Bu məqaləni vikiləşdirmək lazımdır. |
Tur Heyerdal | |
---|---|
norv. Thor Heyerdahl | |
Doğum tarixi | 6 oktyabr 1914[1][2][…] |
Vəfat tarixi | 18 aprel 2002[1][3][…] (87 yaşında) |
Vəfat səbəbi | beyin xərçəngi[d] |
Uşaqları | 5 |
Təhsili |
|
Fəaliyyəti | tədqiqatçı-səyyah[d], antropoloq, arxeoloq, tarixçi, ssenarist, dəniz bioloqu, kinorejissor, dənizçi[d], etnoqraf, yazıçı, səyyah, tədqiqatçı |
Elmi dərəcəsi | |
Vikianbarda əlaqəli mediafayllar |
Tur Heyerdal (norv. Thor Heyerdahl, 6 oktyabr 1914[1][2][…] – 18 aprel 2002[1][3][…]) – tanınmış norveçli səyyah, etnoqraf və alim-antropoloq. Məşhur Kon-Tiki ekspedisiyası ilə Cənubi Amerikadan Tomatu adalarına qədər 7000 km-lik məsafəni sadəcə sal üzərində keçməklə dünyanı təəcübləndirmişdir.
Tur Heyerdal Norveçin cənubunda kiçik Larvik şəhərciyində anadan olmuşdur. İlk ekspedisiyası 1937–1938-ci illərdə Polineziyaya, Fatu-Hiva adasına olmuşdur. 1947-ci ildə isə Sakit okeanı "Kon-Tiki" adlı salda keçmişdir. Məhz bu səyahət ona sonralar dünya şöhrəti gətirir.
1950-ci illərdə çoxlarının unutmuş olduğu Pasxa adalarını yenidən kəşf edir, 1953-cü ildə isə Qalapaqos adalarına baş çəkir. O həmin dövrdə çoxlarının əsassız yerə inandırıcı görmədiyi adanın inklər tərəfindən kəşfi ve məskunlaşması ideyasını irəli sürür. 1969–1970-ci illərdə qədim misirlilərin Cənubi Amerikaya üzməsi nəzəriyyəsini sübut etmək üçün "Ra" və "Ra 2" sallarında Atlantik okeanı üzüb keçir. Tur Heyerdal həm də Pasxa, Qalapaqos və Kanar adalarında apardığı arxeoloji qazıntıları ilə də məşhurdur.
Məşhur səyyahın həyat və fəaliyyətinin bir qismi də Azərbaycanla bağlıdır. 1981-ci ilin avqustunda Tur Heyerdal ilk dəfə Bakıya gəlmişdir.
Qobustan arxeoloji ekspedisiyasının rəisi, arxeoloq alim Cəfərqulu Rüstəmovun xatirələrindən:"Ayın 28-də o, Bakıya və 29-da Qobustana gəldi. O, əslində Azərbaycana Qobustandakı qayıq təsvirlərinə baxmağa gəlmişdi. Özü də buraya gələnə kimi onun Qobustan qayıqları, onların dövrü haqda məlumatı var idi. Gəlməsindən məqsəd isə Qobustan "Tiqris"lərinin qamışdan hazırlandıqlarını və onların dövrü haqdakı məlumatları yoxlamaq idi.
onun arzusu ilə gəzib baxa biləcəyimiz sahələrdəki qayıq təsvirlərini ona göstərdim və biz bu təsvirlər ilə əlaqədar fikir mübadiləsi etdik. Söhbətimiz çox canlı keçirdi. Tərcüməçi — Heyerdalın kitablarını rus dilinə tərcümə etmiş, həm də onun dostu, Oslo universitetində təhsil almış Lev Jdanov dediklərimizi elə tərcümə edirdi ki, elə bil tərcüməsiz danışırdıq.
T. Heyerdal qayıq təsvirlərinə baxdıqca I tip qayıqların ağacdan, ikincilərin qamışdan və qarğıdan düzəldildiyinə etiraz etmədiyini bildirdi. Bir də onu ən çox maraqlandıran günəşin qayığın burun hissəsində verilməsi oldu. Axı o, qədim Misir qayıqlarında günəş təsvirinin qayığın burnunda yox, ortasında — dor ağacında təsvir olunduğunu görmüşdü. Özü də etiraf etdi, günəşin bu cür təsvirini birinci dəfədir, özü də Qobustanda görür. O, günəş təsvirinin günəşə sitayişlə əlaqədar olması fikri ilə razılaşdı.
