Tallin Texniki Universiteti

Tallin Texniki Universiteti
Loqonun şəkli
Şüar "Mente et manu!" azərb. "Ağılla və əllərlə!"
Əsası qoyulub 17 sentyabr 1918
Tip dövlət universiteti
Şəhər Tallin
Ölkə
Ünvan Estoniya
Sayt taltech.ee
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tallin Texniki Universiteti (est. Tallinna Tehnikaülikool - TTÜ) — Estoniyanın paytaxtı Tallində yerləşən ali təhsil müəssisəsi; texniki sahə üzrə ixtisaslaşan ali təhsil ocaqlarından biri.

Texniki sahə üzrə əhatəli tədris prosesinin və elmi-tədqiqat işlərinin həyata keçirildiyi ali məktəblər sırasında Tallin Texniki Universiteti xüsusi mövqeyə malikdir. Universitet 1918-ci ilin 17 sentyabr tarixində Estoniyanın paytaxtı Tallin şəhərində məktəb kimi fəaliyyətə başlayıb və 1938-ci ildə universitet statusu əldə edib.

Estoniya Texniki Cəmiyyəti tərəfindən yaradılan məktəb maşınqayırma, elektrotexnika, gəmi inşaatı, hidrotexnika, tikinti və memarlıq sahələri üzrə ixtisaslaşmışdı. 1919-cu ilin payızından etibarən məktəb Tallin Texnikumu adlandırılmağa başlanır. Texnikumun təhsil strukturuna aqromeliorasiya, yer ölçmə və texniki kimya bölmələri əlavə olunur. 1920-ci ildə məktəb kursu ən aşağı və ən yüksək pillələr üzrə hazırlığa bölünür. 3 il təhsil müddətini əhatə edən hazırlıq kursu gələcəkdə tələb edilən təhsil səviyyəsinin alınmasına hesablanmışdı. Texnikumun ən aşağı pilləsi texniklər, ən yüksək pillə mühəndislər və memarlar hazırlayırdı. 1923-cü ildə hazırlıq kursu müstəqil texniki gimnaziya olur, beləliklə ən yüksək pillə ən yüksək texniki məktəbə çevrilir. Belə ki, texniki məktəbin tələbələrinin hüquqları Tartu Universitetinin tələbələrinin hüquqlarına bərabər hesab olunurdu.

Tallin texnikumunda 1923-cü ildə Dövlət sınaq mərkəzi işə başlayır. Əsas diqqət tikintidə, energetikada və kimyəvi sənayedə yerli təbii resurslardan istifadəyə ayrılır.

1934-cü ildə mühəndislərin hazırlığına Tartu Universitetində başlanılır. 1936-cı ildə texniki fakültə Tallin Texnikumuna köçürülür. Texnikum həmin ilin sentyabr ayının 17-də dövlət rəhbərliyi tərəfindən qəbul edilmiş qanun üzrə Tallin Texniki İnstitutu adlandırılır. Həmin dövrdə texniki institutda üç bölmə mövcud idi: inşaat, kimya, həmçinin mexanikanın və mexaniki texnologiyalar bölmələri.

1938-ci ilin 1 yanvarından institut universitet statusu əldə edir. Bundan sonra elmi dərəcələrin verilməsinə başlanılır. 1939-cu ildə elektrotexnika ixtisaslarına qəbul elan olunur. 1940-cı ildə iqtisadi fakültə yaradılır. 1958-ci ildə energetika, 1965-ci ildə avtomatika fakültələri fəaliyyətə başlayır.

1941-ci ildə və 1944-dən 1989-cu ilə qədər müəssisə dövründə Tallin Politexnik İnstitutu adlanırdı (est. Tallinna Polütehniline Instituut - TPI). Tallin Texniki Universiteti adı SSRİ Nazirlər Şurasının 21 iyul 1989-cu il tarixli, 257 nömrəli qətnaməsi ilə bərpa edilir.

1992-ci ildə universitetin tədris strukturunda bir sıra islahatlar aparılır. 1995-ci ildən bakalavrların hazırlığına başlanılır. 2002-ci ilin sentyabrından tədris proqramlarının (3 il bakalavriatura və 2 il magistratura) yeni sisteminə keçid həyata keçirilir, sonra təhsil prosesi Avropa universitetlərindəki tədris prosesi uyğunlaşdırılır. Bakalaviatura və magistratura təhsil pillələri üzrə ingilisdilli beynəlxalq səviyyə təhsili işə başlayır.

2008-ci ilin 27 mayında birləşmə haqqında müqavilənin imzalanması ilə Beynəlxalq Universiteti Tallin Texniki Universiteti nəzarəti altına keçib.

