Su-25 | |
---|---|
| |
Tipi | Hücum təyyarəsi |
Hazırlayan | Suxoy Dizayn Bürosu[d] |
İstehsalçı |
Ulan-Ude Aviasiya Zavodu Tbilisi Aviasiya Zavodu |
Baş konstruktor |
P.O.Suxoy E.A.İvanov |
Dizayner | Suxoy KB |
İlk uçuş | 22 fevral 1975 |
İstismara verilmə tarixi | 1981 |
Status | Aktiv xidmətdə |
İstismarçılar |
Rusiya Hərbi Hava Qüvvələri Azərbaycan Hərbi Hava Qüvvələri Belarus Hərbi Hava Qüvvələri Ukrayna Hərbi Hava Qüvvələri |
İstehsal ili | 1978–davam edir |
Buraxılış sayı | 1000+ |
Vahidinin qiyməti | 3[1]— 10[2] mln. $ |
Variantları |
Su-39 Su-25UTQ Su-28 Su-25T |
Vikianbarda əlaqəli mediafayllar |
Suxoy Su-25 (rus. Су-25) (NATO kod adı: Frogfoot) — SSRİ tərəfindən istehsal edilən iki mühərrikli, tək oturacaqlı hücum və hava dəstək təyyarəsi. Bu təyyarə Sovet Quru Qoşunlarını yaxın hava dəstəyi ilə təmin etmək məqsədilə konstruksiya olunmuşdur. İlk prototipin uçuş testləri 22 fevral 1975-ci ildə həyata keçirilmişdir. Sınaqları uğurla tamamladıqdan sonra 1978-ci ildə Gürcüstan Sovet Sosialist Respublikasının paytaxtı olan Tiflis şəhərində seriyalı istehsalına başlanılmışdır.
Bu döyüş təyyarəsinin ilkin variantlarına iki oturacaqlı təlim-döyüş təyyarəsi olan Su-25UB, Su-25BM, həmçinin xarici ölkələrə ixrac üçün nəzərdə tutulmuş Su-25K daxildir. 2012-ci ildə bəzi təyyarələr Su-25SM səviyyəsində modernizasiya olunmuşdur. Su-25T və Su-25TM (digər adı ilə Su-39) növbəti modernizasiya variantları hesab olunsa da, bu variantlar geniş istehsal olunmamışdır. Su-25 və Su-34 qırıcıları 2007-ci ildə istehsal olunan yeganə zirehli, sabit qanadlı döyüş təyyarələri idi. Su-25-lərin əksər hissəsi hazırda Rusiya və digər MDB dövlətləri tərəfindən istismar olunur.
Su-25 döyüş təyyarəsinin müxtəlif variantları 30 ildən çox müddətdir ki, bir çox döyüş əməliyyatlarında aktiv istifadə olunur. 1979-1989-cu illərdə baş vermiş Əfqanıstan müharibəsi ərzində mücahidlərə qarşı dəfələrlə anti-partizan əməliyyatlarında iştirak etmiş bu təyyarələr, hazırda Suriya vətəndaş müharibəsində Rusiya HHQ tərəfindən istifadə olunur.
Su-25 haqqında doğru olaraq bilinən bir yanlış var ki, bu Su-25-in qırıcı olmasıdır. Su-25 heç bir hava döyüşündə "dog fight" iştirak edə bilmədiyinə görə, hücum və hava dəstək təyyarəsi adlanır.
Azərbaycan Hərbi Hava Qüvvələri müstəqillik dövründə 5 ədəd Su-25 döyüş təyyarəsi itirib. Azərbaycan HHQ-nin ilk döyüş təyyarəsi də məhz Su-25 olub. Bu təyyarəni Milli Qəhrəman, ilk pilot, leytenant Vaqif Qurbanov 1992-ci il aprelin 8-də keçmiş Sovet Ordusunun Sitalçay aviabazasından qaçıraraq Qarabağ döyüşlərində istifadə edib. Yevlax Hava Limanında bazalaşdırılan bu təyyarə vasitəsilə azərbaycanlı pilot döyüşdə ermənilərin onlarla texnikasını, silah anbarını, 1 ədəd hərbi vertolyotunu, 1 ədəd YaK-40 təyyarəsini məhv edib. Vaqif Qurbanovun idarə etdiyi Su-25 təyyarəsi 1992-ci il iyun ayının 13-də Əsgəran üzərində ermənilər tərəfindən vurulub. Pilot həlak olub.