Qonaqla əsas mübahisə Qobustan qayalarındakı qayıq təsvirlərinin tarixi barədə oldu. O, hələ Azərbaycana gələnə qədər Qobustan gəmilərinin e.ə. VII–VI minilliklərə aid edilməsini bilirdi və buna şübhə ilə yanaşırdı. Odur ki, o bildirdi ki, Şərq ölkələrində gəmi təsvirləri xeyli gec dövrlərə, cəmi 3500 il bundan əvvələ aid edilir. Bu, bizdən Qobustandakı gəmi təsvirlərinin qədimliyini əsaslandırmağı tələb etmək idi. Çünki o, Qobustanda qayıq təsvirlərinin tarixinin göstərdiyimiz qədər qədim olması ilə heç cür razılaşmaq istəmirdi.
Mən onunla bir saata qədər mübahisə etməli oldum. Ən əvvəl qonağa qədim qayaüstü təsvirlər, o cümlədən qayıq təsvirlərinin yarandığı dövrdə Qobustanda olmuş əlverişli təbii-coğrafi şəraitdən söhbət açdım. Sonra qonağa Qobustanda aparılmış arxeoloji qazıntılar nəticəsində əldə edilmiş materiallar, onların saxlanmış olduğu mədəni təbəqələr, buradan tapılmış, üzərində gəmi şəkli çəkilmiş daşları göstərdim və lazımi məlumat verdim. Bundan sonra o bildirdi ki, Qobustanda aparılan yüksəksəviyyəli arxeoloji qazıntı və tədqiqat işlərinin nəticələri Qobustan qayıqlarının qədimliyinə onda şübhə qoymur. Sonra etiraf etdi ki, Qobustanda qədim mədəniyyət və ibtidai incəsənət abidələrinin bu qədər zəngin, onun köklərinin, xüsusilə qayıq təsvirlərinin bu qədər qədim olmasını gözləmirmiş.
Sonra Tur bildirdi ki, hər şey indi ona aydın oldu, qayıqların tarixi ilə də, tədqiqatçıların nəticələri ilə də razıdır. Deməli, Qobustanda qayıq təsvirlərinin ən qədim olmasını və tarixini o bizə yox, biz ona dedik. O isə güman etdiyini bildirdi ki, ola bilsin Qobustan, kökləri çox qədimə gedən və indiyə qədər məlum olmayan, Mesopotamiyadan da qədim mədəniyyət ocağıdır. Onun bizdən qabaq, bizə dediyi əsas fikir bu idi"[4].
1 mart – 31 may 2012-ci il tarixlərində Milli Azərbaycan Tarixi Muzeyində dünya şöhrətli Norveç alimi, səyyahı Tur Heyerdala həsr olunmuş "Tur Heyerdal — Kon-Tiki adamı" ("Thor Heyerdahl – The Kon-Tiki Man") sərgisi fəaliyyət göstərmişdir. Tədbirin təşkilatçıları Norveç Krallığının paytaxtı Oslo şəhərində yerləşən Kon-Tiki Muzeyi, Norveç Krallığının Azərbaycan Respublikasında Səfırliyi və Milli Azərbaycan Tarixi Muzeyi idi. Sərginin sponsoru Norveçin "Statoil" şirkəti idi.
Sərgidə Tur Heyerdalın həyat və fəaliyyətini əks etdirən posterlərin, ekspedisiyalar zamanı istifadə olunan avadanlığın və qısametrajlı film nümayiş olunmuşdur.
Bundan əlavə Norveç-Azərbaycan mədəni əlaqələrinin inkişafında mühüm rol oynamış, 2006-cı ildə Norveçin Stavanger şəhərində keçirilmiş "Karvansara — Azərbaycan dünən və bu gün" sərgisinin foto və video görüntələrindən ibarət təqdimat nümayiş etdirilmişdir. Sərgidə görkəmli alimin oğlu, İdarə Heyətinin sədri, kiçik Tur Heyerdalın, Kon-Tiki Muzeyinin direktoru xanım Maja Bauge, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri, ölkənin elmi ictimaiyyəti iştirak etmişdir[5].