-cı ildə Təbrizdən Birinci İran Məclisinə seçilən Həsən Tağızadə parlament fəaliyyətini 1967-ci ildə, İran Senatının sədri kimi başa vurmuşdu. İranın ilk qanunverici orqanında o, ən ardıcıl Konstitutsiya tərəfdarlarından biri kimi tanınmışdı. Ölkədə parlamentarizm ənənələrinin yaradılmasına qarşı çıxan Məhəmmədəli şah 1908-ci ildə bir qrup Məclis üzvü ilə görüşərkən Həsən Tağızadə nümayişkaranə şəkildə şahın əlini sıxmaqdan imtina etmişdi. Sabirin yuxarıda gətirdiyim beytində də Şərq istibdadı görünməmiş hadisə sayılan həmin olaya işarə vurulmuş, üsyankar deputatın başını bədənindən üzməyə imkanı olmayan hökmdarın naçarlığı, təəssüf və qəzəbi dilə gətirilmişdi.
Monarxa qarşı hörmətsizlik edən Seyid Həsən Tağızadə canını nisbətən yaxşı qurtarmışdı: Məhəmməd Əli şah onu sadəcə ölkədən qovmuşdu. Əqidə yoldaşlarından Mirzə Cahangir xan (Həsən Tağızadənin də fəal müəlliflərindən olduğu "Suri-İsrafil" qəzetinin naşiri-Ə.Ç.), və Mirzə Nəsrulla Məlikül-Mütəkəllimin ("Natiqlərin sultanı"-Ə.Ç.) ləqəbi ilə tanınan məşhur ziyalı və din xadimi Mirzə Nəsrulla Behişti "Şahi-bağ"da, Qacar hökmdarının gözləri qarşısında edam edilmişdilər.
Bir neçə ay Londonda qalandan sonra İrana qayıdan Həsən Tağızadə Təbrizdə məskunlaşmış və Məhəmmədəli şah hakimiyyətdən devrilənə qədər doğma şəhərində yaşamışdı. Mücahidlərin qələbəsindən sonra ölkənin idarəçiliyini öz əlinə alan 20 nəfərlik Müvəqqəti İcra Şurasının tərkibinə seçilmişdi. 1909-cu ildə ölkəsinin tarixində ilk çağdaş siyasi partiya sayılan İran Demokrat Partiyasını (Ferqeyi-Demokrate-İran) təsis etmişdi. Qurumun yaradılmasında həmin dövrdə siyasi mühacir kimi İranda yaşayan Məhəmməd Əmin Rəsulzadənin də mühüm xidmətləri olmuşdu.
1910-cu ildə məcburi şəkildə Tehrandan uzaqlaşdırılan Həsən Tağızadə əvvəlcə İstanbulda, sonra ABŞ-də yaşamış, Birinci dünya müharibəsi başlananda isə Berlində yerləşərək, burada gənc yazıçı Seyid Məhəmmədəli Camalzadə ilə birlikdə "Gavə" ("Dəmirçi") jurnalını (Berlin, 1916–1922) çap etməyə başlamışdı. Müharibə illərində jurnal İranın siyasi maraqlarını qoruyaraq almanpərəst mövqe tutmuş, daha çox Rusiya və Böyük Britaniya əleyhinə çıxışları ilə tanınmışdı. Hərb başa çatdıqdan sonra "Gavə" İran milli mədəniyyətinin Avropadakı başlıca orqanına çevrilmişdi.
