Statinlər və ya HMG-CoA reduktaza inhibitorları lipidləri azaldan dərmanlardır. Aşağı sıxlıqlı lipoprotein xolesterol səviyyələrini azaltmaq üçün istifadə edilən ən çox yayılmış dərman vasitələrindən biri sayılırlar.[1][2] Statinlərin təyin olunduğu andan kursu kəsmədən ömürlük qəbulu tələb olunur (orqanizmin vəziyyətindən asılı olaraq).[3][4]
Əksər hallarda statinlər xəstələr tərəfindən yaxşı qəbul edilir, lakin bəzən dərman qəbul edərkən yan təsirlər baş verə bilər. Çox vaxt xəstələr baş ağrılarından və yüngül əzələ ağrılarından, həmçinin ürəkbulanmadan şikayətlənirlər.[5][6]
Statinlərin beynəlxalq qeyri-patent adlarının siyahısına lovastatin, rosuvastatin, atorvastatin, simvastatin [7], pitavastatin , pravastatin və fluvastatin daxildir. Statinlərlə birləşən dərmanlar da var, məsələn, statin və xolesterinin absorbsiyası inhibitoru.[8]
Atorvastatin və simvastatin bir çox ölkələrdə tibbi istifadə üçün həyati vacib dərmanlar siyahısına daxil edilmişdir.[9]
Xolesterin bədən tərəfindən qidanın həzminə kömək edən bütün steroid hormonları, D vitamini və öd turşularını yaratmaq üçün tələb olunur.[10] Xolesterinin təxminən 75% -i qaraciyər hüceyrələri tərəfindən istehsal olunur və 25% -i qida ilə bədənə daxil olur.[11] İki növ xolesterin var: aşağı sıxlıqlı lipoprotein (adətən "pis") və yüksək sıxlıqlı lipoprotein xolesterin (nisbətən "yaxşı"). Bəzən həyat tərzi, genetika və ya pəhriz səbəbiylə qanda “pis” xolesterinin səviyyəsi yüksəlir ki, bu da ürək-damar xəstəliklərinin inkişaf riskini yaradır.[12]Bunun səbəbi "pis" xolesterinin bədəndəki digər maddələrlə birləşərək damarların daxili divarlarında "ateroskleroz lövhələri" adlanan sərt çöküntülər əmələ gətirməsidir. Lövhələr qan damarlarının lümenini daraldır, onları daha az elastik edir. Bəzən lövhələr parçalanır ki, bu da ürəyin işemik xəstəliyi, miokard infarktı və digər ürək-damar xəstəliklərinə səbəb ola bilər.[13]
Statinlər qaraciyərdə "pis" xolesterinin sintezini və müvafiq olaraq qanda konsentrasiyasını azaldır. Beləliklə, preparatın təsiri ürək-damar xəstəliklərinin yaranmasından qoruyur və ölüm hallarını azaldır.
