Volter Veston

Volter Veston
Doğum tarixi 25 dekabr 1860(1860-12-25)
Doğum yeri
Vəfat tarixi 27 mart 1940(1940-03-27) (80 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Patni-Veyl qəbiristanlığı[d]
Fəaliyyəti missioner, alpinist, futbolçu
Mükafatları IV dərəcəli "Müqəddəs xəzinə" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Volter Veston (ing. Walter Weston; 25 dekabr 1860, Derbi27 mart 1940, Kensinqton) – İngiltərə missioneri və alpinisti. "Yaponiya alpinizminin atası" hesab olunur.[1]

Volter Veston 25 dekabr 1860-cı ildə İngiltərənin Derbi şəhərində yerləşən Parker küçəsində doğulmuşdur.[2] O, rezin məhsulların istehsalı ilə məşğul olan Con Vestonun və onun həyat yoldaşı Emma Batlendin altıncı oğlu idi.[2] Veston 1876–80-ci illərdə Derbi məktəbində təhsil almış, burada bir neçə il müddətində 1 mil üzrə qaçış rekordunu (4 dəqiqə, 47 saniyə) öz əlində saxlamışdır.[2] Daha sonra Kembricdə yerləşən Kler kollecinə daxil olmuş, 1883-cü ildə bakalavr, 1997-ci ildə isə magistr dərəcəsi ilə məzun olmuşdur.[2]

Veston Ridli-Holl kollecində təhsil aldıqdan sonra 1885-ci ildə diakon, 1886-cı ildə isə rahib olmuşdur.[2] 1885-ci ildə Ridinq şəhərində Sent-Cons kollecində dini vəzifəyə təyin olunmuşdur.[2] Veston bu illərdə alpinizmə maraq göstərməyə başlamış, 1886 və 1887-ci illərdə Alp dağlarına dırmaşmışdır.[2] O, bir il London limanında köməkçi kapellan kimi işləmiş, 1897–1902-ci illərdə Uimbldonda yerləşən Krest kilsəsinin keşişi olmuşdur.[2] Daha sonra 1911-ci ilə kimi Surreydə vikar vəzifəsini icra etmişdir.[2]

Veston 1888-ci ildə Yaponiyaya gedərək Kumamoto şəhərində Xristian Missioner Cəmiyyəti üçün işləməyə başlamışdır.[2] 1889–95-ci illərdə Britaniyanın Kobe şəhərindəki kapellanı olmuşdur.[2] 1902–05-ci illərdə həyat yoldaşı ilə birlikdə İncilin Təbliğatı Cəmiyyətinin missioneri kimi Yokohamada yaşamışdır.[2] 1911-ci ildə Yaponiyaya qayıdaraq 1915-ci ilə qədər Britaniyanın Yokohamadakı kapellanı olmuşdur.[2]

Veston 1890-cı ildə Fuci dağına dırmaşdıqdan sonra Yaponiyanın Çubu regionunda müxtəlif zirvələri fəth etməyə başlamışdır.[2][1] 1896-cı ildə yazdığı "Yapon Alp dağlarında alpinizm və səyahət" adlı kitabı Yaponiya alpinizmini Qərb dünyasına tanıtmışdır.[2] Bu kitab daha sonra yapon dilinə tərcümə olunmuşdur.[2] 1906-cı ildə Yaponiya Alpinizm Klubunu qurmuş və klubun ilk fəxri üzvü seçilmişdir.[2] 1915-ci ildə Londonda daimi məskunlaşdıqdan sonra Yaponiyada alpinizmlə bağlı mütəxəssis kimi tanınmış, Yaponiya Cəmiyyətinin üzvü olmuşdur.[2] Yaponiyadakı səyahətlərinə görə 1917-ci ildə Kral Coğrafiya Cəmiyyəti tərəfindən mükafatlandırılmışdır.[2] 1937-ci ildə Yaponiya imperatoru tərəfindən "Müqəddəs xəzinə" ordeni ilə təltif olunmuş, həmin il Yaponiya Alpinizm Klubu tərəfindən Yapon Alp dağlarında onun şərəfinə bürünc lövhə quraşdırılmışdır.[2]

Veston 27 mart 1940-cı ildə Londonun Kensinqton rayonunda öz evində ölmüşdür.[2] 30 martda baş tutan yas mərasimindən sonra kremasiya edilmiş və 1 apreldə Patni-Veyl qəbiristanlığında dəfn olunmuşdur.[2]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Veston 2 aprel 1902-ci ildə mühəndis Frensis Foksun ikinci qızı Frensis Emili ilə evlənmişdir.[2] Emili də onun kimi alpinist olmuş, 1937-ci ildə ölmüşdür.[3] Veston bütün həyatını kor bir gözlə keçirmiş, dini baxışlarından təsirlənərək alpinizmə maraq göstərmişdir.[2]

  • "Yapon Alp dağlarında alpinizm və səyahət" (1896)[2]
  • "Uzaq Şərqin oyun meydançası" (1918)[2]
  • "Nabələd Yaponiyada bir yolçu" (1925)[2]
  • "Yaponiya" (1926)[2]
  1. 1 2 Kodansha Encyclopedia of Japan
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 H.Hansen, Peter. "Weston, Walter (1860–1940), mountaineer and missionary". Oxford Dictionary of National Biography (ingiliscə). 23 sentyabr 2004. İstifadə tarixi: 18 oktyabr 2022.
  3. "Obituary: The Reverend Walter Weston". The Geographical Journal (ingiliscə). 95 (6): 478–479. iyun 1940. İstifadə tarixi: 18 oktyabr 2022.