Vədat Tək | |
---|---|
türk. Vedat Tek | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1873[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 1942[1][2][…] |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili |
|
İşləri və nailiyyətləri | |
Mükafatları |
"Fəxri legion" ordeni "Məcidiyyə" ordeni "Osmaniyə" ordeni |
Vikianbarda əlaqəli mediafayllar |
Mehmed Vədat Tək (türk. Vedat Tek; 1873[1][2][…], İstanbul[3] – 1942[1][2][…], İstanbul[3]) — XX əsrin əvvəllərində əsərləri ilə tanınan türk memarı, Memar Kəmaləddin bəylə Birinci Milli Memarlıq hərəkatının qabaqcıl simalarından biri.
O, Türkiyənin ilk rəsmi ali təhsilli türk memarı kimi tanınır.[4] Ankarada Sirkəci Böyük Poçt binasından ikinci Türkiyə Böyük Millət Məclisi binası və Ankara sarayına qədər; Osmanlı imperiyasının son dövrü və Cümhuriyyətin ilk illərinə aid Kastamonu Hökumət Evindən Heydərpaşa Bərə Limanına qədər bir çox əhəmiyyətli tikililərin müəllifidir. Sanay-i Nəfisə Məktəbinin ilk türk müəllimlərindən biri olub. O, şair və bəstəkar Leyla Saz xanımın oğlu, keçmiş nazir İsmayıl Haqqı Ararın əmisidir.
Vədat Tək “Sırrı Paşazadə Mehmed Vədat” adı ilə 1873-cü ildə İstanbulda dünyaya gəlib. Anası şair və bəstəkar Leyla Saz xanım, atası Trabzon, Diyarbəkir, Adana və Bağdad valisi olmuş məşhur vəzir Kritli Sırrı Paşadır. Qardaşı Yusif Razi (Bel) Parisdə inşaat mühəndisliyi təhsili almış və İstanbul şəhəri, “Poçt və Teleqraf naziri” və “İctimai İşlər naziri” vəzifələrində çalışmışdır. Bacısı Nəzihə (Bələr) pianist, bəstəkar, üçüncü qardaşı isə elektrik mühəndisi idi.[4]
Orta təhsilini Məktəb-i Sultanidə alan Vədat bəy təhsilini Fransada davam etdirib. Öncə Ecole Monge-ni bitirən Vədat bəy sonra Jülian Akademiyasında rəsm və heykəltaraşlıq kurslarına qatılıb.[5] Bir müddət École Centrale-da mühəndislik kurslarına qatıldıqdan sonra Paris Gözəl Sənətlər Akademiyasının imtahanlarında da iştirak edib. 300 nəfər arasından 9-cu olaraq seçilən Vədat bəy memarlıq təhsilinə 1893-cü ildə məşhur memar Moyauxun emalatxanasında başlayıb. Memarlıq təhsilini başa vurduqdan sonra məşhur Roma mükafatı təqaüdünə müraciət etmək istəyib. Fransız olmadığı üçün qəbul olunmadığı müsabiqəyə 1895-ci ildə Fransa prezidentinin xüsusi icazəsi ilə qatıldığı müsabiqədə onun əsərləri "Fəxri legion" ordeni ilə təltif edildi və o, bir il Romada təhsil ala bildi.[6]
1897-ci ildə Türkiyəyə dönən Vədat bəy, türk memarlığına yeni milli kimlik qazandırmaq üçün Memar Kəmaləddin bəylə birlikdə Sirkəcidə ofis açdı.[4] O vaxta qədər memarlıq xidmətləri yerli qeyri-müsəlman azlıqların; italyan və fransızların əlində idi, bir türkün memarlıq bürosu açması cəmiyyətdə böyük əks-səda yaratdı.