Statinlərin "pis" xolesterin səviyyəsini aşağı salmaq və qan damarlarının divarlarında iltihabı azaltmaq qabiliyyəti müəyyən ürək-damar xəstəliklərinin və ya onların ağırlaşmalarının inkişaf riskini azaltmağa təsir edir. Tədqiqatlar göstərir ki, miokard infarktı kimi ürək-damar və insult kimi xəstəliklərin yaranma riskində 21% azalma var.[14] Tipik olaraq, statinlər ciddi yan təsirlər olmadığı halda ömür boyu davam etdirilməsi məsləhət görülür.[3][4]
Amerika kardioloqlar kolleci (ACC) və Amerika Ürək Assosiasiyasının (AHA) 2019-cu il üçün ürək-damar xəstəliklərinin ilkin profilaktikası üçün tövsiyələrinə əsasən, testləri aşağı sıxlıqlı lipoprotein xolesterinin çox yüksək səviyyədə olduğunu göstərən 20-75 yaş arası insanlara - 190 mq/dl (və ya 4,90 mmol/l-dən çox), statin terapiyası dərhal təyin olunmalıdır. Ürək-damar xəstəliyinin əlamətləri olmayan insanlara statinlərin təyin edilib-edilməməsinə qərar vermək üçün həkimlər həmin insanlarda xəstəliyin inkişaf edə biləcəyi riskini qiymətləndirib sonra qərar verirlər. Bunun üçün ilk növbədə risk faktorları müəyyən edilir: siqaret çəkmək, arterial hipertenziya (yüksək qan təzyiqi), şəkərli diabet, hiperlipidemiya (“pis” xolesterinin səviyyəsinin artması və/yaxud “yaxşı” xolesterinin səviyyəsinin azalması), piylənmə, ailədə ürək xəstəliyi tarixinə diqqət yetirilməsi, gənc yaşda qohumlarda damar xəstəlikləri (55 yaşa qədər kişilərdə və 65 yaşa qədər qadınlarda) və s.[15][16]
Miokard infarktı, insult və ya periferik arteriya xəstəliyi kimi müəyyən ürək-damar xəstəliyi olan insanlar üçün vəziyyətin pisləşməsinin və ya təkrarlanmasının qarşısını almaq üçün statinlər təyin edilir. Tədqiqatlar göstərir ki, pis xolesterin səviyyəsi 70 mq/dL-dən aşağı düşərsə damarlardakı xolesterin nöqtələrinin ölçüsü azala bilər. Miokard infarktı və ya koronar arteriya əməliyyatından sonra xəstələrə hətta normal xolesterin səviyyələrində də statinlər təyin oluna bilər.[17][18][19]
Ailəvi hiperkolesterolemiyası olan xəstələrdə doğuşdan etibarən çox yüksək səviyyədə aşağı sıxlıqlı lipoprotein xolesterin əmələ gəlir, bu da onları ürək-damar xəstəliklərinin erkən inkişafı üçün yüksək risk altında qoyur. Bu vəziyyətdə mütəxəssislər pəhriz və həyat tərzində dəyişikliklər, məcburi müntəzəm fiziki fəaliyyət, eləcə də ömürlük statin terapiyası tövsiyə edirlər. Uşaqda ailəvi hiperkolesterolemiya diaqnozu təsdiq edildikdə, statinlərlə müalicəyə təxminən 10 yaşından başlamaq tövsiyə olunur.[20][21][22]
1 və ya 2-ci tip diabetli xəstələrdə ürək-damar xəstəliklərinin inkişaf riski yüksəkdir.[23][24] Onu azaltmaq üçün onlar qanda qlükoza səviyyəsini daim nəzarətdə saxlamalı, sağlam həyat tərzi keçirməyə çalışmalıdırlar və bundan əlavə, şəkərli diabet xəstələrinin əksəriyyəti xolesterini azaldan dərmanlar, yəni statinlər qəbul etməlidirlər. UpToDate tibbi məlumat bazasına əsasən, onlar 40 yaşdan yuxarı və ya ürək-damar xəstəlikləri üçün bir neçə risk faktoru (məsələn, ailədə ürək-damar xəstəliyi, yüksək xolesterin, yüksək qan təzyiqi və ya piylənmə) olan xəstələrə təyin edilir. Statinlər insanın xolesterinin səviyyəsi normal olsa belə, infarkt, insult və vaxtından əvvəl ölüm riskini azaldır.[25]
Əksər hallarda statinlər tövsiyə olunan dozalarda istifadə edildikdə xəstələr üçün təhlükəsizdir. Ancaq bütün dərmanlar kimi statinlərin də bir sıra yan təsirləri var. Aşağıdakı arzuolunmaz təsirlər bu dərmanların müxtəlif növləri üçün ümumidir: baş ağrısı, başgicəllənmə, zəiflik, həzm sistemi ilə bağlı problemlər (qəbizlik, ishal, həzmdə problemlər, meteorizm ), əzələ ağrısı, yuxu problemləri.[26]
