Turet sindromu | |
---|---|
| |
XBT-11 | 8A05.00 |
XBT-10 | F |
XBT-10-KM | F95.2 |
XBT-9 | |
XBT-9-KM | 307.23[1][2] |
OMIM | 137580 |
DiseasesDB | 5220 |
MedlinePlus | 000733 |
eMedicine | med/3107 |
MeSH | D005879 |
Vikianbarda əlaqəli mediafayllar |
Turet sindromu (Turet xəstəliyi, Jil de la Turet sindromu; DSM-5-də Turet pozuntusu, ing. Tourette’s disorder) — mərkəzi sinir sisteminin əsasən uşaq yaşlarında müşahidə edilən və çoxsaylı hərəkət tikləri və ən azı bir səs tiki ilə xarakterizə olunan genetik mənşəli pozuntusu.[3] Əksər hallarda Turet sindromu ilə diqqət çatışmazlığı və hiperaktivlik pozuntusunun eyni vaxtda özünü göstərdiyi komorbid vəziyyət müşahidə edilir.[4]
Sindrom Jan-Martin Şarko tərəfindən öz şagirdi, bu xəstəliyin görüldüyü 9 nəfər haqqında 1885-ci ildə hesabat dərc etdirmiş fransız həkimi və nevroloqu Jil de la Turetin (fr. Georges Gilles de la Tourette (1857–1904)) şərəfinə adlandırılmışdır.
Əvvəllər Turet sindromu nadir və qəribə bir xəstəlik hesab edilməklə yanaşı, həm də senzuradan kənar, cəmiyyətdə yersiz və təhqiredici hesab edilən söz və ifadələrin dilə gətirilməsi ilə assosiasiya olunurdu, lakin bu simptom Turet sindromu olan şəxslərin çox az qismində müşahidə edilir.
İndiki dövrdə bu xəstəlik nadir hesab olunmur, üstəlik heç də həmişə düzgün diaqnoz qoymaq mümkün olmur. Çünki əksər hallarda simptomlar yüngül formada özünü göstərir. 1000 uşaq arasında 1–10 nəfər Turet sindromundan əziyyət çəkən olur, 10 nəfərdən artığı isə müxtəlif tik pozğunluqları yaşayır. Turet sindromu olan şəxslərin intellekt səviyyəsi və ömür müddəti normada olur. Uşaqların əksəriyyətində tiklərin kəskinliyi yeniyetməlik dövrünün başa çatmasından sonra azalır, Turet sindromunun ağır dərəcəsi isə yetkinlik dövründə çox nadir müşahidə edilir.
Xəstəliyin dəqiq səbəbləri məlum olmasa da, sindromun etiologiyasında genetik və ekoloji faktorlar müəyyən rol oynayır. Əksər hallarda müalicəyə ehtiyac duyulmur. Çünki hər bir konkret tik üçün effektiv ola bilən dərman vasitəsi mövcud deyil, lakin xəstənin vəziyyətini yaxşılaşdıran dərmanların və müalicə metodlarının tətbiqi özünü doğruldur. Təlimlər, xəstəlik haqqında məlumat verilməsi və psixoloji dəstək — müalicə planının vacib tərkib hissələridir.