Valyuta dəhlizi — valyuta məzənnəsinə dövlət və maliyyə institutlarının inzibati təsiri şəraitində çevik və qabaqcadan məlum olan valyuta məzənnəsi.
Maliyyə-iqtisadi vəziyyətin sabitliyini pozan böhran hadisələrinin qarşısını almaq məqsədi ilə müəyyən olunur. İqtisadi inkişafın mənfi meyillərini yumşaldan təbii amillərin zəifləməsi zamanı valyuta dəhlizinin tətbiqi məqsədəuyğundur. Valyuta dəhlizinin fəaliyyət göstərmə mexanizmi ondan ibarətdir ki, valyuta məzənnəsinin nəzarət olunan dəyişməsi iqtisadi vəziyyətdəki real dəyişikliklərə uyğun olaraq baş verir. Lakin valyutaların məzənnə nisbətlərinin dəyişməsi prosesi birja sessiyaları zamanı görünməmiş (bəzən müzaidənin iştirakçıları tərəfindən qəsdən törədilən) hərəkətlərin təsirinə məruz qalmır. Başqa sözlə, məzənnə nisbətlərinin dəyişməsi və valyuta məzənnəsinin müəyyən edilməsi yalnız ciddi məhdudlaşdırılmış və normativ-hüquqi aktlarla möhkəmlənmiş hədlərdə tərəddüd edə bilər. Mahiyyətcə valyuta dəhlizinin tətbiqi iqtisadiyyatda real dəyişikliklərə uyğun olaraq valyutaların məzənnə nisbətlərindəki üzən və əvvəlcədən bilinən dəyişikliklərin zəruriliyinin hökumət tərəfindən qəbul və eyni zamanda məzənnələrin əsaslandırılmayan artması, yaxud azalması hesabma möhtəkirlik əməliyyatlarının (və müvafiq olaraq mənfəətin) həyata keçirilməsi imkanının kəsişməsi deməkdir. Valyuta dəhlizi iqtisadi vəziyyəti tam dəqiqləşdirməyə və deməli, xarici iqtisadi əməliyyatların aparılması zamanı riski azaltmağa imkan verir. Bu, bütövlükdə bütün iqtisadiyyat üçün kifayət qədər ciddi sabitləşdirici amildir. Lakin bu amil o vaxta qədər müsbət hesab oluna bilər ki, valyuta dəhlizinin fəaliyyət göstərməsi nəticələri işin real vəziyyətinə uyğun gəlir. Verilmiş çərçivədə məzənnəyə qəsdən təsir göstərmə valyuta dəhlizinin nəticəsi ola bilər. Elə bir vəziyyət də mümkündür ki, bu zaman valyuta dəhlizi artıq valyutaların real nisbətini əks etdirmir və xarici ticarət, idxal-ixrac əməliyyatlarının aparılması əlverişli olmur. Müzaidənin nəticələri ilə dəqiq müəyyən olunan süni azaldılmış (və ya artırılmış) məzənnə ilə valyutaların məzənnəsində real, şərtlənmiş qiymət paritetinin xeyli aralanması zamanı valyuta dəhlizi çərçivəsində, rəsmi birja meydançalarından kənarda valyuta ilə ticarət sövdələşmələrinin həyata keçirilməsi mümkündür.