Ud

Ud
Hornbostel–Zaks təsnifatı 321.321-6
Mənşə ölkəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ud — əsasən Ərəbistan, Azәrbaycan, Türkiyə, İran və bir çox Şərq xalqları arasında geniş yayılmış mizrabla çalınan simli-dartımlı musiqi aləti.

"Əl-ud" ərəb sözü olub, "ağac" mənasını daşıyır.[2][3]

Farslar iddia edirlər ki, əslində "ud" sözü rud alətinin adından törəmişdir.[4] Ancaq həm udun, həm rudun sələfi Orta Asiyada istifadə olunan beşsimli udabənzər qopuz (qopuzi-rumi) ola bilərdi.[5]

Ud haqqında ilk dəfə Mosullu İshaq İbn İbrahimin (767–849), daha sonralar isə Əbu Nəsr Fərabinin (870–950) əsərlərində məlumat verilir.

12-ci əsrə aid əsərdə musiqiçilərin udaoxşar musiqi alətləri çalmasının təsviri.

Orta əsrlərdə Yaxın Şərq mədəniyyətinin inkişafında udun çox böyük tarixi əhəmiyyəti olmuşdur. Bir çox qədim musiqi risalələrində udun qədim tarixə malik olması bildirilir və yaranması barədə rəvayətlər söylənilir. Səfiəddin Əbdülmömin Urməvinin "Kitab əl-ədvar" ("Musiqi dövrləri haqqında kitab", 1252) əsərini şərh edən Əbdülqadir Marağai ud musiqi alətinin peyğəmbərin nəvələrindən biri tərəfindən icad edildiyini bildirir. Yazılı mənbələrdə udun icadını qədim yunan filosofu Platonun adı ilə bağlayırlar.

Udun təkmilləşdirilməsində, onun yeni səs düzümünün yaradılmasında Səfiəddin Urməvinin çox böyük xidməti olmuş və həm də udda məharətlə çalmışdır.

Udun özünəməxsus qüdrətli səsini dahi Məhəmməd Füzuli "Yeddi cam" əsərində belə təsvir etmişdir:

Bir gün yenə mən nəşəli bir bəzm düzəltdim,
Mən bu işi bir hikmət üçün bərqərar etdim.
Bir ud sədası bu zaman qalxdı həvayə,
Yandım, tütünüm çıxdı mənim övci səmayə.

Ud və rud çağdaş Avropa gitaramandolinanın atalarıdır.[6]

Ud və əski Şərq musiqi not sistemi

[redaktə | mənbəni redaktə et]

Çağımızda hər bir musiqiçi yeni əsər üzərində çalışdığı zaman, ya da yeni musiqi əsərini not yazısına köçürtdükdə bu əməliyyatı adətən müəyyən bir musiqi alətindən istifadə yolu ilə həyata keçirir. Bu gün opera, balet, ya da simfonik əsər üzərində çalışan müasir bəstəkarın yaradıcılıq prosesində istifadə etdiyi musiqi aləti pianodur. Ola bilər ki, piano yazılan əsəri ifa edəcək orkestrin tərkibində olmasın. Lakin buna baxmayaraq əsər bəstələndiyi, həm də not yazısına köçürüldüyü zaman pianonun rolu çox böyükdür. Çünki, bəstəkar yazdığı əsəri, əksər hallarda, pianoda çalaraq yaradır. Orta əsrlərdə Azərbaycanda və ümumiyyətlə Yaxın Şərq ölkələrində musiqiçilərin istifadə etdikləri əsas musiqi aləti ud olmuşdur.

Getdikcə təkmilləşdirilən ud simli musiqi aləti orta əsr Şərq musiqi alətləri arasında uzun illər mühüm yer tutmuşdur. Səfiəddin Urməvi musiqini kağız üzərində qeyd etdikdə əsas etibarı ilə udu nəzərdə tutduğunu və uddan istifadə etdiyini bildirir. Odur ki, indi biz də Urməvinin not yazılarını şərh edib müasir not yazısı sisteminə köçürmək istədikdə hər şeydən əvvəl udun quruluşunu ətraflı surətdə öyrənməliyik.

Udun quruluşu haqqında ilk əvvəl geniş izahat verən, onu ətraflı surətdə şərh və təhlil edən Şərqin böyük musiqi ustadı Əbunəsr Farabi olmuşdur. Farabi "Kitab-ül-musiqi-i kəbir" kitabında yazır ki, ud əvvəllər dörd simdən ibarət musiqi aləti idi. Sonradan ona beşinci sim əlavə olundu. Həm də daha gur, daha güclü səslənsin deyə, hər bir sim qoşalaşdırıldı (tardakı ağ simlər ilə sarı simlər kimi).

