Silbo Qomero

Silbo Qomero fit dilində dialoq.

Silbo Gomeroİspaniyanın Kanar adaları arxipelaqına aid La Qomera adasında istifadə olunan sadəcə fitdən ibarət ünsiyyət vasitəsi. Yerlilər tərəfindən El Silbo olaraq adlandırılan fit dili məişətdə hələ də aktiv şəkildə istifadə olunur. İki sait və 4 samitdən ibarət fit dili dərin vadilər və sıldırımlı qayalara malik adada mükəmməl ünsiyyət vasitəsidir. 3.2 km məsafəni qət etməyə qadir olan fit bu cəhətdən adi nitq imkanlarını üstələyir. Dilin yaranması barədə dəqiq məlumat yoxdur. Lakin məlumdur ki, 15-ci əsrdə, avropalıların La Qomerada məskunlaşmağa başladığı dövrdə adanın Şimali Afrika mənşəli sakinləri fit dilindən istifadə ediblər.

Yerlilərin dilini əks etdirən fit sonradan mənimsənilərək İspan dilinə uyğunlaşdırılıb. La Qomera sakinləri fit dilinin 1940 və 1950-ci illərdə geniş işlədildiyini xatırlayırlar. İkinci Dünya Müharibəsindən sonrakı illərdə iqtisadi çətinliklər üzündən yerlilər adanı tərk etməyə başlayıblar. Eyni zamanda rabitə ilə yol şəbəkəsinin inkişafı ilə fit dilinə olan ehtiyac da get-gedə azalmaqda idi. 1970 və 1980-ci illərdə adada qədim ünsiyyət vasitəsinə sahib olan cəmi bir neçə adam qalmışdı. Lakin 1990-cı illərdə fit dili həvəskarları üçün işıq ucu görünməyə başladı: Silbo Gomeronun məktəb tədris proqramına daxil edilməsilə qədim dilə maraq yenidən oyanmağa başlayıb.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]