Sərbəst ticarət zonası (ing.Free trade area) — müəyyən bir coğrafi ərazidə ticarət əməliyyatlarının daha sərbəst və stimullaşdırılmış şəkildə aparılması üçün yaradılan xüsusi iqtisadi bölgədir.[1] Bu zonalarda gömrük rüsumları, vergilər və digər ticarət məhdudiyyətləri ya azaldılır, ya da tamamilə ləğv edilir. Məqsəd yerli və xarici sərmayəçiləri cəlb etmək, ixrac potensialını artırmaq və ölkə iqtisadiyyatını canlandırmaqdır.[2] Sərbəst ticarət zonaları adətən limanlar, hava limanları və ya strateji əhəmiyyətli ticarət mərkəzləri ətrafında təşkil edilir.
Bu zonalar sahibkarlıq fəaliyyətinə geniş imkanlar yaradaraq xarici investisiyaların artmasına şərait yaradır. Sərbəst ticarət zonalarında[3] şirkətlər daha az bürokratik maneələrlə üzləşir və ucuz resurslara çıxış əldə edir. Nəticədə, bu bölgələrdə yeni iş yerləri yaradılır, texnologiya mübadiləsi həyata keçirilir və beynəlxalq əməkdaşlıq inkişaf edir. Buna görə də sərbəst ticarət zonaları qlobal iqtisadi inteqrasiyanın vacib elementlərindən biri hesab olunur.[4]
“Sərbəst ticarət zonası” termini ilkin olaraq Tariflər və Ticarət üzrə Baş Sazişdə (QATT 1994) yalnız malların ticarətini əhatə etmək üçün nəzərdə tutulmuşdu.[5] Oxşar məqsəd daşıyan saziş, yəni xidmətlər ticarətinin liberallaşdırılmasını gücləndirmək üçün Xidmətlər Ticarəti üzrə Baş Sazişin (GATS) V maddəsində “iqtisadi inteqrasiya sazişi” kimi qeyd olunur.[6] Bununla belə, praktikada bu termin yalnız malları deyil, həm də xidmətləri və hətta investisiyaları əhatə edən müqavilələrə istinad etmək üçün geniş şəkildə istifadə olunur.[7]
Sərbəst ticarət zonalarının hüquqi aspektləri bu zonaların fəaliyyətinin tənzimlənməsi və effektiv işləməsini təmin etmək üçün xüsusi qanun və normativ aktlarla müəyyən edilir.[8] İlk növbədə, sərbəst ticarət zonalarının yaradılması və idarə edilməsi üçün hüquqi baza hazırlanır. Bu baza ticarət əməliyyatlarının, gömrük rejimlərinin, vergi güzəştlərinin və xarici investisiyaların hüquqi statusunu tənzimləyir.[9] Həmçinin, bu zonalarda fəaliyyət göstərən şirkətlərə xüsusi imtiyazlar, o cümlədən azaldılmış vergilər, gömrük rüsumlarından azadolma və sadələşdirilmiş lisenziya prosedurları təqdim edilir.[10]
Hüquqi çərçivə beynəlxalq standartlara uyğun olmalı və yerli qanunvericiliklə uzlaşmalıdır.[11] Bundan əlavə, sərbəst ticarət zonalarında hüquq
pozuntularının qarşısını almaq və mülkiyyət hüquqlarını qorumaq üçün xüsusi qaydalar tətbiq edilir.[12]
Beynəlxalq investisiyaların hüquqi təminatının yaradılması, müqavilə öhdəliklərinin yerinə yetirilməsi və ticarət mübahisələrinin həlli üçün arbitraj mexanizmləri də əhəmiyyətlidir.[13] Belə hüquqi təminatlar sərbəst ticarət zonalarının cəlbediciliyini artırır və iqtisadi inkişaf üçün sabit və etibarlı mühit yaradır.[14]
↑Mavroidis, Petros C. "Free Lunches? WTO as Public Good, and the WTO's View of Public Goods". European Journal of International Law (ingilis). 23 (3). 2012-08-01: 731–742. doi:10.1093/ejil/chs055. ISSN0938-5428.