Bəzi statin növləri ilə baş verə biləcək nadir yan təsirlərə aşağıdakılar daxildir: saç tökülməsi, libidonun azalması, dəri səpgiləri, qaraciyər və ya mədəaltı vəzin iltihabı. Bədən müalicəyə uyğunlaşdıqca bəzi yan təsirlər zamanla yox ola bilər. Yan təsirlər davam edərsə və gündəlik həyatınızda problem yaratmış olarsa, həkiminiz dərmanı və ya onun dozasını dəyişə bilər.[27]
Nadir hallarda statinlər 2-ci tip diabet riskinin artmasına, qaraciyər fermentlərinin artmasına və ya ciddi əzələ zədələnməsinə səbəb ola bilər. Anlamaq lazımdır ki, statinlərin faydaları adətən bu dərmanların qəbulu üçün göstərişləri olan xəstələrdə onların istifadəsi risklərindən üstündür. Mənfi hallar baş verərsə, həkimə müraciət edilməlidir.[28]
Statinlər qəbul edən bəzi xəstələr idrak funksiyaları ilə bağlı problemlər bildirirlər - yaddaş itkisi və qarışıqlıq.[29][30] Bu mövzuda aparılan tədqiqatların nəticələri bu günə qədər son dərəcə ziddiyyətlidir, məsələn, bəzi nəticələr demensiya kimi ağırlaşmaları göstəribsə, digərləri isə yaddaşa mənfi, lakin bərpa olunan və qısamüddətli yan təsir göstərdiyi nəticəyə gəliblər. Həkimlər qeyd edirlər ki, bu mövzunun dərindən öyrənilməsi zəruridir.
Əzələ ağrısı statinlərin ümumi yan təsiridir, dərmanın yan təsirləri sırasında müşahidə tədqiqatlarında əzələ ağrısı şikayətləri olduqca tez-tez rast gəlinir (10-15%).
Bəzi tədqiqatlar göstərir ki, statinlərlə müalicə olunan xəstələrdə karbohidrat mübadiləsinin pozulması və 2-ci tip diabetin inkişafı riski bir qədər yüksək ola bilər. Əgər şəxs statin terapiyasına başlamazdan əvvəl qan şəkərinin səviyyəsini yüksəltmişsə, bu halın baş vermə ehtimalı artır. Lakin ürək-damar xəstəliyinin inkişaf riskinin azalması bu mümkün yan təsirdən üstün hesab edilir.[31]
Qaraciyərin zədələnməsinin dərəcəsini müəyyən etmək üçün alanin aminotransferaza (ALT) fermentinin səviyyəsi qiymətləndirilir. Statinlərlə müalicə alan xəstələrin 0,5-2,0%-də ALT-də orta artım müşahidə olunur. Çox vaxt bu, statin molekulunun növü və ya dərmanın yüksək dozaları ilə əlaqədardır. Tədqiqatlar ALT-də bu kiçik artımın qaraciyər funksiyasındakı dəyişikliklərlə əlaqəli olmadığı qənaətinə gəlir. Xüsusi xəstəlikləri olmayan insanlarda bu cür patoloji vəziyyətlərin qaraciyər çatışmazlığına qədər irəliləməsi olduqca nadirdir, ona görə də statinlərlə müalicə zamanı ALT səviyyələrinin müntəzəm olaraq yoxlanılması vacib deyil.[31]
Bəzi statinlər klaritromisin, proteaz inhibitorları ( insan immunçatışmazlığı virusunun (HİV) və hepatit C -nin müalicəsinə daxil edilə bilər), siklosporin, gemfibrozil, oral kontraseptivlər və digoksin kimi digər dərmanlarla qarşılıqlı təsir göstərə bilər. Məsələn, HİV proteaz inhibitorlarının və ya hepatit C virusu inhibitorlarının müəyyən statinlərlə eyni vaxtda istifadəsi miopatiyanın və ya rabdomiyolizin inkişaf riskini artıra bilər. HİV və ya hepatit C virusu proteaz inhibitorları lovastatin və simvastatin ilə birlikdə istifadəsi tövsiyə olunmur.[32][33]
Qreypfrut şirəsi atorvastatin, lovastatin və simvastatinin təsirini artırır ki, bu da yan təsirlərin riskini artıra bilər, buna görə də bu kimi şirə və qidalardan statinləri qəbul edərkən (və ya gündə yarım qreypfrutdan çox olmamaq şərti ilə) çəkinmək lazımdır.[34][35] Həddindən çox spirtli içki qəbul edən xəstələr də statin terapiyasında ciddi yan təsirlərin inkişaf riskini artırırlar.
