Verilənlər (ing. Data) – texniki vəsaitlərlə saxlanması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir olunan (kodlaşdırılan) məlumatdır. Verilənlər faktları, mətn, qrafik, müxtəlif şəkilləri, səsləri, analoq və ya rəqəm video-seqmentləri təsvir edirlər.
Verilənlər sistemin informasiya istifadəçiləri tərəfindən istifadə olunan işlənməmiş materiallarıdır. Verilənlər termini latınca "datum" fakt sözündən yaranmışdır. Verilənlər ümumi halda ad, qiymət, tip və s. kimi struktur xarakteristikaları ilə təyin olunurlar. Verilənlər – mətn, rəqəm, zaman, pul, memo, OLE, məntiqi və s. tiplərə malik olurlar.
“Verilənlər” anlayışı “informasiya” anlayışı ilə sıx bağlıdır. Verilənlər, informasiya almaq üçün “xammaldır”. Eyni bir verilən müxtəlif insanlara müxtəlif informasiyalar verə bilər. Məsələn, riyaziyyata aid kitabdan daha çox faydalı informasiyanı riyaziyyatçı ala bilər, başqa sahənin adamı (bioloq, tarixçi və s.) üçün isə həmin kitab heç bir informasiya daşımayan verilənlər yığınından ibarətdir. Eyni bir televiziya verilişi kiməsə yeni informasiyalar verməklə onu düşundürür, başqası üçün isə orada səslənənlər dəyəri olmayan verilənlər yığınıdır.[1]
Verilənlər hər hansı maddi daşıyıcıda: kağızda, kompakt diskdə, maqnit diskində saxlanıla bilər. Deməli, verilənləri müxtəlif texniki qurğular vasitəsilə emal etmək olar. Onlar başqa formaya çevrilə, qruplaşdırıla, çeşidlənə və s. bilər. Məsələn, məktəbdəki şagirdlər haqqında məlumatlar kompüterin sərt diskində verilənlər bazası şəklində saxlanıla bilər, onları siniflər üzrə qruplaşdırmaq, yaxud əlifba sırasıyla düzmək olar.[1]
Verilənlər yalnız insan onunla maraqlandıqda informasiyaya çevrilir. İnsan informasiyanı verilənlərdən alır, onu qiymətləndirir, təhlil edir və təhlilin nəticəsinə uyğun olaraq hər hansı qərar qəbul edir. Yuxarıda göstərilən məktəbdəki şagirdlərlə bağlı verilənlər bazasında əməliyyat aparmaqla müəyyən informasiya almaq olar. Məsələn, məktəbdə Günel adında neçə qız var, şagirdlərdən neçəsi Əli bəy Hüseynzadə küçəsində yaşayır və s.[1]
Verilən bəzən konkret və ya real fakta uyğun gəlməyə bilər. Bəzən qeyri-dəqiq həqiqətdə mövcud olmayan anlayışları ifadə edə bilər. Odur ki, verilənlər dedikdə öyrənilən obyektin, hadisənin və ya fikrin təsviri başa düşülür. Verilənlər ad, qiymət, tip və struktur xarakteristikaları ilə təsvir olunurlar.[2]