Seyid Həsən Tağızadə həyatının sonlarında qələmə aldığı xatirələrini "Tufanlı ömür" ("Zendegeyi-tufani") adlandırmışdı. Həqiqətən də onun həyatı sarsıntı və ziddiyyətlərlə zəngin olmuşdu. Məşrutə inqilabının fəallarından biri kimi siyasətə atılaraq İranda mütləqiyyət quruluşuna qarşı mübarizə aparsa da, sonralar digər hakim sülalə – Pəhləvi xanədanı ilə yaxınlaşmış, həm Rza şah Pəhləvinin, həm də onun oğlu Məhəmməd Rza şahın hakimiyyəti illərində İranın ictimai-siyasi həyatında aparıcı mövqeyini qoruyub saxlamışdı. Amma ədalət naminə Həsən Tağızadənin İran Məclisinin digər üç deputatı ilə (Seyid Həsən Müdərris, Yəhya Dövlətabadi və gələcək baş nazir Məhəmmədəli Müsəddiq) birlikdə 1925-ci ilin oktyabrında Qacar sülaləsinin ləğvi haqqındakı qanunun əleyhinə səs verdiyi də ayrıca qeyd olunmalıdır.
Tanınmış ingilis iranşünası, "1905–1909-cu illər İran inqilabı" kitabının müəllifi Eduard Braun adıçəkilən əsərində Həsən Tağızadənin səciyyəsini verərək yazırdı: "O, cəsarəti, müstəqilliyi və siyasi prosesləri ələ almaq baxımından qeyri-adi bacarığı ilə layiq olduğu yüksəkliyə ucalmışdı. Onun cəlbedici işıqla parıldayan gözlərində və nurlu sifətində nə isə insanı özünə çəkən, rəğbət doğuran bir ifadə vardı. Əgər gümanım məni aldatmırsa, o, öz dühası ilə böyük coşqu doğuran, böyük qurbanlar verməyə ruhlandıran və millətlərin tarixində uzun müddətli təsir buraxmağa qadir olan şəxsiyyətlərdən sayıla bilərdi".
Xorasan qubernatoru, Böyük Britaniyada İran səfiri (iki dəfə), İranın Yol və Nəqliyyat naziri, İran Maliyyə naziri, Fransada İran səfiri, İran Senatının sədri (1949–1967-ci illər) – uzun müddətli siyasi və dövlətçilik fəaliyyəti ərzində Seyid Həsən Tağızadənin tutduğu vəzifələrin qısa siyahısı belədir. Bundan əlavə, o, dəfələrlə İranın xüsusi missiya ilə dünyanın aparıcı ölkələrinə göndərilən nümayəndə heyətlərinə başçılıq etmişdi.
O, soy-kökü, etnik mənsubiyyəti etibarı ilə Azərbaycan türkü olsa da, təbii ki, özünü iranlı saymış və İran dövlətinin maraqlarını müdafiə etmişdi. BMT-də Cənubi Azərbaycan məsələsi müzakirə olunarkən İran nümayəndə heyətinə rəhbərlik məhz ona həvalə olunmuşdu. 1945-ci ildə Sovet qoşunlarının Təbrizə girməsi və Pişəvəri hökumətinə hərbi-siyasi dəstək göstərilməsi ilə əlaqədar İranın rəsmi etirazı da beynəlxalq qurumlara Seyid Həsən Tağızadə vasitəsi ilə çatdırılmışdı. Vaxtı ilə demokratiya uğrunda mübarizə aparmasına və İran Demokrat Partiyasının qurucusu olmasına baxmayaraq, sonda Həsən Tağızadə Pəhləvi rejiminin və İran şovinizminin tərəfində dayanaraq, irançılıq mövqeyindən mənsub olduğu xalqın haqqının tapdanmasına göz yummuşdu.
Dövlət idarəçiliyi və diplomatik fəaliyyəti ilə bir sırada Həsən Tağızadə müasir İranın tarixinə həm də görkəmli alim kimi daxil olmuşdur. Müasir alman iranşünası M.Y.Dresdenin yazdığı kimi, "həyatında dövlətçilik və idarəçilik istiqamətinin daim mühüm yer tutmasına baxmayaraq, Tağızadə özünün geniş bilikləri ilə nüfuzu ilə klassik fars ədəbiyyatının, tarixinin, xüsusən də zərdüştiliyin və manixeyçiliyin öyrənilməsinə böyük töhfələr vermişdir". Tədqiqatçı bu mənada Tağızadənin fəaliyyətini müasirləri olan görkəmli fransız alimləri və dövlət xadimlərinin – Leon Blum və Eduar Errionun gördüyü işlərlə müqayisə edirdi. Adları çəkilən şəxslər müxtəlif vaxtlarda Fransa hökumətində nazir və baş nazir vəzifələri tutmaqla yanaşı, həm də publisist, yazıçı, tarixçi və filosof kimi tanınmış, Fransa Akademiyasına üzv seçilmişdilər.
