Slavyan konqresi (çex: Slovanský sjezd, slovak: Slovanský zjazd/kongres) −1848-ci il iyun ayının 2-dən 12-dək Avropanın demək olar ki, bütün slavyan icmalarının nümayəndələrinin iştirak etdiyi ilk konqresdir.[1]
Konqresin təsisçiləri Pavel Jozef Šafárik və Josip Jelačić olsalar da, təşkilatı işlər çex mənşəli František Palacký, Karl Zapp, Karel Havlíček Borovski və František Ladislav Rieger adlı fəallartərəfindən həyata keçirilmişdir.
Konqresin keçirilməsinin əsl məqsədi əvvəlcədən məlum deyildi. Konkret məqsədin olmamasından əlavə, konqresi planlaşdıranlar arasında görüşün gündəliyi və formatı ilə bağlı mübahisələr də mövcud idi.[2]
Konfrans üç hissədən ibarət olmuşdur: Polyaklar və Ukraynalılar (Rusinlər), Cənub slavyanları və Çex-Slovaklar. Konqresdəki ümumi 340 nümayəndə arasında ən çoxu Çexiya-Slovakiya bölməsindən gəlmişdir. 237 çex-slovak ilə bərabər 42 cənub slavı və 61 polyak-ukraynalı konqresdə iştirak etmişdir.[3] Danışıqlar zamanı istifadə edilmiş olan əsas dil isə alman dili olmuşdur.
Konqresdə slavyanların həyatında Avstriyanın rolu haqqında müzakirələr aparılmışdır. Dr. Josef Frič, "əsas məqsədin Avstriyanın mühafizə edilib saxlanılması olduğu" fikrini müdafiə etmiş və konqresin "yalnız üsullarla fərqləndiyini" söyləmişdir.[4] Ľudovít Štúr isə bu fikrə etiraz etmiş və onların məqsədinin özlərini müdafiə etmək olduğunu bildirmişdir.[4] Konfransda belə fikir ayrılıqlarına tez-tez rast gəlinirdi.
Konfrans zamanı iyun ayının 10-da mühüm bəyanat verilmişdir. Bəyanat slavyan xalqlarının zülmünə son qoyulmasını tələb edən sərt ifadəli bir bəyannamə idi.[5] Slavyanların məqsədi qisas almaq deyildi.[6] Siyasi qüdrətindən və böyüklüyündən asılı olmayaraq bütün xalqların tam bərabərliyini tanımağa hazır olan və bu mövzuda onları dəstəkləyən bütün qonşu ölkələrə dostluq əli uzatmağa hazır idilər.[6] Bu hadisə Avropanın bütün slavyan xalqları arasında bir növ vəhdət nümayiş etdirdiyi üçün mühüm inkişaf kimi qiymətləndirilir.[7]
Konqres Praqadakı Avstriya qarnizonunun dinc nümayişi atəşə tutması nəticəsində baş vermiş olan 1848-ci il Praqa üsyanı nəticəsində 12 iyunda yarımçıq dayandırılmışdır.[8][9] Bu hadisə Pentikost bayramına təsadüf etdiyi üçün sonralar Ağ bazar hadisələri kimi tanınmışdır. Nümayəndələr vəziyyətdən bezərək konqresi tərk etmişdirlər. Hətta bəziləri Konqresin inqilabi xarakterinə görə həbs belə olunmuşdurlar.[9] Həbs edilənlər arasında 1848-ci il Praqa hadisələrində iştirak etdiyinə görə 1849-cu ildə Drezdendə əsir götürülmüş və Rusiya imperiyasına sürgün edilmiş Mixail Bakunin də var idi.
Komissiya František Palacký və Mixail Bakuninin təklifi ilə yaradılmışdır. Leon Sapiehanın moderatorluğu (idarəçilik) ilə Polşa-Ruteniya münasibətləri məsələləri müzakirə edilmişdir. Qalisiya rutenləri (müasir ukraynalılar) Ali Ruten Şurası və Ruten Konqresi adlı siyasi təşkilatlarla iştirak edirdilər.