Hamilə və əmizdirən qadınların statinlərdən istifadəsi məsləhət görülmür, çünki bu dövrlərdə onların təhlükəsizliyinə dair heç bir inandırıcı sübut və ya araşdırma hələki yoxdur.[36]
Qeyd: Statinlər aşağı sıxlıqlı lipoprotein xolesterinin səviyyəsini və ürək-damar xəstəlikləri riskini azaltmaq üçün ən yaxşı öyrənilmiş və ən çox istifadə edilən dərmanlar sinfidir.[37] Statinlər qəbul edərkən hədəf lipid səviyyələrinə nail olunmursa və ya xəstənin bu dərmanların istifadəsinə mane olan əks göstərişləri varsa, həkim ezetimib, PCSK9 inhibitorları və ya öd turşusu sekvestrantları təyin edə bilər. Standart Omeqa-3 əlavələri əhəmiyyətli fayda göstərməmişdir və buna görə də tövsiyə edilmir.[38][39][40] Balıq yağı, darçın, sarımsaq, sarıkök, bitki sterolları və qırmızı maya düyü də xolesterini və aşağı sıxlıqlı lipoprotein səviyyələrini azaltmır.
Həyat tərzi qanda xolesterinin səviyyəsinə böyük təsir göstərə bilər, buna görə də statin qəbul edərkən sağlam qida, müntəzəm fiziki fəaliyyətlə məşğul olmaq, sağlam çəki saxlamaq və pis vərdişlərdən imtina etmək vacib sayılır. Statinlər təyin etməzdən əvvəl həkimlər xəstədən xolesterin səviyyələrinin necə reaksiya verdiyini görmək üçün həyat tərzində dəyişiklik etməyi xahiş edə bilərlər. Bəzən həyat tərzinin dəyişilməsi aşağı sıxlıqlı lipoproteinlərin səviyyəsini azaltmaq üçün kifayət edir.[41]
2007-ci ildə statinləri bir-biri ilə və ya digər müalicələrlə müqayisə edən 192 tədqiqatda maliyyə mənbələrinin tədqiqat metodları və nəticələrinə təsirini qiymətləndirdi. Tədqiqat dərmanının istehsalçısı tərəfindən maliyyələşdirilən tədqiqatlar, müqayisəli dərman istehsalçısı tərəfindən maliyyələşdirilənlərə nisbətən istehsalçının istədiyi nəticələri göstərmə ehtimalı 20 dəfə çox idi. Ümumdünya Səhiyyə Təşkilatı-nın nəşrində qeyd edilirdi ki, statinlərin profilaktik məqsədlərlə istifadəsi çox sayda insanda potensial zərərə səbəb olmuşdur.[42]
Getşe ( dan. Peter Christian Gøtzsche) bu barədə qeyd etmişdir ki, statinlərin qəbulu ürək xəstəliyindən ölüm hallarını azalda, lakin digər səbəblərdən ölüm riskini artıra bilər. Məsələn, serivastatin qəbul edən xəstələr əzələ zədələnməsi və böyrək çatışmazlığı səbəbindən vəfat etdikdən sonra bazardan çıxarıldı.