Talmud

Talmud

Tövratı təfsir edən alimlər-ravvinlər yəhudi xalqının həyatında mühüm rol oynadılar. Onlar Tanahı (Tövrat) təfsirlə sadə camaata izah edirdilər. İnsanlar müxtəlif məsələlərlə bağlı ravvinlərə müraciət edir, onlardan gündəlik problemlərlə bağlı məsləhət alır, Əhdi-Ətiq müəllimləri isə öz növbəsində, yaranmış məsələlərə uyğun hökm çıxarırdılar. Bu hökmlər, qaydalar, təfsirlər əzbərlənərək nəsildən-nəsilə ötürülürdü.

Zaman keçdikcə, şifahi ənənənin yazıya alınması zərurəti yarandı. Çünki hər gün məhkəmələrdə nikah, təsərrüfat və s. bu kimi məsələlərlə bağlı yüzlərlə iş qaldırılırdı; təəssüf ki, bunlara dair Əhdi-Ətiqdə heç bir şey deyilmirdi. Bunu nəzərə alan ravvinlər, Yəhudi dininin gələcəyini düşünərək, Tövratın nəsildən-nəsilə keçən təfsirini və izahını yazıya aldılar, nəticədə çoxcildli külliyat meydana gəldi. Qələmə alınan bu külliyyat Talmud adlandırıldı.

Talmud ibrani dilində "təlim" deməkdir. Bu şərhin müasir variantı 19 cilddən ibarətdir, lakin 24 cildlik variantı da var. Yəhudilər Talmuda Tövrata qədər hörmət edirlər. Talmud ibrani və aramey dillərində yazılmışdır. Kitab üç əsas hissədən (Mişna, Babil Talmudu, Yerusəlim Talmudu) və iki ikinci hissədən (Tosefta və Barita) ibarətdir. Bəzi hallarda əlavə kitablar Talmudun bir hissəsi hesab olunur, bu kitablar Halachic kitabları adlanır:

  1. Mişna – yəhudi ənənəsinə görə, Sina dağı'nda Musa'ya verilən Halachadır. Bütün mövcud Mişnalar Moşeyə aid edilir.
  2. Yerusəlim (Qüds) Gemarası – Bu kitab İsraildə Tiberiya, Safed, Xevron və Yerusəlim müdrikləri tərəfindən yazılmışdır. Bu, Mişnanın İsrail torpağı təfsiridir
  3. Babilistan Gemarası – Bu kitab indi İraqın bir hissəsi olan Babildə yazılmışdır. Bu kitab İsrail torpağından kənarda yaşayan dini müdriklərin Mişnasına dair şərhdir.
  4. Tosefta – Talmud kanonuna daxil edilmiş, lakin Talmud imzalandıqdan sonra əlavə edilmiş ənənəvi atributlu Mişnalar. Onlar etibarlı Mişna hesab olunurlar, lakin Talmud kanonu artıq möhürləndikdən sonra yenidən redaktə edilə bilmədiyi üçün Talmuddan kənarda qaldılar.
  5. Berayta – Onları kimin yazdığı məlum deyil, lakin onlar hələ də Talmudun mühüm bir hissəsidir.
  6. Halaxa kitablar – Bunlar Tövrat və Talmudu şərh etmək üçün fövqəladə bacarıq nümayiş etdirən ravvinlər tərəfindən yazılmış halaça kitablarıdır. Onların bəziləri yəhudi mistisizmi "Kabbala" və nazil olan və mesajlar çatdıran mələklərə (məsələn, mələklə danışan bir ravvin əsasında Magid Meyşarim kitabı), Və bəziləri Tövrat və Talmudu şərh etmək üçün qeyri-adi qabiliyyətə əsaslanır ki, bu da din alimlərinə bu kitabları Talmud kanonuna daxil etmək səlahiyyətini verdi (bağdadlı ravvin Yosef Xaimin halachik kitabları kimi).

Mişna ibranicə "Təkrar" deməkdir və Talmudun əsas mətnini təşkil edir. Mişnada Yəhudi dininin dini-əxlaqi qayda və qanunları izah edilir. 190–220-ci illər arasında Yəhuda ha-Nasi tərəfindən qələmə alınmışdır. Onun tərtib olunmasında iştirak etmiş ravvinlər isə aramicə "tannaim" olaraq adlandırılmışlar.