Udda bəm simdən zilə doğru hər qoşa simin öz adı vardır: bəm, misləs, məsna, zir, hadd. Hər qoşa sim öz-özlüyündə kainatın varlığını təşkil edən ünsürlərlə: ab (su), atəş, xak (torpaq) və bad (külək) ilə əlaqələndirilir. Ən zil sim olan beşinci qoşa sim isə itilik, kəskinlik məfhumunu ifadə edən hədd adlandırılmışdır.

Udun hər ayrı qoşa simləri arasındakı interval (yüksəkliyi etibarı ilə iki səs arasındakı məsafə. Orta əsr musiqi təzkirəçiləri bunu "bö`d", cəm halında isə "əl-ab`ad" adlandırmışlar) xalis kvartaya (tarda boş sarı sim ilə boş ağ sim arasındakı interval qədər) bərabərdir.

Udun qolu tarın qoluna nisbətən çox qısadır. Odur ki, udun qoluna cəmisi 7 pərdə sığışdırıb bağlamaq mümkün olmuşdur. Bu pərdələrdən beşi əsas, ikisi əlavə, köməkçi pərdə sayılır. Qədim musiqi kitablarında bu pərdələrə dastan deyilir. Hər dastanın öz adı var. Bu adlar çalğı zamanı simləri pərdəyə sıxan barmaqların adı ilə əlaqələndirilmişdir. Udun əsas dastanları (pərdələri) bunlardır:

  • Sabbaba — şəhadət barmağı — birinci barmaq;
  • Vosta — orta barmaq — ikinci barmaq;
  • Vosta — adsız barmaq — üçüncü barmaq;
  • Xinsir — çeçələ barmaq — dördüncü barmaq.
  • Mütləq (yəni boş sim) ilə sabbaba pərdəsi arasında iki pərdə bağlanır ki, bunlardan birincisinə "zaed", ikincisinə isə "mücənnəb" adı verilmişdir. Eləcə də sabbaba pərdəsi ilə benser pərdəsi arasındakı vosta pərdəsi də bir-birindən müxtəlif yüksəklikdə olan iki pərdədən ibarət olaraq bağlanır. Bunların birincisinə "vosta-ül-furs" (bu, "vosta-ül-fars" kimi də oxunur ki, İran musiqişünasları bu pərdəni "vosta-yi İrani" adlandırmışlar), o birisinə isə "vosta-zol-zol" adı verilmişdir.

Beləliklə, udun qolu üzərinə bağlanmış yeddi pərdə (dastan) ilə boş sim (mütləq) birlikdə hər simin səkkiz müxtəlif səs verməsini təmin edir. Həm də yeddinci (xinsir) pərdənin verdiyi səs ilə sonradan ardıcıl olaraq zilə tərəf gələn hər boş simin səsindəki hündürlüyün eyni olduğunu (məhz buna görə də dahi ustad Urməvi bunları eyni işarə ilə qeydə alır) nəzərdə tutsaq musiqi alətində 36 müxtəlif yüksəklikdə səsin əldə edilə biləcəyini görərik.

Urməvi ərəb əlifbasının əbcəd hərfləri tərtibinin sırası ilə gələn işarələrlə hər bir səsi ayrı-ayrılıqda qeydə alır. Əbcəd hesabında birinci hərfin (əlif) bir (1) rəqəmini ifadə etdiyini və "lo" hərfinin 36 rəqəminə bərabər olduğunu nəzərdə tutsaq, ud musiqi alətinin hər bir səsinin müəyyən bir hərf ilə qeydə alınmasının mümkün və təbii olduğunu aydın surətdə görərik[7].

Miniatür sənət əsərlərində udun təsvirinə də rast gəlmək olar. Qədim udun dörd simini od, su, torpaq və hava ilə müqayisə etmişlər. Birinci sim "zir", ikinci "məsna", üçüncü "mislas", dördüncü "bəm" və sonralar əlavə edilmiş beşinci sim "had" adlandırılmışdır. Qədim ud əsrlər boyu quruluş və forma etibarı ilə islah edilmiş, dövrümüzə qədər təkmil bir alət kimi gəlib çatmışdır. Ərəblər tərəfindən İspaniyaya gətirilmiş ud, sonralar Qərb ölkələrində lütnya adı ilə geniş yayılmışdır. Müasir udun beş qoşa, bir tək (cəmi on bir) simi olur.

