Türbə

Türbə – görkəmli müsəlman alimlərinin, vəliəhdlərin, hökmdar və hökmdar ailəsi üzvlərinin, əmirlərin, vəzir və hərbi rəhbərlərin qəbirləri üzərində ucaldılan, üzəri xüsusi qübbələrlə örtülmüş tikili. Tanınmış İslam mütəffəkirlərinin üstü açıq olan məzarlarına da onlara hörmət əlaməti olaraq türbə deyilir. Türbələr camaat tərəfindən ziyarətgaha çevrilir.

Novxanı qəbiristanlığı. Türbə
Möminə Xatun türbəsi

Bütövlükdə türbə anlayışı İslam təliminə ziddir və İslam ölkələrində türbə tikintisinin çox geniş yayılması, başlıca olaraq əsgi türk gələnəklərinin bu regionun xatirə memarlığına yönəldici təsir göstərməsi ilə bağlıdır.

İslam ölkələrinin memarlığını araşdıran mütəxəssislər qülləvari türbələrin məkan-konstruksiya və bədii memarlıq həllinin genetik kökləri barədə müxtəlif fikirlər irəli sürmüşlər. Qülləvari türbələrin soykökü haqqında elmi baxışlardan ən geniş yayılanı və daha inandırıcı dəlillərlə əsaslandırılanı bu memarlıq tipinin türk mənşəli olmasıdır.[1]

Bir qrup alim (M. Van – Beşem, E. Dits, N. Baçinski, O. Aslanapa) qülləvari türbələrin türk mənşəli olmasını təsdiq edərək, onların yaranmasını köçəri çadırının, yaxud köçəri xalqların başçılarının iri çadırlarının monumental memarlıqda yamsılanması ilə bağlayırlar. Q. A. Puqaçenkovanın fikrinə görə bu türbələr "ideyaca Orta Asiyanın və Qafqazın türk xalqlarının qədim kurqanabənzər dəfn tikintilərinə bağlıdır."

Sərdabənin dəfn tikilisi kimi ortaya çıxması isə başlıca olaraq tabbutda basdırma mərasimi ilə (Avropada bu adət daha çox xristianlıqda özünü göstərir) bağlıdır. Çin alimlərinin məlumatına görə hələ eradan əvvəl ikinci yüzildə hunlar ölüləri qızıl və gümüş işləməli, qalın parçaya bürünmüş ikiqatlı tabuta qoyurdular. Türk ədəbi abidələrində də belə mərasimlər və tikililər haqqında bilgilər saxlanmışdır. Məsələn Manas dastanında göstərilir ki, Manas öləndə "onu tabuta qoydular." Buradaca sərdabənin tikintisi səbəbi aydınlaşdırılır:

"Altından rütubət sızmasın deyə, Üstündən günəş istisi keçməsin deyə, Tabutu sarayın içərisində yerləşdirdilər."

"Yeraltı sarayda" belə dəfn mərasimi əbədi yeraltı həyat haqqında əski türk anlayışları ilə bağlı olub, sərdabə içərisində əlverişli, əgər belə demək mümkünsə, gerçək yaşayış şəraiti yaratmaq istəyindən doğmuşdur. Adı çəkilən türk xalq dastanında türbə "gerçək ev" adlandırılır ("Manas öldü…özünün gerçək evinə getdi").

Deyilməlidir ki, müsəlmanlıq çağının türk hökmdarları monumental xatirə tikililərinin inşaatına çox ciddi yanaşırdılar. XII yüzildə Böyük Səlcuq Sultanı Səncər sağ ikən paytaxtı Mərvdə özünə əzəmətli bir türbə tikdirir və onu "gələcək yaşayışın evi" adlandırır. Elxani hökmdarlarından Qazan xan XIII yüzilin sonunda Təbrizdə, Olcaytu xan isə Sultaniyyədə öncədəb özləri üçün azman türbələr ucaltmışlar. XIV yüzildə Əmir Teymur deyirdi ki, "xoşbəxt o kəsdir ki, içərisinə girməzdən öncə özünə türbə hazırlayır." XIII əsrin mütəfəkkir türk şairi Mövlana Cəlaləddin Rumi öz ardıcıllarına vəsiyyət etmişdi: "Bizim türbələrimizi elə uca tikin ki, onlar hər yerdən görünsün." Bu xatirə tikililərinin türkcə orijinal adı – türbət sözünün də anlamı "duran (daimi) ev" deməkdir. ("Tu / u / r" – duran – dayanan, "bet / d" – bina, xatirə binası, ev)

Bəllidir ki, insanın əski məqbərələri yaşayış evi obrazına yaxın olmuşdur. Ona görə təəccüblü deyil ki, qədim türklərin qəbirüstü tikililərinin müəyyən tipi yeraltı hissəsində qaradamı, yerüstü hissəsində isə biçimcə yurtanı – köçərilərin universal evini yamsılayırdı.

İstər şərq, istərsə də qərb səyyahları türk ellərinin kurqanabənzər çadırabənzər qəbirüstü tikililəri haqqında məlumatlar vermişlər. Onlardan İbn Fədlanın X yüzilin başlanğıcında Qərbi Türküstanda yaşayan oğuz türklərinin dəfn mərasimi haqqında olan məlumatıdır. O yazmışdı: "Əgər onlardan adam ölübsə, onun üçün evəbənzər, böyük bir qəbir qazırlar…Sonra onu həmin evə qoyurlar, üstünü tirlərlə örtürlər, onun üstündə isə gildən yurtabənzər tikili ucaldırlar."

Oğuz türklərinin bu ikiqatlı xatirə binaları dəfn tikililərinin türk tiplərinin təkamülü nəticəsində yaranmış, habelə özündə kurqanabənzər (qaradamabənzər) və yurtabənzər qəbirüstü tikililərin gələnəklərini birləşdirmişdi. Elə bu xatirə tikililəri qülləvari türbələrin prototipi – örnəyi olmuşdur. Onların müsəlman dünyasında əsas yayıcıları Səlcuqlular olmuşlar.

Qülləvari türbələrin intensiv formalaşma prosesi Səlcuqlular dövründə getmiş, onlar XI – XII yüzillərdə bitkin quruluş kompozisiyası olaraq geniş ərazidə dayanıqlı memarlıq tipinə çevrilmişdir. Elə buna görə də çağdaş Avropa alimləri onları çox vaxt Səlcuq türbələri adlandırırlar.

  1. C. Qiyasi – Nizami dövrünün memarlıq abidələri, Bakı, İşıq nəşriyyatı, 1991, səh 83