Mişna altı bölümdən ibarətdir: Zeraim (təsərrüfatla bağlı hökmlər); Moed (bayramlarla bağlı hökmlər); Nashim (qadınlarla bağlı hökmlər); Nezikin (cəza və mülki hüquqla bağlı hökmlər); Kodashim (müqəddəs əşyalarla bağlı hökmlər); Teharoth (təmizliklə bağlı hökmlər).

Talmudun Gemara bölümü Mişnanın şərhi mahiyyətindədir. Gemara "təlim, tədqiq edilən" mənasındadır. Gemarada ravvinlərin Mişna ilə bağlı mübahisələri, əxlaqi, huquqi, fəlsəfi və sosioloji mövzular geniş yer almışdır. Burada yəhudi din alimlərinin əxlaqi təlimləri müxtəlif misallarla və örnəklərlə İudaizm ardıcıllarına izah edilir. Gemara iki müxtəlif varianta: Qüds və Babilistan Gemarasına bölünür. Babilistan Gemarasının toplanması IV əsrə, Qüds Gemarasının yazılması isə VII əsrə təsadüf edir. Babilistan Gemarası şərq arami ləhcəsində, Qüds Gemarası isə qərb arami ləhcəsindədir. Babilistan Gemarasının mətni daha uzun, kamil və müfəssəldir.

Eyni zamanda, Talmud məzmuna görə də iki hissəyə — Qalaxa və Aqqada bölünür. Qalaxa ibranicə "məfhum, anlayış, həyat tərzi" deməkdir. Burada Tövratın mətninin hüquqi təfsirinə əsaslanan və məcburi qanunlar şəklini alan hüquqçuların mülahizələri yer almışdır.

Aqqada ibranicə "hekayə, rəvayət" deməkdir. Bu hissə müxtəlif ibrətamiz hekayələr, əxlaqi rəvayətlər və məcburi səciyyə daşımayan dini nəzəriyyələrdən ibarətdir. Aqqada Talmudun ən az nüfüza malik olan hissəsidir. Çünki bu bölümdə daha az dini bilgilərə yer verilmişdir. Aqqada ravvin təliminin humanitar hissəsini özündə ehtiva edir. Bu bölümdə istənilən mövzu tapmaq olar. Tarix, folklor, tibb, biologiya, bioqrafiya, etika, astronomiya, məntiq, qədim müəllimlər haqda xatirələr, həmçinin xeyli sayda əfsanələr bu bölümün tərkib hissəsidir.

Talmud– yəhudi dünyagörüşünün ensiklopediyasıdır. Bu əsəri yalnız peşəkar dinşünaslar başa düşə bilər. Qədim mətnlər və obrazlar, o dövrün dini düşüncə tərzi, bu kitabı çətin anlaşılan edir. Yəhudi dünyagörüşü ilə bağlı istənilən maraqlı mövzunu bu dini əsərdə tapmaq olar.

Bu kitabın ensiklopedik və çoxəhatəli məzmunu, onun stilistik zənginliyi, özünəməxsus üslubu, ravvinlərin mübahisələri və dialoqları, astronomiya, riyaziyyat, təbiət elmləri sahəsində məlumat bolluğu, onu digər Müqəddəs Kitablardan fərqləndirir.

Talmudda göstərilmiş və əmr edilmiş həyat tərzi bütün İsrail xalqını birləşdirmiş, yəhudiləri digər millətlərdən fərqləndirmiş, həmçinin onlara düşmən qüvvələrə qarşı fenomenal dayanıqlılıq və yaşayış yerindən asılı olmayaraq milli birlik hissi vermişdir.

Bütün bunlarla yanaşı, orta əsr yəhudisi Talmudda mənəvi təskinlik tapırdı. Talmud başqa ölkələrdə yaşayan yəhudilər üçün "vətən" idi. Bir sözlə, yəhudi xalqının əsrlər boyu mövcud olmasında, başqa millətlər tərəfindən assimilyasiya olunmamasında Talmudun danılmaz rolu var.