Ud, çanağı sağ dizin üzərinə qoyularaq ifa edilir. İpək sap, bağırsaq və xüsusi kaprondan hazırlanmış simlər bir-birinə kvarta münasibətində köklənir. Ud armudvarı çanaqdan, qol və aşıqlar yerləşən kəllədən ibarətdir. Alətin çanağı yığma üsulu ilə bir neçə hissədən, əsasən, səndəl, qoz və armud ağaclarından hazırlanır. 5 mm qalınlığında olan bu taxta hissələr (qabırğalar) xüsusi qəliblərdə istiyə verilərək lazımi ölçüdə əyilir və hissə-hissə yığılır. Çanağın üzü 5 mm qalınlığında şam ağacından hazırlanmış taxta üzlüklə örtülür.

Ümumi uzunluğu 850 mm olan udun çanağının eni 350 mm, uzunluğu 480 mm, hündürlüyü 200 mm olur.

Udun diapazonu böyük oktavanın "mi" səsindən ikinci oktavanın "fa" səsinə kimidir. Solo və müşayiətçi alət kimi orkestr və ansamblların tərkibinə daxil edilmişdir.[8]

İki növü var: ərəbi və şərqi.[9]

Tanınmış el sənətkarı Qasım Qasımov tərəfindən udun yeni növləri icad olunub:

  • Cürəud
  • Sinəud
  • Vəlud

Udabənzər alətlər

[redaktə | mənbəni redaktə et]
  • Bərbət — dörd cütsimli qədim ud.
  • Qopuzi-rumi — beşsimli Orta Asiya qopuzu.
  • Çağdaş ud — beş cütsimli alət.
  • Şeştay — unudulmuş altısimli ud. Simləri cüt köklənib. Kəlləsində 6 aşıx yerləşdirilib. Çanağın üzərinə ağacdan nazik üzlük vurulurdu. Adına XIII əsr "Dastani Əhməd Hərami"də, Ə.Marağayinin (XIV əsr) elmi əsərlərində, Həbibinin (XV əsr) şeirlərində rast gəlinir. Üç cür olub. I–II növ şeştaylar qolunun ölçüsünə görə fərqləniblər. III növ şeştayın isə gövdəsinin üzərində 15 cüt sim olub, qolundakı 15 cüt aşıx sitar alətində olduğu kimi qol boyu düzülürdü; əsasən Anadoluda istifadə edilib.
  • Şeşxana (farsca "şeş" — altı, "xana" — ev, yer) — unudulmuş, mizrabla çalınan simli alət. Həm kəlləsində (tac hissəsində aşıxların sayı), həm qolunda (pərdələrin sayı), həm çanağında (dilimlərin sayı) altı rəqəmi özünü göstərir. Çanağın altı altı dilimdən ibarət idi, üzünə isə naqqa balığının dərisi çəkilirdi. Onu XVII əsrin ünlü müğənnisi Rzaəddin Şirvani icad edib. Bu barədə XVII əsrdə Azərbaycanda olmuş türkiyəli səyyah Övliya Çələbi xəbər verir.

Ünlü ud ifaçıları

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Representative List of the Intangible Cultural Heritage of Humanity, Liste représentative du patrimoine culturel immatériel de l’humanité, Lista Representativa del Patrimonio Cultural Inmaterial de la Humanidad (ing.).
  2. "Douglas Harper. Online Etimology Dictionary — Oud". 2017-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-28.
  3. "Douglas Harper. Online Etimology Dictionary — Lute". 2017-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-28.
  4. "Encyclopedia Iranica — Music history ii. CA. 650 TO 1370 CE". 2022-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-12.
  5. ""Dədə Qorqud" Ensikloprdiyası — Qopuz". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-12.
  6. "Афрасияб Бадалбейли "Толковый монографический музыкальный словарь — Лютня". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-28.
  7. "Əfrasiyab Bədəlbəyli — Not yazısı necə yaranmışdır? (ikinci məqalə). "Elm və həyat", № 7, 1964". 2022-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-12.
  8. "Azərbaycan ənənəvi musiqi atlası — Ud". 2022-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-28.
  9. "Саадет Абдуллаева. Чарующий слух музыкальный инструмент. Журнал İRS, № 5(53), 2011" (PDF). 2019-07-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-06-01.