Tallin Texniki Universiteti zəngin çap və elektron materialların əhatə olunduğu böyük kitabxana sisteminə malikdir. Ali məktəbin kitabxanasında 700 mindən çox kitab, elektron formada isə 600 növ dövri nəşr və 12 mindən çox jurnal var. Bu Estoniyada ən böyük texnologiya kitabxanasıdır. Universitetin müasir texniki vasitələrlə təchiz olunmuş modern oxu zallarının yaradılması, elektron kitabxana sisteminin inkişaf etdirilməsi və multimedia xidmətləri ilə təminat tələbələrin lazımi biliklərə yiyələnməsində mühüm rol oynayır.

Qeyd edək ki, hazırda ümumilikdə universitetin binası (Wi-Fi) sistemi ilə tam əhatə olunub.

Bu gün ali təhsil ocağında 8 fakültə və 4 kollec fəaliyyət göstərir. Texniki universitet təxminən 14 000 tələbə və 2000 əməkdaşı ilə Estoniyanın mühəndislik və texniki təhsil üzrə lideridir. Tələbələrin sayı üzrə Estoniyada ikinci yeri tutur. Ali təhsilə fənlərarası yanaşma, innovasiya və texnologiyaların inkişafı universitetin tipik xüsusiyyətidir. Texniki, dəqiq, sosial və təbiət elmləri sahəsində ali təhsil vasitəsilə Estoniyanın perspektivli inkişafına dəstək bu ali məktəbin missiyası elan olunub. Universitetin şüarı hesab olunan "Mente et Manu!" latın dilindən tərcümədə "Ağılla və əllərlə!" mənasını ifadə edir. Bu ifadə Tallin Texniki Universitetində verilən təhsilin mahiyyətini izah edir. Belə ki, tələbələrə ağıllı qərarları qəbul etməyi və eyni anda düşündüklərini həyata keçirməyi bildirir.

Ali təhsil ocağında elmi-tədqiqat işlərinə də xüsusi diqqət yetirilir. Universitetin intensiv elmi-tədqiqat fəaliyyəti ona Avropanın aparıcı elmi mərkəzlərinin arasında ön mövqelərdə qərar tutmasını təmin edib.

Tallin Texniki Universiteti texniki, iqtisadi və humanitar ixtisaslar üzrə ali təhsil proqramlarının tam spektrini təklif edir. Tədris Eston, ingilis və rus dillərində həyata keçirilir.

Təhsil müəssisəsində yüksək peşəkar və akademik bacarıqların üçün bütün şərait yaradılıb, tətbiqi elmlərə inkişafına daha çox önəm verilir. Təhsil müəssisəsində vakansiyalar və karyeranın inkişafı üzrə tələbələrə informasiya təqdim edən konsultasiya bölməsi mövcuddur. Həmçinin bu bölmə tələbələrin sorğuları haqqında işə götürənləri məlumatlandırır.

Onu da qeyd etmək lazımdır ki, universitet bütün tələbələrin yaşayış yeri ilə təmin olunmasına zəmanət vermir. Lakin əcnəbi tələbələrin yerləşdirilməsi bu sahədə prioritet hesab olunur. Beynəlxalq tədris mərkəzinin personalı yaşayış yerinin axtarışında xarici tələbələrə dəstək göstərir.

Yataqxanada qalmanın dəyəri kommunal xidmətlərdən əlavə (təqribən €20) aylıq €70 təşkil edir.

Tallin Texniki Universitetinin bakalavriatura, magistratura və doktorantura pillələrini əhatə edən çoxsaylı təhsil proqramları 8 fakültə üzrə strukturlaşdırılıb: mülki tikintisi, energetika, sosial, informasiya texnologiyaları, kimya və materialların texnologiyaları, iqtisadiyyat və biznesin idarə etməsi, riyaziyyat, təbiət elmləri və maşınqayırma fakültələri

İnformasiya Texnologiyaları fakültəsi Tallin Texniki Universitetinin səkkiz fakültəsindən ən böyüyüdür. Fakültə 1965-ci ildə yaradılıb və hazırda burada 2500 tələbə təhsil alır.

Fakültə 2007-ci ildə tamamilə müasir şəkildə qurularaq yenidən təchiz edilib. Korpusda elmi işlərin keçirilməsi üçün çox əlverişli imkan yaradılıb.

Fakültədə bakalavriatura təhsil pilləsi üzrə tədris prosesinin həyata keçirildiyi kompüter sistemləri, informatika, biznes-infotexnologiya, telekommunikasiya, elektronika və bionika, magistratura üzrə isə sadalanan ixtisaslarla yanaşı ingilis dilində həyata keçirilən Cyber security və Software Engineering, doktorantura üzrə infotexnologiya və kommunikasiya texnologiyaları ixtisasları fəaliyyət göstərir.

Fakültə hər il informasiya texnologiyaları, telekommunikasiya və informasiya sistemlərində idarəetmə sahəsində yüksək ixtisaslı mütəxəssisləri buraxaraq sözügedən sahənin inkişafında əhəmiyyətli rol oynayır.