Space | |
---|---|
Əsas məlumatlar | |
Üslub | disko, pop musiqisi[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Space (ing. space — "kosmos") — kosmik elektronika və disko janrlarında musiqilər ifa edən fransız qrupu.
Qrup 1977-ci ildə fransız prodüser Jan-Filip İliesko de Qrimaldi və bəstəkar/müğənni Didye Maruani tərəfindən yaradılıb. Didye klavişçi/aranjimançı Rolan Romanelli, basçı Yannik Top, barabançı Pyer-Alen Daan və məşhur amerikalı müğənni Madlin Belli bir araya gətirdi.
Didye Maruani o vaxta qədər solo pop ifaçısı kimi müəyyən şöhrət qazanmışdı, lakin tezliklə astrologiyaya həsr olunmuş bir televiziya proqramı üçün 1976-cı ildə yazılmış "Magic Fly" kompozisiyasının adından ilhamlanaraq "Space" adlandırdığı yeni qrupunda aktiv fəaliyyətə başladı.[2]
Didye Maruani: "Mənə daim melodiyanın kosmosdan gələn səslərə bənzədiyini söyləyən insanların sözlərini nəzərə alaraq, ad qismində "Space"i seçdim".[3]
İlk dövrdə musiqiçilər qruplarının elmi-fantastik istiqamətini hər cür vurğulayır, tez-tez skafandra bənzəyən səhnə geyimlərində çıxış edirdilər. Özlərini "kosmonavtlar" şəklində təqdim etmələrinin digər səbəbi Didye Maruaninin "Polydor" səsyazma şirkəti ilə davam edən müqaviləsi idi.
Didye Maruani: "Prodüser və mən səsyazma şirkətimə "Magic Fly"ı mənim adımla buraxmağı təklif etdik, lakin şirkət kompozisiyanın bunu etmək üçün kifayət qədər yaxşı olmadığına qərar verdi … Prodüserim başqa bir şirkət tapdı, amma mən öz adımı orada hallandıra bilməzdim, çünki öz şirkətimlə müqavilə qüvvədə qalırdı… Skafandrlar fikri həm də ona görə çıxdı ki, məni bu geyimdı heç kim tanıya bilməsin. Özümə təxəllüs də fikirləşməli oldum və mən Ecama üzərində qərarlaşdım".[4]
1970-ci illərin sonlarında qrup 12 milyon nüsxədən çox satılan 3 uğurlu albom buraxdı: Magic Fly (1977), Deliverance (1977) və Just Blue (1978). İkinci albom üzərində iş getdiyi dövrdə qrupun tərkibi dəyişdi, o cümlədən amerikalı barabançı Co Hammer və britaniyalı Con "Reno" Edvards qrupa daxil oldular.
"Just Blue" albomunun buraxılmasından sonra qrupun tarixində kritik bir an baş verdi. Bu, qrup liderinin konsertlərlə çıxış etmək istəyinin artması ilə əlaqəli idi. Belə ki, əvvəllər mövcud sintezator modellərinin mükəmməl olmaması səbəbindən konsertlər mümkün deyildi. Bu da prodüser Jan-Filip İlieskoyla münaqişəyə səbəb oldu.
D. Maruani: "…Hər şey yaxşı gedirdi, amma o zaman mən prodüserimi görüb ona səhnədə çıxış etmək istəyimi dedim. O vaxt bir dənə də olsun "canlı" çıxışımız yox idi, sadəcə televiziya var idi. "Europe 1" radiostansiyasının və mətbuatın da dəstəyi ilə Eyfel qülləsi altında konsert vermək üçün icazə ala bildim, amma sonda prodüserim hər şeyi ləğv etmək qərarına gəldi. O an mən dedim ki, "mən gedirəm", çünki konsert verməyən qrup gec-tez yox olacaq".[3]
Bundan sonra, Rolan Romanellinin rəhbərlik etdiyi qrup 1981-ci ildə dağılmazdan əvvəl Deeper Zone (1980) albomunu buraxdı.
Didye Maruani solo karyerasını davam etdirərək Paris-France-Transit qrupunu təşkil etdi. O bu adla 1983-cü ilin yayında SSRİ-də konsertlər verdi[5] və "Space Opera" (1987) albomunu buraxdı.
Rolan Romanelli isə "Space"ə bənzər bir üslubda solo disk buraxdı və bundan sonra fransız müğənnisi Barbara ilə işləməyə başladı.
1996-cı ildə Romanelli tərəfindən yazılmış bir neçə yeni kompozisiya da daxil olmaqla remiks albomu buraxıldı.
1997-ci ilə qədər onun qrupu "Didier Marouani & Space" adı altında çıxış edirdi. Həmin il Didye məhkəmədə Space adının hüquqlarını əldə edərək qrupu yenidən yaratdı. Buna baxmayaraq, "Symphonic Space Dream" (2002) və "From Earth To Mars" (2011) studiya albomları "Didier Marouani & Space" adı altında buraxılmışdır.[6][7]
1981 — The Best of Space (2 yeni kompozisiya olan yığma albom)
1996 — Space In A Trance (remikslər və yeni kompozisiyalar)
1982 — Paris-France-Transit
1983 — Concerts en URSS (canlı)