İkinci Su-25 təyyarəsi 1992-ci il oktyabrın 10-da Şuşa rayonunun Malıbəyli kəndi üzərində Ermənistan ordusunun zenit bölmələri tərəfindən vurulub. Pilot katapult etsə də, paraşütü açılmadığından həlak olub.
Üçüncü Su-25 isə 23 aprel 1994-cü ildə döyüşlərdə vurulub. Pilot katapult edərək sağ qalıb.
Azərbaycan Ordusu dördüncü Su-25 təyyarəsini isə təlim zamanı itirib. 2010-cu il martın 3-də saat 17:00 radələrində Şəmkir rayonu ərazisində planlaşdırılmış təlim uçuşu zamanı Su-25 hərbi təyyarəsi qəzaya uğrayıb. Təyyarənin pilotu Famil Elman oğlu Məmmədli qəza nəticəsində həlak olub. Qəzaya uğramış Su-25 son illərdə alınıb. Təyyarə Gürcüstandakı Tiflis Aviasiya Zavodunda istehsal olunub.[3]
Beşinci Su-25 2011-ci ilin fevralında qəzaya uğrayıb. Pilotlar katapult edərək sağ qalıblar.
Müharibəyə qoşulan Su-25 təyyarələrindən ibarət ilk birlik Azərbaycan Sovet Sosialist Respublikasının Sitalçay aerodromunda dislokasiya olunmuş 200-cü müstəqil hücum eskadrilyasına məxsus qırıcılar idi. İlk on bir döyüş təyyarəsi 1981-ci ilin may ayında Sitalçaya çatmışdı.[4]
19 iyul 1981-ci ildə 200-cü müstəqil hücum eskadrilyasına məxsus Su-25-lər Əfqanıstanın qərbində yerləşən Şindand aerodromuna yerləşdirildi. Həmin birləşmənin əsas vəzifəsi dağlıq relyefdə mövqe tutan əfqan üsyançılara zərbə endirməkdən ibarət idi. Əfqanıstana göndərilmiş növbəti Su-25 qırıcıları Ukraynanın Jovtneve şəhərində dislokasiya olunmuş 368-ci hücumçu aviasiya alayına məxsus idi. Bu hərbi birləşmə isə hərbi əməliyyatlar keçirmək məqsədilə Əfqanıstanın şərqinə göndərilmişdi.
Sovet qoşunlarının Əfqanıstanda olduğu müddət ərzində Su-25 döyüş təyyarələri vasitəsilə mücahidlərin mövqelərinə ümumilikdə 139 dəfə müxtəlif növdə idarəolunan raketlərlə zərbə endirildi. Orta hesabla, hər bir Su-25 il ərzində qarşı tərəfin mövqelərinə 360 hava hücumu gerçəkləşdirdi ki, bu da müharibə ərzində istifadə olunan digər bütün növ döyüş təyyarələri arasında ən yüksək göstərici hesab olunurdu. Müharibə başa çatana qədər müxtəlif hərbi birləşmələrə məxsus 50-yə yaxın Su-25 qırıcısı Əfqanıstana aid aerodromlarda yerləşmişdi. Müharibənin davam etdiyi 1981 və 1989-cu illər aralığında Sovet Hərbi Hava Qüvvələrinə məxsus 21-23 ədəd Su-25 döyüş əməliyyatları ərzində, 9 ədəd isə yerdə saxlanıldığı halda vurulmuşdur.[5]
Su-25-lər 1980 və 1988-ci illər aralığında baş vermiş İran-İraq müharibəsində də istifadə olunmuşdur. Bu döyüş təyyarələri müharibə ərzində əsasən İraq Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunurdu. Müharibənin sonuna qədər İraq HHQ-nə məxsus Su-25-lər təqribən 900 hava hücumu həyata keçirmişdi. Müharibə ərzində baş vermiş döyüş toqquşmalarından birində İraqa məxsus bir ədəd Su-25 İran tərəfindən MIM-23 Hawk zenit-raket kompleksi ilə vurularaq məhv edilmiş, lakin pilot vaxtında katapult edərək sağ qalmışdır. Bu hadisə bütün müharibə boyunca İran tərəfindən İraqa məxsus Su-25-ə qarşı həyata keçirilmiş yeganə uğurlu əməliyyat hesab olunur. Müharibə başa çatdıqdan sonra Səddam Hüseyn İraq HHQ-nin bütün Su-25 pilotlarını ölkənin ən yüksək hərbi mükafatı ilə təltif etmişdir.[6]