Hələ sərbəst memar olaraq çalışarkən 1899-cu ildə İstanbul Şəhər memarı təyin edilən Vədat tək Cəmil Topuzlu Paşanın şəhər valiliyi dövründə “Heyət-i Fənniyə rəisi" vəzifəsində çalışıb. Növbəti il "Sanay-i Nəfisə Məktəbi"ndə memarlıq tarixindən dərs deməyə başlayıb.[6]
1900-cü ildə Musa Kazım bəyin qızı Firdevs (Dino) xanımla ailə həyatı quran Vədat bəyin bu evlilikdən dörd övladı (Nihat Vədat Tək, Səlimə Yekta İşıtan, Səadət Əjdər, Bəlkıs) dünyaya gəlib.[7]
Həmin illərdə II Əbdülhəmidin taxta çıxmasının 25-ci ildönümü ilə əlaqədar olaraqq imperiyada geniş miqyasda tikinti işlərinə başlanılmışdı.[5] Bu istiqamətdə Zeynəb xanım Köşkünün "Darü'l Hayr" olaraq yenidən təşkil edilməsi vəzifəsi Vədat bəyə tapşırıldı. Tikiləcək məktəbə Rusiya–Osmanlı müharibəsində şəhid olan hərbçilərin övladları qəbul olunacaq və onların hər hansı bir sənət sahibi yiyələri olmaları üçün şərait yaradılacaqdı. Köşkün yenilənməsi işlərini də Vədat bəy gerçəkləşdirib.
"Darü'l Hayr"ın təşkil edilməsindən sonra atasının da keçmişdə vali olaraq xidmət etdiyi Kastamonuda Hökumət ofisini dizayn etdi. Bu bina Vədat bəyin "milli üslubda" dizayn etdiyi ilk işidir.[5]
Növbəti il Sultan Əbdülhəmidin taxtdan endirilib, Mehmed Rəşadın sultan olması ilə Memar Vədat Sərmemar-i Hassa (sarayın baş memarı) vəzifəsinə təyin edildi. Bu vəzifə müddətində iyirmi sarayın baxım və təmir işlərini gerçəkləşdirib. Vədat bəy 1914-cü ildə baş memarlıq vəzifəsindən istefa verdikdən sonra saray binaları ilə məşğul olmaq üçün Emalk-i Hakani memarı (sultan binalarının memarı) vəzifəsində çalışmağa başladı.[7] Lakin növbəti il VI Mehmed Vəhidəddinin taxta çıxması ilə səltənətin dəyişdirilməsi qaydalarına uyğun olaraq bu vəzifədən uzaqlaşdırıldı.[7] Beləliklə, onun saraydakı altı illik fəaliyyəti başa çatdı.
I Dünya müharibəsi illərində Hərbi nazir Ənvər Paşa tərəfindən Hərbi Nazirliyinin baş memarı təyin edilən Vədat bəy üç il bu vəzifəsində çalışdı. Bu illərdə o, Sirkəcidə sultan övladları üçün Məsadət Xanını (indiki Liman Xan), Fatehdə Heydərpaşa bərə limanı, Cəmil Topuzlu köşkü, Moda bərə limanı, Təyyarə Şəhidləri abidəsini inşa etdi.
Cümhuriyyət elan edildikdən sonra Vədat bəy Ankaraya dəvət edildi. O, burada Cümhuriyyət Xalq Partiyasının monumental binasını (bina sonralar II Türkiyə Böyük Millət Məclisinin binası kimi istifadə edildi) və Atatürk üçün Qazi köşkünü inşa etdi. O, Səhiyyə Nazirliyi üçün Ankara sarayının planlamasını hazırlayarkən bu işin Memar Kəmaləddinə təhvil verilməsi və pulunun ödənilməməsi onu çox məyus etdi. Sifarişləri əlindən alındıqdan sonra bütün rəsmi vəzifələrindən istefa verərək, Ankaranı tərk edən Vədat bəy İstanbula qayıdaraq, 1942-ci ilə qədər burada sərbəst memar kimi fəaliyyət göstərdi.
1925-ci ildə Sanay-i Nəfisə Məktəbinin ilk türk müəllimlərindən biri olan Vədat bəy eyni zamanda Ali Mühəndislik Məktəbində dərs deyirdi. O, 1930-cu illərdə əsəriyyəti Nişantaşıda olmaqla çoxlu yaşayış binaları tikdirib. O, 1928-ci ildə Təşvikiyədə özü üçün tikdirdiyi yaşayış binasında yaşayırdı.
Zaman-zaman o, həm də aktual memarlıq və şəhərsalma problemləri haqqında məqalələr də yazıb.
1942-ci ildə İstanbulda vəfat etmiş Vədat bəyin məzarı Ədirnəqapı şəhidliyindədir.