Stanislav Lem | |
---|---|
pol. Stanislaw Lem | |
Doğum adı | Stanisław Herman Lem |
Doğum tarixi | |
Doğum yeri | Lvov, Polşa |
Vəfat tarixi | (84 yaşında) |
Vəfat yeri | Krakov, Polşa |
Milliyyəti | Polyak |
Təhsili | |
Fəaliyyəti | filosof, esseist, ssenarist, fantastika yazıçısı[d], futurist, yazıçı, şair, həkim, tədqiqatçı, dramaturq |
Fəaliyyət illəri | 1946-2006 |
Əsərlərinin dili | Polyak |
Janrlar | Elmi fantastika, fəlsəfə, satira |
Tanınmış əsərləri | |
Üzvlüyü | |
Mükafatları | |
lem.pl | |
Vikianbarda əlaqəli mediafayllar |
Stanislav Herman Lem (polyakca: Stanisław Herman Lem; 12 sentyabr 1921[1][2][…], Lvov[1] – 27 mart 2006[3][2][…], Krakov[4]) – polyak yazıçısı, satirik, filosof, fantast və futuruloqudur. Onun kitabları 40 dilə tərcümə edilmiş, 30 milyondan artıq tirajla satılmışdır. Virtual reallığın, süni intellektin yaradılmasını qabaqcadan xəbər verdiyi, həmçinin süni dünyaların və bu kimi başqa şeylərin yaradılması ilə insanın avtotəkamül ideyasını inkişaf etdirdiyi “Texnologiyanın yekunu” fundamental əsərin müəllifidir.
Stanislav Lem 1921-cil sentyabrın 12-də Polşanın Lvov (Lvov indi Ukraynanın tərkibindədir) şəhərində, həkim ailəsində anadan olub. Sonralar o, öz xatirələrində yazırdı: “Mən dörd yaşımda yazmağı öyrəndim. Doğrudur, bu qabiliyyətimdən əməlli-başlı istifadə eləyə bilmədim. Atama ilk məktubumu anamla birlikdə getdiyim Skole şəhərindən yazmışam; bu məktubda mənim taxtadan olan əsl kənd tualetindəki macəralarımın macəralarımın bir qismi təsvir olunurdu. Bəli-bəli, taxta döşəməsində deşiyi olan həmin tualetdəki. Doğrudur, bəzi şeylərin üzərindən sükutla keçdim. Həmin o deşiyə mən öz ev sahibimizin açar dəstini atmışdım...”
1932-ci ildə II kişi gimnaziyasında oxumağa başlayır və 1939-cu ildə oranı qurtarıb orta təhsil haqqında attestat alır.
1939-1941-ci illərdə Lvov Dövlət Tibb İnstitutunda oxuyur; o, bura dolayı yolla qəbul olunmuşdur: ilk dəfə sənədlərini texniki instituta vermişdi, texniki fənləri daha maraqlı hesab edirdi. İmtahanları uğurla verməsinə baxmayaraq, “sağlam sosial sinfə” mənsub olmadığına görə (atası varlı həkim, yəni burjua idi), onu instituta qəbul etmədilər. Yalnız atasının məşhur dostlarının köməyi ilə ona təhsilini tibb institutunda davam etdirməyə imkan verdilər.
Almanlar Polşanı işğal edəndən sonra Stanislav Lem xammal emalı ilə məşğul olan alman firmasında mexanik köməkçisi və qaynaqçı işləyir. 1944-cü ildə, Sovet ordusu Lvova daxil olandan sonra Lem yenidən tibb institutunda təhsilini davam etdirməyə başlayır. 1946-cı ildən Lvov Ukraynaya ilhaq edilir və Stanislav Lem Krakova qayıdıb orada tibb təhsilini davam etdirir. 1948-ci ildə Krakovdakı Yaqellon universitetinin tibb fakültəsini bitirir. Stanislav Lem tibb təhsili haqqında şəhadətnamə alır, amma hərbi həkim olmaq istəmədiyindən axırıncı imtahanları verməkdən boyun qaçırır. 1948-1950-ci illərdə kiçik assistent kimi işləyir.
