USS Nevada | |
---|---|
USS Nevada | |
Təşkilat | |
İstehsal yeri | Kuinsi[d] |
Şərəfinə adlandırılıb | Nevada |
İştirak etdiyi döyüşlər | |
Kütləsi | 27.500 t |
Dəyəri | 5.895.000 $ |
Vikianbarda əlaqəli mediafayllar |
"USS Nevada (BB-36)" (ing. USS Nevada (BB-36)) — ABŞ hərbi-dəniz donanmasının xətt gəmisi. ABŞ-nin 36-cı ştatının şərəfinə adlandırılmış ikinci hərbi gəmi. "Nevada" xətt gəmiləri tipli ilk gəmi.
1914-cü ildə suya salınmış "USS Nevada (BB-36)" drednout texnologiyasında irəliyə atılmış addım idi və onun dörd yeni xüsusiyyəti ABŞ-də ondan sonra tikilmiş bütün gəmilərdə öz əksini tapmışdı: üçqat silah qülləsi[1], yanacaq kimi kömür əvəzinə mazut işlətməsi, üzmə məasəfisni artıran mühərrikli buxar turbinləri[2] və "hər şey yaxud heç nə" zirehlənmə prinsipi. Bu xüsusiyyətlər "USS Nevada (BB-36)"ın ABŞ HDQ-nin ilk "super-drednoutu" adlandırmağa imkan verirdi. Yanacaq kimi neft məhsullarının seçilməsi çox vacib və uğurlu qərar idi. Kömür neftlə müqayisədə uduzurdu. Gəmilərin neft məhsulları ilə işləməsi onları kömürün bunkerdən sobaya daşınması, sobaların kömürün yanma məhsullarından təmizlənməsi (hər üç saatdan bir), çirk və kömür tozunun toplanması (xüsusilə də, optika üzərində), kömür şaxtalarında qaz yığılması səbəbindən əlavə ventilyasiyaya ehtiyac yaranması və sair kimi problemlər dən xilas edirdi[3].
Hələ 1903-cü ildə qərara alınmışdı ki, ABŞ-nin "Monro doktrinası"nı həyata keçirməsi üçün 11 min km hərəkət radiusuna malik hərbi gəmilərin olması zəruridir. 1907–1909-cu ildə dünya okeanlarında üzən Böyük Ağ Donanmanın əsas məqsədi ABŞ-nin hərbi-dəniz konfliktini yaponların daxili dənizlərinə daşıya biləcəyini Yaponiyaya sübut etmək idi. Bu doktrinanın həyata keçirilməsi üçün yeni və daha müasir hərbi gəmilər tikilməli idi[4].
"Nevada"nın tikintisi ABŞ Konqresinin 4 mart 1911-ci ildə qəbul etdiyi aktla qərara alınmışdı. Müqavilə "Fore River" Gəmiqayırma şirkəti ilə bağlanmışdı və layihənin büdcəsi 5 895 000 ABŞ dolları təşkil edirdi (silah və zireh istisna olmaqla). Gəmi 36 ay boyunca tikilmişdi. Əlavə xərcləri əhatə etmək üçün 50 000 ABŞ dolları məbləğində əlavə müqavilə bağlanmışdı. Gəmi 11 iyul 1914-cü ildə suya buraxılmışdı[5].
Müvafiq sınaqları keçdikdən sonra "Nevada" 26 may 1916-cı ildə Nyüportda lövbər salmış Atlantik donanmasına qoşuldu. ABŞ 1917-ci ilin aprelində Birinci Dünya müharibəsinə qoşulsa da, "Nevada" Britaniyada mazut çatışmazlığı səbəbindən ABŞ-ni tərk etmir[6] və amerikanlar ancaq kömürlə çalışan gəmiləri ("Delaver", "Florida", "Vayominq" və "Nyü-York") müttəfiqlərinə kömək üçün göndərirlər.
"Nevada" ancaq 1918-ci ilin avqustunda müttəfiqlərin donanmasına qoşulur və bu məqsədlə ABŞ-dən göndərilən sonuncu gəmi olur. On günlük yolu qət edən "Nevada" avqustun 23-də İrlandiyada yerləşən Berehaven limanına daxil oldu və müharibənin qalan aylarında "Nevada" "Yuta" və "Oklahoma" gəmiləri ilə birlikdə müttəfiq ölkələrə məxsus ticarət karvanlarını Almaniya hərbi gəmilərinin hücumlarından qoruyurdu.
1918-ci il dekabrın 13-də "Nevada"nın da içərisində yer aldığı 30-a yaxın hərbi gəmi karvanı ABŞ prezidenti Vudro Vilsonu Fransaya aparan "Corc Vaşinqton" okean laynerini müşayiət etmiş və dekabrın 14-də vətənə geri dönmüşdü[5].
İki dünya müharibəsi arasındakı dövrdə "Nevada" əsasən müxtəlif Latın Amerikası ölkələrində keçirilən tədbirlərdə iştirak edir və ABŞ-nin hərbi qüdrətini təcəssüm etdirirdi. 1927-ci-1930-cu illərdə gəminin modernizasiyası həyata keçirilmişdi[5].
