Bu məqalə qaralama halındadır. |
Tamğa və ya Damğa — türk və monqol tarixi baxımından son dərəcə vacib sənəd.
Tamğalar hələ türklərdə yazının olmadığı zamanlarda meydana gəlib. O gündən bu günə qədər türk qrupları tərəfındən bir simvol olaraq işlədilib. Ayrıca bu tamğaların bəziləri türklərin ilk əlifbası olan Runik əlifbanın bəzi hərflərini meydana gətirib. Türk adının yazılı olduğu günümüzdəki ən qədim sənəd olan orxon abidələri də Runik əlifbayla yazılıb. Qədim türklərin xalı, kilim, məzar daşı kimi əsərlərdə vurduqları tamğalar, bəzən hərf, bəzən simvol, bəzən ornament, bəzən də bir sirr olaraq bizə gəlib çatıb.
Tamğa qədim türk dilində "tamka", qumuq dilində "tamğa", tatarca "tamqa" Azərbaycan türkcəsində "damğa" , monqolca "tamaqa", rus dilində isə "tamqa" şəklində keçir.[1]
Elmə məlum olan ən qədim tamğaların təqribən 5000 il yaşı vardır. Qədim ornamentlərin ilk nümunələrinə Poleolit dövrünə aid qayaüstü təsvirlərdə, arxeoloji tədqiqatlar zamanı aşkar olunan saxsı qab, daş və sümük bəzək əşyaları və s. üzərində rast gəlinir. Neolit dövrünün mədəniyyətlərində onlar yeni formalar, fərqli işlənmə texnikası və tətbiq sahələri ilə təkmilləşmiş, rəmzi mahiyyətini, ibtidai dini inanclarla bağlılıqlarını daha da möhkəmləndirmişlər.[2]
Türk xalqlarında tamğa işarələrinin təyinatı və funksiyaları kifayət qədər geniş olmuşdur. Onlara xalq, tayfa və ya nəsillərin dövlətçilik ənənələri, həyat tərzi, təsərrüfat fəaliyyəti, hərb sənəti, inancları ilə bağlı müxtəlif yerlərdə rast gəlmək mümkündür. Bunlara aşağıdakı misalları göstərə bilərik.
Qədim türk kitabələrində xalqların, hökmdarların tamğasından bəhs edilir. Uyğur xaqanı Moyon Çur xaqana aid kitabədə deyilir: "Ağ çadırımı taxtım ilə birlikdə çay kənarında qurub, Tanrıya dua edib, qurban kəsdim. Tamğalarımı və yazımı daşa həkk etmələri üçün əmr verdim. Dovşan ilində (751) tatarları müqavilə bağlamağa dəvət etdim. Min, on min il qalacaq tamğalarımı daş üzərində yazmaları üçün əmr verdim." [3]
Bu tamğaların bir özəlliyi də Amerika hindlilərinin Berinq boğazından keçərək Amerikaya köç edən ilk türklər və ya asyalılar olduqlarını müdafiə edən elm adamların qənaətinə görə ən vacib sübut olaraq ortaya çıxarılır. Gerçəkdən də qızıldərililərin adət-ənənələri və işlətdikləri tamğalar əski türk mədəniyyəti ilə vacib ölçüdə çarpazlaşır, üst-üstə düşür. Simvollar xalqların mədəniyyətində çox vacib olan nişanlardır. Xüsusilə türklər üçün simvollar, həm bir müstəqillik, həm də bir bəzək və sənət əşyası olmasının fövqündə duran mifoloji özəlliklərə sahibdir.
Türklərin yaradılış dəstanlarından olan "Oğuz xaqan dastanı"nda da türklərin 24 boydan meydana gəldiyi anladılır. Ayrıca 24 Oğuz boyunun tamğaları ya olduğu kimi ya da qismən dəyişərək başqa türk xalqları tərəfindən işlədilib.