1953-cü ildə Stanislav Lem həkim Barbara Lesnyak ilə evlənir. Şərqi Almaniyaya, Praqaya, Sovet İttifaqına səfərlər eləyir. 1982-ci ildə Polşada hərbi vəziyyət elan olunandan sonra Stanislav Lem vətənini tərk edir. 1983-cü ildə Vyanaya köçür. 1988-ci ildə Polşaya qayıdır. 90-cı illərdə, əsasən həftəlik katolik, aylıq “Odra” və “RS Maqazine” jurnalının polyak dilində çıxan versiyası ilə əməkdaşlıq eləyir.
Stanislav Lem uzunsürən ürək xəstəliyindən sonra 2006-cı il martın 27-də Krakovda 84 yaşında vəfat etmişdir.
1946-cı ildən əsərləri çap olunmağa başlayır. Lemin ilk romanı olan “Aydan gələn adam” Polşada nəşr edilən həftəlik jurnalda çap olunur. 1948-ci ildə Lem ikinci romanını, həm də qeyri-fantastik romanı olan “Təyinatını dəyişən xəstəxananı”nı yazır və bundan sonra da onun, əsasən, elmi-texniki, fantastik roman və povestləri, hekayələri, pyesləri çap olunmağa başlayır. 1951-ci ildə isə ilk elmi-fantastik kitabı olan “Astronavtlar” çapdan çıxır.
Lemin öz yazdığına görə, onun yaradıcılığına Amerika yazıçısı, Nobel mükafatı laureatı Sol Bellounun, ingilis yazıçısı, elmi-fantastik ədəbiyyatın banisi Herbert Corc Uellsin, Amerika filosofu, kibernetikanın banisi Norbert Vinerin, riyazi informasiya nəzəriyyəsini yaradanlardan biri olan Klod Elvud Şennonun, məşhur fransız yazıçısı Jül Qabriel Vernin, ingilis filosofu və fantastika yazıçısı Uilyam Olaf Stepldonun böyük təsiri olmuşdur.
Bu yazıçının yaradıcılığında oxucunu heyrətə salan ən üstün cəhət onun tamlığı və çoxcəhətliliyi, çoxşaxəliliyi ustalıqla uyğunlaşdıra bilməsidir: II Dünya müharibəsinin faciəvi hadisələri haqqında realistik trilogiyalar, uşaqlığı barədə avtobioqrafik kitablar, ciddi elmi fantastika, ulduzlarda gəzişən Sakit İyonun uydurma kosmik macəraları, robotların nağılları, olmayan kitablar haqqında rəylər, elmi əsərlər, ədəbiyyatşünaslıq monoqrafiyaları... “Nəyə görə o, Dostoyevskinin “Gizlindən qeydlər”inə belə tez-tez müraciət eləyir” sualına Lem, Stanislav Bereslə söhbətində belə cavab vermişdi: “Aman Allah, axı XX əsrin bütün “qara fəlsəfəsi” azman embrionlar kimi bu kitabda gizlənmişdir. Siz orada Kamyunun bütün iztirablarını tapa bilərsiniz. Orada hər şey spermatozoidin başlığı kimi sıx qablaşdırılmışdır...” Öz növbəsində, Lemin yaradıcılığı, yəqin, hələ yazılmamış kitabların gələcək embrionlarını özündə gizləyir.
Əsasən, aşağıda adları qeyd olunan əsərləri onu məşhurlaşdırmışdır: “Aydan gələn adam” (1946), “Təyinatını dəyişən xəstəxana” (1948), “Astronavtlar” (1951), “Sakit İyonun ulduz gündəliyi” (1953-1959), “Magellan buludu” (1955), “Zorla Aldebarana girmə” (1959), “İstintaq” (1959), “Edem” (1959), “Ulduzlardan qayıtma” (1961), “Vannada tapılan əlyazma” (1961), “Solyaris” (1961), “Məğlubedilməz” (1964), “Robotların nağılı” (1964), “Texnologiyanın yekunu” (1964), “Pilot Pirks haqqında hekayə” (1968), “Təsadüfün fəlsəfəsi” (1968), “Futuroloji konqres” (1971), “Zökəm” (1975), “Qolem XIV” (1981), “İflas” (1986), “Yer üzündə sülh” (1987) və s.