1991-ci ildə baş vermiş Körfəz müharibəsi ərzində koalisiya qüvvələrinin böyük hava üstünlüyünə sahib olması İraq Su-25-lərinə üstünlük əldə etməyə imkan vermədi. 25 yanvar 1991-ci ildə İraqdan havalanan İraq HHQ-nə məxsus yeddi ədəd Su-25 İranda yerə endi.[7]
6 fevral 1991-ci il axşamı ABŞ Hərbi Hava Qüvvələrinin 53-cü taktiki döyüş eskadrilyasına aid iki ədəd F-15C döyüş təyyarəsi İraqa məxsus iki ədəd MiQ-21 və iki ədəd Su-25 qırıcısını tutmağa nail oldu. Baş vermiş döyüş toqquşmasında İraqa məxsus dörd təyyarənin hər biri amerikalı pilotlar tərəfindən məhv edildi. Vurulan Su-25-lər isə İranla dövlət sərhədinin yaxınlığında səhraya düşdü. Bu hadisə müharibə ərzində İraq Su-25-lərinin yeganə hava döyüşü oldu.[6]
Gürcü hökuməti 1992-1993-cü illərdə baş vermiş Birinci Abxaziya müharibəsi ərzində abxaziyalı separatçılara qarşı döyüşlərdə Su-25-lərdən istifadə etmişdir.[8] 4 iyul 1993-cü ildə Abxaziyanın Eşera kəndi yaxınlığında mövqe tutan separatçılar Gürcüstan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 döyüş təyyarəsini Strela-3 hava hücumundan müdafiə kompleksi ilə vuraraq düşürməyi bacarmışdır.[9][10]
4 Oktyabr 2020-ci ildə polkovnik Zaur Nudirəliyev idarə etdiyi Su-25 hücum təyyarəsi Cəbrayıl istiqamətində ona verilən döyüş tapşırığını yerinə yetirmək üçün təyin olunmuş hədəfə yaxınlaşan zaman mərkəzi komanda məntəqəsinə məlumat daxil oldu ki, düşmənin hava hücumundan müdafiə vasitələri hərəkətə keçib. Kəşfiyyat məlumatımıza görə, həmin ərazidə düşmənin hava hücumundan müdafiə vasitələri olmamalı idi. Ermənilər tərəfindən Su-25 hücum təyyarələrinin vurulması ehtimal böyük idi. Buna görə onlara dərhal Azərbaycan pilotlarına geri dönmək tapşırığı verildi. Həmin vaxt polkovnik Zaur Nudirəliyev təyin olunmuş hədəfə zərbə endirib geri qayıdırdı. Bundan sonra o çağırışa cavab vermədi. Artıq polkovnik Zaur Nudirəliyevin idarə etdiyi Su-25 hücum təyyarəsi Ermənistan hava hücumundan müdafiə vasitələri tərəfindən vurulmuşdu. Ağır yaralanmasına baxmayaraq polkovnik katapult edə bilərdi. Lakin o düşmənə əsir düşməmək üçün katapult etmədi. Düşmənə ağır zərbə vurmaq üçün öz canından keçib təyyarəni düşmənin canlı qüvvə və zirehli texnikasına çırpdı və qəhrəmancasına şəhid oldu. Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən həmin istiqamətdə düşmənin hava hücumundan müdafiə vasitələri tam məhv edildi. Bununla “Zərbə” pilotsuz uçuş aparatları, döyüş helikopterlər və hücum təyyarələri üçün geniş istifadəyə imkan yaradıldı. Məhz onların fəaliyyəti nəticəsində Ermənistanın xeyli sayda artilleriya qurğuları, tank, digər zirehli texnikası və canlı qüvvəsi məhv edildi.[11]
