Şərəfinə adlandırılıb | Teya |
---|---|
Böyük yarımoxu | 149.597.870.700 m |
Nəyin peykidir | Günəş |
Kütləsi | 600.000.000.000.000.000.000.000 kq[1] |
Teya (ing. Theia) — Günəş sisteminin ilkin dövrlərində mövcud olduğuna inanılan və Böyük toqquşma fərziyyəsinə görə bundan 4,31 milyard il əvvəl Yerlə toqquşaraq yox olan planet.[2] Fərziyyəyə görə Teya təqribən Mars ölçüsündə idi və 6000 km diametri vardı. Los-Anceles Kaliforniya Universitetində geoloq olan Eduard Yanq Apollon 12, Apollon 15 və Apollon 17 missiyaları zamanı gətirilən süxur nümunələrini müşahidə edərək, əvvəl təklif olunan fərziyyənin əksinə olan Teya planetinin Yerə üstdən dəydiyi düşüncəsini ortaya atmışdır.[3] Təklif olunan toqquşma modelinə görə Teyanın qalıqları Yerin ətrafında toplanaraq tədricən Ayı formalaşdırmışdır. Bəzi alimlər düşünür ki, Yer ətrafı orbitə saçılan qalıqlardan əvvəlcə iki peyk formalaşdı və sonradan onlar birləşərək bu gün bildiyimiz Ayı meydana gətirdi.[4][5] Böyük toqquşma fərziyyəsi Yerin nüvəsinin gözləniləndən daha böyük olmasının səbəbini də açıqlayır. Belə ki, toqquşma nəticəsində Teyanın mantiya və nüvəsi Yerlə qarışmışdır.[6] Teya adı yunan mifologiyası ilə bağlıdır. Belə ki, Teya yunan mifologiyasında Ay ilahəsi hesab olunan Selenanın anasıdır.
Teyanın Günəş sistemində Yerin L4 və L5 Laqranj nöqtələrindən keçən orbitinin olduğunu düşünürlər. Belə olacağı halda Teya Marsla müqayisə oluna biləcək şəkildə böyüyə bilərdi. Astronomlar belə hesab edir ki, Veneranın cazibə qüvvəsi Teyaya təsir edərək onu Yerlə toqquşma səviyyəsinə gətirmişdir.[7]
Böyük toqquşma fərziyyəsinə görə Teya Yerin L4 və L5 Laqranj nöqtələrində olan planetdi və Venera ya da Yupiterin cazibə qüvvəsinin təsirindən Yerlə toqquşmuşdur. Toqquşma baş verdikdən sonra orbitə saçılan maddələrdən Ay meydana gəlmişdir.[4][8] Bəzi astronomların düşüncəsinə görə ilk vaxtlar Teyanın qalıqlarından Mars və Veneranın orbitləri arasında ikinci asteroid qurşağı da vardı. Buna baxmayaraq alimlər əsasən Teyanın qalıqlarının ətrafa saçılmadığını və Ayla Yerin tərkibinə qarışdığı düşüncəsini qəbul edirlər.[9] Ayın formalaşması ilə bağlı yaranan əsas suallardan biri də Ayın daha çox Teyanın yoxsa, Teyanın Yerlə toqquşması nəticəsində Yerdən qopan hissələrin qalıqlarından meydana gəlməsi idi.[10] Apollon proqramı çərçivəsində Aydan gətirilən süxur nümunələrinin izotop tərkiblərinin öyrənilməsi nəticəsində Aydakı izotop tərkiblərinin Yerdəki ilə demək olar ki, eyni olduğu məlum oldu. Bu da Ayın daha çox Yerdən ayrılan hissələrdən yaranması düşüncəsini möhkəmlətmişdir.[11][12][13]