1973-cü ildə Amerika Elmi Fantastlar Cəmiyyəti ədəbiyyat sahəsindəki uğurlarına görə onu öz sıralarına qəbul edir, lakin Lem bu cəmiyyətin sıralarında çox qalmır. Amerika elmi fantastikasının aşağı səviyyədə olmasını kəskin tənqid elədiyinə görə cəmiyyət üzvlüyündən xaric olunur. Lemin cəmiyyətin sıralarından xaric edilməsindən sonra Maykl Murkok və Ursula Le Quin də etiraz əlaməti olaraq cəmiyyət üzvlüyündən istefa verirlər.
Stanislav Lem yaradıcılıq nailiyyətlərinə görə bir çox adlara və mükafatlara layiq görülüb. Polşa Yazıçılar Assosiasiyasının üzvü, Vroslavski Politexnik İnstitutunun fəxri doktoru, Polşa Elmlər Akademiyasının üzvü (1994), bir çox milli və xarici mükafatların laureatı, o cümlədən Polşa Dövlət Mükafatı (1976), Avstriya Dövlət Mükafatı (1986), Frans Kafka mükafatı laureatı, “Ağ Qartal” ordeninin kavaleri (1996), çoxlu sayda elmi dərəcənin sahibi olub.
“İnsanlar ölmək istəmir, insanlar əbədi yaşamaq da istəmir” – deyən Stanislav Lem bir fantast yazıçı olmaqla yanaşı həm də düşüncələrini fəlsəfi suallarla yoraraq bütün bəşəriyyəti min illərlə narahat edən mövzular ətrafında düşünmüş və bunu əsərlərində tez-tez müxtəlif formalarda ifadə etmişdir. Ən məşhur əsəri hesab edilən “Solyaris” romanında bəşər övladı kosmosun əngilliklərində qəribə bir planet kəşf edir. Tədqiqatlar nəticəsində müəyyən edilir ki, planet bütövlükdə düşünən “beyin”, yəni qeyri-üzvi intellekt, azman təfəkkür okeanıdır. Solyaris adı verilən bu planeti tədqiq etməkçün ora yollanan alimlərin və kosmonavtların başlarına qəribə hadisələr gəlir: planet həmin insanların yaddaşında olan ən unudulmaz, ən təsirli iz buraxmış və onları nə vaxtsa dərindən sarsıtmış, təhtəlşüurlarında əbədi məskən salmış yaxınlarını (keçmiş sevgililərini, ailə üzvlərini və s.) fantomlar, yəni planetin onların beyinlərindəki informasiyadan istifadə edərək rekonstruksiya etdiyi, onların qarşısında süni şəkildə meydana çıxartdığı “insanlarla” qarşılaşdırır. Tədqiqat üzvlərinin psixi durumu pisləşir, konfliktlər artır, hətta qrup üzvlərindən biri özünə qəsd etməkdən belə çəkinmir. Bütövlükdə romanın süjet xətti, insan təfəkkürünün, onun yaşantılarının, hisslərinin, emosiyalarının, xarakterinin planetlə, “nəhəng beyinlə”, sonsuz intellekt dənizi ilə kəskin mübarizəsindən gedir. Bir sözlə Solyaris bütün bəşər sivilizasiyasını tərəqqi və rasional idrak cəhətdən milyon illərlə üstələmiş, nəhəng kosmik “yoq”, “müdrik filosof”, “özünə qapanmış dahi” olaraq insana onun acizliyini, kosmik məkandakı cılızlığını, bitib tükənməyən şöhrətpərəstlik və lovğalıq buxovunda vurnuxduğunu göstərməyə çalışır və sanki bundan bezibmiş kimi, həm də insanların inadkarlıq və qətiyyətinə tabe olubmuş kimi (bunu tabeçilikdən çox, əhəmiyyət verməməzlik adlandıra bilərik) mübarizədən imtina edərək yenədən öz milyon illik yuxusuna gedir.