Pörl-Harbora hücum zamanı "Nevada"da orkestr dövlət himnini ifa edirdi. "Arizona"ya torpeda atmış torpedodaşıyıcı "Nevada"nın üzərindən uçarkən orkestri gördü və iri çaplı silahlardan atəş açdı. Musiqiçilər himni sonacan ifa etdikdən sonra qaçıb gizləndilər[7].
"Nevada"nın qarşısı digər gəmilər tərəfindən bağlanmadığından o səkkiz xətt gəmisindən hərəkətə gələrək manevr edə bilən yeganə gəmi idi və gəmi artilleriyası atəş açaraq müdafiə olunurdu. Yapon təyyarələrinin peyda olmasından 45 dəqiqə sonra "Nevada" limanı tərk etməyə cəhd etdi. "Nevada" farvatera daxil olduqda təcrübəli Takasiqe Equsanın rəhbərliyi altında yapon bombardmançılarının ikinci dalğası Pörl-Harbora çatdı. Yanğın və tüstünün bürüdüyü limanda olan gəmilərdən fərqli olaraq "Nevada" havadan əla görünürdü. Yaponlar xətt gəmisini farvaterdə batıraraq Pörl-Harborun "girişini" bağlamaq üçün "Nevada" ya hücum etdilər. Amerikanlar da yaponların məqsədini başa düşmüşdülər və "Nevada" ya farvaterdən kənara çəkilmək əmri verildi.[7]. Iki torpedo və bir neçə bomba zədəsi alan gəmi saya otursa da, gəminin zenit qurğularının heyəti atəş açmaqda davam edirdilər. "Nevada"nın heyəti o gün 50 ölü və 109 yaralı versə də, onlar gəminin batırılmasının qarşısını ala bildilər[5].
Lakin saya oturmuş gəmi Perl-Harbordan çıxışı bağlamışdı və gəmi qaldırılanadək bu limandan istifadə qeyri-mümkün idi.[8]
12 fevral1942-ci ildə saydan çıxarılan "Nevada" Pörl-Harborda kiçik təmir edilərək daha əsaslı təmir və modernizasiya üçün Pucet-Saund hərbi-dəniz tərsanəsinə göndərildi[9]. 1942-ci ilin oktyabrında başa çatan işlər köhnə xətt gəmisini elə dəyişdi ki, məsafədən baxanda o daha müasir "Cənubi Dakota" sinifli gəmiyə bənzəməyə başlamışdı[10]. Modernizasiya olunmuş "Nevada" Attu döyüşündə (11 – 18 may 1943-cü il) atəş dəstəyi vermək üçün Alyaskaya göndərildi.
Həmin ilin iyun ayında "Nevada"nın modernizasiyasının davam etdirilməsi üçün xətt gəmisi Norfolk hərbi-dəniz tərsanəsinə göndərildi. Modernizasiya işləri başa çatdıqdan sonra "Nevada" bəzi digər köhnə hərbi gəmilər kimi Atlantik okeanında üzən ticarət karvanlarının mühafizəsi üçün istifadə edilməyə başladı[11].
1944-cü ilin aprelindən başlayaraq "Nevada" Normandiyaya desant çıxarılması üzrə "Overlord" əməliyyatında iştirak hazırlıqlarına qoşuldu[12].
5 iyun 1944-cü ildə saat 23.00-da "Nevada" "Kuinsi" və "Taskalusa" amerikan kreyserlərinin və "Blek Prins" britan kreyserinin müşayiəti ilə müttəfiq gəmilərinin cəmləşdiyi "Pikadilli meydanı" zonasını tərk edərək desant çıxarılacaq "Yuta" sahəsinə doğru irəlilədi. Saat 2.30-da xətt gəmisi sahildən 11 mil məsafədə mövqe tutdu[13].
6 – 17 iyun və 25 iyun tarixlərində "Nevada" Şerbur yarımadasına çıxarılmış müttəfiq desantına dənizdən atəş dəstəyi verirdi[5].
"Nevada" həm Pörl-Harbor, həm də "Overlord əməliyyatı"nda iştirak etmiş yeganə hərbi gəmi idi[14].
Tokyo körfəzində işğal missiyasını başa vurduqdan sonra "Nevada" Pörl-Harbora qayıtdı. Gəmi müayinə edildikdən sonra belə qərara gəlindi ki, o müharibədən sonrakı hərbi donanmanın tərkibinə daxil edilmək üçün çox köhnədir. Nəticədə, "Nevada" 1946-cı ilin iyulunda Bikini atollu yaxınlığında keçirilən nüvə sınaqlarında iştirak edəcək hədəf gəmisi təyin edildi. Keçirilən iki sınaqdan gəmi salamat çıxsa da, o zədələnmiş və böyük radiasiya dozasına məruz qalmışdı[9][15].
1946-cı ilin avqustunda Pörl-Harbora qaytarılan "Nevada" müayinə edildikdən və hərbi-dəniz donanmasından silindikdən[5] sonra o "Ayova" və digər iki gəminin artilleriya təlimlərində iştirak etmək üçün hədəf qismində təyin edildi. 31 iyul 1948-ci ildə Havay adaları yaxınlığında üç gəmi artilleriya atəşləri ilə "Nevada"nı batıra bilmədiyindən o torpeda ilə batırıldı[9].