Seyid Həsən Tağızadə müxtəlif illərdə Şərqşünasların Beynəlxalq Cəmiyyətinin sədr müavini, Kembric Şərqşünaslıq Konqresi İran bölümünün başçısı, Beynəlxalq İbn-Sina konqresinin sədri, İrandakı Tərcümə və Nəşr İnstitutunun Direktorlar Şurasının üzvü və elmi məsləhətçisi, İranın Fəlsəfə və Humanitar Elmlər üzrə Cəmiyyətinin sədri, İranşünasların Birinci Beynəlxalq Konqresinin sədri kimi elm təşkilatçılığına da öz ciddi töhfələrini vermiş, Böyük Britaniyanın Kembric və ABŞ-nin Kolumbiya universitetlərində Şərq fəlsəfi və siyasi fikrinə, İran tarixinə və ədəbiyyatına dair mühazirələr oxumuşdur. Digər tanınmış soydaşı Əhməd Kəsrəvi kimi, Azərbaycan əhalisinin türkləşmiş farslar olması barəsində sərsəm ideyalar irəli sürməsə də, əsərlərində və ictimai-siyasi fəaliyyətində Azərbaycan sevgisi haqqında danışmaq üçün diqqəti çəkən elə bir iz, nişanə qoymamışdır.
Azərbaycanın böyük ictimai-siyasi xadimi, Azərbaycan Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadə özünün yüksək mənəvi təmizliyi, böyük ağlı və amalına sadiqliyi ilə Həsən Tağızadə də həmişə haqlı bir heyrət doğurmuşdu. Onlar ilk dəfə 1909-cu ildə Tehranda tanış olmuş, daha sonra ünsiyyətlərini İstanbulda davam etdirmişdilər. 1955-ci ildə Məhəmməd Əmin Rəsulzadə Ankarada həyata gözlərini yumanda Həsən Tağızadə Tehranda çıxan "Soxən" ("Söz") dərgisində vida yazısı çap etdirmişdi. Həmin məqalədə Məhəmməd Əmin Rəsulzadəni İranda Avropa tipli qəzetçiliyin banisi adlandıran müəllif daha sonra yazırdı: "Rəsulzadə, bütün ömrüm boyunca Şərq dünyasında misli-bərabərinə rastlaşmadığım, mübaliğəsiz söyləyə biləcəyim fövqəladə nadir insanlardan biri idi. Məmməd Əmin bəy tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmiz qəlbli, düzgün sözlü, mətanətli, sözün tam mənası ilə doğru-dürüst, fikir və amalına dərin inam bəsləyən fədakar, mücahid və örnək sayılacaq bir insan idi. Belələrinə zəmanəmizdə, üstəlik də bizim tərəflərdə təsadüf etmək mümkün deyil".
Şübhəsiz, ürəkdən gələn bu səmimi sözlər yalnız Məmməd Əmin barədə deyil, siyasi baxışlarından asılı olmayaraq, onların müəllifi haqqında da xoş təəssürat yaradır. İrticaya qarşı çıxan, despot şahın əlini havada qoyan Seyid Həsən Tağızadə vətəndaş cəsarətinin qiymətini böyük Mirzə Ələkbər Sabirdən almışdı. Yəqin ki, bu addımı sonralar başqa istibdadın ayağına getməyi özünə rəva görən iranlı siyasətçinin mənəvi uğurlarından saymaq olar. Əqidəsindən dönən məşrutəçilərin, eləcə də bir çoxlarının bəxti onda gətirmişdi ki, Sabir cəmi 49 il yaşamışdı…