17 oktyabr 2020-ci il tarixində saat 11:11 radələrində və 18 oktyabr 2020-ci il 12:30 da olmaqla Cəbrayıl istiqamətində Azərbaycan Ordusu mövqelərinə hava zərbələri endirməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə məxsus 2 ədəd Su-25 təyyarəsi Hava Hücumundan Müdafiə bölmələrinin dəqiq atəşi ilə məhv edilmişdir.[12][13]
Oktyabrın 29-da saat 13:18 və 13:20 radələrində cəbhənin Qubadlı istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin iki “Su-25” hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.[14]
2 noyabr 2020-ci il tarixində saat 10:50 radələrində cəbhənin Zəngilan istiqamətində Azərbaycan Ordusunun mövqelərini bombalamağa çalışan Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus "Su-25" hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən atıcı silahlarla məhv edilib.[15][16][17]
Model | Qısa məlumat | Qeyd |
---|---|---|
Su-25 | Bir oturacaqlı hücum və hava dəstək təyyarəsi | |
Su-25UB | İki oturacaqlı döyüş-təlim təyyarəsidir. Kiçik ölçülü mobil və stasionar yerüstü hədəfləri, habelə aşağı sürətli hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub. Kabinanın böyüdülməsi ilə yanacaq çənin həcmi azaldılmışdır. Doyüş qabiliyyəti Su-25 ilə eynidir. İlk prototipi 1985-ci il 12 avqustda sınaq uçuşu keçirmişdir. | |
Su-25K | Xaricə satılması üçün hazırlanmış variant. Aviadaşıyıcıdan katapult ilə havalana bilir. | |
Su-25UBK | Xaricə satılması üçün hazırlanmış variant. Su-25-dən yalnız kabinə daxilindəki bəzi detallarla fərqlənir | |
Su-25BM | ||
Su-25T | Tank əleyhinə hücum təyyarəsi | |
Su-28 | Aero L-39 Albatros təyyarəsinə alternativ hazırlanmış təlim təyyarəsi(Su-28 və ya Su-25UT adlanır). Su-25UB əsasında hazırlanıb. Su-25UB-dən fərqli olaraq daha yüngüldür, silahları idarəetmə sistemi, silah yuvaları və mühərrik zirehi yoxdur. | |
Su-25UTQ | Aviadaşıyıcıdan havaya qalxmaq və eniş etmək təlimləri üçün hazırlanmış versiya | |
Su-39 | Tank əleyhinə təyyarə. Su-25T-nin 2ci nəsli(Su-25TM və ya Su-39 adlanır) | |
Su-25KM | Gürcüstan Hərbi Hava Qüvvələrinin modernləşdirilmiş hücum təyyarəsi | |
Su-25SM | Su-25in modernizasiya olunmuş | |
Su-25UBM | İki oturacaqlı doyüş-təlim təyyarəsi. Su-25UB əsasında hazırlanıb. Həm hücum həm də kəşviyyat təyyarəsi kimi istifadə oluna bilər. | |
Su-25M1 | Su-25in Ukrayna tərəfindən modernizasiya olunmuş variantı | |
Su-25UBM1 | Su-25UB-nin Ukrayna tərəfindən modernizasiya olumuş variantı | |
Su-25SM2 | ||
Su-25SM3 | ||
Su-25ML | Türkiyənin TUSAŞ şirkəti tərəfindən modernləşdirilmiş versiya. Su-25 ML hücum təyyarələri "Laçın" adlanır. 2024-cü ildə Azərbaycana təhvil verilib.[18][19] |